Məhkəmə qərarları › İş №2-1(107)-115/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-115/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-115/2022 06.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Yevlax Rayon Aran Bələdiyyəsinə (bundan sonra cavabdeh və ya Yevlax Rayon Aran Bələdiyyəsi) qarşı “Yevlax Rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2-1(116)-71/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Yevlax Rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Yevlax Rayon Aran Bələdiyyəsinin 03.01.2002ci il tarixli 03 saylı protokol qərarı ilə Aran Bələdiyyəsinin mülkiyyətində olan 50 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin 30 il müddətinə X7 istifadəsinə verilməsi qərara alınmış və icarə müqaviləsi bağlanmışdır. Ceyran Cəfərova 02.06.2011-ci il tarixdə vəfat etmiş, 19.08.2019-cu il tarixli, 2V-961 və 2V-960 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında İddiaçı həmin torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına alınmışdır. Bərdə Regional Ədliyyə İdarəsi 31.03.2021-ci il tarixdə Yevlax Rayon Aran Bələdiyyəsinə təklif ünvanlayaraq X10 50 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli 03 nömrəli qərarın ləğv edilməsini təklif etmiş, sonuncu, 05.04.2021-ci il tarixdə müvafiq təklif əsasında, X7 adına 50 ha örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli bələdiyyə qərarını ləğv etmişdir. Buna görə də İddiaçı bələdiyyənin 05.04.2021-ci il tarixli qərarını mübahisələndirmiş və hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu Yevlax Rayon Aran Bələdiyyəsinin ona olan qərəzli münasibəti, 03.01.2002-ci il tarixli qərarın qəbulundan 19 ildən artıq müddətin keçməsi, bununla da ümumi iddia müddətinin ötürülməsi, Aran Bələdiyyəsinin digər şəxslərlə bağlı da analoji qərarlarının mövcud olması, lakin, həmin şəxslərə münasibətdə qərarların ləğv edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili X13 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X15, iddiaçının vəkili Sevda Bəkirova ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 yanvar 2022-ci il tarixli 2- 1(116)-71/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Aran Bələdiyyəsi mübahisə edilən qərarda göstərmişdir ki, X7 adına 50 ha örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli bələdiyyənin qərarını guya ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsinin Aran Bələdiyyəsinə göndərdiyi 31 mart 2021-ci il tarixli tövsiyə məktubundan sonra ləğv edilməsi qərarına gəlmişdir. Halbuki, Cavabdeh həmişə onların ailəsinə qarşı qərəzli mövqedə olmuşdur. Bildirmişdir ki, Yevlax Rayon Aran Bələdiyyəsi Yevlax Rayon Məhkəməsində özünün iddiası əsasında Yevlax Rayon Aran Bələdiyyəsi ilə X14 arasında bağlanmış 06 yanvar 2002-ci il tarixli 02 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə” əsasında Yevlax rayonu Aran qəsəbəsində yerləşən 37 ha torpaq sahəsinin icarə hüququ əsasında X7 xeyrinə yüklü edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli (RX -1142469) və eyni müqavilə əsasında Yevlax rayonu Aran qəsəbəsində yerləşən 13 ha torpaq sahəsinin icarə hüququ əsasında X7 xeyrinə yüklü edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli ********** qeydiyyat nömrəli (RX-1142470) çıxarışların etibarsız hesab edilməklə həmin torpaq sahələrinin cavabdeh X11 qanunsuz istifadəsindən alınaraq mülkiyyətçi (iddiaçı) Aran Bələdiyyəsinə qaytarılması və iş üzrə ödənilmiş 20.4 (iyirmi manat 40 qəpik) manat dövlət rüsumu əvəzinin cavabdehlər X8 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən tutularaq iddiaçı Aran Bələdiyyəsinin xeyrinə tutulmasını xahiş etmiş və qeyd edilən iddia tələbi Yevlax Rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli qətnaməsi ilə təmin edilsə də, sonuncu məhkəmə aktı Şəki Apellyasiya Məhkəməsinin (hakimlər X3 (sədrlik edən və məruzəçi), X16 və X2 ibarət tərkibdə) 28.01.2019-cu il tarixli 2(107)-454/2019 nömrəli qətnaməsi ilə ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyun 2019-cu il tarixli 2(102)-4011/2019 nömrəli qərarı ilə iş üzrə qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvəsində qalmışdır. Cavabdeh ilə onun arasında olan hazırkı mübahisə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin tələblərinə ziddir. Bundan başqa qeyd etmişdir ki, Yevlax Rayon Aran Bələdiyyəsinin sədri Əbülfət Rzayevə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional Ədliyyə İdarəsi tərəfindən ünvanlanmış 31.03.2021-ci il tarixli məktubda bildirilmişdir ki, Yevlax rayonu Aran qəsəbə sakini Namik Mikayılovun müraciəti əsasında araşdırılma aparılmış və göndərilmiş tövsiyəedici məktub da, məhz həmin araşdırmanın nəticəsidir. Lakin bildirmişdir ki, Namik Mikayılovla onun arasında heç bir hüquq və qeyri-hüquq münasibət yoxdur, habelə qonşuluq münasibətləri yoxdur. Namik Mikayılovun qardaşı Asif Mikayılov (çox imkanlı iş adamı, dövlət məmuru) onun icarəsi altında olan torpaq sahəsini zəbt etmişdir. Yevlax Rayon Məhkəməsinin 24 fevral 2020-ci il tarixli 2(039)-160/2020 nömrəli qətnaməsi ilə icarəsi altında olan 50 ha torpaq sahəsinin 23.21 ha hissəsindən X9 çıxarılması qət edilmişdir. Həmin qətnamə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.11.2020-ci il tarixli 2(107)- 1330/2020 nömrəli qətnaməsi ilə təsdiq edilmişdir. Ali Məhkəmənin qərarı əsasında qüvvədə qalmış, o cümlədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən əldə etdiyi Dövlət reyestrindən Çıxarışlara şübhə ilə yanaşmaq və ya həmin dövlət sənədlərinə münasibətdə hörmətsiz yanaşmaq bələdiyyə sədrinə yaraşarmı? X4 28 may 2011-ci il tarixdə vəfat etdikdən sonra, icarə müqaviləsi ilə bağlı hüquq münasibətlərinə hüquq varisliyinə yol verildiyindən, icarə müqaviləsi üzrə vərəsəlik qaydasında onun adına sənədləşdirilmiş və bununla bağlı ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Yüklülüyün müddəti 19.08.2019-cu il tarixdən 06.01.2032-ci il tarixə qədərdir və bu da özlüyündə 13 (on üç) il müddət edir. Əslində, onunla icarə müqaviləsinin müddəti birmənalı olaraq 13 il təşkil etdiyindən, yuxarıda qeyd edilmiş normativ hüquqi akt ona münasibətdə tətbiq edilə bilməz. Həm də onu bildirmişdir ki, onun anası çox yaşlı və savadsız, eyni zamanda Ermənistan Respublikasından qaçqın düşmüş bir ailənin başçısı, çoxuşaqlı ana olmuşdur. Anasına torpaq sahəsi lazım idi, təsərrüfat işləri ilə məşğul olsun və ailəsinin dolanışığını təmin etsin. İcarə müqaviləsinin anası ilə 30 il müddətinə və ya 15 il müddətinə bağlanması anasının təhriki ilə olmamışdır. Hərgah ,tərəflər arasında hüquq münasibəti yaranan zaman, yəni, 03.01.2002-ci il tarixdə Aran Bələdiyyəsi anasına münasibətdə 03 saylı qərarı qəbul edərkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 200-ci il tarixli 42 saylı qərarı qüvvədə idisə, qanun normasını bunu tətbiq etmək Yevlax Rayon Aran Bələdiyyəsinin vəzifəsi idi, nəinki, yaşlı, xəstə, savadsız, Ermənistan Respublikasından qaçqın düşmüş, çoxuşaqlı qəhrəman ana olan X7 həmin qərarın qəbul edilməsində anasının heç bir günahı, məsuliyyəti ola bilməz və buna görə də Cavabdeh hazırda mübahisə edilən qərarı qanunsuz və əsassızdır. Qərarın qəbulundan artıq 19 il keçmişdir. Ümumi iddia müddəti 10 ildir. Cavabdeh ötən 19 il müddətində qanunsuz qərar qəbul edilməsindən xəbərsiz idimi? Cavabdeh onlarla şəxslərə münasibətdə analoji qərarlar (örüş torpaq sahəsinin 15 ildən artıq icarəyə verilməsi ilə bağlı) qəbul etmişdir . Lakin, yalnız anasına münasibətdə qərar ləğv edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Yevlax rayon Aran Bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 saylı protokol qərarından və həmin qərar əsasında bağlanmış 06.01.2002-ci il tarixli 02 saylı icarə müqaviləsindən görünür ki, Aran Bələdiyyəsinin mülkiyyət predmeti olan torpaqlarından 50 ha torpaq sahəsi 30 il müddətinə Aran qəsəbə sakini, Ermənistan Respublikası Göyçə mahalından gəlmiş məcburi köçkün X7 istifadəsinə verilərək icarə müqaviləsi bağlanmışdır. - Bərdə Regional Ədliyyə İdarəsinin 31.03.2021-ci il tarixdə Yevlax Rayon Aran Bələdiyyəsinə ünvanladığı təklifdən görünür ki, X10 50 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli 03 nömrəli qərarın ləğv edilməsi, təklifin 5 iş günündən gec olmayaraq bələdiyyə iclasında müzakirəyə çıxarılması, göstərilən torpaq sahəsinə dair yuxarıda qeyd edilən icarə müqaviləsinin ləğvi və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi təklif edilmişdir. - Yevlax Rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli 8 saylı protokol qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin Aran Bələdiyyəsinə göndərdiyi 31.03.2021-ci il tarixli tövsiyə məktubuna əsasən X7 adına 50 ha örüş torpaq sahəsinə 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli bələdiyyənin qərarı verilərkən qanunvericiliyin tələblərinin pozulması nəzərə alınaraq, X7 50 ha örüş torpaq sahəsini 30 il müddətinə icarəyə götürülməsinə dair 03.01.2002-ci il tarixli qərar ləğv edilmişdir. - 21.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Yevlax Rayon Aran Bələdiyyəsinə məxsus 37 ha torpaq sahəsi üzrə 19.08.2019-cu il tarixli, 2V-961 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı icarə hüququ dövlət qeydiyyatına alınmış, yüklülüyün müddəti 19.08.2019-06.01.2032-ci il, torpaq sahəsinin kateqoriyası – kənd təsərrüfatı təyinatlı (örüş otlaq) qeyd edilmişdir. - 21.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli DƏDR-dən çıxarışdan görünür ki, Yevlax Rayon Aran Bələdiyyəsinə məxsus 13 ha torpaq sahəsi üzrə 19.08.2019-cu il tarixli, 2V-960 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı icarə hüququ dövlət qeydiyyatına alınmış, yüklülüyün müddəti 19.08.2019-06.01.2032-ci il, torpaq sahəsinin kateqoriyası – kənd təsərrüfatı təyinatlı (örüş otlaq) qeyd edilmişdir. - DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin 22.12.2021-ci il tarixli məktubundan görünür ki, sözügedən torpaq sahəsi 2 hissədə 37.0 ha və 13.0 ha olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş üçün nəzərdə tutulmuşdur və Yevlax Rayon Aran Bələdiyyəsinin mülkiyyətindədir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). İş materiallarından görünür ki, iddiaçı Yevlax Rayon Aran Bələdiyyəsinin 05.04.2021ci il tarixli qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Odur ki, məhkəmə kollegiyası tərəfindən 1 mart 2022-ci il tarixdə İPM-in 13-cü maddəsinə əsasən, iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə yardım məktubu ünvanlanmışdır. Məhkəmə kollegiyasının 1 mart 2022-ci il tarixli məktubuna cavab olaraq iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı Yevlax Rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Yevlax Rayon Aran Bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 saylı protokol qərarına və həmin qərar əsasında bağlanmış 06.01.2002-ci il tarixli 02 saylı icarə müqaviləsinə əsasən, Aran Bələdiyyəsinin mülkiyyət predmeti olan torpaqlarından 50 ha torpaq sahəsi 30 il müddətinə Aran qəsəbə sakini, Ermənistan Respublikası Göyçə mahalından gəlmiş məcburi köçkün X7 istifadəsinə verilərək icarə müqaviləsi bağlanmışdır. Bərdə Regional Ədliyyə İdarəsinin 31.03.2021-ci il tarixdə Yevlax Rayon Aran Bələdiyyəsinə ünvanladığı təklifə əsasən, X10 50 ha torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli 03 nömrəli qərarın ləğv edilməsi, təklifin 5 iş günündən gec olmayaraq bələdiyyə iclasında müzakirəyə çıxarılması, göstərilən torpaq sahəsinə dair yuxarıda qeyd edilən icarə müqaviləsinin ləğvi və hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi təklif edilmişdir. Yevlax Rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli 8 saylı protokol qərarına əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional Ədliyyə İdarəsinin Aran Bələdiyyəsinə göndərdiyi 31.03.2021-ci il tarixli tövsiyə məktubuna əsasən, X7 adına 50 ha örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli bələdiyyənin qərarı verilərkən qanunvericiliyin tələblərinin pozulması nəzərə alınaraq, X7 50 ha örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə götürülməsinə dair 03.01.2002-ci il tarixli qərar ləğv edilmişdir. 21.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışa əsasən, Yevlax Rayon Aran Bələdiyyəsinə məxsus 37 ha torpaq sahəsi üzrə 19.08.2019cu il tarixli, 2V-961 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı icarə hüququ dövlət qeydiyyatına alınmış, yüklülüyün müddəti 19.08.2019-06.01.2032-ci il, torpaq sahəsinin kateqoriyası – kənd təsərrüfatı təyinatlı (örüş otlaq) qeyd edilmişdir. 21.08.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli DƏDRX-dən çıxarışa əsasən, Yevlax Rayon Aran Bələdiyyəsinə məxsus 13 ha torpaq sahəsi üzrə 19.08.2019-cu il tarixli, 2V-960 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında iddiaçının icarə hüququ dövlət qeydiyyatına alınmış, yüklülüyün müddəti 19.08.2019-06.01.2032-ci il, torpaq sahəsinin kateqoriyası – kənd təsərrüfatı təyinatlı (örüş otlaq) qeyd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Aran Bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 saylı protokol qərarı ilə Aran Bələdiyyəsinin mülkiyyətində olan 50 ha kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsinin 30 il müddətinə X7 istifadəsinə verilməsi ilə bağlı qəbul etdiyi qərar qanunvericiliyin tələblərinə zidd qəbul olunduğundan cavabdeh haqlı olaraq həmin qərarın ləğvi ilə bağlı 05.04.2021-ci il tarixdə 8 qərar qəbul etmişdir və həmin qərarın ləğvi üçün heç bir hüquqi əsas mövcud deyildir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. “İnzibati icraat haqqında” Qanunun: - 1.1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Republikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin: 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 2-ci bəndəinə əsasən, icarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir. 3-cü bəndinə əsaəsən, icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 4-cü bəndinə əsasən, icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 7-ci bəndinə əsasən, icarə müddəti tamam olanadək, icarəçi öldükdə torpaq sahəsi üzərində icarə hüququ onun vərəsələrinə keçir. - 73-cü maddəsinin 1-ci bəndinin 7-ci abzasına əsasən, istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə torpaq sahəsi üzərində icarə hüququna xitam verilir; - 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların (istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilməməsi halları) müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir); - 75-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verilir; - 75-ci maddəsinin 3-cü bəndinə görə bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir; - 75-ci maddəsinin 6-cı bəndində isə torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilməsi göstərilmişdir. “Torpaq icarəsi haqqında” Qanunun 31-ci maddəsində də göstərilir ki, torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. Həmin qanunun 48-ci maddəsinin 2-ci bəndinə əsasən bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.1-ci maddəsinə müvafiq olaraq müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa tərəflərin razılaşması ilə mümkündür. - 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15.01.2010-cu il tarixli qərarında «Bələdiyyələrin statusu haqqında» 48-ci maddəsinin 4-cü bəndinə istinadla əsaslandırılması mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Belə ki, həmin normaya müvafiq olaraq, bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. İstinad olunan maddənin 2-ci bəndi isə nəzərdə tutur ki, bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Göründüyü kimi, qeyd olunan müddəaların digər şəxslər üçün hüquqi nəticələrindən asılı olmayaraq bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olması kimi şərh edilməsi düzgün hesab edilə bilməz. Digər tərəfdən, hazırkı işə münasibətdə nəzərə alınmamışdır ki, Torpaq Məcəlləsinin XİV və XV fəsilləri torpaq sahələrinin geri alınmasının və torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının məhdudlaşdırılması və xitamının ümumi qaydalarını, hallarını və əsaslarını tənzimləyən xüsusi normaları təsbit edir. Həmin normaların və oxşar münasibətləri tənzimləyən digər qanunvericilik müddəalarının bununla bağlı birbaşa göstərişlərini nəzərə almadan Qanunun 48-ci maddəsinin 4-cü bəndinə mücərrəd istinad isə son nəticədə həmin normanın real məzmununun təhrifinə səbəb olmuşdur. Göründüyü kimi, qanunvericiliklə torpaq icarəsi müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğv edilməsi nəzərdə tutulmuşdur. Lakin, hazırkı işin hallarından məlum olur ki, iddiaçı tərəf torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Bununla bağlı cavabdeh olan Yevlax Rayon Aran Bələdiyyəsi məhkəməyə müraciət etmək əvəzinə icarə müqaviləsini iddiaçının iradəsinə zidd olaraq birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz qərar qəbul etmişdir. Belə olan halda Yevlax Rayon Aran Bələdiyyəsi müvafiq qərarı qəbul etməyə səlahiyyətli olmamışdır. Yevlax Rayon Aran Bələdiyyəsinin 03.01.2002-ci il tarixli 03 saylı protokol qərarından və həmin qərar əsasında bağlanmış 06.01.2002-ci il tarixli 02 saylı icarə müqaviləsindən görünür ki, Aran Bələdiyyəsinin mülkiyyət predmeti olan torpaqlarından 50 ha torpaq sahəsi 30 il müddətinə Aran qəsəbə sakini, Ermənistan Respublikası Göyçə mahalından gəlmiş məcburi köçkün X7 istifadəsinə verilərək icarə müqaviləsi bağlanmışdır. Bununla bağlı kollegiya onu da qeyd edir ki, Yevlax Rayon Aran Bələdiyyəsi müvafiq qərarı qəbul etməyə səlahiyyətli olmadan onun tərəfindən torpaq sahəsinin icarəyə verilməsi barədə qərar ləğv edilsə belə, bu tərəflər arasında bağlanmış torpaq sahəsi barədə icarə müqaviləsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. -719.1-ci maddsinə əsasən, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət qurtardıqda xitam verilir. - 721.1-ci maddəsinə əsasən, əgər torpaq icarəsi müqaviləsinin iştirakçıları torpaq icarəsi müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdirlərsə, bu hüquqa onlar müqavilə üzrə hüquq münasibətlərinin müddəti uzadıldıqdan və ya müqavilə dəyişdirildikdən sonra da malikdirlər. Yevlax Rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli qərarının ləğv edilməsi «Bələdiyyələrin statusu haqqında» Qanunun 48-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olmamaqla iddiaçının hüquq və səlahiyyətlərinin pozulmasına yönəlmiş, bununla da - bələdiyyənin qəbul etdiyi istənilən qərarı sonradan ləğv etmək səlahiyyətinin olmaması ilə bağlı - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan mövqeyinə də zidd olmuşdur. Belə ki, Mülki və Torpaq Məcəlləsinin yuxarıda qeyd olunan maddələrindən görünür ki, qeyd olunan halda icarə hüququna məhkəmə qaydasında xitam verilməli olması birmənalı olaraq təsbit edilmişdir. Həmin halda belə, icarə ilə bağlı hüquqlara xitam verilməsi haqqında qərarın, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra, tədbirlər görülmədikdə qəbul edilməsi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, bağlanmış 06.01.2002-ci il tarixli 02 saylı icarə müqaviləsinə əsasən, Aran Bələdiyyəsinin mülkiyyət predmeti olan torpaqlarından 50 ha torpaq sahəsinin 30 il müddətinə X10 icarəyə verilməsi və onun, yəni iddiaçı tərəfin razılığı olmadan Yevlax Rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli 8 saylı protokol qərarı ilə X7 adına 50 ha örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli bələdiyyə qərarının ləğv edilməsi iddiaçı tərəfin ehtimad hüququnu pozmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Sadalanan maddi hüquq normalarının tələbinə görə fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borclu olduğundan, mövcud inzibati praktikanın dəyişdirilməsi üçün hər hansı əsas mövcud olmadığından, artıq bağlanmış 06.01.2002-ci il tarixli 02 saylı icarə müqaviləsinə əsasən, Aran Bələdiyyəsinin mülkiyyət predmeti olan torpaqlarından 50 ha torpaq sahəsinin 30 il müddətinə iddiaçıya icarəyə verilməsi nəzərdə tutulduğundan inzibati orqanın inzibati praktikasına əsasən iddiaçının etimadı qanunla qorunmalıdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən “İnzibati İcraat Haqqında” Qanunun, “Torpaq Məcəlləsi”nin, «Bələdiyyələrin statusu haqqında» Qanunun tələbləri kobud şəkildə pozulmuş və qanunvericilik tərəfindən müvafiq səlahiyyət verilmədiyi halda, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuş inzibati akt qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, fiziki və ya hüquqi şəxslərin etimadı iki halda qorunur ki, bunlardan birincisi, inzibati orqanların inzibati praktikası, ikincisi isə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədləri və bəyanatlarıdır. Odur ki, məhkəmə kollegiyası Yevlax Rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli qərarının qanunsuz və əlverişsiz inzibati akt olması qənaətinə gəlir. İPM-in 70.1-ci maddəsinə səsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə icarə hüququnun itirilməsi əsası ilə iddiaçı tərəfin sahib olduğu torpaq sahəsindən də məhrum edilməsinə dair bələdiyyə qərarını etibarlı hesab edərkən, maddi hüquq normalarını düzgün şərh və tətbiq etmədiyindən düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək Yevlax Rayon Aran Bələdiyyəsinin 05.04.2021-ci il tarixli qərarı ləğv edilməlidir. Apellyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2-1(116)-71/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı iddiası təmin edilsin. Yevlax Rayon Aran X1 adına 50 ha örüş torpaq sahəsinin 30 il müddətinə icarəyə verilməsinə dair 03.01.2002-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı qəbul edilmiş 05.04.2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar