Məhkəmə qərarları › İş №2-1(107)-115/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-115/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-115/2023 11.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi Hacı-X1 və üçüncü şəxs Qax rayon bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ilkin yerquruluşu sənədi, yəni faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nəzərə alınmaqla Qax rayonu X5 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ona satılmış 17 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-751/2022 nömrəli qərarından iş üzrə cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu, X5 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ona satılmış 17 kv.m torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-751/2022 nömrəli qərardadı ilə Qax bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-751/2022 nömrəli qərardadı ilə Qax bələdiyyəsinin inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakı adi cəlb etmədən zəruri cəlb etməyə dəyişdirilmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-751/2022 nömrəli qərardadı ilə Qax rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı cavabdehin nümayəndəsinin vəsatəti təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi hüquq varisi: "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, cavabdehin üzərinə "ilkin yerquruluşu sənədi, yəni faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nəzərə alınmaqla Qax rayonu, X5 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ona satılmış 17 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

8. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Qax rayon X5 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya sahibkarlıq məqsədilə 17 kv.m torpaq sahəsi satılmış, iddiaçı, satılmış torpaq sahəsinin dəyərini bələdiyyənin hesabına ödəmişdir. Bundan sonra iddiaçıya satılmış torpaq sahəsi üzərində inşa ediləcək qeyri- yaşayış binasının eskiz-layihəsi hazırlanmış və Qax RİH-nin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. Qax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə sözügedən 17 kv.m torpaq sahəsində 17 kv.m olan 1 mərtəbəli mağaza binasının tikintisinə başlanılmasına icazə verilmiş, xx.xx.2011-ci il tarixli tikintisi başa çatmış obyektin istismara verilməsi barədə akt və Qax RİHB-nın xx.xx.2011-ci il tarixli, 104 nömrəli sərəncamı əsasında yeni tikilmiş, ümumi sahəsi 17 kv.m 1 mərtəbəli 1 otaqlı kommersiya mağazasının istismara qəbuluna icazə verilmişdir.

9. İddiaçı, sözügedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

11. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı qaydalan’na əlavədə göstərilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş DTXK-nın Qax rayon şöbəsində 01 dekabr 2007-ci il tarixdən sonra yəni 11 yanvar 2008-ci ildə qeydiyyatdan keçdiyindən, istismara qəbul qəbul aktı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzDTN 1.6-1 -in (5 saylı əlavə) tələblərinə cavab vermədiyindən və aktın tərtib edilməsində aidiyyəti qurumların X11 Xidməti və X4 iştirakı təmin edilmədiyindən, həmçinin ayrılmış torpaq sahəsi 17 kv.m olsa da, tikintinin 18.4 kvadratmetrdə aparıldığı və tikilinin layihəyə uyğun inşa edilmədiyi müəyyən edildiyindən vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır.

12. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin yerquruluşu sənədi olan sxemdə torpaq sahəsinin koordinatları qeyd olunmadığından, həmin torpaq sahəsinə dair tərtib edilmiş plan-ölçü sənədinə istinad olunmaqla müayinə-ölçü işləri aparılmışdır.

13. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək göstərdi ki, ilkin sənədlərdən göründüyü kimi iddiaçıya satılmış torpaq sahəsi - həmin torpaq sahəsinin yerləşdiyi əraziyə uyğun olaraq küçəyə və səkiyə paralel şəkildə ölçülmüş və sxem tərtib edilmişdir. İddiaçı, qeyri-yaşayış binasını bələdiyyə tərəfindən ona faktiki olaraq satılmış torpaq sahəsində inşa etmişdir. Bələdiyyə tərəfindən sözügedən əraziyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim edilən fotoşəkildə olduğu kimi, mağaza binası, digər mağazalarla eyni cərgədə küçəyə və səkiyə paralel şəkildə, bələdiyyənin ayırdığı torpaq sahəsinin sxeminə uyğun olaraq inşa edilmişdir. Odur ki, göstərilənlər nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-751/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

15. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən Şəki İnzibati Məhkəməsinin qərarı ləğv olunmalıdır. Qax şəhəri, V.Eyvazov küçəsində yerləşən 17 kv. metr torpaq sahəsi vətəndaş İddiaçı bələdiyyə torpaqlarının satılmasının alğı-satqı aktı ilə deyil alğı-satqı müqaviləsi ilə rəsmiləşdirilməli olmasının nəzərdə tutulduğu 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək X5 26 oktyabr 2007-ci il tarixli 12 saylı qərarı ilə ayrılsa da, torpaq sahəsinin bələdiyyə tərəfindən bilavasitə satılmasını təsdiq edən alğı-satqı aktı bələdiyyə torpaqlarının alğı-satqı aktı ilə özgəninkiləşdirilməsini istisna edən 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra tərtib edilərək qeydiyyatdan keçmişdir. Qax rayonu X8 tərəfindən 26 oktyabr 2007-ci il tarixli 12 saylı qərarla İddiaçı kommersiya üçün ayrılmış 17 kv. metr torpaq sahəsinin bələdiyyə tərəfindən bilavasitə satılmasını təsdiq edən alğı-satqı aktı belə aktla bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsinin mümkün olduğu 01 dekabr 2007-ci il tarixdən sonra yəni, 11 yanvar 2008-ci il tarixdə tərtib edildiyindən həmin sənəd mübahisə predmeti olan bələdiyyə torpağı üzərində İddiaçı mülkiyyət və ya istifadə hüququ verə bilməz. Çünki, bələdiyyə tərəfindən 11 yanvar 2008-ci il tarixdə bilavasitə satılmış sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmadan, bələdiyyə ilə fiziki şəxs arasında alğı-satqı müqaviləsi bağlanmadan alğı-satqı aktı ilə rəsmiləşdirilmişdir. Qax şəhəri, V.Eyvazov küçəsində yerləşən kommersiya mağazasının istismara qəbul edilməsi ilə əlaqədar tərtib olunmuş “Tikintisi başa çatmış obyektin istismara verilməsi barədə” 23 fevral 2011-ci il tarixli akt Gigiyena və Epidemiologiya Mərkəzinin, X10 Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və X4 nümayəndələri tərəfindən imzalanmadığı üçün Qaydaların 6.8-ci bəndinə zidd olaraq qəbul komissiyasına sanitar, yanğın təhlükəsizliyi, ekologiya və X4 nümayəndələri daxil edilmədən obyekt dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilmişdir. İstismara qəbul aktında obyektin sahəsi 17 kv. metr göstərildiyi halda keçirilmiş müayinə-ölçü işləri zamanı tikintinin 18,4 kv. metrdə aparıldığı və tikilinin təsdiq olunmuş layihəyə uyğun inşa edilmədiyi müəyyən olunmuşdur. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-751/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-751/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)- 751/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Qax rayon bələdiyyəsinin nümayəndəsi Nümayəndə qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi.

20. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Qax rayon X5 xx.xx.2007-ci il tarixli 12 saylı iclas protokolundan çıxarışdan, xx.xx.2007-ci il tarixli 02 nömrəli qəbzdən görünür ki, iddiaçıya bələdiyyənin kənd təsərrüfatına az yararlı torpaqlarından kommersiya üçün 17 kv.m torpaq sahəsi satılmış və iddiaçı tərəfindən bələdiyyənin hesabına satılan torpaq sahəsinin dəyəri ödənilmişdir. - X5 sədri və DT və XK-nin Qax rayon şöbəsi tərəfindən təsdiq edilmiş, iddiaçıya kommersiya məqsədilə satılması nəzərdə tutulmuş torpaq sahəsinin sxematik planından görünür ki, sözügedən torpaq sahəsi V.Eyvazov küçəsində səkiyə paralel olmaqla yerləşir və sahəsi 17 kv.m.-dir. - Qax şəhəri, V.Eyvazov küçəsində yerləşən kommersiya mağazasının eskizlayihəsindən görünür ki, müvafiq qeyri-yaşayış sahəsinin layihəsi Qax rayon İcra hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılaraq möhürlə təsdiq edilmişdir. - Qax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamından görünür ki, iddiaçıya, Qax şəhərində A№025147 kadastr planı ilə 17 kv.m torpaq sahəsində layihəsmeta sənədləri əsasında yeni tikəcəyi ümumi sahəsi 17 kv.m 1 mərtəbəli mağaza binasının tikintisinə başlanılmasına icazə verilmişdir. - xx.xx.2011 -ci il tarixli tikintisi başa çatmış obyektin istismara verilməsi barədə aktdan və Qax RİHB-nın xx.xx.2011 -ci il tarixli, 104 nömrəli sərəncamından görünür ki, iddiaçıya məxsus Qax şəhəri, V.Eyvazov küçəsində olan X7 xx.xx.2008-ci il tarixdə 316 saylı, seriya A №025147 nömrə ilə qeydiyyata alınmış 17 kv.m torpaq sahəsində layihəsmeta sənədləri əsasında yeni tikdiyi ümumi sahəsi 17 kv.m 1 mərtəbəli 1 otaqlı kommersiya mağazasının istismara qəbuluna icazə verilmişdir. - A №025147 nömrəli plan-ölçü sənədindən görünür ki, Qax rayon X5 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti üçün ayrılmış 17 kv.m torpaq sahəsinə dair kadastr göstəricilərinin qeyd edildiyi sənəd tərtib edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktubuna əlavə etdiyi mütəxəssis rəylərində qeyd olunmuşdur ki, Qax rayon X5 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya satılmış 17 kv.m torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatları, naturada istifadə olunan qeyri-yaşayış binasının torpaq sahəsinin koordinatları ilə qismən (8.66 kv.m hissədə) üst-üstə düşür. Məhkəmə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində olub, yaşayış məntəqəsi kateqoriyalarına aid uqodiyası ictimai tikili olmaqla, iddiaçının istifadəsindədir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı Qax rayon X5 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə sahibkarlıq məqsədilə satılmış 17 kv.m torpaq sahəsi yaşayış məntəqəsi təyinatlı torpaq kateqoriyasına aid tikinti altı torpaqlardır.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair - ... qeyri-yaşayış binalarına ... münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

24. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyəti başçısı dövlət mənzil fondunun yaşayış və qeyriyaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. 3.11.1 -ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir.

25. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 15.1 -ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, Qax rayon X5 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti üçün satılmış 17 kv.m torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır.

32. Məhkəmə kollegiyası torpaqların alqı-satqısına dair aktın ləğv edilmiş DTXK-nın Qax rayon şöbəsində 01 dekabr 2007-ci il tarixdən sonra, yəni 11 yanvar 2008-ci ildə qeydiyyatdan keçməsi, istismara qəbul qəbul aktının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin AzDTN 1.6-1in (5 saylı əlavə) tələblərinə cavab verməməsi və tikilinin layihəyə uyğun inşa edilməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə məlumatların qeyd edilməməsi və ya düzgün qeyd edilməməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Odur ki, müvafiq aktın natamam doldurulması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır ("İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).

33. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.

34. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

35. Göstərilənlərə nəzərən məhkəmə kollegiyası qeyd edir ki, "İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6- cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə "üstünlüyünü” təsbit etmişdir. Belə ki, "İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021 -ci il tarixli qərarında əks olunan hüquqi mövqe).

36. Göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aparılmalı olan icraata görə Qax RİH cavabdehlik daşımış və sonuncu tərəfindən qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Cavabdehin vəzifəsi təqdim edilmiş sənədlər əsasında daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olubolmamasına hüquqi qiymət vermək isə Qax Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı sənəd ötən müddət ərzində mübahisələndirilməmişdir. Odur ki, müvafiq sənədin düzgün tərtib edilməməsinin hüquqi nəticələri iddiaçının ziyanına şərh edilə və onun hüquqlarının pozulmasına səbəb ola bilməz.

37. İddia tələbinə etirazında cavabdeh, qeyri-yaşayış binasının layihəyə uyğun inşa edilmədiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı sübutlar təqdim etməmişdir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, hansı tarixdən tikinti obyektinin istismarına icazə verilməsi rayon icra hakimiyyətinin başçısına həvalə edilmişdir.

39. Yuxarıda istinad olunan hüquq normalarından göründüyü kimi tikilinin layihəsinin təsdiq edilməsi və onun istismara qəbuluna razılıq verilməsi Qax rayon İcra hakimiyyətinin səlahiyyətində olmuş və sonuncu, xx.xx.2011-ci il tarixli Tikintisi başa çatmış obyektinin istismara qəbulu haqqında sərəncamda yeni tikilmiş 17 kv.m, 1 mərtəbəli 1 otaqlı kommersiya mağazasının layihə-smeta sənədləri əsasında inşa edildiyini qeyd edərək onun istismara qəbuluna icazə vermişdir. Beləliklə, həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət vermək Qax Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi Qax Rayon İcra Hakimiyyəti sözügedən obyektin tikinti layihəsinə uyğun inşa edildiyini müəyyən etmiş və ötən müddət ərzində müvafiq sərəncam və digər sənədlər mübahisələndirilməmişdir.

40. "Ayrılmış torpaq sahəsi 17 kv.m olsa da, tikintinin 18.4 kvadratmetrdə aparılması ilə bağlı” cavabdeh orqanın dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı sözügedən qeyri-yaşayış sahəsinin faktiki ölçüsü üzrə (yerləşdiyi torpaq sahəsi üzrə) deyil, ona satılmış l7 kv.m torpaq sahəsi üzərində yerləşən hissəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını və çıxarışının verilməsini tələb edir. Yəni, iddiaçı qeyriyaşayış sahəsinin sənədində olan ölçüsünə uyğun çıxarış almaq istəyir, qeyri-yaşayış sahəsinin artıq ölçüsünün çıxarışa daxil edilməsi kimi iddiaçının tələbi yoxdur (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-774/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı mövcuddur). Odur ki, məhkəmə, cavabdehin həmin dəlilinin də əsassız olması qənaətinə gəlir.

41. İşin mübahisəsiz halıdır ki, mübahisəli qeyri-yaşayış binası 1 yanvar 2013-cü ilədək, yəni, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmişdir.

42. Odur ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.9-cu maddəsində nəzərdə tutulmuş tələblərin yerinə yetirilib- yetirilməməsinə hüquqi qiymət verilməlidir.

43. İddiaçının, üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi qeyri- yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi, Qax rayon X5 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya satılmışdır. Hazırda həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış olsa belə, hər bir halda torpaq sahəsinin iddiaçıya satılması, sözügedən torpaq sahəsi üzərində iddiaçının istifadə hüququnun mövcudluğunu sübut edir.

44. İşdə olan qeyri-yaşayış binasının eskiz-layihəsindən görünür ki, müvafiq layihə Qax RİHB-nın memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilərək razılaşdırılmışdır. Bundan sonra Qax rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli sərəncamı ilə 17 kv.m 1 mərtəbəli mağaza binasının tikintisinə başlanılmasına icazə verilmiş, xx.xx.2011ci il tarixli tikintisi başa çatmış obyektin istismara verilməsi barədə akt və Qax RİHB-nın xx.xx.2011- ci il tarixli, 104 nömrəli sərəncamı ilə 17 kv.m 1 mərtəbəli 1 otaqlı kommersiya mağazasının istismara qəbuluna icazə verilmişdir.

45. Bununla da Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş bütün şərtlər yerinə yetirilmişdir.

46. İnzibati işin məhkəmə araşdırması zamanı mübahisəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin xüsusiyyətləri öyrənilərkən cavabdeh orqan, Qax rayon X5 xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə iddiaçıya satılmış 17 kv.m torpaq sahəsinin plan və ölçü sənədində göstərilən koordinatlarının, naturada istifadə olunan qeyri-yaşayış binasının torpaq sahəsinin koordinatları ilə qismən - 8.66 kv.m hissədə üst-üstə düşməsini bildirmiş, lakin A №025147 nömrəli plan-ölçü sənədinin ilkin yerquruluşu sənədinə uyğun olub-olmaması ilə bağlı məhkəmənin sorğusunu natamam cavablandırmış, cavabdehin nümayəndəsi bunun ilkin tərtib edilmiş sxemdə koordinatların olmaması ilə əsaslandırmışdır.

47. Cavabdehin təqdim etdiyi mütəxəssis rəyinə əlavə edilmiş A №025147 nömrəli plan-ölçü sənədinin koordinatları əsasında tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, sözgedən 17 kv.m torpaq sahəsinin 8.34 kv.m hissəsinin V.Eyvazov küçəsində gediş-gəliş yolu ilə, səki ilə, o cümlədən qonşu topaq sahəsi ilə üst-üstə düşməsi qeyd olunmuşdur.

48. Halbuki, işdə olan, Qax rayon X8 və DT və XK-si Qax rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin sxematik planından aşkar şəkildə görünür ki, iddiaçıya satılmış torpaq sahəsi küçəyə və səkiyə paralel şəkildə ölçülmüş və sxem tərtib edilmişdir.

49. İşdə olan mübahisəli qeyri-yaşayış sahəsinin eskiz-layihədən də göründüyü kimi mağaza binasının küçəyə (səkiyə) paralel şəkildə inşa edilməsi nəzərdə tutulmuşdur. Qax rayon İcra hakimiyyətinin xx.xx.2011-ci il tarixli Tikintisi başa çatmış obyektinin istismara qəbulu haqqında sərəncamında da qeyd edilmişdir ki, yeni tikilmiş 17 kv.m, 1 mərtəbəli 1 otaqlı kommersiya mağazası layihə-smeta sənədləri əsasında inşa edilmişdir.

50. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir ki, mübahisəli qeyri yaşayış binası iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkildə göründüyü kimi, səkiyə paralel olaraq Qax şəhəri V.Eyvazov küçəsində ona satılmış 17 kv.m torpaq sahəsi üzərində inşa edilmişdir.

51. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis tərəfindən planölçü sənədlərinin koordinatları əsas götürülməklə müayinə işləri aparılsa da, ilkin yerquruluşu sənədlərində torpaq sahəsinin yola və səkiyə paralel olaraq ayrılması öz əksini tapdığından, sözgedən torpaq sahəsinin mütəxəssis rəyində göstərildiyi kimi yol yeri və səki ilə, o cümlədən digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi ümumiyyətlə mümkün ola bilməz. Odur ki, iddiaçı mübahisəli qeyri-yaşayış binasını bələdiyyə tərəfindən ona faktiki olaraq satılmış torpaq sahəsində inşa etdiyindən, qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsinin sənədi olaraq Qax rayon X8 və DT və XK-si Qax rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin sxematik planı qəbul edilməlidir.

52. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür.

53. Hazırkı işdə qanuni istifadəsində olan torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış sahəsi üzərində mlkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını zəruri edən şərtləri sübuta yetirsə də, cavabdeh müvafiq qeydiyyatın aparılmasından imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir.

54. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

55. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X9 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ilkin yerquruluşu sənədi, yəni faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nəzərə alınmaqla Qax rayonu X5 26 oktyabr 2007-ci il tarixli qərarı ilə ona satılmış 17 kv.m torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli 2-1(116)-751/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar