Məhkəmə qərarları › İş №2-1(107)-118/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-118/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-118/2025 03.12.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X3 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X4rşı “xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən verilmiş imtinanın əsassız hesab edilməsi və iddiaçıya həmin tarixdən əlillik dərəcəsi təyin edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2-1(116)-1099/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən verilmiş imtinanın əsassız hesab edilməsi və iddiaçıya həmin tarixdən əlillik dərəcəsi təyin edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, - iddiaçı Qarabağ uğrunda gedən döyüşlər zamanı yaralanmış, uzun müalicə mərhələsindən sonra ona əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 126 saylı Qərarı ilə xəstəliyim təsdiq edilmiş və “Hərbi Travmadır, Azərbaycan Respubliaksının Müdafiəsi Zamanı Alınmışdır ” rəyi verilmişdir. Ona əlilliklə əlaqədar təyin edilən diaqnoz “T90 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş ağır qapalı kəllə-beyin travmasının davamlı qalıqları, Postravmatik ensefalopatiya. Tez-tez təkrarlanan qıcolma tutmaları ilə". Qeyd edilən diaqnozlarla əlillik təyini ilə əlaqədar etdiyim müraciətlərə xx.xx.2019-cu ildə və 15.11,2019-cu ildə imtina edilmiş, səbəb kimi “Əlavə stasionar müalicəyə ehtiyacının olması ” göstərilmişdir. Bundan sonra yenidən stasionar və amblator müalicələr aldıqdan sonra xəstəliyində və iddiaçıya təyin edilən diaqnoz əlamətlərində yaxşılaşma olmamış, xəstəliyi gün - gündən ağırlaşmışdır. Uzun müalicələrdən sonra yenidən əlillik təyini ilə əlaqədar aidiyyəti üzrə müraciət etdi, Göndəriş əsasında onun müraciətinə baxan cavabdeh orqan son olaraq xx.xx.2023-cü ildə iddiaçıya əlillik təyin etməsindən imtina etdi. İmtinanın səbəbi kimi isə “Diaqnoz öz təsdiqini tapmaması. Ətraflı: Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. - İddiaçı imtina ilə razı deyil, bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, son olaraq Mingəçevir Psixo-Nevroloji Dispanserinin HPK-nin tibbi qərarı ilə iddiaçının xəstəliyi müayinə edilərkən də ona daha əvvəl əlillik təyin edilən zaman qoyulan diaqnozun öz təsdiqini tapdığı, xəstəliyinin düzəlmədiyi görülməkdədir. Belə ki, həmin dispanserin qərarına əsasən diaqnoz: F-07.0 Üzvi mənşəli (KBT nəticəsində) ifadəli şəxsiyyət pozqunluğu, qıc olmalarla (ayda 5-8 dəfə) Postravmatik ensefalopatiya olaraq təyin edilmişdir. Bu diaqnoz ilə əlillik təyinindən imtina əsassızdır. Uzun müddət iddiaçıya əlillik təyin edildikdən sonra diaqnozu əsasında ömürlük təyin edilməli olan əlilliyinin təyinindən imtina edilmişdir. Bu qanunsuzdur, yeni əlillik tətin edilməsini istəmir, daha əvvəl təyin edilən əlillik dərəcənin xəstəliyində yaxşılaşma olmadığı səbəbindən davam edilməsini istəyir.

3. Cavabdeh orqan iddiaya münasibət bildirməmişdir.

4. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 21 oktyabr 2024-cü il tarixli, 2- 1(116)-1099/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, sözügedən qərardan narazıyam, qərar qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, iş üzrə heç bir araşdırma aparılmamış, cavabdeh orqanın etirazı belə alınmamış, ekspertiza üçün komissiyaya getdiyi halda onun orada iştirak etmədiyi bildirilmiş, iştirak etməsə işin ədalətli və qanuni həlli üçün təkrar ekspertiza təyin edilməmiş, əlində EMQ testi olduğu halda ondan qəbul edilməmiş, komissiyanın yalnış məlumatı əsasında qanunsuz və ədalətsiz qərar çıxarılmışdır. Belə ki, məhkəmə hansı qanuna, əsasa arxalanaraq hesab edir ki, imtina öz təsdiqini tapır? Komissiya məhkəməyə iddiaçının getməməyini əsas götürərək rəy təqdim etməyibsə onda bu ona əlillik təyin etmir kimi qəbul edilməlidir? Bu hansı qanunda göstərilib? Əgər getməmişdirsə təkrar komissiyadan rəy verilməsi tələb edilməli deyildir mi? Məhkəmə işi dayandırarkən ekspertiza təyin etmiş və orada komissiyanın üzərinə qoymuşdur ki, iddiaçını əyani müayinə etsin (TSEK-in mütəxəssislərinin iştirakı olmadan). Komissiyadan iddiaçını nə vaxt hansı gün və saatda komissiyaya çağırılmağını təsdiq edən hər hansı bir sənəd tələb edilməmişdir, o qərardadı aldıqdan sonra komissiyaya getmişdir, lakin oradan biz işi göndərmişik cavabı almışdır. Başa düşə bilmirəm mən müayinə olunmadan işi necə məhkəməyə qaytarıblar? Adını da qoyublar ki, iddiaçı komissiyaya getməmişdir. Komissiya sübut etsin ki, onu hansı gün və saatda çağırıb? Yuxarıda qeyd edilən səbəblərdən ötrü xahiş etmişdir ki, onu təkrar komissiya təyin edərək mütəxəssis rəyi alınması üçün dəvət etsinlər. Xəstəliyi əyani müayinə edilsin və qanuni şəkildə xəstəliyinə qiymət verilsin. Bu səbəbdən də qərardan narazıdır, qərar qanunvericiliyin tələblərinin və iddiaçının bir vətəndaş kimi hüquqlarının pozulmasına gətirib çıxarmış, birinci Qarabağ müharibəsində vətənin müdafiəsi ilə aldığı travma nəticəsində ən ağır dərəcədə travma almağı, aldığı travma nəticəsində daim epilepsiya keçirməyi və özünü sərbəst idarə edə bilməməyi nəzərə alınmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1099/2024 saylı qərarını ləğv edərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. - İddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, ona xəstəliyi ilə əlaqədar qoyulmuş diaqnozlardan: 1. T90 “Başın travmalarının nəticələri” (T 90.5) 13.6 bəndində 40 faizlə müddətsiz, 2. T92.0- Yuxarı ətrafın açıq yaralanmasının nəticələri. Sol əlin İİ barmağında qəlpə yaralanmasından sonrakı çapıqlar. 3. T90.1- Başın açıq yaralanmasının nəticələri. 4. G93.2- Xoşxassəli kəllədaxili hipertenziya. Kəllədaxili hipertenziya əlamatleri. 5. G40.3-Generelize olunmuş idiopatik epilepsiya ve epileptik sindromlar. Tez-tez təkrarlanan qıcolma tutmaları və stasionarda oldugu müddətdə 5 dəfa qıcolma tutması. Yanaşı xəstəliklər: F48.0- Nevrastaniya. Kəskin ifada olunmuş astenonevrotik hal. N30.2- Digər xronik sistit. Xroniki sistit. Əsas: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar; Bundan başqa iddiaçının adına "Respublika Psixitriya Xəstəxanası" PHŞ-ində tərtib edilmiş 2686\22 saylı xəstəlik tarixinin çıxarışından görünür ki, mən 04.03- xx.xx.2022-ci il tarixlərdə "F07.2; 506.0, G40.0 (Tez-tez tekrarlanan qıcolma tutmaları) şexsiyyet pozuntusu, disssosiativ daxilolmalar və kəkələmə ilə" diaqnozu qoyulmuşdur. Bundan başqa "Psixi Sağlamlıq Mərkəzi"ndə tərtib edilmiş xx.xx.2023-ci il tarixli 1186 saylı göndərişdə qeyd edilmişdir ki, mən, həmin talixdə prof. Fuad ismayılov tərəfindən müayinə olunmuş və "Uzvi manşəli (İ Qarabağ müharibəsi zamanı alımış travma neticəsində) şəxsiyyət pozuntusu, yaddaş ve intellekt enməsi ilə F07.0" diaqnozu qoyulmuşdur. Hörmətli Kollegiya, diqqətinizi yuxarıda qeyd edilən xəstəliklərimlə əlaqədar verilən Çıxarış və Göndərişlərdə qeyd edilən diaqnozlara çatdırmaq istəyirəm. Qeyd edilən xəstəliklər (G40.8 diaqnozu 6.7 bəndinin 6.7.1 hissəsinə əsasən “Epilepsiya seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına, adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloji simptomatika” (18 yaşınadək şəxslərdə psixoppatoloji simptomatika müşahidə edilmədən) 35-60 faizlə 1 il, T90 kodu ilə öz əksini tapmış diaqnoz isə müddətsiz əlillik təyininə əsas verir. Vahid məhkəmə praktikası onu deməyə əsas verir ki, mənim sağlamlıq vəziyyətimlə əlaqədar əlillik təyin edilməməsi cavabdeh orqanın əlillik təyinatından əsassız imtinasıdır və yuxarıda qeyd edilən diaqnozlarla (əsasən də T90.5 kodlu diaqnoz) məhz müddətsiz əlilliyin təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar atışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir. Sözügedən diaqnoz T90 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə “başın travmalarının nəticələri” olaraq 13.6-cı bənddə nəzərdə tutulmuş və orqanizmin funksiyalarının pozulması müddətsiz 40 faiz müəyyən edilmişdir. Ona görə də cavabdeh orqan mənə ilkin müayinə zamanı əlilliyin təyin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Hətta ekspertiza təyin edilməsə belə Qəbələ Rayon Xəstəxanasına, Respublika Psixatriya Xəstəxanası PHŞ-yə və "Psixi Sağlamlıq Mərkəzi"nə iddiaçının vətənin ərazi bütövlüyü uğrunda sağlamlığının pozulmasına görə qoyulan diaqnozların əlillik təyin edib-etməməsi barədə sorğular verilməklə əlillik dərəcəsinə təyin üçün əsasların mövcud olması qeyd ediləcəkdir. Qanuni qərarın çıxarılması və ədalətin bərpası naminə Sizə ünvanladığım EEQ müayinəsi nəticələri əsasında mənə əlillik təyini ilə bağlı yenidən ekspertiza keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətinə etirazın dəlillərini onunla əsaslandırmışdır ki, vətəndaşın sağlamlıq vəziyyətindən və iş üzrə olan tibb müəssisələrinin sənədlərdən də məlum olduğu kimi hazırki hal vətəndaş üçün əlillik təyinatının rəsmiləşdirilməsinə imkan vermir. Bu səbəbdən də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçının iddiası təmin edilməməlidir. Məhkəmə öz müvafiq qərarında qeyd etmişdir ki, məhkəmə icraatında iddiaçı cavabdehin imtinasını mübahisələndirsə belə onun təkzibi barədə hər hansı bir arqument təqdim etməmiş, hətta müvafiq dövrdə və hazırda işlədiyini bəyan etmişdir. Göründüyü kimi, vətəndaşın əqli, psixi və fiziki vəziyyəti yerində olmuşdur. Qanunvericilikdə vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi ilə əlaqədar tibb müəssisələri tərəfindən forma 88 arayışlarının rəsmiləşdirilməsi üçün əsasların dairəsi müəyyənləşdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi- sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi QAYDASİ” -nın 1.5.1 -ci bəndinə əsasən: Şəxsin eyni xəstəliklə son 6 (altı) av müddətində fasiləsiz və ya son 12 (on iki) av müddətində fasilələrlə ümumilikdə 6 (altı) avdan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndərişin rəsmiləşdirilməsi üçün əsasdır. Nəzərinizə çatdırırıq ki, qanunvericilikdə inzibati orqanlar üçün sözügedən məsələ ilə əlaqədar imperativ tənzimləmə mexanizmi mövcuddur. Həmin Qaydada göndərişin rəsmiləşdirilmə şərtlərinə əməl edilməsi inzibati orqanlar üçün məcburi xarakter daşıyır. Qanunvericilikdə bu halın tətbiq edilməməsi üçün hallar, güzəşt edilməsinə dair hər hansı bir müddəa öz əksini tapmamışdır. Odur ki, vətəndaşa göndərişin verilməsi ilə verilmiş imtinalar tamamilə qanunauyğundur. Həmçinin məhkəmə öz qərarını əsaslandırarkən öz araşdırmasına da istinad edərək iş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının da rəyinə istinad edir. Belə ki, Məhkəmə öx qərarında qeyd edir ki, iş materiallarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 4215 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçı EMQ (Elektromiyoqrafiya) müayinəsinə getməmişdir. Beləliklə də ekspert rəyinə əsasən qərardadda göstərilən sualların cavablandırılması mümkün olmamışdır. Vətəndaşın müraciətlərindən, məhkəmə sənədlərindən o cümlədən müvafiq tibb müəssisələrinin arayışlarından da açıq-aşkar şəkildə görünür ki, iddiaçı qüvvədə olan qanunvericiliyin müddəalarına məhəl qoymamışdır. İnzibati aktın rəsmiləşdirilməsi üçün yetərli hallar yoxdursa və yaxud vətəndaşın özü tərəfindən zəruri addımlar atılmamışdırsa bu zaman inzibati orqanın vətəndaşın hansısa bir hüququnu pozmasından söhbət gedə bilməz. Həmçinin işin tərkibindəki sənədlər inzibati orqanın haqlılığına dəlalət edən bariz sübutlardır. İddiaçı tərəf öz apellyasiya şikayətində həmçinin ona edilmiş əlavələrdə bu sübutların təkzib edilməsinə dair hər hansı bir arqument gətirməmişdir. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. İddiaçı tərəfindən eyni xəstəliklə əlaqədar son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicəyə dair məlumatların olmaması, şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmaması vətəndaşın mübahisələndiridiyi hüququnun mövcud olmadığını göstərməyə kifayət edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”-nın 1.6-cı bəndinə görə : Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı tərəfindən Şəki inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1099/2024 nömrəli qərarına qarşı verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiyini bildirmişdir. Əlavə olaraq onu da qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsasız olaraq qanunazidd qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2-1(116)- 1099/2024 nömrəli qərarının ləğv olunmasını və apellyasiya şikayətinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə sədirlik edənin suallarına cavab olaraq İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və xəstəliyi səbəbindən əvvəlki ekspertizalara gedə bilmədiyini bildirmişdir.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

12. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Mərkəzi Həkim Komissiyasının 674 nömrəli, xx.xx.2013-cü il tarixli qərarı.

2. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2019cu il tarixdə müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir.

3. İş materiallarında olan qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023cü il tarixdə təkrar müayinə olunmuş və ona əlilliyin təyin olunmasından imtina edilmişdir.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1099/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

5. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 4215 nömrəli rəyi.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

14. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və inzibati məhkəmə icraatı iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini işin hallarından asılı olaraq prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: Bənd 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Bənd 4.1. Birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Bənd 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Bənd 4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.

19. xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”

1. Ümumi müddəalar: 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.

2. Əlilliyin müəyyən olunması meyarları. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1).

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimihəkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Maddə 3.1 Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. Maddə 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. Maddə 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. Maddə 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Maddə 3.8. Agentliyin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”:

3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 23.“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti

7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq 35-60 2 il dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin 65-80 2 il azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. İşin müəyyən edilmiş hallarından görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1099/2024 nömrəli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Lakin Azərbaycan Respubilkası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ tərəfindən Şəki İnzibati Məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3433 nömrəli məktubda göstərilmişdir ki, İddiaçı iddiası ilə bağlı təyin etdiyiniz məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi ilə Birliyə təqdim edilməsi bildirilməsinə baxmayaraq bu günə qədər gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən iş icrasız geri qaytarılmışdır.

28. İş materiallarında olan Azərbaycan Respubilkası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ tərəfindən Şəki İnzibati Məhkəməsinə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, T 573/2024 nömrəli məktuba əlavə edilmiş ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı TSEK-ə EMQ müayinəsinə göndərilsə də, müayinəyə getmədiyindən qərardaddakı sualların cavablandırılması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının tələbinin əsaslılığının müəyyən edilməsi müvafiq ekspert rəyinin əsasında məhkəmə tərəfindən rəyin hüquqi baxımdan yoxlanılması vasitəsi ilə mümkündür. İddiaçı tələbində göstərilən halların araşdırılması ilə bağlı iş üzrə təyin edilmiş məhkəmə ekspertizasından keçməkdən imtina etdiyindən, məhkəmə yuxarıda hesab edir ki, iş üzrə iddia tələbinin təmin olunmasını istisna edən faktiki hallar öz təsdiqini tapdığından iddia tələbi təmin edilməməlidir.

29. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının müayinə olunmaq üçün ekspertizaya getməməsi əsası ilə iddia tələbini təmin etməməkdə haqlı olmamışdır. Məhkəmə tərəfindən tərəflərin dinlənilmə hüququ təmin edilərək iddiaçının müayinəyə getməməsinin səbəbləri müəyyən edilməli və getməməsinin səbəbəbinin nəticələrini izah etməli və yenidən ekspertiza təyin edilməli idi.

30. Məhkəmə kollegiyası qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin imperativ göstərişinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. İş üzrə materiallardan görünür ki, cavabdeh orqan iddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişinə münasibətdə xx.xx.2023-cü il tarixdə “Diaqnozun öz təsdiqini tapmaması. Ətraflı: Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul etmişdir. Məhz sonuncu imtina qərarından sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı barəsində tibb müəssisəsinin sonuncu göndərişi əsasında iddiaçıya əlilliyin müəyyən olunmasından imtina haqqında cavabdehin sonuncu qərarı xx.xx.2023-cü il tarixdə qəbul olunmuşdur.

31. Bundan sonra iddiaçı həmin imtina cavabını aldıqdan sonra hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

32. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən verilmiş imtinanın əsassız hesab edilməsi və iddiaçıya həmin tarixdən əlillik dərəcəsi təyin edilməsi barədə qərarın qəbul edilməsindən ibarətdir.

33. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Resbuilkası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 126 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində “Odlu silah qəlpə yaralanmalarından sonra başın sağ gicgah nahiyyəsində bir ədəd, başın sol alın nahiyyəsində bir ədəd, sol əlin İİ barmağının arxa səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozu qoyulmuş və “Hərbi Travmadır, Azərbaycan Respubilkasının müdafiəsi zamanı alınmışdır” qərarı verilmişdir.

34. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müraciətlərindən “Əlavə müalicəyə ehtiyacının olması. Ətraflı: 1994-cü il aprel ayından xəstədir, lakin son illərə qədər ambulator və stasionar müayinə və müalicələri qeyd edilməyib. Dəqiqləşdirilməsi üçşün Əlavə stasionar müalicə təyin edilir” əsası ilə imtina edilmişdir.

35. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)-118/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Lakin Azərbaycan Respubilkası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2025ci il tarixli, 917 nömrəli məktubundan görünür ki, İddiaçı məhkəmə-tibbi ekspertizasının aparılması üçün Birliyə getməmişdir. Bu səbəbdən də sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır.

36. Məhkəmə kollegiyasının iclasında iddiaçının dinlənilmə hüququ təmin edilərək, iddiaçıya ekspertizanın təyin edilməsi və iddiaçının təyin edilmiş ekspertizada iştirak etməsinin zəruriliyi və əsasları, iddiaçının ekpertizaya getməməsinin nəticələri izah edilmişdir. Bundan sonra məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(107)- 118/2025 saylı qərardadı ilə “Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” PHŞ-nin nümayəndələrinin iştirakı olmadan yenidən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

37. Azərbaycan Respubilkası Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli, (T 573/2024 saylı rəyə əlavə) T 562/2025 nömrəli məktubuna əlavə edilmiş ekspert rəyindən görünür ki; - Vətəndaş İddiaçı 16.07-xx.xx.2025-ci il tarixlərdə “X7”nin nevrologiya şöbəsində XBT 10 kodu üzrə “Əsas xəstəlik: G93- keçirilmiş qapalı kəllə-beyin travmasının davamlı qalıq əlamətləri. Ağırlaşma: T90.5-posttravmatik ensefalopatiya. Yanaşı xəstəlik: kəskin ifadə olunmuş asteno- nevrotik sindrom” kliniki diaqnozu ilə müayinə və müalicədə olmuşdur, yəni o, hazırda həmin xəstəliklərdən əziyyət çəkir. - Onun tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün “Qəbələ rayon mərkəzi xəstəxanası” phş tərəfindən tərtib edilmiş 0240003AAGJ6 saylı Forma 088 göndərişində XBT 10 kodu ilə qeyd edilən “Əsas diaqnoz: T90.5- kəllədaxili travmaların nəticələri, keçirilmiş mina partlayışının nəticəsində (1994- cü il) ağır kəllə-beyin travmasının davamlı qalıqları, posttravmatik ensefalopatiyası, kəllədaxili hipertenziya əlamətləri, tez-tez təkrarlanan qıcolma tutmaları və stasionarda olduğu müddətdə 5 dəfə qıcolma tutması baş vermişdir. Ağırlaşmalar: T92.0-yuxarı ətrafın açıq yaralanmasının nəticələri, sol əlin İİ barmağında qəlpə yaralanmasından sonrakı çapıqlar, T90.1-başın açıq yaralanmasının nəticələri, sağ gicgah, sol alın nahiyəsində qəlpə yaralarından sonrakı çapıqlar, G93.2xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya əlamətləri, G40.3-generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları və stasionarda olduğu müddətdə beş dəfə qıcolma tutması baş vermişdir. Yanaşı xəstəliklər: F48.0-nevrasteniya, kəskin ifadə olunmuş asteno-nevrotik hal” diaqnozu ona stasionarda müalicə və müayinəsi zamanı qoyulmuşdur. - Vətəndaş F.Y.Mahmudovun əsas xəstəliyi onda uzun müddət əvvəl yarandığından və xroniki hala keçdiyindən onun ağırlaşmaları da xronikidir. Xroniki xəstəliklər sağalmırlar, yalnız müalicələrdən sonra remissiya mərhələsinə keçirlər və həmin anda xəstə müayinə olunarsa xəstəliyin əlaməti olmaya bilər, bu da heç də xəstəliyin reabilitasiyası demək deyildir. - İddiaçı xx.xx.2023-cü il tarixdə “Psixi Sağlamlıq Mərkəzi”ndə professor Fuad İsmayılov tərəfindən müayinə olunarkən ona “Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, yaddaş və intellekt enməsi İİƏ-F07.0” diaqnozu qoyulmuşdur. Xəstəlik tam reabilitasiya olunmadığından onun hazırda da həmin xəstəlikdən əziyyət çəkməsini inkar etmək mümkün deyildir. - Qərardadda ekspertiza qarşısında qoyulmuş digər suallar meyarlara aid olduğundan həmin sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

38. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli, T 562/2025 saylı ekspert rəyində göstərilən xəstəliklər üzrə “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən İddiaçı hansı növ əlillik dərəcəsinin verilməsi üçün əsas olub-olması, diaqnozun əsasnamədə qeyd edilmiş həmin xəstəliklərlə eynilik təşkil etməsi, eyni zamanda həmin diaqnozun əlillik əlaməti təyin edib-etməməsi barədə məlumatın əldə edilməsi üçün Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-yə və Şəki Rayon Psixiatriya Xəstəxanasına sorğu verilmişdir.

39. İş materiallarında olan Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 923 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı Qəbələ rayonu Bum qəsəbəsində yaşayan İddiaçı xx.xx.2023-cü il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. İddiaçıya qoyulmuş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarına əsasən 2.7.7 hissə 7.6.2 bəndində nəzərdə tutulmuş xəstəliklər əhatə dairəsinə düşür.

40. İş materiallarında olan Azərbaycan Respubilkası Səhiyyə Nazirliyi Şəki Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2025-ci il tarixli, 18-1-78/2-1129/2025 saylı cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı müxtəlif vaxtlarda "X5”, "Qəbələ Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə, "Psixi Sağlamlıq Mərkəzi”ndə müayinə və müalicə olunarkən ona təyin olunmuş diaqnozların XBT 10 kodu ilə sıra ardıcıllığında hər tibb müəssisəsində müəyyən fərqlər yaranmışdır. Ona görə də Həkim Məsləhət Komissiyasında belə qərara alınmışdır ki, İddiaçı sənədlərinin komissiya tərəfindən gəldiyi nəticə hissəsində diaqnozların onun əlilliyinin təyinatına əsas olub olmaması barədə qarşıya qoyulmuş sualların cavablandırılması üçün "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin həssas əhali qrupları ilə iş Departamentinin əlillik məsələləri ilə iş şöbəsinə müraciət olunması məqsədəmüvafiqdir.

41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarında olan X1 tərəfindən İddiaçı barəsində tərtib edilmiş TQS 027 nömrəli ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı zahirən gərgin və narahatdır, kontakta həvəssiz formal qoşulur, verilən suallara qısa əsəbi halda cavab verir, söhbət uzandıqca əsəbiləşir, emosional davamsızdır, yuxusu pozulub, yaddaşı zəif, diqqəti dağınıqdır, adi qıcığa qeyri-adekvat reaksiya verir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. - Həmin Meyarların 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin F07.0 kodu altında üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi aşağıdakı qiymətləndirmələr üzrə əlilliyin dərəcəsinin 2 il müddətinə təyininə əsas verir: - (7.6.2.1) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – orqanizmin funksiyalarının 35 – 60 % pozulması; - (7.6.2.2) məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti – orqanizmin funksiyalarının 65 – 80 % pozulması.

43. Göründüyü kimi, mövcud qanunvericilik normaları üzvi mənşəli şəxsiyyət pozuntusu xəstəliyi olan şəxslərdə (F07.0 diaqnozu) əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – 35-60 % pozulması kimi qiymətləndirilməsinə əsas verir.

44. Kollegiya hesab edir ki, ekspertiza rəyindəki və tibb müəssisəsinin göndərişindəki məlumatlar da mötəbər qiymətləndirilir. Göndərişdə onun barəsində qeyd olunan məlumatlar, o cümlədən “kontakta həvəssiz formal qoşulması”, “verilən suallara qısa əsəbi halda cavab verməsi”, “söhbət uzandıqca əsəbləşməsi”, “emosional davamsızlığı”, “adi qıcığa qeyri-adekvat reaksiya verməsi”, “yaddaşının zəifləməsi”, “diqqətinin dağınıq olması” və “yuxusunun pozulması” iddiaçının sağlamlıq vəziyyətinin «Əlilliyin müəyyən olunması meyarları»nın 7.6.2.1-ci bəndində nəzərdə tutulan hallara uyğunluğunu təsdiqləyir.

45. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).

46. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılması na yönəldilmiş qərar qəbul etmişdir.

47. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, İddiaçı sağlamlıq vəziyyəti «Əlilliyin müəyyən olunması meyarları»nın 7.6.2.1-ci bəndində nəzərdə tutulan hallara uyğun gəldiyindən ona 2 il müddətində OFP-nin 35-60 % müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

48. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə də müvafiq əsaslar olduğu hallarda əlillik imtina haqqında sonuncu qərarın qəbulu tarixindən təyin olunmalıdır (bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-185/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2- 1(102)-1164/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-3050/2024 nömrəli qərarları). Bu baxımdan hazırkı mübahisəyə münasibətdə də iddiaçıya müvafiq əlillik dərəcəsi xx.xx.2023-cü il tarixdən təyin edilməlidir.

49. Göstərilənlərə əsasən, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdehin imtinası qanunauyğun olmamış, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

50. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 13, 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, habelə işin halları tam və hərtərəfli olaraq araşdırılmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir.

52. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməlidir. Odur ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nin 35-60 % müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

53. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRARA ALDİ

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2024-cü il tarixli, 2-1(116)-1099/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən 2 il müddətinə OFP-nin 35-60 % müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar