Məhkəmə qərarları › İş №2-1(107)-113/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-113/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-113/2025 09.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X7 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X1 mərhum anası X2 adına verilmiş xx.xx.2011ci il tarixli, 3/736 nömrəli, seriya A 328221 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və elektron məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2-1(116)-2733/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxs X1 mərhum anası X2 adına verilmiş xx.xx.2011-ci il tarixli, 3/736 nömrəli, seriya A 328221 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və elektron məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə iddiaçıya Ağdaş rayon XDS İK-nin qərarı ilə Ağdaş şəhəri, Məşəd küçəsindən fərdi yaşayış evi tikdirmək üçün 0.12 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinin dörd bir tərəfini hasara aldıraraq orada fərdi yaşayış evi tikdirmiş, bağ salmış və torpağa və əmlaka görə vergini vaxtlı-vaxtında ödəməklə həmin 0.12 hektar həyətyanı torpaq sahəsindən 33 ildir ki, fasiləsiz və etirazsız təyinatı üzrə istifadə etmişdir. Torpaq islahatı zamanı həmin 0.12 hektar torpaq sahəsinin ona verilməsi barədə ilkin hüquqmüəyyən edici sənəd hesab edilən Ağdaş rayon XDS İknin qərarı tələb olunmuş, həmin qərarı tapa bilmədiyinə və bir nüxsəsi saxlanılan Ağdaş şəhər İcra nümayənmdəliyinin yerləşdiyi inzibati binası məlum 1999-cu il tarixdə Ağdaş rayonunda baş vermiş zəlzələ zamanı yandığından tapmaq mümkün olmadığına görə onun adına şəhər üzrə normaya uyğun 0.05 hektar hissəyə sənəd verilmiş, qalan 0.07 hektar isə istifadəsində saxlanılmaqla bələdiyyənin balansına qeydə alınmışdır. Keçən müddətdə həmin torpaq sahəsi heç kim, o cümlədən şəhər bələdiyyəsi və ya başqaları tərəfindən mübahisələndirilməmişdir. O, həmin torpaq sahəsini aldığı vaxtdan 2024-cü ilədək bir müddətdə yəni 34 il müddətdən artıq müddətdə maneəsiz istifadə etmişdir. Bələdiyyə balansında saxlanılmış hissəni də almaq istəməsi barədə bir neçə dəfə bələdiyyəyə müraciət etsə də, hər dəfə ona bildirilmişdir ki, həmin toıpaq sahəsi satılmaq üçün mövcud qanunvericiliyə görə ilkin olaraq ona təklif olunacaq. Lakin 17 saylı Yevlax Ərazi İdarəsi həmin yerə saxta kadastr işləndiyini bəhanə edərək hələlik buna icazə vermir.

3. 2024-cü ilin əvvəllərində X5 ona və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “süni maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş şəhərində yerləşən 499.7 kv.metr həyətyanı torpaq sahəsi üzərindəki hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı tərəfindən yaradılan süni maneələrə və qanunsuz hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, mülki işə məhkəmədə baxılan zaman ona məlum olmuşdur ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 01 saylı, 05 yanvar 2006-cı il tarixli Sərəncamı ilə X1 mərhum anası X6 Ağdaş şəhəri ərazisindən 499.67 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Üçüncü şəxs iddia edir ki, X6 verilmiş həmin 499.7 kv.metr həyətyanı torpaq sahəsi onun hasarı daxilində faktiki istifadəsində və Ağdaş bələdiyyəsinin balansında olan 0.07 ha torpaq sahəsinin daxilindədir.

4. Halbuki, Ağdaş bələdiyyəsi rəsmi qaydada ona bildirmişdir ki, Ağdaş şəhər sakinəsi, mərhum X2 adına ayrılmış 499.67 kv.metr torpaq sahəsinə dair kadastr planı Ağdaş bələdiyyəsində elektron qeydiyyat siyahısında vardır. Lakin kadstr planı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən işlədiyi üçün həmin kadastr planının düşdüyü ərazi, verilmə tarixi və ilkin sənədləri barədə Ağdaş bələdiyyəsində heç bir məlumat yoxdur. Ağdaş bələdiyyəsinin elektron məlumat sistemində vətəndaş X3 vergi ödəyicisi kimi adı qeydiyyatda yoxdur. Mülkiyyətində olan 0.05 ha torpaq sahəsinə bitişik və 1990-cı ildən faktiki istifadəsində olan 7960 B nömrəli torpaq sahəsi Ağdaş bələdiyyəsinin elektron məlumat bazasına əsasən həqiqətən Ağdaş bələdiyyəsinin mülkiyyətidir. Ağdaş rayon Dövlət Arxivinin 13 mart 2024-cü il tarixli, 23 saylı arxiv arayışından məlum olur ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli sərəncamında vətəndaşlara, o cümlədən X8ma həyətyanı torpaq sahəsi verilməsinə dair heç bir sənəd və material yoxdur.

5. Həmçinin cavabdeh inzibati orqannın xx.xx.2024-cü il tarixli, 3-21 -3-38/2- 1667/2024 saylı məktubunda da göstərilir ki, X2 adına verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsinə əsas olan Ağdaş RİHB-nın xx.xx.2006-cı il tarixli 01 saylı Sərəncamı Ərazi İdarəsinin arxivində yoxdur. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2024-cü il tarixli sərəncamından məlum olur ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı Azərbaycan Respublikası Prezidentinin 06 mart 2000-ci il tarixli 347 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyət başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimatın icrası ilə bağlı “Rayon İcra Hakimiyyəti başçısının aparatında 2005-ci il iş üçün Nomenkulaturunun təsdiq edilməsi üçün verilmişdir. Həmin sərəncamda vətəndaşlara torpaq sahəsinin ayrılıb verilməsi nəzərdə tutulmamışdır. Ona görə də hesab edir ki, mərhum X6 həmin torpaq sahəsi tamamilə qanunsuz verildiyindən həmin torpaq sahəsi Dövlət Kadastr kitabında qeydiyyata alınsa belə, mərhumun adına işlənmiş “Torpaq sahəsinin planı və ölçüsü” etibarsız hesab edilməklə ilkin hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Dövlət və yerli X4 Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli, 226 saylı Fərmanı ilə ləğv edilmişdir. Belə olduğu halda mərhum X6 qeyd edilən torpaq sahəsi Ağdaş RİHB-nın qeyd edilən sərəncamı ilə verilə bilməzdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 oktyabr 2024-cü il tarixli 2- 1(116)-2733/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərardadında işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, torpaq sahəsi 1990-cı ildən fakitiki istifadəsində olduğundan və bu günədək maneəsiz istifadə etdiyinə görə onun maraqlı şəxs kimi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməyi üçün subyektiv hüququnun yarandığını nəzərə almamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2-1(116)-2733/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2- 1(116)-2733/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 4.2, 5.1, 6.1 və 6.2-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2).

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

15. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçının bələdiyyə mülkiyyətində olan 0,07 sot torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilməməsi onun bu əraziyə dair subyektiv hüququnun olmadığını göstərir. Nəzərə alınmalıdır ki, subyektiv hüquq ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. İddiaçı yalnız qanuni hüquqlarını qorumaq və ya pozulmuş hüququnu bərpa etmək üçün məhkəməyə müraciət edə bilər. İddiaçının faktiki istifadəsi əgər bu istifadə qanundan və ya müqavilədən irəli gəlmirsə hazırkı cavabdehə münasibətdə tələbin irəli sürülməsi üçün subyektiv hüququn mövcudluğunu istisna edir. Odur ki, iddiaçının faktiki istifadəsində olan 0,07 ha torpaq sahəsi üzrə hüquq subyekti Ağdaş bələdiyyəsi olduğundan həmin torpaq sahəsinin hüquqi taleyi ilə bağlı məsələləri mübahisələndirmək hüququ da, müvafiq bələdiyyəyə məxssudur. İddiaçı, yalnız "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 16.3 və 16.4-cü maddələrinə istinad etməklə sözügedən torpaq sahəsinin bələdiyyə tərəfindən ona satılmasını tələb edə bilər ki, qaldırılmış həmin məsələ müsbət həllini tapdığı halda zəbt etdiyi torpaq sahəsi üzərində subyektiv hüququ yaranmış olacaqdır.

16. Plan-ölçü sənədinin ləğvi ilə bağlı tələb münasibətdə məhkəmə həmçinin qeyd edir ki, plan-ölçü sənədi hüquqmüəyyənedici sənəd yox, müəyyən miqyasda tərtib edilmiş və ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğundan, sözügedən sənəd yalnız torpaq sahəsinin yerləşdiyi ərazinin və konfiqurasiyasının müəyyən edilməsi baxımından əhəmiyyətlidir. Yəni, plan-ölçü sənədinin texniki qeydiyyat və əraziyə dair dəqiqləşdirmələr üçün hazırlanır. Plan-ölçü sənədi aid olduğu torpaq sahəsinə dair əmlak hüquqlarını təsdiq edən sənədlə birgə mövcud olmadığı halda hər hansı hüquqi əhəmiyyət daşımır və həmin sənədin mövcud olubolmaması iddia olunan torpaq sahəsinə münasibətdə əmlak hüquqlarının məzmununa təsir etmir. İddia ərizəsində iddiaçı özü də, plan-ölçü sənədinin ilkin hüquqmüəyyənedici sənəd kimi qəbul edilməsinin mümkünsüzlüyünü vurğulayır. Odur ki, bir şəxsin adına planölçü sənədinin olması onun mütləq əmlak hüququnun mövcud olduğunu sübut etmir. Buna görə də, məhkəmə hesab edir ki, həmin sənədin mübahisələndirilməsi iddiaçı üçün mümkün hüquqi nəticə yaratmır.

17. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

18. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

19. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtləri tam yoxlanılmadığından birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

20. Məhkəmə kollegiyas qeyd edir ki, iddia ərizəsindən, həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçının verdiyi izahatdan və Ağdaş rayon bələdiyyəsinin ərizəsindən müəyyən olunur ki, iddia predmeti olan torpaq sahəsi 1990-cı ildən hazırkı tarixədək iddiaçının istifadəsindədir. Belə ki, Ağdaş rayon bələdiyyəsinin ərizəsində qeyd edilmişdir ki, bələdiyyənin baş kitabı üzrə İddiaçı istifadəsində sənəd üzrə 0,05 ha, faktiki istifadəsində isə 0,12 ha torpaq sahəsi var ki, bunun 0,07 ha hissəsi bələdiyyə balansındadır. Torpaq sahələrinə dair vergi İddiaçı tərəfindən ödənilmişdir.

21. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbində mübahisələndirdiyi torpaq sahəsinə dair subyektiv hüququ vardır.

22. Beləliklə, məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinə əsasən, inzibati iş üzrə kifayət qədər araşdırma aparmamış və əsassız olaraq iddia tələbini mümkün saymamışdır.

23. Məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxarıda qeyd olunan hаllаrı аrаşdırmаdаn və işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən iddiаnı mümkün saymamaqla səhv nəticəyə gəlmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli, birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək iddia mümkün sayılmalı və inzibati işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

24. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2-1(116)-2733/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “üçüncü şəxs X1 mərhum anası X2 adına verilmiş xx.xx.2011ci il tarixli, 3/736 nömrəli, seriya A 328221 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi və elektron məlumat bazasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar