Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-114/2022 31.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ünvan 1-də yerləşən, anasından ona vərəsəlik yolu ilə keçən 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması " tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(116)-521/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1-də yerləşən, anasından ona vərəsəlik yolu ilə keçən 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 12.10.2000-ci il tarixli 238 №-li sərəncamı ilə şəhərin Xətai adına küçəsi ilə Ç.Atalov adına küçələrin kəsişdiyi ərazidən “Tikinti materialları” mağazasının tikintisi üçün “Qaynaq” kiçik müəssisəsinə 78 kv.m torpaq sahəsinin alqı-satqı qaydasında mülkiyyətinə verilməsinə ilkin razılığın verilməsi qərara alınmış, daha sonra həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi kimi X2 və torpaq sahəsi üzərində mağaza binasının tikintisinə icazə verilmişdir. Bundan sonra həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası “Qaynaq” kiçik müəssisəsi tərəfindən iddiaçıya satılmış, iddiaçı isə həmin qeyri-yaşayış binasını anası X4 bağışlamışdır. İddiaçının anasının adına tərtib edilmiş 14.07.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışda 0.00871 ha torpaq sahəsi üzrə mülkiyyət növü “Dövlət”, torpaq sahəsinin hüququn növü isə “istifadədə” qeyd edilmişdir. İddiaçı “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında sözügedən qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı tələb hüququnu, Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 12.10.2000-ci il tarixli 238 №-li sərəncamı və 14.03.2000-ci ildə tərtib edilmiş “Torpaqların alqı-satqısına” dair akt əsasında ilə iddia etdiyi torpaq sahəsinin “Qaynaq” kiçik müəssisəsinə satılması, daha sonra isə həmin torpaq sahəsinin X5 tərəfindən ona satılması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir, əlavə olaraq bildirmişdir ki, özəlləşdirmə ilə cavabdehin mövqeyini düzgün hesab etmir, həmin torpaq sahəsi artıq bir dəfə dövlətdən alqı-satqı yolu ilə alınıb və Qazi Hacıkərimov tərəfindən də üzərində yerləşən qeyriyaşayış sahəsi ilə birgə ona satılıb. Ona görə də hesab edir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. Cavabdeh iddia tələbinə etirazını iddia olunan torpaq sahəsinin Dövlət mülkiyyətində olması ilə əsaslandırmış və dövlət mülkiyyətində olan torpaq sahəsinin satışı ilə bağlı iddiaçıya Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməsi tövsiyə edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 11.11.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının anoloji müraciətinin təmin edilməsindən imtina etmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 12.10.2000-ci il tarixli 238 №-li sərəncamından görünür ki, şəhərin Xətai adına küçəsi ilə Ç.Atalov adına küçələrin kəsişdiyi ərazidən “Tikinti materialları” mağazasının tikintisi üçün 78 kv.m torpaq sahəsinin “Qaynaq” kiçik müəssisəsinə alqı-satqı qaydasında mülkiyyətinə verilməsinə ilkin razılıq verilmiş və 14.03.2000-ci il tarixli “Torpaqların alqı-satqısına” dair akt tərtib edilmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının 12.10.2000-ci il tarixli 238 №-li sərəncamından görünür ki, “Qaynaq” kiçik müəssisəsinə şəhərin V.İsmayılov küçəsində mülkiyyətində olan torpaq sahəsində mağaza binasının tikintisinə icazə verilməsi qeyd edilmişdir. 14.03.2004-cü il tarixli 209374 №-li müqavilədən görünür ki, “Qaynaq” kiçik müəssisəsinin təsisçisi X1 şəhəri V.İsmayılov küçəsi ilə Ç.Atalov küçəsinin kəsişdiyi yerdə yerləşən tikintialtı sahəsi 76.8 kv.m olan mağaza binasının yarımçıq tikilisini İddiaçı satmışdır. 05.06.2010-cu il tarixli “qeyri-yaşayış binasının bəxşişi” müqaviləsindən görünür ki, Məmmədov X9 şəhəri V.İsmayılov küçəsində yerləşən, 2001-ci ildə tikilmiş, ümumi sahəsi 71.98 kv.m olan qeyri-yaşayış binasını anası X4 bağışlamışdır. 14.07.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası X3 tam xüsusi mülkiyyətində olmuş, 0.00871 ha torpaq sahəsi üzrə mülkiyyət növü “Dövlət”, torpaq sahəsinin hüququn növü isə “istifadədə” qeyd edilmişdir. 13.06.2021-ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, X3 vərəsəsi İddiaçıdur. İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şəki ərazi şöbəsinin 11.11.2021-ci il tarixdə cavabdehə ünvanladığı sorğunun cavablandırılması ilə bağlı məktubdan görünür ki, iddia olunan torpaq sahəsi elektron kadastr uçot informasiya sistemində və kadastr baza məlumatlarında dövlət mülkiyyəti kimi əks olunmuşdur. İddia olunan torpaq sahəsinin ortofoto məlumatlarından çıxarışdan görünür ki, torpaq sahəsinin koordinatları X – 636297.250, 636300.670, 636289.476, 636286.052, Y4609649.756, 4609644.014, 4609637.403, 4609643.162, kateqoriyası “sənaye, nəqliyat, rabitə, müdafiə və digər”, üzərində mülkiyyət növü isə “Dövlət” olaraq qeyd edilmişdir.. Şəki İnzibati Məhkəməsinin (hakimi Vüqar Musayev) 28 yanvar 2022-ci il tarixli, 2- 1(116)-521/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ünvan 1-də yerləşən, anasından ona vərəsəlik yolu ilə keçən 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(116)-521/2022 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(116)-521/2022 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(116)-521/2022 nömrəli qərardadının ləğv edilməsi və inzibati işin baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi İddiaçı apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının nəticəsi ilə razılaşmır. Belə ki, birinci məhkəməsi belə qənaətə gəlmişdir ki, işdə olan ********** nömrəli DƏDR-dən çıxarışla və digər sənədlərlə müəyyən edilir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi üzrə mülkiyyət növü “Dövlət”, hüququn növü olaraq isə “istifadədə” qeyd edilmişdir. Belə olan halda iddiaçı arzuladığı məqsədə çatmaq üçün müvafiq torpaq sahəsinin özəlləşdirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməli, müraciəti təmin olunmadığı və ya cavabsız saxlanıldığı halda isə “qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etməlidir. İş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 1-də yerləşən, 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı istifadəyə verilmiş torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdır. Odur ki, həmin istifadəyə verilmiş torpaq sahəsinin özələşdirilməsi iddiaçının hüququ olduğu üçün həmin şərtin qoyulması iddianın mümkün sayılmaması üçün əsas ola bilməz. Beləliklə, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış nəticədə iddia tələbini mümkün hesab etməmiş, bununla da qanunveriicliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. İPM-in 87.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqda haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2-1(116)-521/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “ünvan 1-də yerləşən, anasından ona vərəsəlik yolu ilə keçən 87.1 kv.m torpaq sahəsində yerləşən 71.98 kv.m olan qeyri-yaşayış binasının altındakı torpaq sahəsinin onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılsın. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(107)-114/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-114/2022
31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver