Məhkəmə qərarları › İş №2-1(107)-120/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-120/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-120/2021 19.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN-2174H kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair Şəki İnzibati Məhkəməsinin 2- 1(84)-558/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN-2174H kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) 2-1(84)- 558/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilərək, JN-2174H nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin iddiaçının adına torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-469/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Bundan sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti Şəki İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixli 1183 nömrəli ərizə göndərərək, qeyd olunan inzibati işin təzələnməsini və işə yenidən Mingəçevir Şəhər İcra Hakimiyyətinin iştirakı ilə baxılmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(84)-558/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(84)-558/2019 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə Mingəçevir şəhər İcra Hakimiyyətinin ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Mingəçevir şəhər icra hakimiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadını qanunsuz və əsassız hesab edir. Həmin qərardad onun qanunla qorunan maraqlarına toxunur. Belə ki, Mingəçevir şəhər sakini İddiaçı 2019-cu ildə Şəki İnzibati-İqtisadi Məhkəməsində X3 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia qaldıraraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi adından verilmiş JN-2774 H kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş Mİngəçevir şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət Reyestrində qeydiyyata alınmasını, plan ölçüsü sənədlərinin hazırlanmasını və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2019-cu il tarixli 2-1(84)- 558/2019 nömrəli qərarı ilə iddianı təmin etmişdir. Həmin qərardan DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bildirmişdir ki, 2020-ci ildə vətəndaş İddiaçı şəhərin X.Əliyev küçəsindəki 6 nömrəli çoxmənzilli yaşayış binasının yanında olan, vətəndaşların ümumi istifadə yerini hasarlamağa cəhd etdikdə həmin binanın sakinləri şəhər İcra Hakimiyyətinə gələrək şikayət etmişlər. Şəhər İcra Hakimiyyətinin işçiləri İddiaçı hansı əsaslarla ərazini hasarlamaq istədiyini soruşduqda o, DƏDRX-nin çıxarışını və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarını təqdim etmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti qanuni qüvvəsinə minmiş məhkəmə qərarından onun hüquqları pozulduqdan və qanunla qorunan maraqlarına toxunulduqdan sonra xəbərdar olmuşdur. Bununla bağlı DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə sorğu edilmiş və İddiaçı dövlət Reyestrindən çıxarışın verilməsinə əsas olmuş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti tələb olunmuşdur. Həmin şəhadətnamə alındıqdan sonra müəyyən olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə əsas guya Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2004-cü il tarixli 293 nömrəli Sərəncamı olmuşdur. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi Mingəçevir şəhər icra Hakimiyyətini üçüncü şəxs qismində məhkəmə proseslərinə cəlb etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(84)558/2019 qərardadının ləğv edilməsini, yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(84)558/2019 qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollagiyası iş materiallarına əlavə edilmiş sənədləri araşdırıb müəyyən edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bundan başqa, məhkəmə kollegiyası müəyyən edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28- ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2017-ci il tarixli Qərarının nəticəvi hissəsinin 1-ci və 2-ci bəndlərində deyilir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında daha sonra deyilir: "Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir:- qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına;- inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır." Göründüyü kimi, Mingəçevir Şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, onun ərizəsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi o halda mümkündür ki, həmin məhkəmə qərarının Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozması müəyyən edilmiş olsun. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə məhkəmə qərarı ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasını əsaslandırması, eləcə də pozulduğunu iddia etdiyi hüquqlarının və maraqlarının nəzərdə tutulduğu normativ-hüquqi aktlara istinad etməsi təklif edilsə də, o, bunu etməmiş və xx.xx.2020-ci il tarixli 1319 nömrəli ərizəsində JN- 2174H kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmasını və vətəndaşların ümumi istifadə yeri olmasını bildirməklə kifayətlənmiş, məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmənin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktubları ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X3 Xidmətinə aşağıdakı suallarla bağlı sorğu edilmişdir: 1) İddiaçı adına olan JN-2174H kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha torpaq sahəsi elektron bazada kimin mülkiyyəti kimi göstərilmişdir? 2) Elektron bazada həmin 0,04 ha torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatı necə göstərilmişdir? Lakin sorğulara alınmış xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, JN- 2174H kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" elektron bazada mövcud olmadığı üçün məlumatın verilməsi mümkün deyil. Göründüyü kimi, Mingəçevir Şəhər İcra Hakimiyyəti qeyd olunan 0,04 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə sübut təqdim etməmiş, məhkəmə tərəfindən edilmiş sorğu da səmərə verməmişdir. Eyni zamanda, Mingəçevir Şəhər İcra Hakimiyyəti məhkəməyə yazdığı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələrində özü ilə yanaşı, həm də Mingəçevir Bələdiyyəsinin işə cəlb edilməməsindən narazılığını ifadə etmişdir. Məhkəmənin fikrincə, bu onu deməyə əsas verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti özü də torpaq sahəsinin dövlət mülkiyyətində olmasında tam əmin deyil, torpağın kimin mülkiyyətində olması ilə bağlı tərəddüd edir, hətta torpağın bələdiyyə mülkiyyətində olması fikrinə də yol verir. Əks halda, o, məhkəməyə torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sənəd təqdim edərdi, eləcə də Mingəçevir Bələdiyyəsinin məhkəmə icraatına cəlb edilməsinin zəruriliyini bildirməzdi. Məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə izah edilmişdir ki, Mingəçevir Bələdiyyəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasını əsaslandırmaqla məhkəməyə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, məhkəmə qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizə verə bilər. Lakin məhkəmə kollegiyasına bugünədək belə bir ərizə verilməmişdir. Beləliklə, məhkəmə bu qərara gəldi ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qərarının Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozması müəyyən edilmədiyinə görə onun ərizəsi əsasında həmin qərar ləğv edilə və işə mahiyyəti üzrə baxılması təzələnə bilməz. Eyni zamanda, məhkəmə kollegiyası təkrarən izah edir ki, Mingəçevir Bələdiyyəsi həmin məhkəmə qərarı ilə öz hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğunu hesab edirsə, bunu əsaslandırmaqla üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, məhkəmə qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Bundan başqa İPM 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Göründüyü kimi məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, axud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini mümkün saymamaqla prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası X3 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı "JN-2174H kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbini mümkün sayılmamasında haqlıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(84)-558/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar