Məhkəmə qərarları › İş №2-1(107)-114/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-114/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-114/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(116)-1547/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “60 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı ИТ-İ ******* nömrəli əmək kitabçasında, diplomunda, hərbi biletində qeyd edilən sosial sığorta stajı müddətlərinin, həmçinin, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətin nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

5. Cavabdeh orqan iddia tələbinə etirazını 1993-cü ilin aprel, 1995-ci ilin iyun aylarında və xx.xx.1998-xx.xx.1998-ci illərdə iddiaçıya əmək haqqı ödənişinin olmaması və 1996-cı ilə aid cədvəllərdə iddiaçının adının olmaması ilə əsaslandırmışdır. Odur ki, güzəştli iş dövrünün 12 il 2 ay 28 gün olduğunu qeyd etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1547/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilən 1 iyul 1981-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında onun xx.xx.1981xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Dövlət Şirkətinin 8 saylı “Tikinti işlərinin mexanikləşdirilməsi” sahəsində işlədiyi qeyd olunmuşdur. Eyni zamanda iddiaçının Mərkəzi Filiala təqdim etdiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət X3 xx.xx.2022-ci il tarixli 50 nömrəli arxiv arayışında 1993-cü ilin aprel, 1995-ci ilin iyun aylarında və xx.xx.1998-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində ona əməkhaqqı ödənişlərinin olmadığı, eyni zamanda həmin arayışda 1996-cı ilə aid olan əməkhaqqı cədvəllərində İddiaçı adının qeyd olunmadığı müəyyən edilmişdir. Qeyd olunan dövrlər iddiaçının stajına daxil edilməmiş və onun güzəştli iş stajı 12 il 2 ay 28 gün (xx.xx.1982xx.xx.1982-ci il, xx.xx.1985-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1995-ci il, xx.xx.1995xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil etmişdir. Yuxarıda göstərilən səbəblərdən Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsini 27 oktyabr 2022-ci il tarixli 2-1(116)-1547/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(116)-1547/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(116)- 1547/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2021, xx.xx.2021, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli, imtina məktubundan görünür ki, iddiaçı analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ИТ-İ ******* №-li, xx.xx.1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1981 – xx.xx.1998 (17 il 2 ay 6 gün), xx.xx.1998 – xx.xx.1999 (1 il 3 ay 7 gün), - ДТ-İ 758702 nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1976-cı ildə C. Ə.Dadaşov adına Kirovabad baza inşaat texnikumuna daxil olmuş və 1981-ci ildə “Sənaye və mülki tikintiləri” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının xx.xx.1981-ci il tarixli qərarı ilə ona inşşatçı-texnik ixtisası verilmişdir . - SHXÇDX-nin Göyçay rayon şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. - Göyçay “Aqrartikinti” filialının xx.xx.2022-ci il tarixli 02 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1997-ci il 11 saylı əmrlə 8 saylı Mexanikləşdirmə İdarəsindən iş icraçısı vəzifəsində 8 saylı YSMD-yə keçirilib və xx.xx.1998-ci ildə həmin vəzifədən azad olunub. 8 №-li YSMD xx.xx.1998-ci il tarixdən "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialına çevirilib. - Göyçay “Aqrartikinti” filialının xx.xx.2022-ci il tarixli 029 nömrəli arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı xx.xx.1981-ci il tarixdən 8 №-li “Tikinti işlərinin mexanikləşdirilməsi” sahəsində işə girib və aşağdakı ardıcıllıqla vəzifələrdə işləmişdir:

1. 3-cü dərəcəli daş ustası vəzifəsinə qəbul edilsin. Əmr N 281 bölmə 3. 24.Vİ.1981

2. xx.xx.1982 Müvəqqəti tikinti ustası vəzifəsinə keçirilsin Əmr N 26 xx.xx.1982

3. xx.xx.1982 Yardımçı iş ustası vəzifəsinə keçirilsin Əmr N 78 xx.xx.1982

4. xx.xx.1982 V dərəcəli daş usta briqadiri vəzifəsinə keçirilsin. Əmr N 122 xx.xx.1982

5. xx.xx.1983 Normalaşdırıcı vəzifəsinə keçirilsin Əmr N 182 xx.xx.1983

6. xx.xx.1985 Tikinti ustası vəzifəsinə keçirilsin. Əmr N 63 xx.xx.1985

7. xx.xx.1997 " Azəraqrartikinti " DŞ-nin xx.xx.1997-ci il tarixli 42 saylı əmrinə əsasən 8 saylı Mİ-nin ixtisar edilməsi ilə əlaqədar olaraq Göyçay 8 saylı YSMD-nin tərkibinə keçirilsin.

8. "xxxx" Dövlət şirkətinin struktur vahidində olan 8 saylı YSMD "xxxx" ASC-nin Göyçay "Aqrartikinti" filialına çevrilsin. Əmr N 17, xx.xx.1998,

9. xx.xx.1998 Öz ərizəsinə əsasən 10 sentyabr 1998-ci il tarixdən tutduğu vəzifədən azad edilsin. Əmr № 30, xx.xx.1998. - Göyçay “Aqrartikinti” filialının xx.xx.2022-ci il tarixli 08 nömrəli güzəştli arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi daş ustası, inşaat ustası, iş icraçısı və sair vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın 29-cu bölməsinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) «b» bəndindən görünür ki, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları güzəştli pensiya hüququ verən vəzifələr sırasına daxil edilmişdir. Göründüyü kimi vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 12 il 06 ay iş stajına malik olmuşdur. İddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» na daxil edilmişdir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasına çıxması mövcud qanunvericiliyə görə məqsədə uyğundur. - Dövlət X3 xx.xx.2022-ci il tarixli 50 №-li arayışından görünür ki, iddiaçıya Göyçay 8 №-li “Tikinti işlərinin mexanikləşdirilməsi” sahəsində 1993-1998-ci illərdə (may ayınadək) əmək haqqının ödənilmişdir. - xx.xx.1997-ci il tarixli sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin uçota alınması haqqında 0573 nömrəli şəhadətnamədən, xx.xx.2006-cı il tarixədək iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üçün ödənilmiş mədaxil qəbzlərindən və Baş X2 Göyçay rayonu üzrə X2 xx.xx.1999-cu il tarixli 78/1 nömrəli arayışından görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətinin pərakəndə ticarət fəaliyyəti növü ilə məşğul olaraq Göyçay rayonu üzrə DVN-də uçota durmuş və xx.xx.2006-cı il tarixədək mütəmadi olaraq məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. - 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2001-ci il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və X1 sistemi yarandıqdan sonra xx.xx.2004-cü il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

16. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

18. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...

19. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

20. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.

21. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(116)-1547/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Məhkəmə kollegiyası tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, ИТ-İ ******* №-li, xx.xx.1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı ilədək əmək fəaliyyəti müddəti xx.xx.1981 – xx.xx.1998 (17 il 2 ay 6 gün), xx.xx.1998 – xx.xx.1999 (1 il 3 ay 7 gün) kimi olmuşdur. ДТ-İ 758702 nömrəli diploma əsasən, iddiaçı xx.xx.1976-cı ildə C. Ə.Dadaşov adına Kirovabad baza inşaat texnikumuna daxil olmuş və 1981-ci ildə “Sənaye və mülki tikintiləri” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət ixtisas komissiyasının xx.xx.1981-ci il tarixli qərarı ilə ona inşşatçı-texnik ixtisası verilmişdir. SHXÇÜDX-nin Göyçay rayon şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən, iddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Göyçay “Aqrartikinti” filialının xx.xx.2022-ci il tarixli 02 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı xx.xx.1997-ci il 11 saylı əmrlə 8 saylı Mexanikləşdirmə İdarəsindən iş icraçısı vəzifəsində 8 saylı YSMD-yə keçirilib və xx.xx.1998-ci ildə həmin vəzifədən azad olunub. 8 №-li YSMD xx.xx.1998-ci il tarixdən "xxxx" ASC-nin Göyçay “Aqrartikinti” filialına çevirilib. Göyçay “Aqrartikinti” filialının xx.xx.2022-ci il tarixli 029 nömrəli arayışında aşağıdakı məlumatlar qeyd edilmişdir: İddiaçı xx.xx.1981-ci il tarixdən 8 №-li “Tikinti işlərinin mexanikləşdirilməsi” sahəsində işə girib və aşağdakı ardıcıllıqla vəzifələrdə işləmişdir: xx.xx.1981-ci ildə 3-cü dərəcəli daş ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə müvəqqəti tikinti ustası vəzifəsinə keçirilmiş, xx.xx.1982-ci ildə yardımçı iş ustası vəzifəsinə keçirilmiş, xx.xx.1982ci ildə V dərəcəli daş usta briqadiri vəzifəsinə keçirilmiş, xx.xx.1983-cü ildə normalaşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.1985-ci ildə tikinti ustası vəzifəsinə keçirilmiş, xx.xx.1997-ci ildə "xxxx" DŞ-nin xx.xx.1997-ci il tarixli 42 saylı əmrinə əsasən 8 saylı Mİ-nin ixtisar edilməsi ilə əlaqədar olaraq Göyçay 8 saylı YSMD-nin tərkibinə keçirilmişdir. xx.xx.1998-ci ildə "xxxx" Dövlət şirkətinin struktur vahidində olan 8 saylı YSMD "xxxx" ASC-nin Göyçay "Aqrartikinti" filialına çevrilmişdir. xx.xx.1998-ci ildə öz ərizəsinə əsasən 10 sentyabr 1998ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Göyçay “Aqrartikinti” filialının xx.xx.2022-ci il tarixli 08 nömrəli güzəştli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1998-ci il tarixə kimi daş ustası, inşaat ustası, iş icraçısı və sair vəzifələrdə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nın 29-cu bölməsinin (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) «b» bəndindən görünür ki, tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları güzəştli pensiya hüququ verən vəzifələr sırasına daxil edilmişdir. Göründüyü kimi vətəndaş İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» nda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar ümumilikdə 12 il 06 ay iş stajına malik olmuşdur. İddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» na daxil edilmişdir. İddiaçı güzəştli şərtlərlə əmək pensiyasına çıxması mövcud qanunvericiliyə görə məqsədə uyğundur. Dövlət X3 xx.xx.2022-ci il tarixli 50 №-li arayışından görünür ki, iddiaçıya Göyçay 8 №-li “Tikinti işlərinin mexanikləşdirilməsi” sahəsində 1993-1998-ci illərdə (may ayınadək) əmək haqqının ödənilmişdir. xx.xx.1997-ci il tarixli sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin uçota alınması haqqında 0573 nömrəli şəhadətnamədən, xx.xx.2006-cı il tarixədək iddiaçı tərəfindən məcburi dövlət sosial sığorta haqqı üçün ödənilmiş mədaxil qəbzlərindən və Baş X2 Göyçay rayonu üzrə X2 xx.xx.1999-cu il tarixli 78/1 nömrəli arayışından görünür ki, iddiaçı sahibkarlıq fəaliyyətinin pərakəndə ticarət fəaliyyəti növü ilə məşğul olaraq Göyçay rayonu üzrə DVN-də uçota durmuş və xx.xx.2006-cı il tarixədək mütəmadi olaraq məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı xx.xx.2001-ci il tarixdə ********* nömrəli VÖEN-lə qeydiyyatdan keçmiş və X1 sistemi yarandıqdan sonra xx.xx.2004-cü il tarixdə ********** nömrəli 10 rəqəmli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır.

29. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

30. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 ildən çoxdur.

31. Belə ki, iddiaçı xx.xx.1976-cı il tarixdən Ə.Dadaşov adına Kirovabad baza inşaat texnikumunda təhsil almağa başlamış, xx.xx.1977-ci il tarixdən hərbi xidmətə getmiş, xx.xx.1979-cu ildən hərbi xidmətdən qayıdaraq təhsilini davam etdirmiş və xx.xx.1981-ci il tarixdə təhsilini başa vurmuşdur. Həmin müddətin cəmi 4 il 8 ay 25 günə bərabərdir.

32. ИТ-İ ******* №-li, xx.xx.1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddətinin cəmi 18 il 5 ay 13 günə bərabərdir.

33. İddiaçının xx.xx.1997-ci il tarixdən sahibkarlıq fəaliyyəti ilə məşğul olması və xx.xx.2006-cı il tarixədək məcburi dövlət sosial sığorta ödənişlərini mütəmadi olaraq ödəməsi iş materiallarından aşkar görünür. Pensiya təminatında sığortaolunanlara fərdi hesablar xx.xx.2006-cı il tarixdən açıldığından və vətəndaşların pensiya hüquqlarının dəyər ifadəsində həmin uçot məlumatları əsasında bu tarixdən müəyyənləşdirildiyindən, xx.xx.2006-cı il tarixədək ödənilən məcburi dövlət sosial sığorta haqları nəzərə alınmalı olan iş stajı kimi qəbul edilməlidir. Belə olan halda 2000-ci ilin yanvar ayından xx.xx.2006cı il tarixədək məcburi dövlət sosial sığorta ödənişləri edilmiş müddət, yuxarıda hesablanmış, 23 il 2 ay 8 gün sosial sığorta stajı ilə torplandıqda iddiaçının 25 ildən artıq ümumi stajının olması müəyyən edilir.

34. İddiaçının xüsusi iş stajına münasibətdə isə müəyyən edilir ki, xx.xx.1981xx.xx.1983-cü illərdə iddiaçı daş ustası, müvəqqəti tikinti ustası, yardımçı iş ustası, V dərəcəli daş usta briqadiri və xx.xx.1985-xx.xx.1998-ci illərdə tikinti ustası vəzifəsində işləmişdir. Qeyd olunan müddət 12 il 6 aydan artıqdır. İşdə olan, güzəştli arayışla iddiaçının işlədiyi sahənin güzəştli pensiya hüququ verən vəzifələr sırasına aid olması birmənalı olaraq müəyyən edilir.

35. Belə ki, yuxarıda qeyd edilən, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”ında 22900000 XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri 2290100b b) rəhbərlər və mütəxəssislər 2290100b—23419 tikinti və quraşdırma işlərinin ustaları 2290100b—24441 iş icraçıları koduna uyğundur.

36. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın “iddiaçının əmək haqqı almadığı dövrləri güzəştli iş stajına daxil etməməsi ilə bağlı” apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə həmin dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, iddiaçının iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən və həmin dövrdə o, dövlət sosial sığortası ilə əhatə olunmalı olduğundan, həmin dövrə münasibətdə onun əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilibödənilməməsinin müəyyən edilməsi 01 yanvar 2002-ci il tarixinə qədər olan müddətə münasibətdə zəruri deyildir.

37. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki iddiaçı xx.xx.1959-cu ildə doğulduğundan, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının bitdiyi xx.xx.2016-cı il tarixdə yaranmışdır. Bununla belə iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdeh orqana güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müraciəti xx.xx.2021-ci il tarixdə daxil olduğundan, ödənilmənin əvvəli müraciətdən əvvəlki üç il nəzərə alınmaqla xx.xx.2018-ci il tarixdən hesablanmalıdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2019-cu il tarixli, 2-1(102)- 278/2019 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının müraciətinə imtinasını 25 il ümumi iş stajına malik olmaması ilə əsaslandırır ki, onun imtinasının əsasları işin faktiki halları və qanunvericiliklə təkzib olunur.

40. Yuxarıda qeyd olunan işin hallarını, kollegiyanın iclasında tərəflərin izahatlarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2018-ci il tarixdən pensiyanın hesablanaraq ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır.

42. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2-1(116)-1547/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar