Məhkəmə qərarları › İş №2-1(107)-119/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-119/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-119/2022 26.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 və üçüncü şəxs Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə- Tədqiqat İnstitutunun 23.01.2021-ci il tarixli Aktına əsasən Oğuz rayonunun Kərimli kəndində iki hissədə yerləşməklə cəmi 0,51 hektardan ibarət iddiaçının istifadəsində (zəbtində) olan torpaq sahələrinin elektron kadastr məlumat bazasına daxil edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2- 1(116)-152/2022 nömrəli qərarından İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, faktiki istifadəsində olan torpaq sahələrinin mülkiyyətinə verilmiş əkin pay torpaq sahəsindən çıxılması və faktiki yerləşmə vəziyyətində istifadəsində olan torpaq sahələrinin sərhəd koordinatlarının naturada müəyyən edilərək, elektron kadastr məlumat bazasına daxil edilməsi və bunun əsasında ona yeni plan-ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, aparılan aqrar islahatlar zamanı Oğuz rayon Kərimli kənd X14 Komissiyasının 06.06.1998-ci il tarixli Qərarına uyğun olaraq iddiaçı və onun ailə üzvlərinə islahatın subyektləri kimi adambaşına düşən pay norması daxilində 0,54 ha torpaq sahəsinin verilməsi nəzərdə tutulmuş, qanuni istifadələrində olan həyatyanı torpaq sahələri qanuni istifadəyə verilən ölçüdə, zəbtlərində olan torpaq sahəsi isə faktiki ölçüdə deyil, hansısa səbəbdən qismən ölçüdə qeyd olunaraq müvafiq adlı siyahıya daxil edilmişdir. Lakin iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə yalnız əkin növ torpağı olmaqla, cəmi 3,24 ha (0,54x6nəfər=3,24 ha) torpaq sahəsi verilmiş və onlara JN-598 kod 40504018 “Torpağın mülkiyyət hüququna dair” Dövlət Aktı, eləcə də qanuni istifadəsində olan 0,16 ha həyatyanı sahəyə dair Dövlət Aktları təqdim edilmiş, həmçinin əkin növ torpağa dair Çıxarış təqdim olunduqdan sonra onlara bəlli olmuşdur ki, hüquqmüəyyənedici sənədlərlə mülkiyyətlərinə verilmiş torpaq sahələrinin hüdudları və yerləşmə yeri faktiki istifadələrində olan torpaq sahələrini əhatə etməməklə, fərqli yerlərdə yerləşir. İddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin 08.05.2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, müraciətlə bağlı mütəxəssislər tərəfindən 19.01.2021-ci il tarixində Oğuz rayonu Kərimli bələdiyyəsinin sədrinin iştirakı ilə iddiaçının, eləcə də ərazidə yaşayan digər şikayətçilərin istifadəsində olan torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ərazidə torpaq islahatı aparılan zaman iddiaçının və digər şikayətçilərin faktiki istifadəsində olan torpaq sahələri zəbt kimi nəzərə alınaraq pay torpaq sahəsindən çıxılmış, lakin həmin ərazilərə aid hüquqi sənədlər verilməmişdir. Arxivdə araşdırma zamanı müəyyən olunmuşdur ki, X14ı komissiyası tərəfindən tərtib olunmuş və rayon aqrar islahatı komissiyası tərəfindən təsdiq edilmiş “Pay almaq hüququ olan subyektlərin siyahısı”nda X7 və onun ailə üzvlərinin adları siyahıya daxil edilmiş, qanuni istifadəsində 0,16 ha həyətyanı torpaq sahəsinin və zəbt kimi 0,96 ha torpaq sahəsinin olduğu, X11 və onun ailə üzvlərinin adları siyahıya daxil edilmiş, qanuni istifadəsində 0,16 ha həyətyanı torpaq sahəsinin və zəbt kimi 0,46 ha torpaq sahəsinin olduğu və X2 və onun ailə üzvlərinin adları siyahıya daxil edilmiş, qanuni istifadəsində 0,16 ha həyətyanı torpaq sahəsinin və zəbt kimi 0,46 ha torpaq sahəsinin olduğu göstərilmişdir. Bu səbəbdən həyətyanı torpaq sahəsində mövcud olan zəbt pay torpaq sahəsindən çıxılaraq ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hər bir ailəyə “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Elektron kadastr məlumat bazasında aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, torpaq islahatı ilə əlaqədar yerli və rayon aqrar islahat komissiyaları tərəfindən təsdiq edilmiş yerquruluşu layihəsində adıçəkilən vətəndaşların yalnız qanuni istifadələrində olan həyətyanı torpaq sahələri öz əksini tapmış və buna əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hər bir vətəndaşın adına “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr tərtib edilmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, fiziki və hüquqi şəxslər tərəfindən torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli barədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. İddiaçının vəkili 12.10.2021-ci il tarixdə hazırlıq icraatı çərçivəsində keçirilən birinci instansiya məhkəməsinin məhkəmə iclasında ərizə təqdim edərək, iddia tələbində dəqiqləşdirmə aparmış və “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İnstitutunun 23.01.2021-ci il tarixli Aktına əsasən Oğuz rayonunun Kərimli kəndində 2 hissədə yerləşməklə cəmi 0.51 hektardan ibarət iddiaçının istifadəsində (zəbtində) olan torpaq sahələrinin elektron kadastr məlumat bazasına daxil edilməsi” barədəq qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasının qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İşdə olan cavabdeh tərəfindən tərtib edilmiş A seriyalı 463275 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, DTXK-nın Oğuz rayon şöbəsinin “Torpağa mülkiyyyət hüququna dair” JN-598 nömrəli 03.11.1999-cu il tarixli Dövlət aktına əsasən Oğuz rayon Kərimli kəndində yerləşən 3,1435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan ********** qeydiyyat nömrəli, 10.01.2020-ci il qeydiyyat tarixli, **********28 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Oğuz rayon Kərimli kəndində yerləşən 3,1435 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Oğuz rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilən “Oğuz rayon Kərimli kənd İƏD üzrə torpaq payı almaq hüququ olan vətəndaşların püşk ardıcıllığı üzrə siyahısı”nın təsdiq edilmiş surətindən görünür ki, 797-ci sırada X3 adı yazılmış və 0,46 ha artıq istifadə etdiyi torpaq sahəsinin olması qeyd edilmişdir. İşdə olan cavabdeh orqanın 03.08.2021-ci il tarixli etiraz məktubunda qeyd edilmişdir ki, İddiaçı 08.04.2020-ci il tarixində ailəsinin istifadəsində olan 0,66 ha həyətyanı və bağ torpaq sahəsinin faktiki vəziyyətdə döngə nöqtə və koordinatlarını vurulmaqla GPS aləti vasitəsilə ölçülməsinə və həmin sahəyə qısa müddət ərzində ayrıca plan-ölçü sənədinin hazırlanmasına köməklik göstərilməsi barədə müraciəti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə daxil olmuşdur. Lakin həmin dövrdə Respublika ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində hərəkət məhdudiyyətinin tətbiq olunması səbəbindən vətəndaşa məxsus torpaq sahələrinə baxış keçirilməsi mümkün olmamışdır. Tətbiq edilən xüsusi karantin rejimi aradan qaldırıldıqdan sonra təkrar müraciət ediləcəyi təqdirdə torpaq sahələrinə baxış keçirilməsi və ölçü işlərinin aparılmasının mümkünlüyü ilə bağlı 14.04.2020-ci il tarixli, **********14 nömrəli məktubla vətəndaşa məlumat verilmişdir. Lakin bundan sonra vətəndaş İddiaçı tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edilməmişdir. Beləliklə, iddiaçı məsələnin məhkəmədən kənar qaydada həll olunması üçün aidiyyəti qaydada inzibati orqana müraciət etmədən məhkəmədə iddia qaldırmışdır. Həmçinin bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə” ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi, verilməsi və torpaq sahəsinin planında (cizgidə) düzəliş edilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilməmişdir. Cavabdeh qeyd edilənlərə əsasən etiraz məktubunda məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşdə olan cavabdehin 25.08.2021-ci il tarixli “inzibati iş üzrə sərəncamın icra edilməsi barədə” məktubunda isə qeyd edilmişdir ki, vətəndaş X1 müraciəti ilə əlaqədar aparılmış əlavə araşdırma zamanı məlum olmuşdur kı, sonradan Oğuz rayonunun Kərimli kəndinin sakinləri tərəfindən edilən 18.01.2021-ci il tarixli müraciət əsasında 23.01.2021-ci il tarixində vətəndaş X1 da istifadəsində olan torpaq sahələrində onun iştirakı ilə mütəxəssislər tərəfindən GPS aləti vasitəsilə çöl-ölçmə işləri aparılmış, torpaq sahələrinin yeri naturada tanıdılmış, bununla bağlı müvafiq akt və sxem tərtib edilmişdir. İddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iddia tələbi “hazırda faktiki istifadəsində olan torpaq sahələrinin naturada sərhəd koordinatlarının müəyyən edilərək tanıdılması” hissəsində məhkəmədən kənar qaydada icra olunmuşdur. İddia tələbinin digər hissəsi ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-cı il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə” ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi, verilməsi və torpaq sahəsinin planında (cizgidə) düzəliş edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilməmişdir. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.3-cü bəndinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsim təmin edir. Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi və verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Bundan əlavə iddiaçı iddia ərizəsində nail olmaq istədiyi məqsədini aydın göstərməməklə qeyri-müəyyənlik yaratmışdır. Cavabdeh sözügedən məktubunda iş üzrə məhkəməyə təqdim edilmiş etiraza əlavə olaraq yuxarıda qeyd olunanları və iddia tələbinin “torpaq sahəsinə yeni plan-ölçü sənədinin verilməsi” hissəsi üzrə cavabdehin düzgün seçilmədiyini nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşdə olan 23.01.2021-ci il tarixli Aktın surətindən görünür ki, akt Oğuz rayonu Kərimli kəndində LTİ-nin mühəndislərinin, Kərimli kənd bələdiyyəsinin nümayəndəsinin, iddiaçının və X8 iştirakı ilə tərtib edilmişdir. Aktda qeyd edilir ki, mühəndislər qeyd edilən şəxslərin iştirakı ilə ərazidə olmuş və torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı iddiaçının Kərimli kəndi ərazisində iki hissədə yerləşməklə 0,51 ha zəbt torpaq sahəsinin olduğu məlum olmuşdur. Eyni zamanda aqrar islahat zamanı iddiaçı və onun ailə üzvlərinə 3,24 ha pay torpaq sahəsi verilmişdir. Yerli AİK-nin 06.07.1998-ci il tarixli 08 nömrəli iclas protokoluna əlavə olunmuş adlı siyahıda iddiaçının adına 0,46 ha normadan artıq istifadə olunan torpaq sahəsi göstərildiyindən yerli AİK tərəfindən 3,24 ha pay torpaq sahəsindən həmin 0,46 ha hissə çıxarılmış və iddiaçıya 2,78 ha pay torpaq sahəsi naturada göstərilmişdir. Lakin pay torpaq sahəsinə mülkiyyət hüququna dair dövlət aktına düzəliş olunmamış və zəbt torpaq sahəsinə də hüquqmüəyyənedici sənəd verilməmişdir. İşdə olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı və ailə üzvlərinin istifadəsində olan faktiki torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi tərtib edilmiş yerqurluşu planın-1 və yerqurluşu planı-2 göstərilmişdir. Yerqurluşu planı 1də göstərilən torpaq sahəsi 0,25 hektar olmaqla yaşayış məntəqəsi təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası çoxillik əkmələr olmaqla fərdi yaşayış evinin tikilməsi üçün nəzərdə tutulan əraziyə düşür. Yerqurluşu planı 2-də göstərilən torpaq sahəsi 0,26 hektar olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası çoxillik əkmələr olmaqla kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan əraziyə düşür. Çıxarışda (yerqurluşu planı 3) göstərilən torpaq sahəsinin mülkiyyətçisi İddiaçı və ailə üzvləridir. Yerqurluşu planı 1-də və yerqurluşu planı 2-də göstərilən torpaq sahələrinin istifadəçiləri İddiaçı və ailə üzvləridir. Çıxarışda (yerqurluşu planı 3) göstərilən torpaq sahəsi, yerqurluşu planı 1-də və yerqurluşu planı 2-də göstərilən faktiki torpaq sahələri ilə üst-üstə düşmür. İş materiallarının 81-ci səhifədə öz əksini tapan “Oğuz rayon Kərimli kənd torpaqlarının elektron kadastr uçot informasiya bazasından çıxarış”da iddiaçının faktiki istifadəsində olan 0,25 ha torpaq sahəsinin yaşayış məntəqələri təyinatlı bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olması qeyd edilmişdir. İş materiallarının 83-cü səhifədə olan “Oğuz rayon Kərimli kənd torpaqlarının elektron kadastr uçot informasiya bazasından çıxarış”da iddiaçının faktiki istifadəsində olan 0,26 ha torpaq sahəsinin kənd təsərrfütaı təyinatlı bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsi olması qeyd edilmişdir. Cavabdehə birinci instansiya məhkəməsinin məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 11 yanvar 2022-ci il tarixli, 2- 1(116)-152/2022 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki Layihə-Tədqiqat İnstitutunun 23.01.2021-ci il tarixli Aktına əsasən Oğuz rayonunun Kərimli kəndində iki hissədə yerləşməklə cəmi 0,51 hektardan ibarət iddiaçının istifadəsində (zəbtində) olan torpaq sahələrinin elektron kadastr məlumat bazasına daxil edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 Şəki İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(116)-152/2022 nömrəli qərarının ləğv edilərək yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(116)-152/2022 nömrəli qərarının ləğv edilərək yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Qanuni nümayəndə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nümayəndəsi və üçüncü şəxlər X6, Ziyayev Kurban, X4, X5 və Oğuz rayon Kərimli kənd bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(116)- 152/2022 nömrəli qərarı ləğv edilərək, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-cı il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə” ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi, verilməsi və torpaq sahəsinin planında (cizgidə) düzəliş edilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid edilməmişdir. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2.0.3-cü bəndinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsim təmin edir. Əsasnamənin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsi və verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (hal-hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ərazi idarələri) tərəfindən həyata keçirilir. İşdən götünür ki, iddiaçı iddia ərizəsində nail olmaq istədiyi məqsədini aydın göstərməməklə qeyri-müəyyənlik yaratmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə kollegiyası araşdırma zamanı müəyyən etmişdir ki,birinci instansiya məhkəməsi iddiaçıya iddia ərizəsində cavabdehin düzgün secilməsi, o cümlədən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə heç bir hüquqi yardım göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. - 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə əhəmiyyətli sayda sübutları araşdırmadan iddia tələbini təmin etməməkdə haqlı olmamışdır, ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati iş üzrə araşdırmanın davam etdirilməsi və əhəmiyyətli sayda sübutlar araşdırılmalı olduğundan inzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 12, 48 və 87- ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2-1(116)-152/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar