Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-113/2022 16.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Yevlax Rayonu Havarlı Bələdiyyəsinə qarşı "Yevlax Rayonu Havarlı Bələdiyyəsinin 02.11.2007-ci il tarixli 256 nömrəli qərarının və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş 16.12.2010-cu il tarixli A-318705 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün etibarsız hesab edilməsi" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2- 1(116)-544/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Yevlax Rayonu Havarlı Bələdiyyəsinə qarşı "Yevlax Rayonu Havarlı Bələdiyyəsinin 02.11.2007-ci il tarixli 256 nömrəli qərarının etibarsız hesab edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə "iddia ərizəsinə əlavə" göndərərək, iddia tələbinin həcmini artırmış, Yevlax Rayonu Havarlı Bələdiyyəsinin 02.11.2007-ci il tarixli 256 nömrəli qərarının və kadastr planının etibarsız hesab olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinə başqa ərizə verərək, tələbini dəqiqləşdirmiş və Yevlax Rayonu Havarlı Bələdiyyəsinin 02.11.2007-ci il tarixli 256 nömrəli qərarının, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş 16.12.2010-cu il tarixli A-318705 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün etibarsız hesab edilməsini xahiş etmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Vidadi Qasımov) 24 yanvar 2022-ci il tarixli, 2- 1(116)-544/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Yevlax Rayonu Havarlı Bələdiyyəsinə qarşı "Yevlax Rayonu Havarlı Bələdiyyəsinin 02.11.2007-ci il tarixli 256 nömrəli qərarının və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş 16.12.2010-cu il tarixli A-318705 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün etibarsız hesab edilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(116)-544/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(116)-544/2022 nömrəli qərardadın ləğv edilməsini və işə iddia ərizəsinə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(116)-544/2022 nömrəli qərardadının ləğv edilməsi xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi, iddia tələbi iki hissədən ibarətdir: 1) Yevlax Rayonu Havarlı Bələdiyyəsinin 02.11.2007-ci il tarixli 256 nömrəli qərarının etibarsız hesab olunması, 2) Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş 16.12.2010-cu il tarixli A318705 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün etibarsız hesab olunması. İddia tələbinin birinci hissəsi ilə bağlı birinci instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir. Tələbin həmin hissəsi inzibati aktın etibarsızlığının tanınması haqqında iddialara aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın qaldırılması üçün hər hansı müddət məhdudiyyəti müəyyən edilməsə də, belə bir müddət Yevlax Rayonu Havarlı Bələdiyyəsinin qərarının qəbul edildiyi zaman qüvvədə olan mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, hazırda mübahisə olunan qərar 02.11.2007-ci ildə, yəni İnzibati Prosessual Məcəllənin və "İnzibati icraat haqqında" Qanunun qüvvəyə minməsindən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının 10.06.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olmuş "Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət" adlı 298-ci maddəsi ilə tənzimlənirdi. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Bununla da, İddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İnzibati Prosessual Məcəllədən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 01.09.2000ci ildə qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30.06.2011-ci ilədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 01.01.2011-ci ilədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01.01.2011-ci ilədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Göstərilən hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının bir çox qərarlarında (2-1(102)-2049/2020, 21(102)-471/2021 və s.) da ifadə edilmişdir. Beləliklə, İddiaçı iddia müddətini buraxması hazırkı iddianın birinci hissəsinin mümkün sayılmasını istisna edir. Şəki İnzibati Məhkəməsinin 07.12.2021-ci il tarixli yardım məktubu ilə bu hallar İddiaçı diqqətinə çatdırılmış, lakin o, bundan sonra məhkəməyə "iddia ərizəsinə əlavə" və daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərsə də, iddia müddətinin buraxılması məsələsinə münasibət bildirməmişdir. İddianın ikinci hissəsi, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş 16.12.2010-cu il tarixli A-318705 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün etibarsız hesab edilməsi tələbi ilə bağlı isə birinci instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində deyilir ki, iddia ərizəsində aşağıdakılar göstərilməlidir: 46.1.1. ərizənin verildiyi məhkəmənin adı; 46.1.2. iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; 46.1.3. iddiaçının (ərizəçinin) tələbi. İddiaçı məhkəməyə göndərdiyi "İddia ərizəsinə əlavə"də "kadastr planı" adlandırdığı sənədin etibarsız hesab olunmasını xahiş etsə də, həmin sənədin tam adını, tarixini, nömrəsini, hansı orqan tərəfindən və kimin adına verildiyini göstərməmişdir. Məhkəmənin 10.01.2022-ci il tarixli yardım məktubu ilə bu çatışmazlığın aradan qaldırılması iddiaçıya təklif edilmiş, lakin o, həmin məktuba cavab olaraq yazdığı ərizədə "kadastr planı" dedikdə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına verilmiş 16.12.2010-cu il tarixli A-318705 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nü nəzərdə tutduğunu bildirsə də, iddia ərizəsində düzəliş etməmiş və həmin tələbə cavab verməli orqanı cavabdeh qismində göstərməmişdir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçının sözügedən tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olduğuna görə onun xüsusi mümkünlük şərtlərindən biri iddiaçının məhkəməyə iddia verməzdən əvvəl eyni tələblə cavabdeh inzibati orqana müraciət etməsindən və cavabdehin bu tələbi təmin etməməsindən ibarətdir. Lakin işdə iddiaçının "Torpaq sahəsinin planı və ölçüsü"nün etibarsız hesab edilməsi üçün hansısa inzibati orqana müraciət etməsi və bu orqanın tələbi təmin etməkdən imtina etməsi barədə heç bir sənəd yoxdur. Birinci instansiya məhkəməsinin 10.01.2022-ci il tarixli məktubu ilə bu hal iddiaçıya bildirilmiş, eyni zamanda, ona izah olunmuşdur ki, qeyd olunan sənədin məhkəməyə təqdim olunmaması iddianın sözügedən hissəsinin mümkünlüyünü istisna edir. Lakin İddiaçı tələb olunan sənədi məhkəmə tərəfindən təyin edilmiş müddət ərzində məhkəməyə təqdim etməmişdir. O, məhkəmənin yardım məktubuna cavab olaraq yazdığı 19.01.2022ci il tarixli ərizədə "Torpaq sahəsinin planı və ölçüsü"nün etibarsız hesab edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə dəfələrlə müraciət etdiyiniz bildirsə də, birinci instansiya məhkəməsinə bu barədə heç bir sənəd təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin tələbin ikinci hissəsinin də mümkün hesab edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Kollegiyanın iclasında iştirak edən İddiaçı verdiyi izahatında bildirmişdir ki, Yevlax Rayonu Havarlı Bələdiyyəsinin 02.11.2007-ci il tarixli 256 nömrəli qərarı əsasında X1 adına tərtib edilmiş 16.12.2010-cu il tarixli A-318705 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsini xahiş etmişdir. Belə oldugu halda kollegiya qeyd edir ki, 16.12.2010-cu il tarixli A-318705 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"nün ləğv edilməsi birinci iddia tələbindən yəni Yevlax Rayonu Havarlı Bələdiyyəsinin 02.11.2007-ci il tarixli 256 nömrəli qərarından asılıdır. Belə ki, "Torpaq sahəsinin planı və ölçüsü Yevlax Rayonu Havarlı Bələdiyyəsinin 02.11.2007-ci il tarixli 256 nömrəli qərarı əsasında verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(116)-544/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(116)-544/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-113/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-113/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver