Məhkəmə qərarları › İş №2-1(107)-117/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-117/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-117/2020 04.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Muradlı Yeganə Rafail oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə- cavabdeh) qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1540/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçının N-1994-cü illərdə Qax batalyonunun, N və N nömrəli hərbi hissələrin tərkibində Dağlıq Qarabağ və ətraf rayonlar uğrunda gedən döyüşlərdə iştirak etməsi faktı Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)-401/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, lakin qətnamə ilə Müdafiə Nazirliyinin üzərinə heç bir öhdəlik qoyulmamışdır. N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il tarixli, N nömrəli hərbi hissə komandirinin yanvar-fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. N nömrəli hərbi hissənin 1994-cü il tarixli əsgərlərin pul təminatı ilə təmin olunma cədvəlləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamış, iddiaçıya məxsus hərbi bilet mövcud deyildir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 iddiaçının cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğu ilə bağlı məlumat yoxdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciəti xx.xx.2019-cu il tarixli məktubla cavablandırılaraq N və N nömrəli hərbi hissələrdə hərbi xidməti barədə məlumatlar arxiv sənədlərinə əsasən öz təsdiqini tapmadığından və Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoyulmadığından ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bununla razılaşmayan, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, N-cü ilin dekabr ayında hərbi xidmətə göndərilmiş, Goranboyda təlim mərkəzində 1 ay təlim keçdikdən sonra Beyləqana döyüş zonasına göndərilmişdir. N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunun Veysəlli kəndinədək döyüşlərdə iştirak etmişdir. Hərbi bileti döyüş bölgəsində itmişdir. İddiaçı birinci instansiya məhkəməsində bildirmişdir ki, 1994-cü ilin yanvar ayının sonlarında şəhid olmuş döyüş yoldaşlarını aparan maşınla Qax rayonuna gəlmiş və sonra hərbi hissəyə qayıtmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsində saxlanılan iddiaçıya məxsus qeydiyyat kartası ilə müəyyən olunur ki, qeydiyyat kartasında iddiaçının xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etməsi barədə qeydiyyat aparılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2019-cu il tarixli, 2- 1(84)-1540/2019 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək həminqərarın ləğv edilərəkiddianın təmin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçının apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı deyildir. Belə ki, onun Azərbaycan Respubliaksının suverenliyi və ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə iştirak etməsi Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təsdiq edilir. Bundan əlavə onun N-cü il tarixdə elan edilmiş Səfərbərliklə Qax rayon Hərbi Komissarlığından döyüş zonasına göndərilməsi təsdiq edilir. Onun döyüş bölgəsinə göndərilməsi və nizami hissə əmrlərinin verilməsi ilə bağlı rəsmiləşdirmələri aparmaq onun səlahiyyətində olan məsələ olmadığından onun həmin döyüş əmliyyatlarında iştirak faktı təsdiq edilən məhkəmə qətnaməsi əsas götürülməlidir. Birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir və ləğv edilməsini iddiasının təmin edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. O əlavə olaraq bildirdi ki, Qax rayon Güllük kənd İcra nümayəndəliyinin arayışında Fizuli rayonunun Aşağı Veysəlli kəndində şəhid olmuş 6 nəfər Qax rayon Güllük kənd sakinləri şəhid olduğundan onların cənazəsini Qax rayonuna gətirmiş, lakin sonradan hərbi hissəyə qayıtmamış, çünki həmin vaxtdan bir az sonra atəşkəs olmuşdur. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlara Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)-401/2019 nömrəli qətnaməsinin surəti, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X3 tərəfindən verilmiş tələbnamə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsinin xx.xx.2019-cu il tarixli məktubu və iddiaçının “qeydiyyat kartası”nın surəti, Müdafiə Nazirliyinin imtina məktubu, etirazı, xx.xx.2019-cu il tarixli məktubu, apelyasiya şikayəti və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 nömrəli qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 20 may tarixli 53 nömrəli qərarı; 1998, № 5, maddə 351; 1999, № 9, maddə 558; 2001, № 2, maddə 116; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2004, № 10, maddə 871; 2006, № 7, maddə 641, №11, maddə 993; 2007, № 5, maddə 544; 2008, № 6, maddə 584; 2010, № 12, maddə 1116; 2015, № 5, maddə 668; 2016, № 9, maddə 1585, № 11, maddə 1926; 2017, № 4, maddə 620) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözlərivə “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından, iddiaçının belə bir mötəbər sübut kimi istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar rəsmi aktları ilə dəstəklənmədiyindən, iddia sübüta yetirilmiş sayıla bilməz. İddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələbinə görə, Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Normanın məzmunundan da göründüyü kimi müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq orqan tərəfindən verilir. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarət olmuşdur ki, hərbi qanunvericiliyin tələblərinin yerinə yetirməsini sübut etmədən hərbi qulluqçunun müəyyən dövr ərzində hərbi hissədə qalması və vəzifəsinin icrası zamanı hərbi xidmət keçməsi və hərbi qulluqçu statusu daşıdığı kimi qiymətləndirilməsi mümkün deyildir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq öz qərarında iddiaçının N- 1994-cü illərdə Qax batalyonunun, N və N nömrəli hərbi hissələrin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini iddia etsə də, qeyd olunan hərbi hissələrdə xidməti arxiv arayışları ilə öz təsdiqini tapmadığını göstərmişdir. Qax Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli 2(024)- 401/2019 nömrəli qətnaməsi ilə müəyyən olunmuş hallarla bağlı qeyd edilməlidir ki, məhkəmənin qətnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995- ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamə ilə müharibə veteranı adının verilməsi üçün nəzərdə tutulmuş “hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər”ə aiddir. Lakin məhz həmin Əsasnamənin tələbləri baxımından məhkəmə qətnaməsi hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsasdır ki, araşdırma zamanı Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il tarixli, N nömrəli hərbi hissə komandirinin yanvarfevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçının xidməti barədə məlumatlar mövcud deyildir. Məhkəmə kollegiyası tərəfindən təkrar tələb edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsində saxlanılan iddiaçıya məxsus qeydiyyat kartası ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1994-cü il tarixdə hərbi hissəni özbaşına tərk etməsi barədə qeydiyyat vardır. İşin yuxarıda qeyd edilən faktiki halları və həmin hallara münasibətdə tətbiq edilən hüquq normalarının tələblərindən müəyyən edilir ki, iddiaçının xx.xx.N-cü ildə Qax rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə çağrılması və N nömrəli hərbi hissəyə təhvil verilməsi faktı mövcud olsa da, N nömrəli hərbi hissənin yalnız xx.xx.1992-ci il tarixdən xx.xx.N-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyindən iddiaçının həmin hərbi hissədə və ya digər hərbi hissələrdə hərbi qulluqçu olaraq xidmət keçməsi və qanuni əsaslarla tərxis olunması ilə bağlı hər hansı bir qeydiyyat mövcud deyil, onun qanuni əsaslarla ehtiyata və istefaya buraxılmasına dair əsaslı sübut yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, belə olan halda iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina barədəcavabdehin hərəkəti qanunauyğun olmuşdır. İPM-in 87.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1540/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar