Məhkəmə qərarları › İş №2-1(107)-117/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-117/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-117/2023 09.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1392/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Müharibə veteranı adının və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx.xx.1962-ci ildə Ucar rayonu Lək kəndində anadan olmuş, hazırda da həmin kənddə yaşayır. xx.xx.1980-xx.xx.1982-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Vətənin müdafiəsi ilə əlaqədar könüllü olaraq xx.xx.N2-ci ildə Qarabağa getmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinin ona ünvanladığı xx.xx.2016-cı il tarixli 9/2-9980 saylı Arxiv arayışında onun N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 25 №-li əmri buna sübutdur. Bildirir ki, N №-li hərbi hissə Qarabağ döyüşlərində iştirak etmiş hərbi hissələrdəndir və o, həmin hərbi hissənin tərkibində xx.xx.N2-ci ilə qədər döyüşmüş, daha sonra isə ailə vəziyətilə əlaqədar hərbi hissədən tərxis edilmişdir. Döyüşlərdə iştirakı və qanuni əsaslarla tərxis edilməyi ona məxsus HA №-li ******* saylı hərbi biletdə müvafiq qeydlərlə öz təsdiqini tapır. Könüllü olaraq Qarabağ döyüşlərində iştirakını, qanuni əsaslarla hərbi hissəyə gedib gəlməyini əsas tutaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qurumuna müraciət etmiş ki, ona müharibə veteranı adı və vəsiqəsi verilsin. Müdafiə Nazirliyi əvvəl onun tərxis olunmağı barədə xx.xx.N2-ci il tarixli 107 nömrəli əmrinin təsdiqlənməsi üçün Mərkəzi Arxiv idarəsinə xx.xx.2017-ci il tarixli 1/A-905 saylı məktub göndərmiş, lakin sonradan ona bildirmişdir ki, ərizəsinə komissiyanın xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli iclaslarında baxılaraq barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunmuş sənədləri geri qaytarılır. Bunun səbəbi isə qanuni əsaslarla tərxis edilməməyi göstərilir. Dəfələrlə müraciət etməyinə baxmayaraq döyüşlərdə iştirakı düzgün olaraq araşdırılmamış, ehtiyyata buraxılmağı barədə qanuni əsas olmadığı üçün tələbindən dəfələrlə imtina edilmişdir. Halbuki ona məxsus hərbi biletdə xidməti, döyüşlərdə iştirakı, hərbi hissəyə giriş və çıxışı müvafiq olaraq orada qeyd edilmişdir. Hesab edir ki. Müdafiə Naziriliyinin imtinası əsassızdır və iddiaçı hüquqları pozulduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazını aşağıdakı kimi əsaslandırmışdır. - iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 Nq-İİ qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Həmçinin iddiaçı iddia müddətini də ötürmüşdür, ona 2017-ci ildə imtina olunsa da, o, 2022-ci ildə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsindən iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2017ci il tarixli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli 9/2-9980 arxiv arayışında qeyd edilmişdir: Sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N mart N2-ci il tarixli 25 №-li əmrilə (əsas: səh.-27, §-2, sıra-4) şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək qranatatan tağımının, 1-ci manqanın tuşlayıcı köməkçisi vəzifəsinə təyin edilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında və komandirin iyul N2-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısından çıxarılmağı barədə məlumat aşkar olunmamışdır. - Şəki Şəhər Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş tələbnamədən görünür ki, iddiaçı barəsində DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Tərtər Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, Ağdam Hərbi Prokurorluğunun xx.xx.2022ci il tarixli, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, iddiaçı barəsində cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1392/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(116)-1392/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1392/2022 saylı qərarı ilə onun hüquqları pozulmuşdur. Belə ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi üçün əsası onun hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməməyi olmuşdur. Halbuki o, iddia ərizəsində qeyd etmişdir ki, veteran adı hərbi döyüşlərdə iştirakı sübut edən sənədlər əsasında verilir və onun buna sübutu hərbi bileti və oradaki qeydlər, Xətai Rayon Hərbi Komissarlığından verilən xx.xx.N2-ci il tarixli Arayış, N saylı hərbi hissədən verilən xx.xx.N2-ci il tarixli 293 saylı Arayış,və Nizami Rayon Hərbi Komissarlığından verilən xx.xx.N2 ci il tarixli 1/320 saylı arayışlarıdır. Şəki İnzibati Məhkəməsi qeyd edilənləri araşdırmadan, hüquqi qiymət vermədən cavabdeh orqanın etirazını notarius kimi təsdiqləyərək iddianı rədd etmiş, qanunsuz qərar çıxarmışdır. Bundan əlavə bildirir ki, o, 1980-1982-ci illərdə Sovet Ordusunda həqiqi hərbi xidmətdə olmuş, Vətəni könüllü olaraq müdafiə etmək və döyüşlərdə iştirak etmək üçün xx.xx.N2 ci ildə Qarabağa getmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinin ona ünvanladığı xx.xx.2016-cı il tarixli 9/2-9980 saylı Arxiv arayışında onun N nömrəli hərbi hissə komandirinin xx.xx.N2-ci il tarixli 25 № li əmri buna sübutdur. Bildirir ki, N №li hərbi hissə Qarabağ döyüşlərində iştirak etmiş hərbi hissələrdəndir və o, həmin hərbi hissənin tərkibində xx.xx.N2-ci ilə qədər döyüşmüş, daha sonra isə ailə vəziyəti ilə əlaqədar hərbi hissədən tərxis edilmişdir. Döyüşlərdə iştirakı və qanuni əsaslarla tərxis edilməyi ona məxsus HA № ******* saylı hərbi biletdə ona müvafiq qeydlərlə və hərbi hissələrdən verilən arayışlarla öz təsdiqini tapmışdır. Bundan əlavə hərbi hissəni özbaşına tərk etmiş, barəsində heç bir cinayət işi olmamışdır, heç bir məhkumluğu yoxdur. İşə baxan birinci instansiya məhkəməsi ona verilən arayışları araşdırmaq əvəzinə formal qərar çıxarmış, işi tam və hərtərəfli araşdırmamışdır. Hərbi bilet və arayışlar sübut kimi qəbul olunmamışdır. Cavabdeh ona veteran adı verməkdən imtinasının səbəbini tərxisi barədə əmri tapa bilməməsi kimi əsaslandırır, halbuki onun hərbi biletinə və verilən arayışlara diqqət etməmişdir. Məhkəmə də bunları araşdırmadan qərar çıxarımışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2- 1(116)-1392/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iştirak etməmişlər. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciə edərək məhkəmə iclasının onun iştirakı olmadan keçiirlməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Elnarə Quliyeva xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçiirlməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(116)-1392/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N1-ci il oktyabrın 9dan N4-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarında olan görünür ki, iddiaçının hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmasına dair məlumat yoxdur. İddiaçının hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması müəyyən olunsa da, onun xidmət etdiyi hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. İddia ərizəsində iddiaçı özü də hərbi xidmətinin xx.xx.N2-ci ilədək olduğunu bildirir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N6-cı il tarixli, 433 nömrəli Fərmanından sonra başlamışdır. Bu isə Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2016-ci il tarixli 9/2-9980 nömrəli arxiv arayışında göstərilən qeydlərin doğru olduğunu, iddiaçı barəsində məlumatların olmamasının səbəbinin, iddiaçının faktiki olaraq xidmətinin davam etdirməməsi ilə bağlı olduğunu göstərir. Şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Yəni, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. Odur ki, iddiaçının “Müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması şərti sübuta yetirilmir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və şəxsi heyət siyahısından çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçının ona müharibə veteranı adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir (İPM-14.3), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış (İPM-73.1), imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli, 2-1(116)-1392/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar