Məhkəmə qərarları › İş №2-1(107)-12/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-12/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-12/2024 11.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X4 şəhid statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-1059/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdeh tərəfindən X4 6-cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təminatçısı (müfəttiş) 29 sentyabr 2022-ci il tarixdə Hərbi Polis İdarəsindən daxil olmuş 1188 nömrəli telefonoqrammanın icrası ilə əlaqədar olaraq xidməti avtomobillə avtomobil karvanını müşayiət etməyə gedərkən hərbi xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində vəfat etdiyinə görə şəhid və onun valideynlərinə, həyat yoldaşına şəhid ailəsi statusuna dair arayışın verilməsindən imtinanın qanunsuz hesab olunması və həmin statusun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “cavabdeh tərəfindən X4 6-cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təminatçısı (müfəttiş) 29 sentyabr 2022-ci il tarixdə Hərbi Polis İdarəsindən daxil olmuş 1188 nömrəli telefonoqrammanın icrası ilə əlaqədar olaraq xidməti avtomobillə avtomobil karvanını müşayiət etməyə gedərkən hərbi xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində vəfat etdiyinə görə şəhid statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, mərhum X6, 1994-cü ildə Ağsu rayonunda anadan olmuş, həqiqi hərbi xidmətə xx.xx.2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsi tərəfindən çağırılmışdır. X11 Nazirliyinin Hərbi Polis İdarəsinin 6-cı hərbi polis bölməsinin təlimatçısı (müfəttişi) olaraq gizir rütbəsində hərbi xidmət etmişdir. 29 sentyabr 2022-ci tarixdə Hərbi Polis İdarəsindən daxil olmuş 1188 nömrəli telefonaqrammanın icrası ilə əlaqədar gizir X6 6-cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təlimatçısı (müfəttiş) olaraq NİVA VAZ 21214 markalı M 871 QQ hərbi nömrə nişanlı xidməti avtomobildə avtomobil karvanını müşayiət etməyə gedərkən, BakıQazax Gürcüstan sərhədi yolunun Yevlax rayonu Səmədabad kəndi ərazisindən keçən 293-cü kilometrliyində avtoqəza nəticəsində hərbi xidməti vəzifəsini yerinə yetirərkən vəfat etmişdir. Ölüm hərbi xidməti vəzifəsini yerinə yetirən zaman olmuşdur. X10 şəhid statusu verilməsi üçün Müdafiə Nazirliyinə müraciət edilmiş, lakin, müraciət təmin edilməmişdir.

5. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1-ci bəndində şəhid anlayışı verilmişdir. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.6.-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Sözügedən normanın dispozisiyasında “Şəhid” statusunun verilməsi üçün zəruri şərt döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəxsin həlak olması, itkin düşməsi və məhkəmənin qərarına ölmüş elan edilməsi əks edilmişdir. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid” hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır. Döyüş təminatının anlayışı “Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nın 8.2-ci maddəsinə əsasən Döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir. Növləri: -Kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı. İş materiallarından məlum olur ki, mərhum gizir X7, 6- cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təlimatçısı (müfəttiş) 29 sentyabr 2022-ci il tarixdə Hərbi Polis idarəsindən daxil olmuş 1188 nömrəli telefonaqrammanın icrası ilə əlaqədar, xidməti avtomobillə avtomobil karvanını müşayiət etməyə gedərkən hərbi xidmət vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində vəfat etmişdir, odur ki, onun ölüm şəraiti döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi şəraitinə uyğun gəlmir. Mərhum V.N.Kərimlinin avtoqəza nəticəsində həlak olması döyüş tapşırığı və ya döyüş təminatı ilə əlaqədar olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndində təsbit edilən “şəhid” statusunun verilməsinə dair təsbit olunan əsaslar mövcud deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 31 may 2023-cü il tarixli, 2- 1(116)-1059/20233 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərarında döyüş təminatı ilə bağlı tapşırığın əsl mahiyyətini üzə çıxartmayıb və iddiaçının iddiasını qanunsuz və əsasssız olaraq təmin etməyib. Hadisəyə konkret olaraq döyüş təminatı tapşırığı kimi yanaşmış və bu səbəbdən onlar üçün qeyri-obyektiv qərar qəbul edilib. Amma məsələnin mahiyyəti isə döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi olmalı idi. Bundan başqa tərəfindən elektron kabinetdə yerləşdirilməklə xx.xx.2023-cü il tarixdə Şəki İnzibati Məhkəməyə həmin günü müşayiət ediləcək yük avtomobilində olan ləvazimatların döyüş təminatı xarakterli olub-olmaması ilə bağlı məlumatların aydınlaşdırılması üçün vəsatət verilsə də, məhkəmə bilərəkdən bunu təmin etməmiş və baxmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-1059/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-1059/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdilər.

11. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - 6-cı hərbi polis bölməsinin rəisinin 219 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir X6, 6-cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təlimatçısı (müfəttiş) 29 sentyabr 2022-ci il tarixdə Hərbi Polis İdarəsindən daxil olmuş 1188 nömrəli telefonaqrammanın icrası ilə əlaqədar, xidməti avtomobillə avtomobil karvanını müşayiət etməyə gedərkən hərbi xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza nəticəsində vəfat etdiyinə görə, 29 sentyabr 2022-ci il tarixdən bütün növ təminatlardan çıxarılmış hesab olunmuşdur. Ölüm hərbi xidmti vəzifəsini yerinə yetirən zaman olmuşdur. 1994-cü ildə Ağsu rayonunda anadan olub, azərbaycanlı, həqiqi hərbi xidmətə xx.xx.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi tərəfindən çağırılmışdır. 29 sentyabr 2022-ci il tarixdə Ağsu rayonunda dəfn olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 3-43-6/2-214/2023 nömrəli məktubuna əlavə olunmuş X3 SQ ******* nömrəli xidmət dəftərçəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən 6-cı Hərbi Polis bölməsində Hərbi avtomobil müfəttişliyinin təlimatçısı (müfəttişi) olmuş Valeh Kərimli avtomobillə avtomobil karvanını müşayiət etməyə gedərkən avtoqəza nəticəsində həlak olmuşdur, ölüm hərbi xidməti vəzifəsinin icrası ilə bağlıdır, xx.xx.2022-ci il tarixdə Ağsu rayonu Musabəyli kənd qəbiristanlığında dəfn olunub. Sənədləri qeydiyyat üçün SHXÇDX-nin Ağsu rayon şöbəsinə göndərilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 167-ci maddəsinə əsasən həlak olduğu üçün xx.xx.2022-ci il tarixdən Azərbaycan Ordusunun hərbi qulluqçularının siyahısından çıxarılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-25-11/2-1178/2023 nömrəli məktubuna əlavə olunmuş Sürücü və Maşın Başçılarının Təlimatlandırılması kitabından görünür ki, sıra nömrəsi 747 olan 6-cı hərbi polis bölməsinin giziri V.Kərimliyə VAZ21214 markalı M87100 nömrəli maşın təhkim olunmuşdur. Həmin məktuba əlavə olunmuş xx.xx.2022-ci il tarixli 806 nömrəli yol vərəqəsindən görünür ki, maşın texniki cəhətdən sazdır, çıxarışın səbəbi naryad, maşının markası VAZ21214, maşının nömrə nişanı M87100, aparılan yük şəxsi heyət qeyd olunmuşdur. Həmin məktuba əlavə olunmuş N nömrəli hərbi hissənin komandirinin Hərbi Polis İdarəsinin rəisinə ünvanladığı məktubdan görünür ki, N nömrəli hərbi hissənin xüsusi yük daşıyan avtomobil texnikalarının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Kürdəxanı-Mingəçevir və Kürdəxanı-Şuşa marşurutu üzrə hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Hərbi Yol Polisi müfəttişinin və avtomobil texnikasının ayrılmasına köməklik göstərilməsi xahiş olunmuşdur. 1188 nömrəli telefonoqramadan görünür ki, Hərbi Polis İdarəsinin rəsinin 1-ci, 5-ci, 6cı, 9-cu Hərbi Polsi bölmələrinin rəsilərinə əmrində 981 h/h-yə məxsus avtomobil karvanının xx.xx.2022-ci il tarixdə Kürdəxanı-Şuşa və Kürdaxanı-Qaraməmədli marşrutu üzrə müşayiət edilməsi HAM tərəfindən təmin olunması əmri verilmişdir. - Məhkəmə kollegiyasının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə verdiyi 9 oktyabr 2023-cü il tarixli sorğusuna əsasən verilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Polis İdarəsinin 19 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hərbi hissəyə məxsus xüsusi yük daşıyan avtomobil texnikalarının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Kürdəxanı - Mingəçevir marşrutu üzrə hərəkətinin təhlükəsizliyini təmin etmək barədə Hərbi Polis İdarəsinin rəisinə müraciətinin təmin edilməsi məqsədilə Hərbi Polis İdarəsinin tabeliyində olan aidiyyəti hərbi polis bölmələrinin rəislərinə 29 sentyabr 2022-ci il tarixli 1188 nömrəli telefonoqramla müvafiq tapşırıqlar verilmişdir. Qeyd olunan tapşırıqlar Azərbaycan Respublikası müdafiə nazirinin 14 fevral 2003cü il tarixli 60 nömrəli əmrilə təsdiq olunmuş “Hərbi Yol Müfəttişliyi haqqında Əsasnamə”nin tələblərinə əsasən N nömrəli hərbi hissənin xüsusi yük daşıyan avtomobil texnikalarının hərəkəti zamanı yol hərəkət qaydalarına riayət üzrə aydınlaşdırma işinin aparılmasından, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsindən, şəhər və yaşayış məntəqələrinin ərazisində kolonun hərəkətini təşkil etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikasının rayon və şəhərlərinin ərazi üzrə hərbi polis bölmələrinə təhkim olunma bölgüsünə əsasən yuxarıda qeyd olunan avtomobil texnikalarının Bakı şəhərindən Kürdəmir rayonunun ərazisinə qədər 1-ci hərbi polis bölməsinin (Bakı), Kürdəmir rayonundan N nömrəli hərbi hissənin Mingəçevir rayonunda yerləşən bölməsinə qədər isə 6-cı hərbi polis bölməsinin (Yevlax) hərbi avtomobil müfəttişliyi tərəfindən müşayiət olunması nəzərdə tutulmuşdur. 6-cı hərbi polis bölməsinin sabiq hərbi qulluqçusu mərhum X1 avtomobil kolonunu 1ci hərbi polis bölməsinin hərbi avtomobil müfəttişlərindən təhvil almaq və müşayiəti Kürdəmir rayonundan Mingəçevir rayonunun ərazisinə qədər davam etdirmək məqsədilə Yevlax rayonundan Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində həlak olmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər:. 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər.

16. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

18. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanunun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.

19. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı.

20. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

25. Cavabdeh orqana ilkin müraciət X9 həyat yoldaşı X5 tərəfindən edilmiş və cavabdeh orqan sonuncunun müraciətinə cavab olaraq imtina cavabı vermişdir. Hazırkı iddia ərizəsi isə X9 atası tərəfindən məhkəməyə təqdim edilmişdir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda ər-arvad, valideynlərin ... şəhid ailəsinin üzvləri hesab edilməsi təsbit edilmişdir (maddə 1).

26. Belə olan halda X9 şəhid olması barədə arayışın əldə edilməsi həm mərhumun həyat yoldaşının, həm də valideynlərinin şəhid ailəsi hesab edilməsi üçün əsas olacağından məhkəmə hesab edir ki, mərhumun həyat yoldaşı və valideynlərinin hazırkı iddia tələbinə baxılmasında müştərək hüquqi maraqları mövcuddur. Odur ki, cavabdeh orqanın imtina cavabının əsaslarını nəzərə alaraq və prosessual qənaət prinsipini rəhbər tutaraq, əlavə məhkəmə çəkişmələrinin aradan qaldırılması məqsədilə məhkəmə, X2 müraciətinə verilmiş imtina cavabını hazırkı iddiaçı tərəfindən də, iddianın qaldırılması üçün zəruri olan cavabdeh orqanın müraciətin təmin edilməsindən imtina cavabı kimi qəbul edir və hesab edir ki, ilk öncə analoji tələblə cavabdeh inzibati orqana müraciət edilməklə bağlı iddianın xüsusi mümkünlük şərtinə əməl olunmuşdur.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, 1994-cü ildə Ağsu rayonunda anadan olmuş, həqiqi hərbi xidmətə xx.xx.2017-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon Şöbəsi tərəfindən çağırılmışdır. 29 sentyabr 2022-ci il tarixdə Hərbi Polis İdarəsindən daxil olmuş 1188 nömrəli telefonaqrammanın icrası ilə əlaqədar 6-cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təlimatçısı (müfəttiş) olaraq NİVA VAZ 21214 markalı M 871 QQ hərbi nömrə nişanlı xidməti avtomobildə avtomobil karvanını müşayiət etməyə gedərkən, Bakı-Qazax Gürcüstan sərhədi yolunun Yevlax rayonu Səmədabad kəndi ərazisindən keçən 293-cü kilometrliyində avtoqəza nəticəsində hərbi xidməti vəzifəsini yerinə yetirərkən vəfat etmişdir.

29. Lakin, X9 hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir.

30. X13 29 sentyabr 2022-ci il tarixdə vəfat edərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını (kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji)) və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlillərinin əsasını birinci instansiya məhkəməsi tərəfindən X3 6-cı hərbi polis bölməsinin hərbi avtomobil müfəttişliyinin təlimatçısı olaraq 29 sentyabr 2022-ci il tarixdə Hərbi Polis İdarəsindən daxil olmuş 1188 nömrəli telefonoqramın icrası ilə əlaqədar xidməti avtomobillə müşayiət etməli olduğu avtomobil karvanı hansı hərbi hissəyə getməli və konkret olaraq hansı təminatı və ya təminatları çatdırmalı olmasının araşdırılmaması təşkil edir.

32. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə sorğu edilmiş və 19 dekabr 2023-cü il tarixli sorğuya cavab məktubu ilə bildirilmişdir ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin hərbi hissəyə məxsus xüsusi yük daşıyan avtomobil texnikalarının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Kürdəxanı - Mingəçevir marşrutu üzrə hərəkətinin təhlükəsizliyini təmin etmək barədə Hərbi Polis İdarəsinin rəisinə müraciətinin təmin edilməsi məqsədilə Hərbi Polis İdarəsinin tabeliyində olan aidiyyəti hərbi polis bölmələrinin rəislərinə 29 sentyabr 2022-ci il tarixli 1188 nömrəli telefonoqramla müvafiq tapşırıqlar verilmişdir. Qeyd olunan tapşırıqlar Azərbaycan Respublikası müdafiə nazirinin 14 fevral 2003-cü il tarixli 60 nömrəli əmrilə təsdiq olunmuş “Hərbi Yol Müfəttişliyi haqqında Əsasnamə”nin tələblərinə əsasən N nömrəli hərbi hissənin xüsusi yük daşıyan avtomobil texnikalarının hərəkəti zamanı yol hərəkət qaydalarına riayət üzrə aydınlaşdırma işinin aparılmasından, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsindən, şəhər və yaşayış məntəqələrinin ərazisində kolonun hərəkətini təşkil etməkdən ibarət olmuşdur. Azərbaycan Respublikasının rayon və şəhərlərinin ərazi üzrə hərbi polis bölmələrinə təhkim olunma bölgüsünə əsasən yuxarıda qeyd olunan avtomobil texnikalarının Bakı şəhərindən Kürdəmir rayonunun ərazisinə qədər 1-ci hərbi polis bölməsinin (Bakı), Kürdəmir rayonundan N nömrəli hərbi hissənin Mingəçevir rayonunda yerləşən bölməsinə qədər isə 6-cı hərbi polis bölməsinin (Yevlax) hərbi avtomobil müfəttişliyi tərəfindən müşayiət olunması nəzərdə tutulmuşdur. 6-cı hərbi polis bölməsinin sabiq hərbi qulluqçusu mərhum X1 avtomobil kolonunu 1-ci hərbi polis bölməsinin hərbi avtomobil müfəttişlərindən təhvil almaq və müşayiəti Kürdəmir rayonundan Mingəçevir şəhərində ərazisinə qədər davam etdirmək məqsədilə Yevlax rayonundan Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində həlak olmuşdur.

33. Göründüyü kimi X13 sadəcə öz xidməti vəzifələrini yerinə yetirmişdir. Belə ki, onun vəzifəsi hərbi maşın karvanını N nömrəli hərbi hissənin döyüş şəraitində olmayan Mingəçevir şəhərində yerləşən bölməsinə qədər müşayiət etməkdən ibarət olmuşdur.

34. Məhkəmə kollegiyası hesab edir ki, X9 hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmədiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X9 hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmədiyindən cavabdeh orqan haqlı olaraq iddiaçının müraciətini təmin etməmişdir.

36. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, X4 şəhid statusuna dair arayışın verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, X4 şəhid statusuna dair arayışın verilməsindən imtina barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

37. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X4 şəhid statusuna dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2-1(116)-1059/20233 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar