Məhkəmə qərarları › İş №2-1(107)-12/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-12/2023

25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-12/2023 25.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək X6 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-453/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək 43 nömrəli X6 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən əlilliyə görə pensiya təyin edilməsi və təyin olunaraq ödənilmiş əlilliyə görə müavinətlə pensiya məbləği arasında yaranan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli hüquqi yardım məktubu əsasında iddia tələbini cavabdeh orqana münasibətdə dəqiqləşdirmiş, tələbinin yönəldiyi cavabdeh orqanı Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı göstərmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-1633/2021 nömrəli qərardadı ilə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək X6 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

6. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı xx xxxxxx 1960-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. O, 1974-cü ildə 43 nömrəli X6 məktəbinə qəbul olunmuş və 1976-cı il tarixdə həmin texniki peşə məktəbini üçüncü dərəcəli rəngsaz ixtisası üzrə bitirmişdir. 1974-1976-cı illərdə 43 nömrəli X6 məktəbində təhsil aldığı müddətin sosial sığorta stajı kimi hesablanması və əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə cavab olaraq göstərmişdir ki, iddiaçının sığorta stajı 21 il 11 ay olmaqla qanunvericilikdə nəzərdə tutulmuş 14 il 10 aydan çox olmasına baxmayaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış 14713, 53 manat pensiya kapitalı qanunvericilikdə tələb olunan məbləğdən (14998,83 manat) azdır. Buna görə də 2-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun texniki peşə məktəbində təhsil aldığı dövr iş stajı kimi hesablanacağı təqdirdə onun pensiya kapitalı ona pensiya təyin edilməsinə imkan verəcək. Belə ki, qanunvericiliyə əsasən texniki peşə məktəbində təhsil müddəti də iş stajı kimi hesablanır.

8. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qərarı ilə xx.xx.2018-ci ildə İİ qrup əlillik dərəcəsi verilmişdir. Qanunvericiliyə görə İddiaçı xx.xx.2018-ci ildə pensiya təyin edilməsi üçün sosial sığorta stajı ilə yanaşı pensiya kapitalı da tələb olunurdu.

9. “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

10. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə əsasən, sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır.

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 4.2.3-cü bəndinə əsasən, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyqun olaraq. 2006-2018-cı illər üzrə isə istehlak qiymətləri indeksinin illik səviyyəsi əsasında indeksləsdirilir.

12. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün müraciət edilən tarixə 14 il 4 ay sığorta stajının olması vacibdir. Belə ki, iddiaçıya münasibətdə tələb olunan sosial sığorta stajının hesablanma qaydası aşağıdakı kimidir: 58 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü), 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay, 172 ay : 12 ay = 14 il 4 ay.

13. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı isə 14998.83 manatdır. ((14 il x 12)+ 4) x 144 : 192 = 129 ( gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı). 129 x 116.27 (2018-ci il üçün əmək pensiyasının minimum məbləği) = 14998.83 manat.

14. Lakin iddiaçının 2018-ci ilə qədər fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 14713.53 manat təşkil edir (iddiaçıya münasibətdə 2018-ci ildə tələb olunan pensiya kapitalı isə 14998.83 manat təşkil edirdi).

15. Göründüyü kimi, iddiaçıya İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalı tamamlanmadığına görə, ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin olunması mümkün olmamışdır.

16. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir.

17. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

18. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

19. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 aprel 2022-ci il tarixli 2- 1(116)-453/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

21. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin qərarı ilə xx.xx.2018-ci ildə İİ qrup əlillik dərəcəsi verilmişdir. Qanunvericiliyə görə İddiaçı xx.xx.2018-ci ildə pensiya təyin edilməsi üçün sosial sığorta stajı ilə yanaşı pensiya kapitalı da tələb olunurdu. İddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğu üçün müraciət edilən tarixə 14 il 4 ay sığorta stajının olması vacibdir. Belə ki, iddiaçıya münasibətdə tələb olunan sosial sığorta stajının hesablanma qaydası aşağıdakı kimidir: 58 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 43 il (əmək qabiliyyətli yaş dövrü), 43 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 172 ay, 172 ay : 12 ay = 14 il 4 ay. İddiaçıya münasibətdə tələb olunan pensiya kapitalı isə 14998.83 manatdır. ((14 il x 12)+ 4) x 144 : 192 = 129 ( gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı). 129 x 116.27 (2018-ci il üçün əmək pensiyasının minimum məbləği) = 14998.83 manat. Lakin iddiaçının 2018-ci ilə qədər fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 14713.53 manat təşkil edir (iddiaçıya münasibətdə 2018-ci ildə tələb olunan pensiya kapitalı isə 14998.83 manat təşkil edirdi). İddiaçının sosial sığorta stajının və pensiya sığorta kapitalının yenidən hesablanması ilə bağlı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına xidməti məktub yazılmışdır. Cavab məktubunda bildirilmişdir ki, araşdırma məlumatına əsasən iddiaçının əlilliyinin müəyyən edildiyi tarixdəki yaşına (58 yaş) uyğun olaraq ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə 14 il 4 ay iş stajı və 14998,83 manat pensiya kapitalı tələb olunur. İddiaçının xx.xx.2006-cı il tarixədək 15 il 2 ay sosial sığorta stajına uyğun olaraq formalaşan 10639,07 manat və xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4070,68 manat pensiya kapitalı, cəmi 14709,75 manat olmaqla ona münasibətdə minimum pensiya təminatına imkan verən pensiya kapitalından (14998,83 manat) az təşkil edir. Bu səbəbdən də onun əlilliyə görə əmək pensiyası hüququ yaranmır. Fondun 15 saylı regional ərazi filialının tərtib etdiyi xx.xx.2021-ci il tarixli yoxlama aktına əsasən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti dövrü onun iş stajına əlavə edilmir. Belə ki, 1993-cü ildə əmək haqqı cədvəlində “Rasul” adında qaralama edilmiş, fərqli diyircəkli qələmlə yazılaraq 13 ay üzrə əmək haqqı hesablanması aparılmışdır. Həmçinin, xx.xx.1976-cı il tarixli 1484 nömrəli attestatın surətinə əsasən xx.xx.1975-xx.xx.1976-cı illərdə təhsil aldığı dövr (15 yaşının tamam olduğu tarixdən nəzərə alınmaqla) sosial sığorta stajına daxil edilmişdir. Göründüyü kimi, iddiaçı tələb olunan (14 il 4 ay) sosial sığorta stajına qarşılıq xx.xx.2006-cı il tarixədək 15 il 2 ay sosial sığorta stajına malik olsa da eyni zamanda tələb olunan (14998,83 manat) pensiya kapitalına malik olmadığından ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-453/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-453/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)- 453/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

24. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-522/2021 nömrəli qətnaməsindəndən görünür ki, X6 Məktəbi tərəfindən verilmiş, 23 iyul 1976-cı il tarixli, 1484 nömrəli attestatın İddiaçı məxsus olması hüquqi faktı müəyyən edilmişdir. - ИТ seriyalı ******* nömrəli, xx.xx.1983-cü il və ******* nömrəli xx.xx.2010-cu il tarixdə tərtib edilmiş əmək kitabçalarında iddiaçıya əlilliyin təyin olunduğu xx.xx.2018-ci il tarixədək əmək faəliyyəti dövrü aşağıdakı kimi göstərilmişdir: xx.xx.1983 – xx.xx.1987 (4 il 3 ay 11 gün) xx.xx.1990-xx.xx.1994 (3 il 9 ay 12 gün) xx.xx.1987 – xx.xx.1988 (1 il, 1 ay, 18 gün) xx.xx.2010-xx.xx.2018 (8 il 2 ay 11 gün) xx.xx.1988 – xx.xx.1990 (1 il 6 ay 3 gün), - xx.xx.1976-cı il tarixli 1484 nömrəli attestatın təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə (1 il 10 ay 22 gün) X6 Məktəbində təhsil almışdır. - SHXÇÜDX-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı 05.1978- 05.1980-cı illərdə (2 il) hərbi xidmət keçmişdir. - TSEK-nin sonuncu müayinəyə dair məlumatından görünür ki, iddiaçıya xx.xx.2018ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli xidməti məktubunda aşağıda qeyd edilmiş məlumatlar öz əksini tapmışdır: xx.xx.1981-cı ildə tərtib olunmuş ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1980-xx.xx.1982 və xx.xx.1982-xx.xx.1983-cü illər üzrə əmək fəaliyyəti dövrləri, xx.xx.1981-cı ildə tərtib olunmuş ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsəsən xx.xx.1983-xx.xx.1987; xx.xx.1987-xx.xx.1988; xx.xx.1988-xx.xx.1990; xx.xx.1991-xx.xx.1992; xx.xx.1994-xx.xx.1994-cu illər üzrə əmək fəaliyyəti dövrləri; xx.xx.1976-cı il tarixil 1484 nomrəlı atestatın surətinə əsasən xx.xx.1975- xx.xx.1976cı illərdə təhsil aldığı dövr (15 yaşının tamam olduğu tarixdən nəzərə alınmaqla) Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin xx.xx.2021-ci İ tarixli 388 nömrəli arayışına əsasən xx.xx.1978-xx.xx.1980-cı illərdə hərbi xidmətdə olduğu dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 15 il ümumi iş stajı və ikinci dərəcəli əlilliyin müəyyən edildiyi xx.xx.2018-ci il tarixədək indeksləşdirilməklə 9372,79 manat pensiya kapitalı vardır (15 il x 306=4590 manat: 4590+8 3%+16.7%+20 8% +1 5% + 5,7%+7 9%+1.1%+2.4% + 1.4%+4%+12,4% + 5,7%+ 3%= 9372.79 manat). Əlavə olaraq bildiririk ki, Fondun 15 saylı Regional ərazi filialının tərtib etdiyi 25 08 2021- ci ıl tarixli yoxlama aktına əsasən iddiaçının xx.xx.1993-cu il tarixindən xx.xx.1994cü il tarixinədək əmək fəaliyyəti dövrü onun ümumi iş stajına daxil edilməmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (X1 Sisteminin Pensiya altsısteminə əsasən xx.xx.2010-cu il tarixindən xx.xx.2018-ci il tarixinədək sığorta stajı əsasında 4957,06 manat xx.xx.2010-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək 6650 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, iddiaçının xx.xx.2018-ci ıl tarixə sığorta kapitalı cəmi 9372,79 4957,06 =14323,35 manatdır. Həmçinin bildiririk ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçun xx.xx.2018-ci il tarixə tələb olunan sığorta stajı 14 il 4 aydır ((58 yaş-15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü=43) x 4 ay = 172 ay/12=14 il 4 ay). Buradan tələb olunan sığorta stajı 192-ə blünməklə sığorta davamiyyəti əmsalı 172 ay /192= 0,895 müəyyən edilmişdir. İddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan minimum pensiya kapitalı sığorta davamiyyəti əmsalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına və əmək pensiyasının minimum məbləğinə vurulması qaydası ilə (0.7708 x 144x167=14998,32 manat) hesablanmaqla 14998,82 manat təşkil edir. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə Şəki Rayon Kooperativ Cəmiyyətinə 1993-1994-cü illər üzrə əmək haqqı cədvəllərinin əslinin məhkəmə kollegiyasına təqdim edilməsi barədə sorğu edilmişdir. Şəki Rayon Kooperativ Cəmiyyəti tərəfindən məhkəmə kollegiyasına xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 1993-cü il tarixli 46 nömrəli əmək haqqı kitabından görünür ki, kitabın 63-cü sırasında İddiaçı adı Məmmədov Kərim yazılmış və sonradan İddiaçı olaraq düzəliş edilmişdir. Qeyd edilən kitabda İddiaçı adı X3 ilə eyni sırada göstərilmişdir. 1994-cü il tarixli 49 nömrəli əmək haqqı kitabından görünür ki, kitabın 63-cü sırasında İddiaçı adı X3 ilə eyni sırada göstərilmişdir. - xx.xx.2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun 15 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli Aktına əsasən, 1990-cı il əmək haqqı kitabında fevral, mart və oktyabr ayı üçün əmək haqqı hesablanması aşkar olunmuşdur. Əmr kitabında işə qəbul tarixi xx.xx.1990-cı il olmasına baxmayaraq 1990-cı ildə əmək haqqı cədvəllərində feval və aprel aylarında da əmək haqqı göstərilmişdir. 1990-cı ilin əmək haqqı cədvəllərində İddiaçı adı fərqli diyircəkli qələmlə qeyd olunmuş və ata adı göstərilməmişdir. 1991-ci ilin 12 ayı üzrə əmək haqqı hesablanması aparılmışdır. 1992-ci ildə əmək haqqı cədvəllərində İddiaçı Nəriman oğlu adı yazılmışdır və 12 ay üzrə əmək haqqı hesablanması aparılmışdır. 1993-cü ildə əmək haqqı cədvəllərində Rasul adı qaralama edilmiş, fərqli diyircəkli qələmlə yazılaraq 12 ay üzrə əmək haqqı hesablanması aparılmışdır. 1994-cü ildə İddiaçı adına yanvar, mart, aprel aylarında əmək haqqı hesablanmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

26. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

27. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.

28. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.

29. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınaniş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 1.0.8-ci maddəsinə əsasən, fərdi hesabın sığorta hissəsi — əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - 1.0.12-ci maddəsinə əsasən,əmək pensiyasının sığorta hissəsi — fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir; - 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir; - 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. - 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Qanunun iddiaçıya əlillik təyin olunan zaman qüvvədə olmuş 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur və sonradan həmin məbləğ bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilir; - 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir; - 13.3-cü maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH — əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK — sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T — gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K — sığorta davamiyyəti əmsalıdır.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

32. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-453/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

33. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

34. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

35. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

36. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. İş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-522/2021 nömrəli qətnaməsi ilə X6 Məktəbi tərəfindən verilmiş, 23 iyul 1976-cı il tarixli, 1484 nömrəli attestatın İddiaçı məxsus olması hüquqi faktı müəyyən edilmişdir. xx.xx.1976-cı il tarixli 1484 nömrəli attestata əsasən, iddiaçı xx.xx.1974-xx.xx.1976-cı illərdə (1 il 10 ay 22 gün) X6 Məktəbində təhsil almışdır. ИТ seriyalı ******* nömrəli, xx.xx.1983-cü il və ******* nömrəli xx.xx.2010-cu il tarixdə tərtib edilmiş əmək kitabçalarında iddiaçıya əlilliyin təyin olunduğu xx.xx.2018-ci il tarixədək əmək faəliyyəti dövrü aşağıdakı kimi göstərilmişdir: xx.xx.1983 – xx.xx.1987 (4 il 3 ay 11 gün) xx.xx.1990-xx.xx.1994 (3 il 9 ay 12 gün) xx.xx.1987 – xx.xx.1988 (1 il, 1 ay, 18 gün) xx.xx.2010-xx.xx.2018 (8 il 2 ay 11 gün) xx.xx.1988 – xx.xx.1990 (1 il 6 ay 3 gün), SHXÇÜDX-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, iddiaçı 05.19xx-xx.1980-ci illərdə (2 il) hərbi xidmət keçmişdir. TSEK-nin sonuncu müayinəyə dair məlumatından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixdən 5 il müddətinə ikinci dərəcəli əlillik verilmişdir. İddiaçı cavabdehə müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya 19 dekabr 2019-cu il tarixli, **********78 saylı məktub göndərərək pensiya kapitalı tələb olunan minimum əmək pensiyası kapitalından az olduğu üçün ona pensiya təyin olunmasından imtina etmişdir.

38. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı təhsil illərinin sosial sığorta stajına daxil edilləcəyi təqdirdə onun əliliyə görə pensiya təyin olunması üçün tələb olunan kapitalının tamamlanmasından ibarətdir.

39. İstinad olunan maddi hüquq normalarının tələbindən görünür ki, ali, orta ixtisas, texniki peşə məktəblərində təhsil müddəti iş stajına daxil edilməlidir. Qanunvericilikdə qeyd edilən dövrün əmək stajına daxil edilməsi barədə konkret göstəriş olduğundan o, bu hüquqdan məhrum edilə bilməz. Habelə, şəxsin təhsil aldığı dövrün qanunvericiliyinə görə həmin dövr artıq onun əmək stajı hesab edilir.

40. İddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Belə ki, bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir yəni, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olubolmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir.

41. İstər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir.

42. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir.

43. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının xx xxxxxx 1960-cı il təvəllüdlü olmaqla ona 2 avqust 2018-ci il tarixdə əlillik müəyyən olunması nəzərə alınarsa, əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün 14 il 4 ay sığorta stajı (əlillik dərəcəsi verilərkən olan yaş 58 – 15 yaş əmək qabiliyyətli olmayan dövr = 43 il x 4 ay = 172 ay : 12 = 14 il 4 ay) olmalı, həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.

44. İddiaçıya əlilliyin təyin olunduğu xx.xx.2018-ci il tarixə 14 il 4 ay sosial sığorta stajı və 14998.83 manat pensiya kapitalı tələb olunur.

45. İşdə olan cavabdeh tərəfindən təqdim edilmiş xidməti məlumatda iddiaçının xx.xx.2006-cı il tarixədək 15 il ümumi iş stajına malik olması, xx.xx.1976-cı il tarixil 1484 nomrəli attestatın surətinə əsasən iddiaçının təhsil aldığı dövr (15 yaşının tamam olduğu xx.xx.1975-ci il tarixdən) nəzərə alınması, Fondun 15 saylı Regional ərazi filialının tərtib etdiyi xx.xx.2021-ci il tarixli yoxlama aktına əsasən iddiaçının xx.xx.1993-cu il tarixindən xx.xx.1994-cü il tarixinədək əmək fəaliyyəti dövrünün onun ümumi iş stajına daxil edilməməsi və hesablanmış əmək stajına uyğun olaraq xx.xx.2006-cı il tarixədək 9372.79 manat pensiya kapitalının olması bildirilsə də, məhkəmə müvafiq məlumatları aşağıda qeyd olunan əsaslara görə düzgün hesab etmir:

1. Cavabdehin öz təqdim etdiyi hesablama qaydasında 15 il x 306=4590 manat: 4590+8,3%+16.7%+20 8% +1 5% + 5,7%+7 9%+1.1%+2.4% + 1.4%+4%+12,4% + 5,7%+ 3%= 9372.79 manat müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin iclasında tərəflərin iştirakı ilə həmin məbləğ yenidən hesablanarkən yekun nəticənin 9372.79 manat yox, 9992.48 manat olması müəyyən edilmişdir.

2. Digər tərəfdən iddiaçının xx.xx.2006-cı ilədək ümumi əmək stajı 16 il 11 ay 3 günə bərabər olduğu halda cavabdeh həmin müddəti 15 ilə bərabər hesab edir və heç bir qanuni əsas olmadan iddiaçının xx.xx.1993-cu il tarixindən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu dövrü və Texniki Peşə məktəbində xx.xx.1974-cü ildən xx.xx.1975-ci il tarixədək olan dövrü ümumi əmək stajına daxil edilmir. Bu isə iddiaçının faktiki olaraq 1 il 5 ay 17 gün sığorta stajının nəzərə alınmaması deməkdir.

46. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Fondun 15 saylı regional ərazi filialının tərtib etdiyi xx.xx.2021-ci il tarixli yoxlama aktına əsasən iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək əmək fəaliyyəti dövrü onun iş stajına əlavə edilmir. Belə ki, 1993-cü ildə əmək haqqı cədvəlində “Rasul” adında qaralama edilmiş, fərqli diyircəkli qələmlə yazılaraq 13 ay üzrə əmək haqqı hesablanması aparılmışdır.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış və bununla bağlı xx.xx.2022-ci il tarixdə Şəki Rayon Kooperativ Cəmiyyətinə 1993-1994-cü illər üzrə əmək haqqı cədvəllərinin əslinin məhkəmə kollegiyasına təqdim edilməsi barədə sorğu edilmişdir. Şəki Rayon Kooperativ Cəmiyyəti tərəfindən məhkəmə kollegiyasına xx.xx.2022-ci il tarixdə təqdim edilmiş 1993-cü il tarixli 46 nömrəli əmək haqqı kitabına baxış keçirilən zaman müəyyən edildi ki, kitabın 63-cü sırasında İddiaçı adı Məmmədov Kərim yazılmış və sonradan diyircəkli qələmlə İddiaçı olaraq düzəliş edilmiş, ata adı göstərilməmişdir. Qeyd edilən kitabda İddiaçı adı X3 ilə eyni sırada göstərilmişdir. 1994-cü il tarixli 49 nömrəli əmək haqqı kitabına baxış keçirilən zaman müəyyən edildi ki, kitabın 63-cü sırasında İddiaçı adı X3 ilə eyni sırada göstərilmiş, İddiaçı ata adı göstərilməmişdir.

48. Bununla yanaşı, xx.xx.2023-cü il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondunun 15 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli Aktına əsasən, 1990-cı il əmək haqqı kitabında fevral, mart və oktyabr ayı üçün əmək haqqı hesablanması aşkar olunmuşdur. Əmr kitabında işə qəbul tarixi xx.xx.1990-cı il olmasına baxmayaraq 1990-cı ildə əmək haqqı cədvəllərində feval və aprel aylarında da əmək haqqı göstərilmişdir. 1990cı ilin əmək haqqı cədvəllərində İddiaçı adı fərqli diyircəkli qələmlə qeyd olunmuş və ata adı göstərilməmişdir. 1991-ci ilin 12 ayı üzrə əmək haqqı hesablanması aparılmışdır. 1992-ci ildə əmək haqqı cədvəllərində İddiaçı Nəriman oğlu adı yazılmışdır və 12 ay üzrə əmək haqqı hesablanması aparılmışdır. 1993-cü ildə əmək haqqı cədvəllərində Rasul adı qaralama edilmiş, fərqli diyircəkli qələmlə yazılaraq 12 ay üzrə əmək haqqı hesablanması aparılmışdır. 1994-cü ildə İddiaçı adına yanvar, mart, aprel aylarında əmək haqqı hesablanmışdır.

49. Cavabdehin təqdim etdiyi, 15 il sığorta stajına münasibətdə aparılmış hesablama qaydasına uyğun olaraq həmin müddəti ən azı 1 il artırmaqla yəni, 16 il müddətə münasibətdə (nəzərə alınmalıdır ki, həmin müddət 16 ildən artıqdır) tərəflərin iştirakı ilə təkrar hesablama aparılmış və iddiaçının xx.xx.2018-ci il tarixə indeksləşdirilməklə müəyyən edilməli olan pensiya kapitalının məbləği 10893,13 manat müəyyən edilmişdir.

50. Müəyyən edilən 10893,13 manatın üzərinə xx.xx.2010-cu il tarixdən xx.xx.2018-ci il tarixədək hesablanmış 4957.06 rəqəmini gəldikdə 15850,19 manat alınır ki, bu da tələb olunan 14998.83 manatdan çox olmaqla iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalından çoxdur.

51. İstinad edilən maddələrin tələblərinə görə İİ və İİİ qrup əlillərə pensiya hüququnun yaranmasının şərtlərinə şəxsin müvafiq sığorta stajına malik olması və müəyyən məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanması aiddir. Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin müddətinin başlanğıcı isə əlilliyin müəyyən edildiyi gün hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlilliyin müəyyən etdiyi tarixinə 14 il 4 ay sosial sığorta stajının toplanması zəruri olmuş, lakin iddiaçının 23 il 8 ay sosial sığorta stajının olması müəyyən olunmuşdur. Yəni iddiaçı əlillik üzrə pensiyanın təyin edilməsi üçün zəruri olan sığorta stajını toplamışdır. Əlilliyə görə zəruri olan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalına münasibətdə də iddiaçı zəruri pensiya kapitalını toplamışdır.

52. Maddələrin tələblərinə görə, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına sığorta hissəsinin hesablanması üçün ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi və xüsusi hesabdakı vəsait aiddir. Sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı il yanvarın 1-dək qazanılmış ümumi iş stajının hər ili üçün 306 manat hesablanmalıdır. Cavabdeh tərəfindən bildirilmişdir ki, iddiaçının 14713 manat pensiya kapitalı vardır. İddiaçıya münasibətdə əlilliyə görə pensiyanın təyin edilməsi üçün onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmaması müəyyən edilməlidir.

53. Göründüyü kimi, əlilliyə görə pensiya məbləğinin müəyyən edilməsi üçün ilk olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulmalıdır. Bu əmsal əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının 192ə bölünməklə tapılır. Əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajının ayları 172 olduğundan, əmsal 0,895 təşkil edir (172 : 192). Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur (0,895 x 144=128.88) və məhkəmə tərəfindən hesablanmış, minimal pensiya sığorta kapitalı (PSK=15850.19) alınmış rəqəmə bölünərək (15850.19 : 128.88= 122.98 manat) pensiyanın məbləği 122.98 manat kimi müəyyən edilir. Bu məbləğ istinad edilən Qanunun 6-1-ci maddəsində əks olunmuş əmək pensiyasının minimum məbləğindən az olmadığından, iddiaçının əlilliyə görə pensiya hüququ yaranır.

54. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının xx.xx.1974-cü ildən xx.xx.1976-ci ilədək X6 məktəbində təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2018-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.

55. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

56. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli 2-1(116)-453/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar