Məhkəmə qərarları › İş №2-1(107)-117/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-117/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-117/2022 06.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində qeyri-yaşayış binası kimi onun adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2-1(116)-281/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin mövcud vəziyyətində qeyri-yaşayış binası kimi onun adına qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 360,3 kv.m qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsinin faktiki parametrləri isə fərqlidir. Sözügedən qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi və mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq sənədlərlə cavabdehə müraciət olunmuşdur. Cavabdeh isə 02.08.2021-ci il tarixli, **********27 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, müvafiq icra hakimiyyəti orqanının rekonstruksiyaya icazə verilməsi barədə qərarı, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin 17.09.2021-ci il tarixli sərəncamının icrasının təmin edilməsi məqsədilə məhkəməyə ünvanladığı 19.10.2021-ci il tarixli “iddiaya qarşı rəsmi münasibət bildirilməsi barədə” məktubunda və 02.08.2021-ci il tarixli, **********27 nömrəli imtina məktubunda göstərilənləri qeyd edərək, müraciətin təmin edilməsinin mümkün olmadığını bildirmiş və məktuba sözügedən daşınmaz əmlaka dair çıxarışın, texniki pasportun təsdiq edilmiş surətini və müayinə aktını əlavə etmişdir. Məktuba əlavə edilən 18.10.2021-ci il tarixdə tərtib edilmiş “daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, hüquqmüəyyənedici sənəd, yəni MA seriyalı ******* nömrəli 11.05.2011-ci il tarixli çıxarışa əsasən ümumi sahəsi 360,3 kv.m olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında, binanın 1-ci mərtəbəsində yerləşən ticarət obyektinin faktiki ümumi sahəsi 447,1 kv.m-dir. Ümumi sahəyə 86,8 kv.m əlavə olunmuş və həmin 86,8 kv.m sahənin tikintialtı sahəsi 90,7 kv.m-dir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 11 yanvar 2022-ci il tarixli 2- 1(116)-281/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 360.3 kv.m qeyri-yaşayış sahəsi onun mülkiyyətindədir (AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 11.05.2011-ci il tarixli ********** nömrəli qeydiyyat). Həmin qeyri-yaşayış sahəsinin mövcud vəziyyəti ilə sənəd üzərində olan parametrləri isə fərqlidir. Sözügedən qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi və mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq sənədləri toplayıb cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən ona 02.08.2021-ci il tarixli **********27 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, müvafiq icra hakimiyyəti orqanının rekonstruksiyaya icazə verilməsi barədə qaraja, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 oğlu apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2-1(116)-281/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. - İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 06.07.2005-ci il tarixli, 005545 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 524,0 kv.m qeyri-yaşayış sahəsi X3 xüsusi mülkiyyətində olmuş, 31.08.2005-ci il tarixli “müqavilə” ilə X4 xüsusi mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 524,0 kv.m qeyriyaşayış sahəsinin 73,6 kv.m hissəsini X2. 02.09.2005-ci il tarixli “müqavilə”nin təsdiq edilmiş surətinə əsasən isə X4 xüsusi mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 524.0 kv.m qeyri-yaşayış sahəsinin 72,1 kv.m hissəsini X11 və X1. - İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 16.09.2005-ci il tarixli, 006025 qeydiyyat nömrəli “Mülkiyyət hüququ haqqında” şəhadətnaməsinin təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 378,3 kv.m qeyriyaşayış sahəsi X3 xüsusi mülkiyyətində olmuşdur. - MH seriyalı ******* nömrəli 22.07.2008-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 383,91 kv.m qeyri-yaşayış sahəsi X3 adına qeydiyyata alınmışdır. - 25.07.2008-ci il tarixli “müqavilə”nin təsdiq edilmiş surətinə əsasən, X4 xüsusi mülkiyyətində olan Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 383,91 kv.m qeyri-yaşayış sahəsinin 101,9 kv.m hissəsini X5, MH seriyalı ******* nömrəli 31.07.2008-ci il tarixli çıxarışla Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 281,96 kv.m qeyri-yaşayış sahəsi (mağaza) tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 02.05.2011-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə görə, 19.04.2011-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi oğlu İddiaçıdur və miras əmlak Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən 281,96 kv.m qeyri-yaşayış sahəsindən ibarətdir. - MA seriyalı ******* nömrəli 11.05.2011-ci il tarixli çıxarışın təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən, ümumi sahəsi 360,3 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam pay hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. - Cavabdeh tərəfindən 07.05.2011-ci il tarixdə tərtib edilmiş 859 inventar, **********22- 05101-083006 reyestr nömrəli “Texniki pasport”un təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sahəsi 360,3 kv.m-dir və İddiaçı mülkiyyətindədir. - 18.10.2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən müəyyən edilmişdir ki, qeyri-yaşayış obyektinin ümumi sahəsi 360,3 kv.m olmalı olduğu halda, faktiki olaraq 447,1 kv.m, əsas sahəsi 346,8 kv.m olmalı olduğu halda 433,6 kv.m-dir. Ümumi sahəyə 86,8 kv.m əlavə olunub. Ümumi sahəyə əlavə olunan 86,8 kv.m sahənin tikinti altı sahəsi 90,7 kv.m-dir. - Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatının 15.10.2021-ci il tarixli, 2/1416 nömrəli məktubunda qeyd edilir ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 180 ünvanında İddiaçı mülkiyyətində olan qeyri-yaşayış obyekti dövlət orqanlarının sifarişi ilə hazırlanmış layihə sənədləri əsasında tikintisi aparılmış beşmərtəbəli, çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində yerləşir və əvvəllər mağaza kimi istifadə olunmuş və dövlətə məxsus əmlak olduğu üçün qanunamüvafıq qaydada onun tərəfindən özəlləşdirilmiş və DƏDRX tərəfindən verilmiş 11.05.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdakı ölçülər binanın həqiqi ölçüləridir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci və 75-ci maddəsinin tələblərinə əsasən tikintiyə icazə almadan mülkiyyətində olan qeyri-yaşayış sahəsinin ölçülərini öz xeyrinə artırmış və bu əməlini Məcəllənin 80.1.1-ci maddəsi ilə əsaslandırmaq istəyir. Halbuki, Məcəllənin bu maddəsi 16 may 2017-ci il tarixli, 673-VQD nömrəli Qanunla ləğv edilmişdir. Məktubda bir daha qeyd edilir ki, İddiaçı Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanındakı qeyri-yaşayış obyektində apardığı genişləndirmə işləri ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən layihə, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədləri verilməmişdir. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də apellyasiya şikayəti qismən təmin ediləcəkdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2- 1(116)-281/2022 nömrəli qərarı ləğv edilərək, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş materialları və cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan görünür ki, MA seriyalı ******* nömrəli 11.05.2011-ci il tarixli çıxarışa Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən, ümumi sahəsi 360,3 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə tam pay hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmışdır. Həmin qeyri-yaşayış sahəsinin faktiki parametrləri isə fərqlidir. Sözügedən qeyri-yaşayış sahəsinə texniki pasportun tərtib edilməsi və mövcud vəziyyətdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müvafiq sənədlərlə cavabdehə müraciət olunmuşdur. Cavabdeh isə 02.08.2021-ci il tarixli, **********27 nömrəli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. Belə ki, müvafiq icra hakimiyyəti orqanının rekonstruksiyaya icazə verilməsi barədə qərarı, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə təqdim edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi İddiaçı Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 ünvanında yerləşən qeyri-yaşayış obyektində apardığı genişləndirmə işləri ilə bağlı Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən layihə, tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədləri verilməmişdir. Həmçinin, tikintialtı torpaq sahəsinin ona ayrılmasına, mülkiyyətində və ya qanuni istifadəsində olmasına dair heç bir hüquqi sənədə malik olmamışdır. Çünki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-1-ci maddəsinə istinad etsə də qanunvericiliyin tələblərinə zidd olaraq tikintiyə icazə almadan mülkiyyətində olan qeyriyaşayış sahəsinin ölçülərini öz xeyrinə artırmışdır və hazırda qeyri-yaşayış obyektinin faktiki vəziyyətinə uyğun daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını tələb etməkdədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: - 74.1-ci maddəsinə əsasən, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; - 75.1-ci maddəsinə görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-1-ci maddəsinə əsasən, insanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin maddə 16 may 2017-ci il tarixli, 673-VQD nömrəli Qanunla ləğv edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan hüquq normalarını nəzərə alaraq qeyd edir ki, iş materiallarında iddiaçının Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 180 ünvanında mülkiyyətində olan qeyri-yaşayış obyektində beşmərtəbəli, çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində rekonstruksiyanın aparılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi, bu barədə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırması, həmçinin, rekonstruksiyanın hansı illər ərzində aparılması birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmamışdır. Sözügedən hüquq münasibətinin 2017-ci ildən əvvəl yaranmış olduğunu fərz etsək, iddiaçının Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 180 ünvanında mülkiyyətində olan qeyri-yaşayış obyektində beşmərtəbəli, çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində rekonstruksiyanın aparılması barədə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırması rekonstruksiyanın aparılmasına əsas ola bilərdi. Eyni zamanda işdə olan Şəki Bələdiyyəsinin 04.04.2022-ci il tarixli 214 nömrəli məktubundan görünür ki, M.Ə.Rəsulzadə prospektində yerləşən “Ekonom” marketin qarşısında iddiaçı tərəfindən tikinti işləri aparılmış torpaq sahəsi Şəki Bələdiyyəsinə məxsusdur. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi verdiyi izahatda bildirdi ki, mübahisə predmeti olan torpaq sahəsi ümumi istifadədə olan bələdiyyə torpağıdır. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin bələdiyyəyə məxsus olması halı təsdiqləndiyi təqdirdə, hazırkı iş üzrə qəbul ediləcək məhkəmə qərarlarının bələdiyyənin maraqlarına toxunması ehtimalı istisna olunmur. Odur ki, təkrar işə baxılarkən Şəki Bələdiyyəsinin hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi müzakirə edilməlidir. Bundan başqa, birinci instansiya məhkəməsi mübahisə predmeti olan torpaq sahəsində rekonstruksiyanın aparılması üçün bələdiyyənin icazəsinin olub-olmamasını da araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək, həmin Məcəllənin 48.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən sözügedən rekonstruksiyanın hansı illərdə aparılması və bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət edilib-edilməməsi, bu barədə müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması, eyni zamanda artıq tikinti işləri aparılmış torpaq sahəsinin mülkiyyətçisinin inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilib-edilməməsi və ona məxsus torpaq sahəsində iddiaçının rekonstruksiya işlərinin aparılması barədə icazəsinin olub-olmaması istiqamətində heç bir tam araşdırma aparılmadığından, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə istinad etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. - 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə əhəmiyyətli sayda sübutları araşdırmadan iddia tələbini təmin etməməkdə haqlı olmamışdır, ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati iş üzrə araşdırmanın davam etdirilməsi və əhəmiyyətli sayda sübutlar araşdırılmalı olduğundan inzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 12, 48 və 87- ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2-1(116)-281/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar