Məhkəmə qərarları › İş №2-1(107)-118/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-118/2022

31.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-118/2022 31.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Yevlax rayonu Balçılı kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin hansı ərazidə yerləşdiyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(116)-73/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi) məhkəməyə müraciət edərək, Yevlax rayonu Balçılı kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hansı ərazidə yerləşdiyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Yevlax rayon Balçılı kəndində yerləşən 0,44 ha torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mtilkiyyətindədir. Həmin torpaq sahəsinin dəqiq yerini müəyyən edə bilmir. Həmin torpaq sahəsi tam qanuni əsaslarla ona məxsusdur. Torpaq sahəsinin planı və ölçüsünə əsasən Yevlax rayonu Balçılı kəndində yerləşən 0,44 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Torpaq sahəsi çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, o, torpaq sahəsinin harada yerləşdiyini bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan ********** qeydiyyat nömrəli 08.11.2019-cu il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Yevlax rayon Balçılı kəndində yerləşən 0,44 ha torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən torpaq sahəsinə dair 05.11.2019-cu il tarixdə A №429973 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakin Kadastri və Ünvan Reyestri Xidmətinin 17.05.2021-ci il tarixli **********83 nömrəli imtina məktubunda göstərilmişdir ki, iddiaçıya məxsus pay torpaq sahəsinin kənar şəxslər tərəfindən zəbt edilməsi faktının araşdırılması, bununla bağlı məhkəməyə yanlış rəy verilməsi və torpaq sahəsinin geri qaytarılması məsələsinə köməklik göstərilməsi barədə müraciətinə aidiyyəti üzrə baxılmışdır. Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli, 2(039)-2077/2020 nömrəli qərardadı əsasında mübahisəli əraziyə baxış keçirilərək ölçmə işləri aparılmışdır. Aparılmış araşdırma nəticəsində qərardadda qoyulmuş suallarla bağlı mütəxəssis rəyi və sxem hazırlanaraq 15 yanvar 2021-ci il tarixli, **********81 nömrəli məktubla Yevlax Rayon Məhkəməsinə təqdim edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, qeyd edilən məsələ ilə bağlı iddiaçının təkrar ekspertizaya müraciət etmək hüququ vardır. Cavabdehin 05.08.2021-ci il tarixli **********84 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı və Mingəçevir Şəhər Vəkil Bürosu tərəfindən 06.04.2021-ci il tarixli, 05.05.2021-ci il tarixli 260 nömrəli məktublarla Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə zəbt olunmuş torpağın qaytarılması və Yevlax rayonu Balçı kəndində yerləşən 0,44 ha torpaq sahəsinin harada yerləşməsinin müəyyən edilməsi barədə arayış təqdim edilməsi xahiş olunmuşdur. Qeyd olunan müraciətlərə aidiyyəti üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesri Xidmətinin tabeliyində olan "xxxx" MMC-də baxılaraq 17.05.2021-ci il tarixli **********83 nömrəli və 31.05 2021-ci il tarixli **********71 nömrəli məktublarla müvafiq münasibət bildirilmişdir. Yevlax Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli 2(039)-2077/2020 nömrəli müraciəti əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və hazırlanmış mütəxəssis rəyi Xidmətin 15.01.2021-ci il tarixli **********81 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Mingəçevir Şəhər Vəkil Bürosu tərəfindən mübahisəli torpaq sahəsinin naturada tanıdılması ilə bağlı məktubu ilə əlaqədar bildirilmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirildiyi üçün müraciətdə qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin müddəalarına uyğun olaraq aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə müraciət edilməsi məqsədəuyğundur. Cavabdeh 03.09.2021-ci il tarixli **********84 nömrəli məktubla eyni tarixli arayışı məhkəməyə təqdim etmişdir. 03.09.2021-ci il tarixli 393 nömrəli arayışda göstərilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********22 reyestr nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyət hüququ ilə hüquqları qeydiyyata alınmış “torpaq sahəsinin planı və ölçüsü” sənədində koordinatlarla göstərilən 0,44 ha torpaq sahəsinin yerləşdiyi ərazi müəyyən edilmiş, sahəsi və koordinatları əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Həmçinin iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış 0,44 ha torpaq sahəsinin sərhədlərinin göstərildiyi sxematik təsvir məhkəməyə təqdim olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsi 12.10.2021-ci il tarixli **********15 nömrəli məktubla iddia ərizəsinə münasibət olaraq bildirmişdir ki, iddiaçının mülkiyyətində olan 0.44 ha torpaq sahəsinə yerində baxış keçirilmişdir, ona məxsus torpaq sahəsi yerində tanıtdırılaraq mövcud vəziyyətdə göstərilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin üzərində yaranmış mübahisə torpaq qanunvericiliyinin tələblərinə uyğun həll edilə bilər. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı izahatında Yevlax rayonu Balçılı kəndində yerləşən, mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin yerinin koordinatlar üzrə ona iki dəfə tanıdıldığını bildirmiş, iddiaçının vəkili maraqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 03 fevral 2022-ci il tarixli, 2- 1(116)-73/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Yevlax rayonu Balçılı kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin hansı ərazidə yerləşdiyinin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilmişdir. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(116)-73/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı аpеllyаsiyа şikаyəti verərək qeyd etmişdir ki, o, Şəki İnzibati Məhkəməsinin qərardadını tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, bu iddianın İnzibati Məhkəməyə verilməsi səbəbi ondan ibarət olmuşdur ki, 12.02.2021-ci ildə Yevlax Rayon Məhkəməsinə göstərilən torpağın cavabdeh X1 qarşı iddia ərizəsi ilə onun torpağının zəbt edilməsi, yəni 0,44 hektar torpaq sahəsinin cavabdeh tərəfindən tutulması faktı ilə müraciət etmişdir. Yevlax Məhkəməsi 12.02.2021-ci il tarixdə baxaraq, qətnamə çıxarmışdır və qət edilmişdir ki, X1 qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilməsin. Məhkəmə təmin edilməmənin səbəbini, ekspertizanın rəyi əsasında müəyyənləşdirmişdir. Bu ekspertiza AR İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələlri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən torpaq sahəsinə dair 05.12.2019-cu il tarixli A № 429972 saylı torpaq sahəsinin olan ölçü sənədi əsasında rəy vermişdir. Ancaq rəy verilərkən, məhkəmə tərəfindən torpaqlar düzgün müəyyən edilməmişdir, daha doğrusu ekspert qarşısında qoyulan kordinantlar düzgün göstərilməmişdir. Bu düzgün göstərilməməyin səbəbindən Yevlax rayon Məhkəməsi iddianı təmin etməmişdir və göstərilmişdir ki, zəbt yoxdur. Buna görə də iddianı təmin etməmişdir. Yəni ki, eksperizanın ekspert qarşısında göstərilən kordinantlar düzgün olmadığından ekspertiza rəy vermişdir ki, zəbt yoxdur. İnzibati məhkəmədə iş araşdırılarkən məlum oldu ki, kordinantlar düzgün verilmədiyinə görə rəy əsaslı ola bilməzdi. Buna görə o, inzibati məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində bu hallar aydınlaşdırıldı, ancaq məhkəmə işə araşdırma müddətində gördüyü halları qərardadda göstərməyərək, torpaq sahəsinin yerinin guya göstərilməsini əsas göstərərək, işə xitam vermişdir. Nə üçünsə, məhkəmə araşdırması nə də bu səbəblər barəsində qərardadın təsviri hissəsində heç bir şey göstərilməmişdir. Buna görə də, hər iki halda məhkəmə araşdırmanın nəticəsi barəsində təsviri hissədə qeyd etmədən, işə xitam vermişdir. İnzibati Məhkəmə qarşısında məsələ qoymuşduq ki, mübahisəni Yevlax Rayon məhkəməsi araşdırsa da, təsviri hissəsində bu barədə heç nə yazmamışdır. Buna görə də, Yevlax Məhkəməsi prossesində baxılan, birinci ekspertiza rəyini əsas götürərək Yevlax rayon məhkəməsinin qətnaməsini yeni açılmış hal üçün qəbul etməkdən imtina edir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(116)-73/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, mülkiyyətdə olan 0,44 ha torpaq sahəsinin yeri kordinatları üzrə ona iki dəfə göstərilmişdir. Lakin Yevlax Rayon Məhkəməsinin 12.02.2021-ci il tarixli qətnaməsində göstərilən xüsusatlar nəzərə alınmamışdır. O, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(116)-73/2022 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Yevlax Məhkəməsi 12.02.2021-ci il tarixdə baxaraq, qətnamə çıxarmışdır və qət edilmişdir ki, X1 qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilməsin. Məhkəmə təmin edilməmənin səbəbini, ekspertizanın rəyi əsasında müəyyənləşdirmişdir. Bu ekspertiza AR İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələlri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən torpaq sahəsinə dair 05.12.2019-cu il tarixli A № 429972 saylı torpaq sahəsinin olan ölçü sənədi əsasında rəy vermişdir. Ancaq rəy verilərkən, məhkəmə tərəfindən torpaqlar düzgün müəyyən edilməmişdir, daha doğrusu ekspert qarşısında qoyulan koordinantlar düzgün göstərilməmişdir. Bu düzgün göstərilməməyin səbəbindən Yevlax rayon Məhkəməsi iddianı təmin etməmişdir və göstərilmişdir ki, zəbt yoxdur. Buna görə də iddianı təmin etməmişdir. Həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdir. Yəni ki, eksperizanın ekspert qarşısında göstərilən kordinantlar düzgün olmadığından ekspertiza rəy vermişdir ki, zəbt yoxdur. İnzibati məhkəmədə iş araşdırılarkən məlum oldu ki, kordinantlar düzgün verilmədiyinə görə rəy əsaslı ola bilməzdi. Buna görə o, inzibati məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesində bu hallar aydınlaşdırıldı, ancaq məhkəmə işə araşdırma müddetində gördüyü halları qərardadda göstərməyərək, torpaq sahəsinin yerinin guya göstərilməsini əsas göstərərək, işə xitam vermişdir. O, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2- 1(116)-73/2022 nömrəli qərardadının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillərlə razılaşmır. Belə ki, iddia tələbi iddiaçının mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin hansı ərazıdə yerləşdiyini müəyyən edilməsi öhdəliyinin cavabdeh orqanın-Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulmasından ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçı izahatında Yevlax rayonu Balçılı kəndində yerləşən, mülkiyyətində olan 0,44 ha torpaq sahəsinin yerinin koordinatlar üzrə ona iki dəfə tanıdıldığını bildirmiş, iddiaçının vəkili maraqlarını müdafiə etdiyi şəxsin izahatını təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq düzgün olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığı üçün, iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi iddia ərizəsi verildikdən sonra mübahisə predmeti ortadan qalxmış, cavabdeh iddiaçının tələbinə uyğun hərəkət etmiş və müvafiq tədbirlər görmüşdür. İddiaçı apellyasiya məhkəməsində də eyni məzmunda izahat vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Məcəllənin 67.3-cü maddəsinə görə, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(116)-73/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 fevral 2022-ci il tarixli, 2-1(116)-73/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar