Məhkəmə qərarları › İş №2-1(107)-121/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-121/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-121/2022 28.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinə qarşı "30.09.2019-cu il tarixli 21 nömrəli qərarın ləğv edilməsi" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(116)-9/2022 nömrəli qərarından cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 03.09.2019-cu il tarixli 09 nömrəli qərarına əsasən, İddiaçı (bundan sonra mətndə - MMC) tərəfindən 01.04.2015-ci ildən 01.04.2017-ci ilədək 272232 manat dəyərində istehsal olunmuş qumun müqabilində Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin büdcəsinə qeyd olunan vergi ödəyicisi tərəfindən 92826 manat məbləğində mədən vergisi ödənilməsi tələbinin qoyulması qərara alınmışdır. Bundan sonra Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 14.09.2019-cu il tarixli 12 nömrəli qərarına əsasən, "xxxx" MMC tərəfindən bələdiyyənin büdcəsinə ödəniləcək 92826 manat mədən vergisinin 10 gün müddətinə ödənilmədiyi üçün Yevlax Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi müraciət olunması qərara alınmışdır. Daha sonra Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli 21 nömrəli "Məcburi icraya yönəldilməsinə dair qərar"ına əsasən, "xxxx" MMC-dən 92826 manat mədən vergisinin tutulması qərara alınmışdır. Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli qərarı məcburi icra olunması üçün həmin bələdiyyənin 26.11.2019-cu il tarixli 21 nömrəli məktubu ilə Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İddiaçı "xxxx" MMC cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinə qarşı "30.09.2019-cu il tarixli 21 nömrəli qərarın ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı "xxxx" MMC iddia tələbini belə əsaslandırmışdır ki, Yevlax Rayon İcra və X4 Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli 21 nömrəli qərarı üzrə 18.12.2019-cu il tarixli "Tələbin könüllü icrası haqqında bildiriş"i iddiaçıya təqdim etmişdir. Həmin bildiriş təqdim edilənə qədər cavabdehin vergi tələbinə dair inzibati qərarından iddiaçının məlumatı olmamış və həmin qərar iddiaçıya rəsmi olaraq təqdim edilməmişdir. Cavabdehin 30.09.2019-cu il tarixli 21 nömrəli qərarı tamamilə əsassız və qanunsuzdur. Belə ki, həmin qərarda iddiaçının 2015-ci ilin aprel ayından 2018-ci ilin mart ayınadək qum-çınqıl istehsalı ilə məşğul olması, nəticədə 121977 kub.m satışa yararlı qum istehsal etməsi göstərilsə də, bu işlərə görə 92826 manat mədən vergisi hesablansa da, cavabdeh qeyd etdiklərini təsdiq etmək üçün heç bir sübuta istinad etməmiş, istehsalı və vergini hansı əsaslarla hesablamasını qərarda ümumiyyətlə əks etdirməmişdir. Cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsi iddianı qəbul etməmiş və iddiaya qarşı 16.11.2020-ci il tarixli 41 nömrəli etirazında bildirmişdir ki, bələdiyyənin ərazisində qum-çınqıl istehsalı ilə məşğul olan iddiaçı "xxxx" MMC fəaliyyət göstərdiyi 01.04.2015-ci ildən 01.04.2017-ci ilədək olan dövr üzrə Bələdiyyənin büdcəsinə 92826 manat mədən vergisi ödəməlidir, lakin həmin borcu ödəməkdən qəsdən yayınır və onun məhkəməyə göndərdiyi iddia ərizəsi də yalnız bu məqsədə xidmət edir. Tərəflərə şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər nümayəndələrinin iştirakını təmin etməmişlər. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Vəkil məhkəməyə 18.01.2022-ci ildə ərizə göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş və bunu belə əsaslandırmışdır ki, eyni gündə və demək olar ki eyni vaxtda Bakı Kommersiya Məhkəməsində daha əvvəl təyin olunmuş məhkəmə iclasında iştirak etməli olduğundan hazırkı məhkəmə iclasında iştirak edə bilmir. Birinci instansiya məhkəməsi bununla razılaşmayaraq qeyd etmişdir ki, Vəkil məhkəməyə eyni gündə və eyni vaxtda Bakı Kommersiya Məhkəməsində məhkəmə iclasının təyin edilməsi barədə sənəd təqdim etməmişdir, ikincisi isə, iddiaçı "xxxx" MMC hazırkı məhkəmə iclasına başqa nümayəndə də göndərə bilərdi ki, bunu da etməmişdir. Ona görə də məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 03.09.2019-cu il tarixli 09 nömrəli qərarından görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 01.04.2015-ci ildən 01.04.2017-ci ilədək 272232 manat dəyərində istehsal olunmuş qumun müqabilində Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin büdcəsinə qeyd olunan vergi ödəyicisi tərəfindən 92826 manat məbləğində mədən vergisi ödənilməsi tələbinin qoyulması qərara alınmışdır. İşdə olan Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 14.09.2019-cu il tarixli 12 nömrəli qərarından görünür ki, "xxxx" MMC tərəfindən bələdiyyənin büdcəsinə ödəniləcək 92826 manat mədən vergisinin 10 gün müddətinə ödənilmədiyi üçün Yevlax Şəhər İcra və Probasiya Şöbəsinə rəsmi müraciət olunması qərara alınmışdır. İşdə olan Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli 21 nömrəli "Məcburi icraya yönəldilməsinə dair qərar"ından görünür ki, "xxxx" MMC-dən 92826 manat mədən vergisinin tutulması qərara alınmışdır. İşdə olan Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 26.11.2019-cu il tarixli 21 nömrəli məktubundan görünür ki, həmin bələdiyyənin 30.09.2019-cu il tarixli qərarı məcburi icra olunması üçün Yevlax Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 18 yanvar 2022-ci il tarixli, 2- 1(116)-9/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli 21 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Yevlax Rayonu X2 İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(116)-9/2022 saylı qərarını əsassız və qanunsuz hesab edirlər. Birinci instansiya məhkəməsi işə baxarkən bütün halları tam və hər tərəfli araşdırmamış və nəticədə həqiqətə uyğun olmayan qərar qəbul etmişdir. Belə ki, Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 03.09.2019-cu il tarixli, 09 nömrəli qərarına əsasən İddiaçı tərəfindən 01.04.2015-ci ildən 01.04.2017-ci ilədək 272232 manat dəyərində iatehsal olunmuş qumun müqabilində Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin büdcəsinə qeyd olunan vergi ödəyicisi tərəfindən 92826 manat məbləğində mədən vergisi ödənilməsi tələbinin qoyulması qərara alınmışdır. Bundan sonra Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 14.09.2019-cu il tarixli, 12 nömrəli qərarına əsasən İddiaçı MMC tərəfindən bələdiyyənin büdcəsinə ödəniləcək 92826 manat mədən vergisinin 10 gün müddətinə ödənilmədiyi üçün Yevax rayon İcra və Probasiya şöbəsinə rəsmi müraciət olunması qərara alınmışdır. Daha sonra Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli, 21 nömrəli '‘Məcburi icraya yönəldilməsinə dair” qərar qəbul olunmuş və İddiaçı MMC-dən 92826 manat mədən vergisinin tutulması qərara alınmışdır. Bundan sonra həmin qərar məcburi icra olunması üçün 26.11.2019-cu ildə Yevlax rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Həmin qərardan şikayət verilmiş və Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(116)-9/2022 saylı qərarına əsasən Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30 sentyabr 2019-cu il tarixli qərarı ləğv olunmuşdur. Şəki İnzibati Məhkəməsi 18 yanvar 2022-ci il tarixli qərarında bələdiyyənin 03.09.2019-cu il tarixli, 09 nömrəli qərarı ilə iddiaçı tərəfindən 92826 manat məbləğində mədən vergisinin ödənilməsi tələbinin qoyulmasını, 14.09.2019-cu il tarixli, 12 nömrəli qərarı ilə iddiaçı tərəfindən 92826 manat mədən vergisinin 10 gün müddətinə ödənilmədiyi üçün Yevlax rayon İcra və Probasiya şöbəsinə rəsmi müraciət olunmasını qərara alsa da, bu qərarların surətlərinin 30.09.2019-cu ildən əvvəlki vaxtda iddiaçıya təqdim olunması barədə sübutların olmamamsı ilə əsaslandırmağa çalışmışdır. Belə ki, qeyd olunan qərarlar iddiaçıya rəsmi qaydada poçt vasitəsi ilə göndərilmiş və bu barədə qəbzlər iş materiallarına əlavə olunmuşdur. Belə olan halda Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(116)-9/2022 saylı qərarı ilə Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30 sentyabr 2019-cu il tarixli qərarının ləğv olunması əsaslı deyildir. Hesab edirlər ki, Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsi yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə tam əsaslı qərar qəbul etmişdir. Məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara lazımi qiymət verməmiş və nəticədə də düzgün olmayan qərarın qəbul edilməsi qənaətinə gəlmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(116)- 9/2022 nömrəli qərarını ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin sədri X3 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(116)-9/2022 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsinin 30.09.2019-cu il tarixli 21 nömrəli qərarın ləğv edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də apellyasiya şikayəti qismən təmin ediləcəkdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2- 1(116)-9/2022 nömrəli qərarı ləğv edilərək, inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında verdiyi izahatdan və təqdim etdiyi sənədlərdən görünür ki, Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2007-ci il tarixli, 187 nömrəli sərəncamına əsasən ki, Komissiyanın 27.09.2007-ci il tarixli aktına əsasən İddiaçı MMC-yə torpaq sahəsinin icarəyə verilməsi barədə Yevlax şəhər tcra Hakimiyyəti Başçısının 26 may 2006-cı il tarixli 105 saylı Sərəncamında və Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC-nin arasında bağlanılmış 26 may 2006-cı il tarixli, 55 saylı Torpaq icarəsi müqaviləsində qismən dəyişiklik edilmiş və İddiaçı MMC-yə icarəyə verilmiş 30,0 hektar torpaq sahəsinin 3,0 hektarından qum karxanası kimi 27.0 hektarından isə heyvandarlıqda istifadə edilməsi qərara alınmışdır. Habelə iddiaçı tərəfin təqdim etdiyi, Yevlax şəhər İcra Hakimiyyəti Başçısı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən təsdiq edilmiş torpaq sahəsinin yerquruluşu Planından görünür ki, Yevlax rayon Hürüuşağı Bələdiyyəsinin istinad etdiyi qumundan istifadə olunan torpaq sahəsi dövlət ehtiyat fonduna aiddir. Belə olan halda Yevlax rayon Hürüuşağı Bələdiyyəsini qumdan istifadəyə görə mədən vergisinin İddiaçı MMC-də tutulması barədə qərar qəbul etməsi üçün subyektiv hüququnun olub-olmaması birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı). Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Həmin Məcəllənin 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 87.7.1-ci maddəsinə əsasən, inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. - 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati iş üzrə əhəmiyyətli sayda sübutları araşdırmadan iddia tələbini təmin etməməkdə haqlı olmamışdır, ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və inzibati iş üzrə araşdırmanın davam etdirilməsi və əhəmiyyətli sayda sübutlar araşdırılmalı olduğundan inzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 12, 48 və 87- ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Yevlax Rayonu Hürüuşağı Bələdiyyəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli, 2-1(116)-9/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar