Məhkəmə qərarları › İş №2-1(107)-116/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-116/2024

08.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-116/2024 08.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1992ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi “Həzi Aslanov” adına kolxozda fəhlə vəzifəsində və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinə kimi Qəbələ rayonu X6 və X1 sürücü vəzifəsində işlədiyi dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli, 2-1(116)-2004/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi “Həzi Aslanov” adına kolxozda fəhlə vəzifəsində və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinə kimi Qəbələ rayonu X6 və X1 sürücü vəzifəsində işlədiyi dövrlərin pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdi.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, xx.xx.1974-cü il tarixli əmək kitabçasında, texniki peşə təhsili barədə attestatda və hərbi xidmət dövrünə dair arayışda qeyd edilmiş məlumatlara istinad etməklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi “Həzi Aslanov” adına kolxozda fəhlə vəzifəsində və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinə kimi Qəbələ rayonu X6 və X1 sürücü vəzifəsində işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə almamış, iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az (21 il 2 ay 16 gün) olması və xx.xx.2006-xx.xx.2018-ci il tarixlərdə fərdi hesabın sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasını bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsindən müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür, hal-hazırda 66 yaşı vardır. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2022-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, onun sosial sığorta stajı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasının, diplomunun və digər sənədlərinin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1976-cı il tarixdən xx.xx.1978-cİ il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumilikdə 23 il 6 ay 6 gün təşkil edir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Qəbələ rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 169/1 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, xx.xx.1992- ci il tarixdən xx.xx.1994-cü il tarixədək "H.Aslanov” adına kolxozun staj kitablarında və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək X6 və X2 1994-cü ilin şəxsi hesab kitabının sürücülərə aid bölməsində iddiaçının adına rast gəlinməmişdir. Bu səbəbdən həmin dövrlər onun sığorta stajına daxil edilməmişdir. Buna görə də ona yaşa görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında’’ Qanunun 7-ci maddəsinə əsasən müvafiq yasa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il, 2026-cı il tarixdən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

4. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim olunan sənədlərdə əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Mübahisələndırilən sosial sığorta stajı: - xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək "Həzi Aslanov” adına kolxozda fəhlə işlədiyi; - xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Qəbələ rayonu X6 və X1 sürücü vəzifəsində işlədiyi dövrlər. Mübahisələndirilməyən sosial sığorta stajı: - xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək əyani təhsil aldığı; - xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu; - əmək kitabçasının surətində qeyd olunmuş digər dövrlər. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Həzi Aslanov’’ adına kolxozun və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Qəbələ rayonu X6 və X2 şəxsi hesab kitablarında adına rast qəlinməməsi onun sözügedən müəssisələrdə işləmə faktını şübhə altına alır. Belə ki, şəxsi hesaba işçinin işi barədə bütün məlumatlar: işə qəbul əmrinin nömrəsi və tarixi, hesablanmış əmək haqqları, məzuniyyətlərdən istifadə haqqında məlumatlar, əmək haqqından tutulmalar və s. daxil edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7- ci maddəsində nəzərdə tutulmuş 25 il sığorta stajı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.

6. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 3 noyabr 2023-cü il tarixli, 2- 1(116)-2004/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh orqanın apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək “Həzi Aslanov” adına kolxozun və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Qəbələ rayonu X6 və X2 şəxsi hesab kitablarında adına rast gəlinməməsi onun sözügedən müəssisələrdə işləmə faktını sübhə altına alır. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən qeyd etmişdir ki, mübahisələndirilən dövrlər iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasında öz əksini tapmışdır. Əmək kitabçasının əsli iş materiallarında mövcuddur və qeydlərdə hər hansı qaralama və ya düzəliş yoxdur. Bu hissəyə münasibətdə qeyd edirlər ki, mübahisələndirilən dövrlərlə bağlı iddiaçının işlədiyini iddia etdiyi “H.Aslanov” adına kolxozun staj kitablarında və X6 və X2 şəxsi hesab kitablarında iddiaçının adına rast gəlinməməsinə baxmayaraq bu dövrlərlə bağlı qeydlərin əmək kitabçasında qeyd edilməsi sözügedən əmək kitabçasının mötəbərliyini şübhə altına alır. Belə ki, şəxsi hesaba işçinin işi barədə bütün məlumatlar: işə qəbul əmrinin nömrəsi və tarixi, hesablanmış əmək haqqları, məzuniyyətlərdən istifadə haqqında məlumatlar, əmək haqqından tutulmalar və s. daxil edilir. Həmçinin, birinci instansiya məhkəməsi sözügedən şəxsi hesab kitablarında iddiaçının adının qeyd edilməmə səbəbəbini araşdırmadan sadəcə “kolxozun iclas protokollarına istinad edərək” iddianı təmin etmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli, 2-1(116)- 2004/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli, 2-1(116)-2004/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir.

12. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1957-ci il tarixdə doğulmuşdur. - xx.xx.1974-cü il tarixli əmək kitabçasına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1974 - xx.xx.1974, xx.xx.1987 – xx.xx.1987, xx.xx.1974 - xx.xx.1974, xx.xx.1987 – xx.xx.1988, xx.xx.1978 - xx.xx.1980, xx.xx.1988 – xx.xx.1992, xx.xx.1980 - xx.xx.1982, xx.xx.1192 – xx.xx.1994, xx.xx.1982 - xx.xx.1986, xx.xx.1994 – xx.xx.1994, xx.xx.1986 – xx.xx.1986, xx.xx.1995 – xx.xx.1997, xx.xx.1986 – xx.xx.1987, xx.xx.1998 – xx.xx.2002. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 238 nömrəli arayışından görünür ki, iddiaçı, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin 91472 nömrəli attestatından görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1975-ci il tarixlərdə texniki peşə təhsili almışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

17. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.

18. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

19. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

20. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir.

21. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

22. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi).

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyildir və Şəki İnzibati Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli, 2-1(116)-2004/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

29. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanaı müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

30. Cavabdeh orqanın əsas dəlili iddiaçının ümumi sosial sığorta stajının 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının olmaması ilə bağlıdır.

31. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub).

32. İddiaçının xx.xx.1974 – xx.xx.1974-ci illərdə əmək fəaliyyəti müddəti onun texniki peşə təhsili aldığı müddətlə (xx.xx.1974 - xx.xx.1975) üst-üstə düşür.

33. Əmək Pensiyaları haqqında Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır.

34. İddiaçının texniki peşə təhsili aldığı xx.xx.1974 - xx.xx.1975-ci illər onun sosial sığorta stajına daxil edildiyindən, həmin dövrlə üst-üstə düşən əmək fəaliyyəti müddəti nəzərə alınmır.

35. Cavabdeh orqan tərəfindən iddiaçının hərbi xidmət dövrü (2 il 14 gün), texniki peşə təhsili aldığı müddət (1 il) və xx.xx.1974-cü il tarixli əmək kitabçasında qeyd edilmiş mübahisələndirilməyən əmək stajının (19 il, 11 ay, 21 gün) cəmi – 23 il, 5 günə bərabərdir.

36. Cavabdeh orqan iddiaçının 2 il, 2 ay sosial sığorta stajını (xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi “Həzi Aslanov” adına kolxozda fəhlə vəzifəsində və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinə kimi Qəbələ rayonu X6 və X1 sürücü vəzifəsində işlədiyi müddət) mübahisələndirir və bunu arxiv kitablarında iddiaçının adına rast gəlinməməsi ilə əsaslandırır.

37. Cavabdeh orqanın apellyasiyya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, nəzərə alınmalıdır ki, mübahisələndirilən 2 il, 2 ay sosial sığorta stajı iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasında öz əksini tapmışdır. Sözügedən əmək kitabçasının əsli iş materiallarında mövcuddur və icra edilmiş qeydlərdə hər hansı qaralama və ya düzəliş yoxdur. Belə olan halda cavabdeh orqan iddiaçıya məxsus əmək kitabçasında icra edilmiş qeydlərlə nəyə görə razılaşmamasını əsaslandırmalı və həmin qeydlərin mötəbərliyinə şübhə altına alacaq əsaslı sübutlar təqdim etməlidir. İddiaçının əmək fəaliyyəti dövrləri ilə bağlı arxiv kitabların məlumatların olmaması əmək kitabçasında icra edilmiş qeydlərin mötəbərliyinə şübhə yaratmır. Arxiv kitablarında məlumatların tamlığını təmin etmək iddiaçının vəzifəsi olmadığından ümumiyyətlə qeyd olunan hal onun ziyanına şərh edilə bilməz. Digər tərəfdən işə əlavə edilmiş 02-30 noyabr 1992-ci il tarixlərə aid Qəbələ rayon “H.Aslanov” adına kolxozun 13 №-li iclas protokolunda iddiaçı barəsində qeydlərin mövcudluğu iddiaçının əmək kitabçasında qeyd edilmiş qeydlərin mötəbərliyi ilə cavabdeh orqanın şübhəsinin əsassız olmasını təsdiq edir.

38. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus xx.xx.1974-cü il tarixli əmək kitabçasında icra edilmiş qeydlərin mötəbərliyinə dair hər hansı şübhə mövcud olmadığından iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinə kimi “Həzi Aslanov” adına kolxozda fəhlə vəzifəsində və xx.xx.1994-cü il tarixindən xx.xx.1994-cü il tarixinə kimi Qəbələ rayonu X6 və X1 sürücü vəzifəsində işlədiyi dövrlər onun ümumi sosial sığorta stajına əlavə edilməlidir. Həmin müddət (2 il, 2 ay) iddiaçının yuxarıda qeyd edilmiş, 23 il, 5 gün müddətlə toplandıqda iddiaçının 25 il, 2 ay, 5 gün ümumi sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

40. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 3 noyabr 2023-cü il tarixli, 2-1(116)-2004/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar