Məhkəmə qərarları › İş №2-1(107)-113/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-113/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-113/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə,X4 iclas katibliyi, İddiaçı (bundan sonra iddiaçı) və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin (bundan sonra cavabdeh) nümayəndəsi X2 iştirakı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, bu qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçıxx xxxxxxx 1951-ci ildə Qax rayonunun Qax Gürcü kəndində anadan olmuş, ona xx xxxxxx 2014-cü ildə əmək pensiyası təyin edilmiş, onun xx xxxx 1971-ci ildən xx xxxx 2004-cü ilə və xx xxxxxxxx 1967-ci ildən xx xxxxxx 1971-ci ilə kimi texnikumda təhsil aldığı müddət nəzərə alınmaqla sosial sığorta stajı, ümumilikdə 28 il 10 ay 29 gün müəyyən olunmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7.27.1 və 32.1. maddələrinə əsasən vətəndaşın pensiyası yenidən hesablanaraq 162,40 manat (100,0 manat əmək pensiyasının baza hissəsi + 62,40 manat əmək pensiyasının sığorta hissəsi (8985,0 manat (28 il x 170, 0 manat = 4910,64 manat, bu məbləğ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək pensiya hüququnun yarandığı xx xxxxxxx 2014-cü il tarixə 8985 manat məbləğində müəyyən olunur) : 144 gözlənilən pensiya ödənişi müddəti ayların sayı) məbləğində müəyyən olunmuşdur. Müəyyən olunmuş əmək pensiyasının məbləği “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” və “Əmək pensiyasının sığorta hissəsinin və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində toplanan pensiya kapitalının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən xx xxxxxx 2015-ci ildən 163,27 manat (100,0 manat əmək pensiyasının baza hissəsi + 63,27 manat (62,40 + 62,40 x 1,4 % = 63,27 manat) əmək pensiyasının sığorta hissəsi məbləğində, xx.xx.2016-ci ildən 165,80 manat (100,0 manat əmək pensiyasının baza hissəsi + 65,80 manat (63,27 + 63,27 x 4% = 65,80 manat) əmək pensiyasının sığorta hissəsi məbləğində, xx.xx.2016-cı ildən 175,80 manat (110,0 manat əmək pensiyasının baza hissəsi + 65,80 manat əmək pensiyasının sığorta hissəsi) məbləğində, xx.xx.2017-ci ildən 183,96 manat (110,0 manat əmək pensiyasının baza hissəsi + 73,96 manat (65,80 + 65,80 x 12,4 %) = 73,96 manat) əmək pensiyasının sığorta hissəsi məbləğində, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən xx xxxx 2017-ci il tarixdən əmək pensiyasının şərti çevrilməsi aparılmaqla 183,96 manat sığorta hissəsindən ibarət olmaqla müəyyən edilən əmək pensiyası xx.xx.2018-ci ildən 194,45 manat (183,96 manat + 183,96 x 5,7%) məbləğində və xx.xx.2019-cu ildən 200,28 manat (194,45 + 194,45 x 3%) məbləğində düzgün olaraq hesablanmış və iddiaçının pensiya hüququnun yarandığı xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilədək yenidən hesablanma nəticəsində müəyyən olunan 988,49 manat artım fərqi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq vətəndaşa ödənilmişdir. İddia tələbinə əsasən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2018ci il tarixli qərarı ilə iddiaçının xx.xx.1967-xx.xx.1971-ci illərdə texnikumda təhsil aldığı illərin və xx.xx.1999-xx.xx.2004-cü ilədək olan müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərar əsasında onun pensiyası 2014-cü ilin noyabr ayından yenidən hesablanmalı idi, lakin inzibati orqan tərəfindən pensiyası əsassız olaraq düzgün hesablanmamışdır. Əmək haqqı cədvəllərinə əsaslanaraq, cavabdeh tərəfindən hesablanmış pensiyadan bu əmək haqqı cədvəllərində olan əmək haqlarının sığorta kapitalı olduqca daha yüksəkdir, yəni Azərbaycan valyutası ilə 16-19 min manat məbləğində olmalıdır. X3 şəhərində bioloji pereparatlar hazırlanan fabrikdə işlədiyi illərin əmək haqqı cədvəllərini və qərarı cavabdehə təqdim edərək pensiyanın qərarda və əmək haqqı cədvəllərində qeyd edilən illər də nəzərə alınmaqla yenidən hesablanması, pensiyanın hansı tarixdən hansı növ pensiya olaraq hesablanıb rəsmi məlumat verilməsi barədə ərizəsinə cavabdeh orqan pensiya hesablama aparılması və pensiyanın düzgün hesablanması barədə xx xxxxx 2019-cu il tarixli **********5 saylı məktub göndəmişdir. Bununla razılaşmayan iddiaçı Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarına əsasən, sosial sığorta stajına daxil edilən illər və X3 şəhərində bioloji pereparatlar hazırlanan fabrikdə 1975-ci ilin noyabr ayından işlədiyi illər də nəzərə alınmaqla, yenidən hesablanmasının cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim İ.Cabbarov) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmiş, lakin Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin qeyd olunan qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarına əsasən, xx.xx.1967 - xx.xx.1971-ci illərdə texnikumda təhsil aldığı illərin və xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilədək olan müddətin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bu səbəbdən onun pensiyası 2014-cü ilin noyabr ayından yenidən hesablanmalı idi. Lakin onun pensiyası yenə də əvvəlki kimi qalmış, düzgün hesablanmamışdır. Bundan başqa, iş materiallarına əlavə etdiyi əmək haqqı cədvəllərinə əsaslanaraq məhkəməyə bildirmişdir ki, əmək haqqı cədvəllərində olan əmək haqlarının sığorta kapitalı daha yüksəkdir, yəni Azərbaycan vulyutası ilə 16-19 min manat arasıdır. Cavabdeh tərəfindən hesablanmış pensiya məbləği isə daha aşağıdır. O, X3 şəhərində bioloji pereparatlar hazırlanan fabrikdə işlədiyi illərin əmək haqqı cədvəllərini və qərarı cavabdehə təqdim edərək pensiyanın qərarda və əmək haqqı cədvəllərində qeyd edilən illər də nəzərə alınmaqla yenidən hesablanması, pensiyanın hansı tarixdən hansı növ pensiya olaraq hesablanıb ona rəsmi məlumat verilməsi barədə ərizəsinə cavabdeh orqan doğru cavab verməmiş, məhkəməyə üzləşmə aktını təqdim edərək pensiyanın düzgün hesablandığını bildirmişdir. Məhkəmə mütəxəssis rəyi almadan, pensiya hesablanması qaydasına cavabdehin düzgün əməl edib-etməməsini yoxlamadan cavabdeh orqanın müraciətinə cavaba əsaslanaraq qərar çıxarmışdır. Pensiyanın düzgün hesablanmaması barədə mübahisə var və bu mübahisənin ədalətli həll edilməsi üçün mütəxəssis rəyi tələb olunur. Lakin məhkəmə heç bir mütəxəssis rəyi tələb etmədən, ekspertiza təyin etmədən qərar vermişdir. Belə ki, məhkəməyə lazım olan sənədləri təqdim etmiş, burada əsas olaraq onun 1967-1990-cu illər arasında olan əmək haqqı cədvəlləri Şəki İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qətnamədə öz əksini tapmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edən İddiaçı bildirmişdir ki, məhkəməyə lazım olan sənədləri təqdim etmişəm. Mənim 1967-1990-cı illər arasında aldığım əmək haqqı cədvəllərində iş stajım Şəki İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı əvvəlki qərarda öz əksini tapmışdır. Cavabdehin vəzifəli şəxslərinin təqdim etdiyi sənədlərdə pensiya 170 manat göstərilir, onun 2006-cı ilədək olan sığorta kapitalının heç bir hüquqi əhəmiyyəti yoxdur, bu həqiqəti əks etdirən bir sənəd deyil. Belə ki, qanuni sənəddə əmək kitabçası və əmək haqqı cədvəllərində orta aylıq əmək haqqı 226 manat sovetlər birliyinin 1967-1990-cı illərin aylıq əmək haqqıdır. Həmin illərdə işləmişəm, yəni zəhmət çəkib 226 manatın 15%-ni sığorta kapitalı vermiş və həmin sığorta kapitalı hər ay əmək haqqımdan tutulmuşdur. Əmək haqqım olan 226 manatın 70 manatı 100 ABŞ dolları hesabı ilə 226 manatı dolları çevirəndə 324 dollar edir. 324 dolların 15%-i ayda 48 dollar edir və bunu 12 aya vuranda 576 ABŞ dolları edir. Onda sual olunur ki, 170 manatın illik 15 % sığorta hissəsi 306 manatdır, 226 manatın sığorta hissəsi isə 576 dollardır. Bu hesablama üçün mütəxəssis rəyinə ehtiyac vardır. Bu hesablamalara əsasən (Rusiyada işlədiyim üçün hesablama ABŞ dolları olaraq aparılır) 576 ABŞ dollarının ümumi stajına hesablayanda 28 il x 11 ay x 576 = 16656 ABŞ dolları, onu da Azərbaycan manatına çevirəndə 28315 manat edir, yəni mənim mövcud sığorta kapitalım hesablanandan daha çoxdur. Lakin buna baxmayaraq, bu məbləğ 170 manatla hesablanıb, bu hesablama isə səhvdir, bu hesablama stajı və kapitalı olmayanlar üçün hesablanır. Adi hesablama ilə də görünür ki, pensiya kapitalım daha çoxdur. Mənim 1978-ci ildən sonra qazandığım sığorta kapitalı və əmək haqqı cədvəllərindəki göstəricilər pensiya kapitalımın daha çox olduğunun sübutudur, cavabdeh orqan bu hesablamanı düzgün aparmamışdır. Pensiya hesablandığı zaman stajım nəzərə alınsa da, sığorta kapitalı nəzərə alınmayıb. Cavabdeh orqana dəfələrlə müraciət etdim, axırıncı dəfə bir həftə qabaq cavabdehə müraciət göndərmişəm və mənə məktubla cavab vermişlər. Yenə də tələbimin təmin edilməsindən imtina ediblər. Ona görə də apelyasiya şikayətimin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Səbuhi Məmmədov məhkəmələrə təqdim etdikləri etiraz və məktublara uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı 1975-ci ildən 1991-ci ilə qədər müxtəlif yerlərdə çalışıb. İddiaçının stajı əmək kitabçası, diplom, məhkəmənin qərarına və digər sənədlərə əsasən tərəfimizdən hesablanıb. Orta aylıq əmək haqqına görə pensiyanın hesablanması “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmayıb. Bundan əvvəl iddiaçı cavabdeh orqana bir neçə dəfə şifahi formada müraciət etdikdən sonra ona yazılı cavab verilərək tələbinin təmin edilməsinin mümkün olmaması bildirilmişdir. Lakin son günlər iddiaçı eyni tələblə bağlı DSMF-nın Qax rayon şöbəsinə yazılı formada müraciət etmiş, bu dəfə də onun tələbinin təmin olunmasından imtina edilmişdir. Ona görə də əsassız olduğu üçün apelyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edirəm. ETİRAZLAR Cavabdeh xx xxxx 2019-cu ildə birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-206/2018 nömrəli qərarı, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(107)-173/2018 nömrəli qərarı və Azərbaycan Respublikası AliMəhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli 2- 1(102)-1758/18 nömrəli qərarlarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinin üzərinə İddiaçı xx.xx.1967-ci ildən xx.xx.1971-ci ilə kimi texnikumda təhsil aldığı və xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilə kimi “Qax Aqrotexservis” ATSC-də işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Məhkəmə qərarı icra olunmuş və vətəndaşın pensiyası əmək pensiyası hüququnun yarandığı xx.xx.2014-cü ildən aşağıdakı qaydada yenidən hesablanmışdır. İddiaçı yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2014-cü ildə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Vətəndaşın əmək kitabçası üzrə xx.xx.1971-ci ildən xx.xx.1971-ci ilədək Qax rayonunun “Şota Rustaveli” kolxozunda, xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilə kimi hərbi xidmətdə olduğu müddət, xx.xx.1974-cü ilən xx.xx.1974-cü ilə kimi Qax rayonunun “Nizami” kolxozunda, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə kimi Qax rayonunun “26 Bakı Komissarları” kolxozunda, xx.xx.1975-ci ildən xx.xx.1983-cü ilə kimi və xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi X3 vilayətinin Bioloji preparatlar istehsalatında, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilə kimi X3 Maşınqayırma zavodunda, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilə kimi X3 şəhərinin X1 X6 Şöbəsinin mühafizə bölməsində, xx.xx.1989-cu ildən xx.xx.1990cı ilə kimi “Permbalıq” Balıq məhsullarının buraxılışı və tətbiqi birliyində, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə kimi Perm şəhəri “Biomed” Elmi istehsalat birliyində, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi Perm pivə-alkoqolsuz içkilər kombinatında, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Qax rayonunun Qaxingiloy baytarlıq dairəsində, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə kimi Goranboy rayonunun “Komsomol” sovxozunda, xx.xx.1999-cu ildən xx.xx.2004-cü ilə kimi “Qax Aqrotexservis” ATSC-də və xx.xx.1967-ci ildən xx.xx.1971-ci ilə kimi texnikumda təhsil aldığı müddət nəzərə alınmaqla sosial sığorta stajı, ümumilikdə 28 il 10 ay 29 gün müəyyən olunmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 27.1 və 32.1. maddələrinə əsasən, vətəndaşın pensiyası yenidən hesablanaraq 162,40 manat (100,0 manat əmək pensiyasının baza hissəsi + 62,40 manat əmək pensiyasının sığorta hissəsi (8985,0 manat (28 il x 170, 0 manat= 4760,0 manat) + (170,0 manat : 12 ay x 10 ay = 141,67 manat) + 8,97 manat) = 4910,64 manat (bu məbləğ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək pensiya hüququnun yarandığı xx xxxxxxx 2014-cü il tarixə 8985,0 manat məbləğində müəyyən olunur) : 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) məbləğində müəyyən olunmuşdur. Müəyyən olunmuş pensiyanın məbləği “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” və “Əmək pensiyasının sığorta hissəsinin və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində toplanan pensiya kapitalının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən xx.xx.2015-ci ildən 163,27 manat məbləğində, xx.xx.2016-ci ildən 165,80 manat məbləğində, xx.xx.2016-cı ildən 175,80 manat məbləğində, xx.xx.2017-ci ildən 183,96 manat məbləğində, xx.xx.2018-ci ildən 194,45 manat məbləğində və xx.xx.2019-cu ildən 200,28 manat məbləğində hesablanmışdır. İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2014-cü ildən xx.xx.2019-cu ilədək yenidən hesablanma nəticəsində müəyyən olunan 988,49 manat artım fərqi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1 maddəsinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək hesablanan 19,38 manat (988,49 : 51 ay = 19,38 manat) vəsait aylıq pensiyanın üzərinə əlavə edilməklə 219,66 manat məbləğində (200,28 manat + 19,38 manat = 219,66 manat) cari ilin yanvar ayından başlanaraq vətəndaşa ödənilir. SÜBUTLAR Məhkəmə kollegiyasının аrаşdırmа predmetini tərəflərin izahatları, xx.xx.2005-ci il tarixli AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********5 nömrəli məktubu, Qax rayon dövlət arxivinin xx.xx.2014-ci il tarixli 391 nömrəli arayışı, Perm şəhəri “Biomed” Elmi istehsalat birliyinin xx.xx.2012-ci il tarixli 246, 245, 244 və 243 nömrəli arayışları, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-206/2018 nömrəli qərarının surəti, DSMF-nın Qax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********23 nömrəli və xx.xx.2019-cu il tarixli **********9 nömrəli etirazları, əmək kitabçasının təsdiqlənmiş surəti və əsli, DSMF-nın Qax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********1 nömrəli və xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubları təşkil etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin (bundan sonra İPM) 82-ci mаddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bаğlı işə şikаyət həddində və hüquqi məsələlər, hаbelə sübutlаr və fаktlаr (fаktiki hаllаr) əsаsındа mаhiyyəti üzrə tаm həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi, həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsаsən yeni təqdim olunmuş sübutlаrı (sübutetmə vаsitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə аlır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərtinə də əməl olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş və cavabdeh onun tələbindən imtina etdikdən sonra hazırki mübahisə yaranmışdır. İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının “Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarına əsasən sosial sığorta stajına daxil edilən illər və X5 şəhərində bioloji pereparatlar hazırlanan fabrikdə 1975-ci ilin noyabr ayından işlədiyi illər də nəzərə alınmaqla yenidən hesablanmasının cavabdehə həvalə edilməsi barədə iddiasını təmin etməmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə qərarı icra olunmuş və İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək yenidən hesablanma nəticəsində müəyyən olunan 988,49 manat artım fərqi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1 maddəsinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək hesablanan 19,38 manat (988,49 : 51 ay = 19,38 manat) vəsait aylıq pensiyanın üzərinə əlavə edilməklə 219,66 manat məbləğində (200,28 manat + 19,38 manat = 219,66 manat) cari ilin yanvar ayından başlanaraq ödənilir. Göründüyü kimi, məhkəmənin qərarı icra olunaraq yenidən hesablanma nəticəsində müəyyən olunan 988,49 manat artım fərqi 19,38 manat vəsait aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir və xx.xx.1975-ci il tarixdən xx.xx.1983-cü il tarixə kimi və xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixə kimi X3 vilayətinin Bioloji preparatlar istehsalatında işlədiyi illər sosial sığorta stajına daxil edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-206/2018 nömrəli qərarı ilə iddiaçının xx.xx.1967-ci il tarixdən xx.xx.1971-ci il tarixə kimi texnikumda təhsil aldığı və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü il tarixə kimi “Qax Aqrotexservis” ATSC-də işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qeyd olunan müddətlərin daxil edilməsindən sonra iddiaçının pensiyasının düzgün hesablanmaması barədə onun tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya şikayəti əsaslı deyil. Belə ki, iddiaçının apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, əmək haqqı cədvəllərində olan əmək haqlarının sığorta kapitalı daha yüksəkdir, yəni Azərbaycan vulyutası ilə 16-19 min manat arasıdır. Cavabdeh tərəfindən hesablanmış pensiya məbləği isə daha aşağıdır. O, X3 şəhərində bioloji pereparatlar hazırlanan fabrikdə işlədiyi illərin əmək haqqı cədvəllərini və qərarı cavabdehə təqdim edərək pensiyanın qərarda və əmək haqqı cədvəllərində qeyd edilən illər də nəzərə alınmaqla yenidən hesablanması, pensiyanın hansı tarixdən hansı növ pensiya olaraq hesablanıb ona rəsmi məlumat verilməsi barədə ərizəsinə cavabdeh orqan doğru cavab verməmiş, məhkəməyə üzləşmə aktını təqdim edərək pensiyanın düzgün hesablandığını bildirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsasən, iddiaçının pensiya hüququnun müəyyən edilməsi zamanı əmək kitabçasında qeyd edilən bütün dövrlər, yəni xx.xx.1971-ci ildən xx.xx.1971-ci ilədək Qax rayonunun “Şota Rustaveli” kolxozunda, xx.xx.1971-ci ildən xx.xx.1973-cü ilə kimi hərbi xidmətdə olduğu müddət, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə kimi Qax rayonunun “Nizami” kolxozunda, xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə kimi Qax rayonunun “26 Bakı Komissarları” kolxozunda, xx.xx.1975-ci ildən xx.xx.1983-cü ilə kimi və xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixə kimi X3 vilayətinin Bioloji preparatlar istehsalatında, xx.xx.1983-cü ildən xx.xx.1987-ci ilə kimi X3 Maşınqayırma zavodunda, xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilə kimi X3 şəhərinin X1 X6 Şöbəsinin mühafizə bölməsində, xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilə kimi “Permbalıq” Balıq məhsullarının buraxılışı və tətbiqi birliyində, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixə kimi Perm şəhəri “Biomed” Elmi istehsalat birliyində, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilə kimi Perm pivə-alkoqolsuz içkilər kombinatında, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi Qax rayonunun Qaxingiloy baytarlıq dairəsində, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilə kimi Goranboy rayonunun “Komsomol” sovxozunda işlədiyi müddətlər, həmçinin sosial sığorta stajınının müəyyən edilməsi zamanı mübahisələndirilən və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-1(84)-206/2018 nömrəli qərarına əsasən sosial sığorta stajına daxil edilən xx.xx.1967-ci ildən xx.xx.1971-ci ilə kimi texnikumda təhsil aldığı və xx.xx.1999-cu il tarixdən xx.xx.2004-cü ilə kimi “Qax Aqrotexservis” ATSC-də işlədiyi müddətlər iddiaçının sosial sığorta stajına daxil edilərək, ümumilikdə müəyyən olunan 28 il 10 ay 29 gün sosial sığorta stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək müəyyən edilən 28 il 10 ay 29 gün sosial sığorta stajı nəzərə alınmaqla fərdi hesabının sığorta hissəsində qeydə alınan 4910,0 manat pensiya kapitalı (28 il tam iş stajı x 170, 0 manat) + (170,0 manat: 12 ay x 10 ay) 8,97 manat), həmin Qanunun 29.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək pensiya hüququnun yarandığı xx xxxxxxx 2014-cü il tarixə 8985,0 manat məbləğində müəyyənləşdirilmiş və yaşa görə əmək pensiyası 162,40 manat məbləğində aşağıdakı qaydada hesablanmışdır. 100,0 manat (əmək pensiyasının baza hissəsi) + 62,40 manat (8985,0 manat xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı) : 144 (gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) = 162,40 manat. Müəyyən olunmuş pensiyanın məbləği “Yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında” və “Əmək pensiyasının sığorta hissəsinin və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində toplanan pensiya kapitalının indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən xx.xx.2015-ci ildən 163,27 manat (100,0 manat əmək pensiyasının baza hissəsi + 63,27 manat (62,40 manat + 62,40 manat x 1,4 % istehlak qiymətləri indeksinin 2014-cü il üzrə illik səviyyəsi) əmək pensiyasının sığorta hissəsi) məbləğində, xx.xx.2016-ci il tarixdən 165,80 (100,0 manat + 65,80 manat (63,27 manat + 63,27 x 4% (istehlak qiymətləri indeksinin 2015-ci il üzrə illik səviyyəsi) əmək pensiyasının sığorta hissəsi) məbləğində, xx.xx.2016-cı il tarixdən 175,80 manat (110,0 manat əmək pensiyasının baza hissəsi + 65,80 manat əmək pensiyasının sığorta hissəsi) məbləğində, xx.xx.2017-ci il tarixdən 183,96 manat (110,0 manat əmək pensiyasının baza hissəsi +73,96 manat (65,80 manat + 65,80 manat x 12,4 % (istehlak qiymətləri indeksinin 2016-cı il üzrə illik səviyyəsi) əmək pensiyasının sığorta hissəsi) məbləğində hesablanmışdır. 2017-ci ilin 1 iyul tarixindən Qanuna edilmiş dəyişikliklərlə əlaqədar olaraq əmək pensiyasının cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevilməsi aparılmaqla 183,96 manat əmək pensiyasının sığorta hissəsi kimi müəyyən edilmiş və xx.xx.2018-ci il tarixdən 194,45 manat (183,96 manat + 183,96 manat x 5,7 % (ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempi)) məbləğində, 01.01,2019-cu il tarixdən 200,28 manat (194,45 manat + 194,45 manat x 3% (ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempi)) məbləğində, xx.xx.2020- ci il tarixdən 233,53 manat (200,28 + 200,28 manat x 16,6 % (ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempi)) məbləğində hesablanaraq ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşlara əmək pensiyası təyin edilərkən pensiyanın sığorta hissəsinin hesablanması iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə Qanunun qüvvəyə mindiyi 2006-cı ilin 1 yanvar tarixinədək onların ümumi iş stajına, ikinci mərhələdə isə 2006-cı il 1 yanvar tarixindən sonra sığortaolunanların gəlirlərindən ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklərlə əlaqədar olaraq xx xxxxxx 2010-cu il tarixdən əmək pensiyasının 2006-cı ilin yanvar ayının 1-dək olan hər hansı bir dövrü əsas götürərək orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablanması mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə olan halda iddiaçınınpensiyasının hesablanma qaydasına cavabdehin düzgün əməl edibetməməsini yoxlamaqdan ötrü mütəxəssis çağırılmasına və ya ekspertiza keçirilməsinə heç bir zərurət qalmır. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlililləri ilə razılaşa bilmir. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyası Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarını ləğv edərkən göstərmişdir ki, məhkəmələr Şəki İnzibati-İqtisadi Məhkəməsinin qüvvəyə minmiş xx xxxxxx 2018-ci il tarixli qərarına əsasən sosial sığorta stajına daxil edilən illər və X5 şəhərində bioloji preparatlar hazırlanan fabrikdə 1975-ci ilin noyabr ayında işlədiyi illərdə nəzərə alınmaqla yenidən hesablanmasının cavabdehə həvalə edilməsi» kimi irəli sürüldüyü, yəni sözügedən hesablanmanın müddətinin başlanmasının tarixi göstərildiyi, müddətin bitməsinin tarixi isə bəlli olmadığı, başqa sözlə, iddia tələbinin konkret olmadığı halda, bu mühüm məsələni araşdırmamışdır. Eyni zamanda, iş materiallarında iddiaçının iddia irəli sürdüyü tələblə bağlı cavabdehə müraciət etməsini təsdiq edən sənəd mövcud deyil. Məhkəmə kollegiyası Ali Məhkəmənin göstərişlərini tərəflərlə müzakirə edərək araşdırmış və bundan sonra iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-206/2018 nömrəli qərarı ilə müəyyən edilmiş illərin və xx.xx.1975-ci il tarixdən xx.xx.1991-ci il tarixədək X3 şəhərində işlədiyi illəri daxil etməklə, o cümlədən əmək kitabçasında olan bütün illəri DSMF-nın Qax rayon şöbəsinə və məhkəməyə təqdim edilən əmək haqqı cədvəllərindəki əmək haqlarının sığorta kapitallarına əsaslanaraq pensiya almaq hüququnun yarandığı tarixdən, yəni xx xxxxxxx 2014-cü ildən əmək pensiyasının yenidən hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, cavabdeh xx xxxxxx 2020-ci il tarixli **********7 nömrəli məktubu ilə iddiaçıya cavab verərək həmin tələbini mümkün hesab edilməməsini bildirmişdir. İddiaçının müəyyən olunmuş 28 il 10 ay 29 gün stajı əmək kitabçası, diplom, hərbi bilet, məhkəmənin qərarı və digər sənədlərə əsasən hesablanmışdır. Beləliklə, məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının gəldiyi bu nəticə Ali Məhkəmənin göstərişinə də uyğundur. Belə ki, İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən bir аy müddətində Аzərbаycаn Respublikаsı Аli Məhkəməsinin İnzibаti kоllegiyаsınа (AZ-1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14, 1193-cü məhəllə) Şəki Аpelyаsiyа Məhkəməsi vаsitəsilə kаssаsiyа şikаyəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar