Məhkəmə qərarları › İş №2-1(107)-113/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-113/2021

29.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-113/2021 29.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması və adlarına hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2-1(116)-997/2021 nömrəli qərardadından İddiaçı1 apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “Mingəçevir şəhəri, N.Rəfibəyli küç., ev 4/8, mənzil 2 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması və adlarına hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar uzun illər ünvan 2 ünvanında yaşayırlar. Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının 23.07.2004-cü il tarixli, 293 nömrəli qərarı ilə həmin ünvandakı mübahisəli torpaq sahəsi X16, İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı5 birgə mülkiyyətinə verilmişdir. Bundan sonra həmin şəxslərə JN-1488A, KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” hazırlanaraq verilmişdir. Lakin sonradan məhkəmə mübahisəsi nəticəsində iddiaçıların adlarına verilmiş şəhadətnamə ləğv edilmişdir. İddiaçılar həyətyanı torpaq sahəsinə dair onların hüquqlarının qeydiyyata alınaraq adlarına çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmişlər. Lakin cavabdeh orqan əvvəllər onların adlarına qeydə alınmış həmin torpaq sahəsinə dair JN-1488A nömrəli şəhadətnamənin Mingəçevir şəhər Məhkəməsinin 25.12.2008-ci il tarixli, 2(051)-1090/2008 nömrəli Qətnaməsinə əsasən ləğv edildiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, iddiaçı X8 və onun ailə üzvlərinin sözügedən 0.06 hektar torpaq sahəsi ilə bağlı məhkəməyə iddia tələbi ilə müraciət etmələri əsassızdır. Belə ki, həmin torpaq sahəsinə dair DT və XKnın Mingəçevir Şöbəsi tərəfindən verilmiş JN-1488A nömrəli torpağın mülkiyyətə verilməsinə dair tərtib olunmuş şəhadətnamə ləğv edilmişdir. Məlumat üçün cavabdeh orqan bildirir ki, ünvan 4 ünvanında yerləşən mənzil 03.07.1997-ci il tarixində, 2246 reyestr nömrəsi ilə X4 adına özəlləşdirmə əsasında qeydiyyata alınmış, daha sonra Mingəçevir şəhər Məhkəməsinin 25.12.2008-ci il tarixli, 2(051)-1090/2008 nömrəli qətnaməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən həmin mənzil 02.07.2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə X9 (40/56 hissə), X10 (4/56 hissə), X5 (1/56 hissə), X11 (1/56 hissə), X12 (1/56 hissə), X1 (1/56 hissə), X2 (4/56 hissə), X15 (1/56 hissə), X6 (1/56 hissə), X13 (1/56 hissə) və X3 (1/56 hissə) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, həmçinin mənzilin yerləşdiyi 0.06 hektar torpaq sahəsinə dair DT və XK-nın Mingəçevir Şöbəsi tərəfindən JN-1488A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmasına baxmayaraq Mingəçevir şəhər Məhkəməsinin 25.12.2008-ci il tarixli, 2(051)-1090/2008 nömrəli qətnaməsinə əsasən həmin şəhadətnamə ləğv edilmişdir. Ümumiyyətlə mənzillərin yerləşdiyi yaşayış evləri Mingəçevir Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Mənzil İstismar Sahələrinin balansında olduğu üçün onların yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətinə aiddir. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə əsas kimi müəyyən edilmiş sənədlər əsasında həyata keçirilir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçılar məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Şəki İnzibati Məhkəməsinin 30.11.2020-ci il tarixli, 2-1(116)-997/2020 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması və adlarına hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan İddiaçı1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, birgə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 uzun illərdir ünvan 5 ünvanında yaşayırlar. Onlar həmin mənzildə doğulub boya-başa çatmışlar. Bu günə kimi onlar həmin mənzildə qeydiyyatdadırlar və orada yaşayırlar. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 23.07.2004-cü il tarixli, 293 nömrəli qərarı ilə həmin ünvandakı mübahisəli torpaq sahəsi X16, İddiaçı1, İddiaçı3, İddiaçı2. İddiaçı4 və İddiaçı5 birgə mülkiyyətinə verilmişdir. Bundan sonra həmin şəxslərə JN-1488A, KOD 90200002 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanaraq verilmişdir. Lakin sonradan məhkəmə mübahisəsi nəticəsində adımıza verilmiş şəhadətnamə ləğv edilmişdir. Qeyd olunanlardan göründüyü kimi mübahisəli torpaq sahəsi və ev mövcud olandan onlar həmin evdə qeydiyyatdadırlar və orada yaşayırlar. Bundan başqa bildiyiniz kimi, islahatlar dövrünə kimi bütün torpaq sahələri dövlət mülkiyyətində idi. İslahat zamanı həyətyanı sahələr qeydiyyatda olan və orada yaşayan şəxslərin əvəzsiz olaraq mülkiyyətinə verilmişdir. Lakin buna baxmayaraq bu günə kimi qeydiyyatda olduğumuz evin həyətyanı sahəsi dövlət mülkiyyətində qalmaqdadır. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Yuxarıda qeyd etdiyimiz kimi, həmin həyətyanı sahədə 80-ci illərdən bu günə kimi yaşamışlar. Həmin həyətyanı sahədə yerləşən fərdi yaşayış evi o zamandan X7 adına qeydiyyata alınmışdır. O, 26.07.2007-ci ildə rəhmətə getmişdir. Bundan sonra vərəsələr müvafiq qaydada fərdi yaşayış evinə öz miras paylarını əldə edərək müvafiq çıxarışlar almışlar. Bu gün həmin ev 56 hissə olmaqla paylı mülkiyyətdədir. Biz qeydiyyatda olmağımıza baxmayaraq, 80-cı illərdən bu günə kimi həmin evdə yaşamağımıza baxmayaraq həmin evdən pay əldə edə bilməmişik. Diqqətinizə çatdırmaq istəyirəm ki, islahat zamanı və ondan əvvəl fərdi yaşayış evinə pay hüququ əldə edən şəxslərdən yalnız İddiaçı1 həmin evdə yaşamış və təsərrüfat aparmışdır. Digər vərəsələrin (payçıların) öz şəxsi evləri, yaşayış sahələri mövcud olduğu üçün X7 adına qeydiyyata alınmış fərdi yaşayış evində yaşamamışdır. Göründüyü kimi, Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən ünvan 2 ünvanında yerləşən həyətyanı sahə əvəzsiz olaraq bizim mülkiyyətimizə verilməlidir. Məhz buna görədə məhkəməyə müraciət etmişik. Müraciətimizə baxan birinci instansiya məhkəməsi tələbimizi mümkünsüz saymışdır. Belə əsaslandırmışdır ki, tələb üzrə biz rayon məhkəməsinə müraciət etməliyik. Lakin diqqətinizə çatdırım ki qeyd olunan tələblə ilk əvvəl rayon məhkəməsinə müraciət edilsə də məhkəmə inzibati məhkəməyə müraciət etməyimizi tövsiyə etmişdir. Hesab edirik ki, daşınmaz əmlakın qeydiyyata alınması hüququ cavabdehə məxsusdur. Cavabdeh tərəf əsassız imtina etmişdir. Ona görədə onun üzərinə öhdəlik qoyulması barədə tələblərə İnzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid Amadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən Hər kəsin qanunla ıdağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ irdir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(116)-997/2020 saylı qərardadını ləğv edib, işin Şəki İnzibati məhkəməsinə göndərilməsi barədə qərardad çıxarasınız Tərəflərin izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2-1(116)- 997/2021 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli 2-1(116)-997/2021 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddia deyil. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasında tədqiq edilmiş: “Qeydiyyat vəsiqəsi”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir şəhəri, N.Rəfibəyli küç., ev 4/8, mənzil 2 ünvanında yerləşən mənzil X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan 860060 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, X17 26.07.2007-ci il tarixdə vəfat etmişdir. JN-1488A kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli 293 nömrəli qərarı ilə 0.06 ha həyətyanı torpaq sahəsi X16 və onun ailə üzvlərinin (hazırkı iş üzrə iddiaçılar X14, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5) mülkiyyətinə verilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1090/2008 nömrəli 25.12.2008-ci il tarixli Qətnaməsi ilə həmin iş üzrə iddiaçı X9 həmin iş üzrə cavabdehlər X18 və qeyrilərinə qarşı Mingəçevir şəhəri, N.Rəfibəyli küç., 4/8 saylı evin 2-ci mənzilinə dair mirasın qəbul edilmə müddətinin uzadılması, miras əmlakda payların müəyyən edilməsi, miras əmlakın açıq hərracdan satılması, satış pulunun paylara mütənasib şəkildə bölünməsinə dair iddia tələbi qismən təmin edilmişdir. Həmin Qətnamə ilə Mingəçevir şəhəri, N.Rəfibəyli küç., 4/8 saylı evin 2-ci mənzilinə dair tərtib edilmiş Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair 01.08.2005-ci il tarixli şəhadətnamə hüquqi əsas olmadan verildiyinə görə ləğv edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.05.2009-cu il tarixli 2(107)-171/2009 nömrəli Qətanaməsi ilə təmin olunmamış və Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1090/2008 nömrəli 25.12.2008-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mingəçevir Şəhər Mingəçevir Bələdiyyəsinin 24.08.2020-ci il tarixli 1085 saylı məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən 599,5 kv metr torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, əvəzsiz olaraq yaşayış evinin mülkiyyətçilərinin mülkiyyətinə verilməli olan torpaq sahəsi olmaqla dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30.06.2020-ci il tarixli 2-1(102)-950/2020 nömrəli qərarında (əsaslandırma hissəsində) qeyd olunmuşdur ki, işdən görünür ki, iddiaçının hüquqi marağı evinin yerləşdiyi torpaq sahəsinə hüquqlarının rəsmiləşdirilməsi ilə bağlıdır. Bu məqsədlə o, bələdiyyəyə qarşı iddia qaldıraraq evinin yerləşdiyi torpaq sahəsinin hərracdan kənar qaydada ona satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, apelyasiya instansiyası məhkəməsi həmin qərarı dəyişdirilmədən qüvvədə saxlamışdır. Hər iki məhkəmə instansiyası bu nəticəyə gələrkən mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına əsaslanmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının qərarı ilə ləğv edilmişdir. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ona əsaslanmışdır ki, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması iş materiallarında olan sübutlarla ziddiyyət təşkil edir, məhkəmələr isə torpağın bələdiyyə və ya dövlət mülkiyyətində olması ilə bağlı ətraflı araşdırma aparmamışlar. Təkrar apelyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini nəzərə alan apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə mübahisəli torpaq sahəsinin statusunun müəyyənləşdirilməsi ilə bağlı sorğu edilmiş, buna cavab olaraq Xidmətin 29 dekabr 2019cu il tarixli arayışında bildirilmişdir ki, Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi, 4/8 saylı ev dövlət vəsaiti hesabına tikilmiş həyətyanı torpaq sahəsi olan evlərdəndir. Torpaq sahəsi evin mülkiyyətçisi tərəfindən qanunsuz istifadə edilən torpaq deyildir. Lakin, bununla belə torpağın mülkiyyətə verilməsinə dair JN-1488A nömrəli şəhadətnamənin qanuni olmasını demək olmaz. Çünki, şəhadətnamədə mülkiyyətçi kimi yalnız evin mülkiyyətçilərinin adları qeyd oluna bilər. Bunu isə aidiyyəti sahə üzrə mütəxəssis və ya ekspert araşdıra bilər. Torpaq sahəsinin mülkiyyət növünə gəldikdə isə həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, əvəzsiz olaraq yaşayış evinin mülkiyyətçilərinin mülkiyyətinə verilməli olan torpaq sahəsi olmaqla dövlət mülkiyyətindədir. Beləliklə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətindədir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatın idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin dördüncü və beşinci hissələrinə müvafiq olaraq fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir; torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Həmin Qanunun 25-ci maddəsinin ikinci hissəsinə görə, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Belə olan halda, iddiaçı arzuladığı məqsədə çatmaq üçün, yəni evinin yerləşdiyi torpaq sahəsinə hüququnu rəsmiləşdirmək üçün yuxarıda qeyd edilən Qanuna əsasən mülki mühakimə icraatı qaydasında iddia qaldıra bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddia düzgün cavabdehə qarşı yönəlmədiyindən və iddiaya inzibati məhkəmədə baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən,məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini mümkün saymamaqla prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı5, İddiaçı2 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması və adlarına hüquqların dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını mümkün saymamaqda haqlıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2020-ci il tarixli, 2-1(116)-997/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar