Məhkəmə qərarları › İş №2-1(107)-116/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-116/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-116/2025 19.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Tahirov Zamin Cəbrayıl oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Məhərrəmli Hafiz Əfqan oğlunun katibliyi, iddiaçının vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Xəlilzadə (Şirbidova) Ləman Məzahir qızının iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X5 Filialına qarşı “xx.xx.1982-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək çilingər, xx.xx.1989-cu il tarixindən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin iddiaçının güzəştli şərtlərlə iş stajına daxil edilməklə, ona xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-1906/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı cavabdehə qarşı “xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi çilingər, xx.xx.1989-cu il tarixdən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının vəkili X1 18 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək işlədiyi çilingər, xx.xx.1989-cu il tarixdən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə iş stajına daxil edilməklə, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx.xx.1961-ci ildə Ağdaş rayonu Ərəb kəndində anadan olmuşdur. xx.xx.1976-cı ildən xx.xx.1980-ci ilə kimi Bakı Politexnik Texnikumunda təhsil almışdır. Təhsilini başa vurduqdan sonra xx.xx.1980-cı ildə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1982-ci ildə isə hərbi xidmətdən qayıtmışdır. Əmək fəaliyyətinə xx.xx.1982-ci ildə “Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası” Kimya sexinin “Əməliyyat heyyətində” Sənaye tullantılarının kompleks təmizlənməsi sahəsində 4cü qrup çilingər vəzifəsinə başlamışdır. xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Kimya sexinin Əməliyyat heyyətində” 4-cü dərəcəli elektrik stansiyasının avadanlıqlarına xidmət edən çilingər vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək həmin sexdə “Əməliyyat heyətində” elektrik stansiyasının kimyəvi su təmizləmə üzrə 4-cü qrup aparatçı vəzifəsində işləmişdir. Bütün bunları nəzərə alaraq bildirilmişdir ki, xx.xx.1982-ci il tarixdən hal-hazıradək işlədiyi vəzifələr güzəştli şərtlərlə iddiaçıya pensiya verilməsinə əsas verir. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Bununla bağlı cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixində məktub ünvanlanaraq tələbinin təmin olunmasından imtina etmişdir. Cavabdeh etirazında bildirmişdir ki, xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, iddiaçının Mərkəzi Filialla təqdim etdiyi "xxxx" ASC "xxxx" MMC-nin ona dair 07-122 və 07-123 nömrəli arayışlarında isə sözügedən müəssisədə işlədiyi sahə və vəzifələrin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda işlədiyi sahəyə və vəzifəyə uyğun olması barədə məlumat göstərilməyib. Eyni zamanda iddiaçının təqdim etdiyi xx.xx.2004cü il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1982-ci il tarixindən bugünədək işlədiyi “Azərbaycan DRES”in Kimya sexində Sənaye tullantılarının kompleks təmizlənməsi sahəsində çilingər, elektrik stansiyasının avadanlıqlarına xidmət edən çilingər, kimyəvi su təmizləmə üzrə aparatçı və Kimya sexinin növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısının elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçının iddiasının mümkün olmaması bildirilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 18 oktyabr 2023-cü il tarixli, 21(116)-1906/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək çilingər, xx.xx.1989-cu il tarixdən hal-hazıradək növbə rəisi vəzifəsində işlədiyi müddət iddiaçının güzəştli iş stajına daxil edilməklə, ona xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.İ.Məlikov /sədrlik edən və məruzəçi/, R.R.Rəfiyev və G.İ.Cavadova) 2-1(107)-69/2024 nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1738/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(107)- 69/2024 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. apellyasiya şikayətinin dəlilləri: Cavabdeh inzibati orqan apellyasiya şikayətini iddiaya etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-1906/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Kassasiya və digər instansiya məhkəmələrində mövqeyi eyni olmuşdur. "xxxx" ASC-nin verdiyi arayışda qeyd edilən vəzifə güzəştli siyahıda nəzərdə tutulan vəzifə ilə eynilik təşkil etmir. Bu siyahı üzrə qeyd edilən vəzifə nəzərə alınmamışdır. Eyni zamanda mühəndisin vəzifənin uyumu ilə bağlı yenidən belə bir arayışı verməsi ziddiyət yaradır. Hesab edir ki, müəssisə həmin vəzifənin güzəştli vəzifə olması ilə bağlı arayışı indiyə qədər verə bilərdi. Apellyasiya və kassasiya instansiyası məhkəmələrində bu məsələlər araşdırılmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, digər instansiya məhkəmələrində qeyd etdiyi güzəştli iş stajı ilə bağlı işin xarakteri haqqında və stasionar fəaliyyət haqqında arayışlar məhkəməyə təqdim olunmuşdur. Qeyd edilən arayışlarda iddiaçının güzəştli iş stajının olması və bununla bağlı hansı güzəştlərdən istifadə etdiyi göstərilmişdir. Yəni əlavə əmək haqqının və əlavə məzuniyyətin hesablanması qeyd olunub. Bunlardan əlavə, iddiaçının hansı zərərli təsirlərə məruz qalması da burada qeyd olunub. İddia tərəfinin təqdim etdiyi arayışda 2007-ci il tarixli AR Nazirlər Kabinetinin güzəştli vəzifələr siyahısında 24-cü bölməsində hansı koda uyğun olması göstərilmişdir. Vəzifə təlimatında göstərilmişdir ki, Qazan-Turbin sexinin növbə rəisinin gördüyü işlərlə Kimya sexinin növbə rəisinin gördüyü işlərlə eynilik təşkil edir. Buna görə də, iddiaçının güzəştli iş stajı var. Qanunda bu güzəştli iş stajı üçün müddət 12 il 6 ay nəzərdə tutulsa da, iddiaçının güzəştli iş stajı bundan artıq müddəti təşkil edir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və iddiaçının iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Mingəçevir regional “Asan xidmət mərkəzi”nin arayışı; - İddiaçıya məxsus БТ-606741 saylı diplom; - Azərbaycan Respublikasının Səfərbəlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir Şəhər Bölməsinin arayışı; - Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayış; - “İşin xarakteri haqqında” xx.xx.2022-ci il tarixli arayış; - İddiaçıya məxsus №0052315 saylı Əmək kitabçası. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 13-9/100-01-07-21 nömrəli məktubu. - Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 27 dekabr 2024-cü il tarixli arayış. - “İstehsalat fəaliyyəti haqqında” 27 dekabr 2024-cü il tarixli izahlı arayış - Məhkəmə kollegiyasının sorğusu əsasında verilmiş Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 13-9-100/xxxx/2025 nömrəli məktubu. tətbiq edilən hüquq: İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 67-ci maddəsinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. apellyasiya şikayətinin mümkünlüyü: Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. əsaslandırma hissəsi: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1738/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(107)- 69/2024 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İnzibati-Prosessual Məcəlləsinin 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmə hazırki iş üzrə 2-1(102)-1738/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarda qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “İşin xarakteri” haqqında arayışına istinad edərək iddiaçının "xxxx" MMC-nin kimya sexində sənaye tullantıların, kompleks təmizlənməsi sahəsi üzrə çilingər, elektrik stansiyasının kimyəvi su təmizləmə üzrə aparatçı və növbə rəisi kimi işlədiyi dövrləri güzəştli iş stajı kimi nəzərə alaraq iddianı təmin etmişdir. Halbuki, həmin arayış kassasiya instansiyası məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə uyğun formada tərtib edilməmişdir. Eyni zamanda, işin apellyasiya baxışı zamanı "xxxx" MMC tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli 13-9/100/01-07-21 nömrəli məktubun sonuncu abzasında qeyd olunmuşdur ki, iddiaçının "xxxx" MMC-nin kimya sexində işlədiyi sənaye tullantıların, kompleks təmizlənməsi sahəsi üzrə çilingər, elektrik stansiyasının kimyəvi su təmizləmə üzrə aparatçı və növbə rəisi vəzifələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş siyahının 13-cü bölməsinin a və b bəndlərində və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş siyahının 24-cü bölməsinin a və b bəndlərində uyğun xüsusiyyətə malik vəzifələr nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi isə həmin məktuba istinad etməklə, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Halbuki, həmin məktubun məzmunundan belə görünür ki, iddiaçının "xxxx" MMC-nin kimya sexində işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin istər xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı, istərsə də, xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrin, peşələrin siyahısında nəzərdə tutulmamışdır. Göründüyü kimi, iddiaçının zərərli iş stajı ilə bağlı "xxxx" MMC tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışda qeyd edilənlər, həmin MMC tərəfindən verilmiş məktubun məzmunu ilə ziddiyyət təşkil edir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi həmin ziddiyyətli məqamlara aydınlıq gətirməmiş və iddiaçının güzəştli iş stajı ilə bağlı mövcud məhkəmə təcrübəsinə uyğun, tam və hərtərəfli araşdırma aparmadan qərar qəbul etmiş, bununla da İPM-in 12.1 və 58.7-ci maddələrinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsindən ibarətdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530-VİQD№-li Azərbaycan Respublikasının Qanununun 1.4.1-ci maddəsi ilə sözügedən Qanunun 9.1-ci maddəsi yeni redaksiyada verilmişdir. Göründüyü kimi maddənin yeni redaksiyasında fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı şərt çıxarılmışdır. “Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1-9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 530-VİQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2006-cı il 22 dekabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı xx.xx.2022-ci il tarixdə qüvvəyə mindiyindən, istinad olunan dəyişikliklərdən sonra iddiaçıya 2 saylı Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 element mövcud olmalıdır: 1. bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajına malik olmalıdır. 2) ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır. İddiaçının, ümumi (25 il) və xüsusi (12 il 6 ay) iş stajı xx.xx.2006-cı ildən sonrakı müddətdə tamamlanır. Müəyyən edilir ki, iddiaçı xx.xx.1961-cı ildə doğulub və “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə çatıb. Eyni zamanda iddiaçının əmək fəaliyyəti müddəti tələb olunan-ümumi və xüsusi müddətdən çoxdur. Ali Məhkəmə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2024-cü il tarixli, 2-1(107)-69/2024 nömrəli qərarını ləğv edərkən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “İşin xarakteri” haqqında arayışının Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubunda göstərilmiş tələblərə uyğun şəkildə tərtib olunmadığını, eləcə də "xxxx" MMC tərəfindən sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli 13-9/100/01-07-21 nömrəli məktubun güzəştli iş stajı barədə arayışda qeyd edilənlərlə ziddiyyət təşkil etdiyini qeyd etmişdir. İşə yenidən baxılarkən "xxxx" MMC tərəfindən məhkəməyə “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına” dair 27 dekabr 2024-cü il tarixli və “İstehsalat fəaliyyəti haqqında” 27 dekabr 2024-cü il tarixli izahlı arayış üvanlanmış və həmin arayışlarda İddiaçı xx.xx.1989-cu ildən hal-hazıradək kimya sexinin əməliyyat heyətində sexin növbə rəisi vəzifəsində işlədiyi və qeyd olunmuş vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü “Elektrik stansiyaları, enerji aqreqatları, buxar güc təsərrüfatı” bölməsinin b) yarımbəndində, qazanxana, turbin (buxarqaz-turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri (2140000b-24043 vəzifə koduna) vəzifəsinin xüsusiyyətlərinə uyğun olduğu göstərilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunmuş arayışlarla "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “İşin xarakteri” haqqında arayışda yol verilmiş anlaşılmazlıq aradan qaldırılmış, qeyd olunmuş arayışlarda İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilmişdir. Bundan əlavə "xxxx" MMC tərəfindən məhkəməyə “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına” dair 27 dekabr 2024-cü il tarixli və “İstehsalat fəaliyyəti haqqında” 27 dekabr 2024-cü il tarixli izahlı arayışların məzmunundan İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 06 ay) çalışmasını müəyyən etmək mümkündür. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, İddiaçı iddia tələbi təmin edilərkən yalnız həmin arayışlara istinad edilməmiş, Azərbaycan İstilik Elektrik Stansiyası” MMC tərəfindən cavab olaraq təqdim edilmiş xx.xx.2024-cü il tarixli 13- 9/100/01-07-21 nömrəli məktubla “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına” dair 27 dekabr 2024-cü il tarixli arayış arasındakı ziddiyətlərin nə ilə bağlı olduğu sorğulanmışdır. Qeyd olunan sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 05 fevral 2025-ci il tarixli 13-9-100/2-22/2025 nömrəli məktub bir daha İddiaçı xx.xx.1989-cu ildən halhazıradək kimya sexinin əməliyyat heyətində sexin növbə rəisi vəzifəsində işlədiyi və qeyd olunmuş vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü “Elektrik stansiyaları, enerji aqreqatları, buxar güc təsərrüfatı” bölməsinin b) yarımbəndində, qazanxana, turbin (buxar-qaz-turbini), qazan turbin tozhazırlama və yanacaqötürmə sexlərinin növbə rəisləri (2140000b-24043 vəzifə koduna) vəzifəsinin xüsusiyyətlərinə uyğun olduğu öz təsdiqini taparaq yaranmış ziddiyyət aradan qaldırılmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, cavabdeh orqanın apellyasiya şikayətinin əsas dəlili-iddiaçının güzəştli iş stajının müəyyən edilməməsi ilə bağlı olmuşdur. Lakin iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən məhkəməyə “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına” dair 27 dekabr 2024-cü il tarixli və “İstehsalat fəaliyyəti haqqında” 27 dekabr 2024-cü il tarixli izahlı arayışlarla İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 06 ay) çalışmasını və onun işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğunluğu öz təsdiqini tapır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə (xx.xx.2022-ci il tarixdən) sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, iddia təmin edilməli, cavabdehin üzərinə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi qoyulmalıdır. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə X5 Filialına qarşı iddiasını təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə X5 Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli 2-1(116)-1906/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar