Məhkəmə qərarları › İş №2-1(107)-120/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-120/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-120/2023 29.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan, yəni 19 fevral 2022-ci ildən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-1(116)-1704/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı xx.xx.1979-cu ildə Oğuz rayonu Mollalı kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır.

2. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.

3. Bundan sonra İddiaçı ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli **********62401 nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir.

4. Cavabdeh orqan tərəfindən xx.xx.2021-ci ildə İddiaçı qeydiyyatda olduğu Oğuz rayonu Mollalı kəndində maddi-məişət şəraitinin yoxlanılması zamanı uyğunsuzluq aşkar olunmadığından ona xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 379,39 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir.

5. Daha sonra cavabdeh orqan tərəfindən xx.xx.2022-ci ildə iddiaçının qeydiyyatda olduğu Oğuz rayonu Mollalı kəndində növbəti maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının göstərdiyi ünvanda yaşamaması aşkar edilmiş və onun sosial yardım almaq hüququna 1 il məhdudiyyət tətbiq edilmişdir. Belə ki, "Ərizə-bəyannamə"də yaşayış ünvanının Oğuz rayonu Mollalı kəndində göstərildiyi halda, xx.xx.2022-ci ildə keçirilmiş maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən edilmişdir ki, ərizəçi ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yaşamır.

6. İddiaçı dayandırılmış sosial yardımın alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ünvanlı sosial yardımın alınması üçün müraciətdən f690a602d6bb4d9aae3df7338a28a0f1 nömrəli bildirişlə imtina edərək bildirmişdir ki, maddi-məişət şəraitinin müayinəsi zamanı "Ərizə-bəyannamə"də qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyinə (ailənin "Ərizə-bəyannamə"də göstərdiyi ünvanda yaşamaması) görə "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq iddiaçının sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır.

7. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı "ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.

8. O, tələbini belə əsaslandırmışdır ki, o, müayinə və müalicələri ilə əlaqədar rayon mərkəzinə köçmüş və hazırda Oğuz şəhərində kirayədə yaşayır. Cavabdehin imtina məktubu tam əsassızdır. Belə ki, cavadebdeh imtinanın səbəbi kimi onun maddi-məişət şəraitinin müayinəsi zamanı qeydiyyatda olduğu ünvanda olmamağını bildirsə də, iddiaçı qeyd edir ki, bunun səbəbi araşdırılmadan sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır.

9. Cavabdehin nümayəndəsi iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********6 nömrəli etiraz məktubunda bildirmişdir ki, müayinə barədə tərtib olunan **********24 nömrəli akta əsasən, keçirilən monitorinq zamanı mərkəzi filialın əməkdaşları iddiaçının atası ilə birlikdə sözügedən ünvana gəlmiş və ünvanda heç kim olmamışdır. İddiaçının atası İddiaçı ailə üzvləri ilə birlikdə Oğuz şəhərində kirayədə yaşadıqlarını və qeyd olunan mənzilə isə bəzi hallarda baxmaq üçün gəldiklərini bildirmiş və tərtib olunan aktla tanış olsa da, imzalamaqdan imtina etmişdir. Eyni zamanda, keçirilən müayinə zamanı mənzilə məxsus "Azərişıq" abonent kodunun yoxlanılması zamanı heç bir sərfiyyatın olmaması aşkar edilmişdir.

10. Birinci instansiya məhkəməsində şifahi məhkəmə baxışı zamanı İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvanlı sosial yardımın dayandırılma vaxtının xx.xx.2022-ci il kimi qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 29 noyabr 2022-ci il tarixli 2- 1(116)-1704/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. Cavabdeh inzibati orqan apellyasiya şikayətini imtina məktubunun dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-1(116)- 1704/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-1(116)-1704/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-1(116)-1704/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Tibbi-sosial ekspert komissiyasının xx.xx.2014-cü il tarixli qərarından görünür ki, İddiaçı müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. - Elektron sistemdən çıxarışdan görünür ki, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci ildə İddiaçı qeydiyyatda olduğu Oğuz rayonu Mollalı kəndində maddi-məişət şəraitinin yoxlanılması zamanı uyğunsuzluq aşkar olunmadığından ona xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 379.39 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. - xx.xx.2022-ci il tarixli maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib edilmiş məlumatdan görünür ki, iddiaçının qeydiyyatda olduğu Oğuz rayonu Mollalı kəndində maddi-məişət şəraitinin yoxlanılması zamanı uyğunsuzluq aşkar edilmiş və bu səbəbdən (iddiaçının göstərdiyi ünvanda yaşamaması) İddiaçı sosial yardım almaq hüququna 1 il məhdudiyyət tətbiq edilmişdir. Belə ki, "Ərizə-bəyannamə"də yaşayış ünvanını Oğuz rayonu Mollalı kəndində göstərildiyi halda, xx.xx.2022-ci ildə keçirilmiş maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən edilmişdir ki, ərizəçi ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yaşamır. - f690a602d6bb4d9aae3df7338a28a0f1 nömrəli bildirişdən görünür ki, maddiməişət şəraitinin müayinəsi zamanı "Ərizə-bəyannamə"də qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyinə (ailənin "Ərizə-bəyannamə"də göstərdiyi ünvanda yaşamaması) görə "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq iddiaçının sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********6 nömrəli etiraz məktubundan görünür ki, müayinə barədə tərtib olunan **********24 nömrəli akta əsasən, keçirilən monitorinq zamanı mərkəzi filialın əməkdaşları iddiaçının atası ilə birlikdə sözügedən ünvana gəlmiş və ünvanda heç kim olmamışdır. İddiaçının atası İddiaçı ailə üzvləri ilə birlikdə Oğuz şəhərində kirayədə yaşadıqlarını və qeyd olunan mənzilə isə bəzi hallarda baxmaq üçün gəldiklərini bildirmiş və tərtib olunan aktla tanış olsa da, imzalamaqdan imtina etmişdir. Eyni zamanda, keçirilən müayinə zamanı mənzilə məxsus Azərişıq abonent kodunun yoxlanılması zamanı heç bir sərfiyyatın olmaması aşkar edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

19. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanı ilə 2006-cı il yanvarın 1-dən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanuni qüvvəyə minmişdir. Qanun aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir.

20. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.5-ci maddəsinə əsasən, aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları müəyyən edilmişdir. Eyni zamanda, Qanunun 6.3cü maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 9.0-cı maddəsinə əsasən sosial yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır: 9.0.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində aşayan şəxslər); 9.0.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 9.0.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 9.0.4. axtarışda olan şəxslər; 9.0.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları; 9.0.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). 10.2-ci maddəsinə əsasən, sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. 10.4-cü maddəsinə əsasən ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir.

21. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X2 və X3 (VEMTAS) yaradılmışdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları’na əsasən, sosial yardımın verilməsi ilə bağlı qeydiyyata alınmış müraciətlər Qaydaların 3.1-ci bəndinə uyğun olaraq, “Elektron hökumət” portalına inteqrasiya edilmiş VEMTAS tərəfindən araşdırılır və müvafiq qərar qəbul edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın: 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.2-ci bəndinə görə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edilmiş təmsilçilik barədə ərizədə göstərilən ailəni təmsil edən şəxs (bundan sonra - Təmsilçi) “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni (2 nömrəli əlavə) dolduraraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.5-ci bəndinə görə sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.6-cı bəndinə əsasən sosial yardım təyin edilərkən, ailənin tərkibində aşağıda göstərilən ailə üzvləri nəzərə alınmır: 3.6.1. tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər); 3.6.2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər; 3.6.3. cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər; 3.6.4. axtarışda olan şəxslər; 3.6.5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikasının vətəndaşları; 3.6.6. əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla). 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X1 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-1(116)-1704/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, İddiaçı xx.xx.1979-cu ildə Oğuz rayonu Mollalı kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Tibbi-sosial ekspert komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə İddiaçı müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Bundan sonra İddiaçı ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli **********62401 nömrəli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2021-ci ildə İddiaçı qeydiyyatda olduğu Oğuz rayonu Mollalı kəndində maddi-məişət şəraitinin yoxlanılması zamanı uyğunsuzluq aşkar olunmadığından ona xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək 379,39 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Daha sonra cavabdeh orqan tərəfindən xx.xx.2022-ci ildə iddiaçının qeydiyyatda olduğu Oğuz rayonu Mollalı kəndində növbəti maddi-məişət şəraitinin yoxlanılması zamanı iddiaçının göstərdiyi ünvanda yaşamaması aşkar edilmiş və onun sosial yardım almaq hüququna 1 il məhdudiyyət tətbiq edilmişdir. Belə ki, "Ərizə-bəyannamə"də yaşayış ünvanının Oğuz rayonu Mollalı kəndində göstərildiyi halda, xx.xx.2022-ci ildə keçirilmiş maddi-məişət şəraitinin müayinəsi zamanı müəyyən edilmişdir ki, ərizəçi ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yaşamır. İddiaçı dayandırılmış sosial yardımın alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh ünvanlı sosial yardımın alınması üçün müraciətdən f690a602d6bb4d9aae3df7338a28a0f1 nömrəli bildirişlə imtina edərək bildirmişdir ki, maddi-məişət şəraitinin müayinəsi zamanı "Ərizə-bəyannamə"də qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edildiyinə (ailənin "Ərizə-bəyannamə"də göstərdiyi ünvanda yaşamaması) görə "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq iddiaçının sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır.

31. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müayinə barədə tərtib olunan **********24 nömrəli akta əsasən, keçirilən monitorinq zamanı mərkəzi filialın əməkdaşları iddiaçının atası ilə birlikdə sözügedən ünvana gəlmiş və ünvanda heç kim olmamışdır. İddiaçının atası İddiaçı ailə üzvləri ilə birlikdə Oğuz şəhərində kirayədə yaşadıqlarını və qeyd olunan mənzilə isə bəzi hallarda baxmaq üçün gəldiklərini bildirmiş və tərtib olunan aktla tanış olsa da, imzalamaqdan imtina etmişdir. Eyni zamanda, keçirilən müayinə zamanı mənzilə məxsus "Azərişıq" abonent kodunun yoxlanılması zamanı heç bir sərfiyyatın olmaması aşkar edilmişdir.

32. İstinad olunan normaların təhlilindən görünür ki, ailənin 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirməsinə səbəb olan hallar dəqiq sadalanmışdır. Bunlar ailənin tərkibi, əmlakı və gəliri haqqında düzgün olmayan və ya natamam məlumatın verilməsi, eləcə də ailənin gəlirlərində dəyişiklik baş verdikdə, ailənin bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 iş günü müddətində məlumat verməməsidir.

33. Lakin İddiaçı tərəfindən özünün ailə tərkibi, əmlakı və gəliri haqqında düzgün olmayan və ya natamam məlumat verilməsi, eləcə də yardım təyin edildikdən sonra ailəsinin gəlirlərində dəyişiklik baş verməsi müəyyən edilmədi. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin istinad etdiyi hal, yəni iddiaçının yardım təyin edildiyi zaman yaşadığı evdə artıq yaşamaması isə yuxarıda göstərilən meyarların heç birinə uyğun gəlmir. İddiaçının başqa ev alması aşkar edilsəydi, cavabdeh bunu iddiaçının ailəsinin gəlirlərində dəyişiklik kimi qiymətləndirə bilərdi. Lakin bu hal mövcud deyil. İddiaçı öz evində deyil, Oğuz şəhərində yerləşən bir evdə kirayədə qaldığını və bunu xəstəliyi ilə əlaqədar səhiyyəyə daha yaxın olmaq məcburiyyəti ilə izah etmiş, cavabdeh isə bunu təkzib edə bilməmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən də göründüyü kimi sağ budun aşağı 3/1-də amputasiyagüdülü kənar şəxsin köməyinə ehtiyacı olması səbəbilə İddiaçı xx.xx.2014-cü il tarixdən müddətsiz əlillik təyin edilmişdir.

34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının sosial yardım almaq hüququna 1 il məhdudiyyət tətbiq edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. Belə ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan, yəni 19 fevral 2022-ci ildən bərpa edilməsindən imtinası qanuni və əsaslı olmamışdır.

36. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-1(116)-1704/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar