Məhkəmə qərarları › İş №2-1(107)-121/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-121/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-121/2021 19.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X2rşı "JN2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1787/2018 nömrəli qərardadından Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X2rşı "JN2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha həyətyanı torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb torpaq sahəsinin planı və ölçüsü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1787/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6 həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-115/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X6 həmin qərardan kassasiya şikayəti vermiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1475/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsinin 2-1(107)-115/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3 xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı artıq icra edilmişdir. Bundan sonra Mingəçevir Şəhər İcra Hakimiyyəti Şəki İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixli 1184 nömrəli ərizə göndərərək, qeyd olunan inzibati işin təzələnməsini və işə yenidən Mingəçevir Şəhər İcra Hakimiyyətinin iştirakı ilə baxılmasını xahiş etmişdir. O, ərizəni belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti məhkəmə proseslərinə cəlb olunmamış və məhkəmə iclaslarında tərəf kimi iştirak etməmişdir, halbuki məhkəmənin qərarı Mingəçevir Şəhər İcra Hakimiyyətinin maraqlarına toxunmuş və onun hüquqlarını pozmuşdur. Mingəçevir Şəhər İcra Hakimiyyəti həmin ərizədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə istinad edərək bildirmişdir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş JN-2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin saxtalaşdırıldığı ekspert rəyi ilə müəyyən edilmişdir və bu hal yeni açılmış hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə izah edilmişdir ki, İnzibati Prosessual Məcəllədə şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, məhkəmə qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi və icraatın yeni açılmış hallarla bağlı təzələnməsi müxtəlif institutlar kimi nəzərdə tutulmuşdur. Üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmə, məhkəmə qərarının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizəni inzibati məhkəmə icraatına cəlb olunmamış, məhkəmə qərarı qanunla qorunan maraqlarına toxunan şəxslər verə biləcəyi halda, icraatın yeni açılmış hallarla bağlı təzələnməsi barədə ərizəni yalnız proses iştirakçısı olmuş şəxslər verə bilərlər. Mingəçevir Şəhər İcra Hakimiyyəti hazırkı iş üzrə proses iştirakçısı olmadığına görə onun yeni açılmış hallarla bağlı icraatın təzələnməsini tələb etmək hüququ yoxdur. Hazırkı iş üzrə icraatın yeni açılmış hallarla bağlı təzələnməsini tələb etmək hüququna proses iştirakçıları olan iddiaçı və cavabdeh malikdirlər. Mingəçevir Şəhər İcra Hakimiyyəti isə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, məhkəmə qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizə ilə məhkəməyə müraciət edə bilər. Həmin məktubda əlavə olaraq izah edilmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti göstərilən ərizədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasını əsaslandırmalı, pozulduğunu iddia etdiyi hüquqlarının və maraqlarının nəzərdə tutulduğu normativ-hüquqi aktlara istinad etməli, eləcə də bu pozuntunun ona məlum olduğu vaxtı məhkəməyə bildirməlidir. Bundan başqa, Mingəçevir Bələdiyyəsi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasını əsaslandırmaqla məhkəməyə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, məhkəmə qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizə verə bilər. Bundansonra Mingəçevir Şəhər İcra Hakimiyyəti birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixli 1320 nömrəli ərizə verərək, hazırkı inzibati iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir. O, həmin ərizəni belə əsaslandırmışdır ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş JN-2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin saxtalaşdırılmışdır. Həmin sənəddə göstərilən 0,04 ha torpaq sahəsi dövlət mülkiyyətində olan, vətəndaşların ümumi istifadə yeridir. Bu səbəbdən də məhkəmənin qərarı Mingəçevir Şəhər İcra Hakimiyyətinin maraqlarına toxunmuş və hüquqlarını pozmuşdur. Mingəçevir Şəhər İcra Hakimiyyəti həmin ərizədə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə istinad etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli 2- 1(116)-1787/2018 nömrəli qərardadı ilə hazırkı inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018ci il tarixli 2-1(84)-1787/2018 nömrəli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin ərizəsi təmin edilməmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1787/2018 nömrəli qərardadından apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Mingəçevir Şəhər İcra Hakimiyyəti apellyasiya şikayətində qeyd etmişdir ki, Mingəçevir şəhər sakini İddiaçı 2018-ci ildə Şəki İnzibat-İqtisadi Məhkəməsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X2rşı iddia qaldıraraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi adından verilmiş JN- 2786 B kod 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş Mingəçevir şəhərində yerləşən 0,04 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət Reyestrində qeydiyyata alınmasını, plan ölçüsü sənədlərinin hazırlanmasını və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsi xx.xx.2018-ci il tarixli 2-1(84)- 1787/2018 nömrəli qərarı ilə iddianı təmin etmişdir. Həmin qərardan DƏDRX-nin 17 saylı X6 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. 2019-cu ildə vətəndaş Ə. Mustafayevin oğlu E.Mustafayev şəhərin M.F.Axundov küçəsindəki 6 nömrəli çoxmənzilli yaşayış binasının qarşısında olan, vətəndaşların ümumi istifadə yerini hasarlamağa cəhd etdikdə həmin binanın sakinləri şəhər İcra Hakimiyyətinə gələrək şikayət etmiş, Elgiz Mustafayevdən hansı əsaslarla ərazini hasarlamaq istədiyini soruşduqda o, DƏDRX-nin çıxarışını və Şəki İnzibati- İqtisadi Məhkəməsinin qərarını təqdim etmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti qanuni qüvvəsinə minmiş Məhkəmə qərarının onun hüquqlarını pozduqdan və qanunla qorunan maraqlarına toxunduğunu həmin zaman bilmişdir. Bununla bağlı DƏDRX-nin 17 saylı Ərazi İdarəsinə sorğu edilmiş və İddiaçı dövlət Reyestrindən çıxarışın verilməsinə əsas olmuş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti tələb olunmuşdur. Həmin şəhadətnamə alındıqdan sonra müəyyən olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə əsas guya Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx xxxx 2004-cü il tarixli 293 nömrəli Sərəncamı olmuşdur. Lakin buna baxmayaraq Məhkəmə şəhər İcra Hakimiyyətini üçüncü şəxs qismində Məhkəmə proseslərinə cəlb etməmişdir. Qeyd etmək lazımdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 293 nömrəli Sərəncamı komissiyanın yaradılması barədədir, yəni bu sərəncamla heç kimə torpaq sahəsi ayrılmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı ərazi idarəsindən İddiaçı çıxarışın verilməsinə əsas olmuş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə Mingəçevir şəhər Prokurorluğuna göndərilmiş, Prokurorluq tərəfindən müvafiq ekspertiza təyin edilmiş və həmin şəhadətnamənin saxta olduğu müəyyən edilərək Elgiz Mustafayev barəsində 20065001 nömrəli cinayət işi açılaraq istintaq aparılması üçün Mingəçevir şəhər Polis şöbəsinə göndərilmişdir və hal-hazırda istintaq tədbirləri yekunlaşmaq üzrədir. Mingəçevir şəhər İcra Hakimiyyəti onun hüquqlarını pozan və qanunla qorunan maraqlarına toxunan Məhkəmə qərarının ləğv edilməsi ilə bağlı İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə uyğun olaraq Şəki İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi isə xx.xx.2020-ci il tarixli 2- 1(84)1787/2018 nömrəli qərardadı ilə ərizəni təmin etməmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti hesab edir ki, Şəki inzibati Məhkəməsinin hakimi V.Qasımov bu işdə maraqlı olduğu üçün işə səhti baxmış, problemin mahiyyətini dərindən öyrənməmiş və prosessual hüquq normalarına uyğun gəlməyən qərardad qəbul etmişdir. Məhkəmə Mingəçevir şəhər İcra Hakimiyyətinin ərizəsinin təmin edilməməsi barədə qərardadda gətirdiyi arqumentlər şəhər İcra Hakimiyyətinin hüquqlarının pozulmasına göz yummağa, vətəndaşları narazı salmağa əsas vermir. Məhkəməyə təqdim edilmiş ekspertin rəyi, Elgiz Mustafayev barədə cinayət işinin açılması faktları əsas verir ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin ərizəsi icraata götürülsün, işə mahiyyəti üzrə baxılması təzələnsin və Məhkəmənin 2018-ci ildə buraxdığı səhv düzəldilsin. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1787/2018 saylı qərardadını ləğv edərək İşə mahiyyəti üzrə baxılmasının təzələnməsi haqqında yeni qərardad çıxarılmasını xahiş edir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1787/2018 saylı qərardadını ləğv edərək İşə mahiyyəti üzrə baxılmasının təzələnməsi haqqında yeni qərardad çıxarılmasını xahiş etdi. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair" xx.xx.2017-ci il tarixli Qərarının nəticəvi hissəsinin 1-ci və 2-ci bəndlərində deyilir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin İ hissəsində və "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarında daha sonra deyilir: "Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; - inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır." Göründüyü kimi, Mingəçevir Şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilərək onun ərizəsi əsasında Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi o halda mümkündür ki, həmin məhkəmə qərarının Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozması müəyyən edilmiş olsun. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli məktubu ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə məhkəmə qərarı ilə hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasını əsaslandırması, eləcə də pozulduğunu iddia etdiyi hüquqlarının və maraqlarının nəzərdə tutulduğu normativ-hüquqi aktlara istinad etməsi təklif edilsə də, o, bunu etməmiş və xx.xx.2020-ci il tarixli 1320 nömrəli ərizəsində JN- 2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha torpaq sahəsinin dövlət mülkiyyətində olmasını və vətəndaşların ümumi istifadə yeri olmasını bildirməklə kifayətlənmiş və məhkəməyə bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktubları ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə aşağıdakı suallarla bağlı sorğu edilmişdir: 1) İddiaçı adına olan JN-2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,04 ha torpaq sahəsi elektron bazada kimin mülkiyyəti kimi göstərilmişdir? 2) Elektron bazada həmin 0,04 ha torpaq sahəsinin kateqoriyası və məqsədli təyinatı necə göstərilmişdir? Lakin sorğulara alınmış xx.xx.2020-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, JN-2786B kod 90200002 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" elektron bazada mövcud olmadığı üçün məlumatın verilməsi mümkün deyil. Göründüyü kimi, Mingəçevir Şəhər İcra Hakimiyyəti qeyd olunan 0,04 ha torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə sübut təqdim etməmiş, məhkəmə tərəfindən edilmiş sorğu da səmərə verməmişdir. Eyni zamanda, Mingəçevir Şəhər İcra Hakimiyyəti məhkəməyə yazdığı xx.xx.2020ci il və xx.xx.2020-ci il tarixli ərizələrində özü ilə yanaşı, həm də Mingəçevir Bələdiyyəsinin işə cəlb edilməməsindən narazılığını ifadə etmişdir. Məhkəmənin fikrincə, bu onu deməyə əsas verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti özü də torpaq sahəsinin dövlət mülkiyyətində olmasında tam əmin deyil, torpağın kimin mülkiyyətində olması ilə bağlı tərəddüd edir, hətta torpağın bələdiyyə mülkiyyətində olması fikrinə də yol verir. Əks halda, o, məhkəməyə torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən sənəd təqdim edərdi, eləcə də Mingəçevir Bələdiyyəsinin məhkəmə icraatına cəlb edilməsinin zəruriliyini bildirməzdi. Məhkəmənin xx.xx.2020-ci il tarixli məktubu ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə izah edilmişdir ki, Mingəçevir Bələdiyyəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə öz hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulmasını əsaslandırmaqla məhkəməyə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi, məhkəmə qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə ərizə verə bilər. Lakin məhkəməyə bugünədək belə bir ərizə verilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qərara gəlmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli qərarının Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquqlarını və qanunla qorunan maraqlarını əhəmiyyətli dərəcədə pozması müəyyən edilmədiyinə görə onun ərizəsi əsasında həmin qərar ləğv edilə və işə mahiyyəti üzrə baxılması təzələnə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1787/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(116)-1787/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar