Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-12/2022 01.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə (Açar sözlər: əmək pensiyasının verilməsi, güzəştli şərtlər) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kоllegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və ona güzəştli şərtlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2011-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş, lakin xx.xx.2020-ci il tarixli qərarla pensiyanın ödənişi dayandırılmışdır. Belə ki, cavabdeh orqan iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd etmişdir ki, araşdırma qrupu tərəfindən iddiaçının pensiya işində olan sənədlər araşdırılarkən xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək və xx.xx.1991-ci ildən xx.xx.2000-ci ilədək İsmayıllı rayonu, 838 nömrəli Yol Tikinti İdarəsindəki sığorta stajı şübhə doğurduğu üçün həmin dövrün sosial sığorta stajının yolxanılması məsləhət görülsə də, 1987-2000-ci illərin sosial sığorta stajının düzgünlüyünün yoxlanılması arxiv sənədlərinin saxlanmaması səbəbindən mümkün olmadığı üçün həmin müddətin xüsusi (güzəştli) və ümumi iş stajının tərkibinə daxil edilməsinin qanuna uyğun olmaması səbəbindən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv olunmuş və ona xx.xx.2016-cı il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. İş Materiallarında olan DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli, **********2 nömrəli etirazda qeyd edilir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Şəki Apellyasiya Məhkəməsində işə baxılarkən Şəki İnzibati Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-386/2021 saylı (hakimlər Rövşən Rəfiyev-sədrlik edən və məruzəçi, Elçin Hüseynov və Vəzirxan Məlikov) qərardadı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 19 aprel 2021-ci il tаrixli, 2-1(116)-347/2021 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(107)-386/2021 qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-105/2022 saylı qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(107)-386/2021 saylı qərardadının ləğv edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-112/2021 qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı (sədrlik edən hаkim İlqar Cabbarov) qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 07 sentyabr 2020-ci il tarixli qərarının ləğv ediməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) üzərinə İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli əmri, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrinə və əsasnaməyə əsasən cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır. Ümumiyyətlə Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığının nədən ibarət olması əsaslandırılmamış, hətta tapşırıq olduğu halda belə pensiyanın dayandırılması qanunsuz olmuşdur. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019-cu il tarixli **********2 nömrəli Əmri, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli **********7 nömrəli əmrinə və əsasnaməyə əsasən cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır. Ona görə də cavabdehin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilməli və İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı xx.xx.2020-ci il tarixdən ödənilməsinin təmin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 8.1.3, 12, 19.1, 32.1, 35, 38, 38.1, 46.3, 52, 69.5, 70.1, 70.3, 71.1, 110.1, “İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5, 65.1.1, 65.1.2, 65.1.4, 65.1.5, 65.1.6, 65.2, 67.1, 67.2, 67.3, 68-ci, Dövlət rüsuçu haqqında qanunun 9.1.12-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2019- cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırki Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir (əlavə olunur). Sözügedən Əmrin icrası ilə əlaqədar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli **********7 nömrəli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən həyata keçirilməsi ilə bağlı bəzi tədbirlərin görülməsi haqqında Əmrinin 2-ci bəndinə əsasən 2019- cu il 10 may tarixindən etibarən Fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun 9-cu və 20-ci maddələrinə əsasən pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin (Mərkəzi Filialın) müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq adıçəkilən İdarəyə (Mərkəzi Filiala) təhvil verilməlidir (əlavə olunur). Əmrin 3-cü bəndinə əsasən həmin Əmrin 2-ci bəndinə uyğun olaraq təhvil verilmiş pensiya işləri üzrə ödənişlər İdarə (Mərkəzi Filial) tərəfindən həyata keçirilməlidir. Sözügüdən Əmrdə qeyd olunanlara əsasən müvafiq pensiya işlərinin Mərkəzi Filiala təqdim edilməsi prosesi çərçivəsində Fondun İsmayıllı rayon şöbəsi (hazırki 14 saylı regional ərazi filialı) tərəfindən pensiya təyin edilmiş şəxslərin pensiya işləri xx.xx.2020-ci il tarixində Mərkəzi Filiala təhvil verilmiş, bununla əlaqədar olaraq təhvil-təslim aktı imzalanmışdır. Pensiya ödənişi yuxarıda qeyd olunan tarixdən əvvəl dayandırıldığından Fondun İsmayıllı rayon şöbəsinin bu barədə qərar qəbul etmək səlahiyyətləri olmuşdur. Bu səbəbdən də, hesab edir ki məhkəmə işi tam araşdırmadan və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol verilmiş və birinci instansiya məhkəməsi iddianı əsassız olaraq təmin etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” qanunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Lakin bununla bağlı məhkəmə kollegiyası qeyd etmək istəyir ki, inzibati orqanın səlahiyyətli olub-olmamasının yoxlanılmasına predmet, instansiya və ərazi aidiyyətinin yoxlanılması daxildir. İnzibati aktı qəbul etmiş inzibati orqanın səlahiyyətli olub-olmaması məsələsi ona görə xüsusi əhəmiyyət kəsb edir ki, İİQ-nin 65-ci maddəsinin hazırkı redaksiyasına əsasən, inzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu da inzibati aktın etibarsızlığı üçün əsaslardan biri qismində çıxış edə bilər. Həmin Qanunun 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Həmin Məcəllənin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-ci maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən inzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 87.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2-1(116)-347/2021 saylı qərarının ləğv edilib iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərarı qismən, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbi hissəsində ləğv ediməli, həmin hissə üzrə yeni qərar qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərarı "cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 07 sentyabr 2020-ci il tarixli qərarının ləğv ediməsi" hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının iddiası iki tələbdən ibarətdir. Birinci tələb cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasının ləğv olunması haqqında 7 sentyabr 2020-ci il tarixli qərarın ləğv olunmasıdır. İkinci tələb isə iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı tarixdən ödənilməsinin təmin edilməsinin cavabdehə tapşırılmasıdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiasında irəli sürülmüş həmin tələblər əslində bir vahid tələb olmaqla, ayrılmazdır. Belə ki, pensiyanın dayandırılması barədə 7 sentyabr 2020-ci il tarixli qərar ləğv olunursa, o zaman pensiyanın ödənilməsi avtomatik olaraq davam edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh orqanın 7 sentyabr 2020-ci il tarixli qərarına əsasən iddiaçıya 20 iyun 2011-ci il tarixindən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək və xx.xx.1991-ci ildən xx.xx.2000-ci ilədək İsmayıllı rayonu, 838 nömrəli Yol Tikinti İdarəsindəki sığorta stajı şübhə doğurduğu üçün 1 sentyabr 2020-ci il tarixindən dayandırılmış, əvəzində 01 yanvar 2020-ci il tarixindən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmçinin, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, əmək kitabçasında iddiaçının İsmayıllı rayonu, 838 nömrəli Yol Tikinti İdarəsində xx.xx.1984-cü ildən xx.xx.1989-cu ilədək usta və xx.xx.1991-ci ildən xx.xx.2000-ci ilədək iş icraçısı işlədiyi qeyd edilmişdir. Eyni zamanda, cavabdeh orqanın xx.xx.2020-ci il tarixli qərarının təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçının xx.xx.1991-xx.xx.2000-ci illərdə İsmayıllı rayonu, 838 nömrəli tikinti idarəsində işlədiyi dövrlərin iş stajının yoxlanılması mümkün olmadığı üçün onun pensiya işi ləğv edilmişdir. Qərarda göstərilir ki, iddiaçıya ümumi əsaslarla 01 yanvar 2020ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bununla yanaşı, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilir ki, iddiaçının xx.xx.1991-xx.xx.2000-ci illərdə İsmayıllı rayon 838 nömrəli Yol Tikinti İdarəsində işlədiyi dövr güzəştli iş stajına daxil edilmədiyindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına əsasən Fondun İsmayıllı rayon filialı tərəfindən adıçəkilən şəxsə güzəştli şərtlərlə yaşa görə ödənilən pensiya ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 8 fevral 2019-cu il tarixli **********2 nömrəli Əmrinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələri üzrə əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması, bir növündən digər növünə keçirilməsi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi (hazırkı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən həyata keçirilir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 8 fevral 2019-cu ildə təsdiq edilmiş əsasnaməsinin, həmçinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 iyul 2020-ci ildə təsdiq edilmiş əsasnaməsinin 3.1.8-ci bəndinə əsasən Qanunun 9-cu və 20-ci maddələrinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, pensiyanın bir növündən digərinə keçirilməsini və ödənilməsini, yenidən hesablanmasını, qanunla nəzərdə tutulmuş hallarda pensiya ödənişinin dayandırılmasını və xitamını həyata keçirmək İdarənin (hazırda Mərkəzi filialın) vəzifələrinə aid edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun 30 aprel 2019-cu il tarixli **********7 nömrəli əmrinin 1-ci bəndində qeyd edilir ki, 2019-cu ilin 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən aparılması ilə əlaqədar fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılsın. Əmrin 2-ci bəndinə əsasən 2019-cu ilin 10 may tarixinədək fondun rayon (şəhər) şöbələri tərəfindən Qanunun 9-cu və 20-ci maddələrində qeyd edilir ki, pensiya təyin edilmiş şəxslərin pensiya işlərinin İdarənin müəyyən etdiyi mərhələli qaydaya uyğun olaraq 1 (bir) il müddətində adıçəkilən idarəyə təhvil verilməsi başa çatdırılsın. Belə olan halda, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə pensiyanı dayandırmaq və ya ona xitam vermək səlahiyyəti olmamışdır. Ümumiyyətlə, Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığının nədən ibarət olması əsaslandırılmamış, hətta tapşırıq olduğu halda belə pensiyanın dayandırılması qanunsuz olmuşdur. Digər tərəfdən, iddiaçıya təyin edilmiş pensiyanın dayandırılması barədə qərar qəbul edilməmişdən öncə “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati icraat aparılmalı və yalnız inzibati icraatın nəticələrindən asılı olaraq müvafiq qərar qəbul edilməli idi (Qanunun İV, Vİ fəsilləri). Lakin bunlar cavabdeh tərəfindən icra edilməmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddiasının ikinci tələbi, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməməlidir. Belə ki, əvvəla ikinci tələb iddianın birinci tələbindən asılıdır, yəni pensiya ödənilməsinin dayandırılması qərarı ləğv olunduğundan, ödənişlər bərpa edilməlidir. Digər tərəfdən, cavabdehin kassasiya şikayətinin dəlillərində qeyd etdiyi kimi, cavabdeh 23 iyul 2020-ci il tarixindən artıq pensiya məbləğini ödəyən təşkilat deyil, bu səlahiyyət Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala verilmişdir. Yəni, bu tələb üzrə hazırkı Cavabdehlik daşıya bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərarı qismən, yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbi hissəsində ləğv ediməli, həmin hissə üzrə yeni qərar qəbul edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Şəki İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərarı "cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 07 sentyabr 2020-ci il tarixli qərarının ləğv ediməsi" hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərarı iddiaçıya güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının verilməsinin dayandırıldığı 1 sentyabr 2020-ci il tarixindən ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qərar qəbul edilsin. İddia həmin hissədə təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(116)-347/2021 saylı qərarı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialının (hazırda 14 saylı regional ərazi filialı) 07 sentyabr 2020-ci il tarixli qərarının ləğv ediməsi" hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-12/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-12/2022
01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver