Məhkəmə qərarları › İş №2-1(107)-121/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-121/2023

12.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-121/2023 12.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "ona xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-1(116)-2011/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı xx.xx.1956-cı ildə Şəki rayonu Suçma kəndində anadan olmuş və hazırda Mingəçevir şəhərində yaşayır.

2. O, Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1973-cü il tarixli 250 nömrəli əmri ilə həmin sovxoza müvəqqəti kənd təsərrüfatı fəhləsi qəbul edilmişdir. O, həmin sovxozdan 1973-cü ilin iyun-dekabr ayları, 1974-cü ilin yanvar, martmay, sentyabr, 1975-ci ilin yanvar, fevral ayları üçün əmək haqqı almışdır.

3. Bundan sonra Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1975-ci il tarixli 156 nömrəli əmri ilə o, yenidən həmin sovxozda mövsümi kənd təsərrüfatı fəhləsi qəbul edilmiş və 1975-ci ilin mart ayı üçün əmək haqqı almışdır.

4. Göstərilən sovxozun direktorunun xx.xx.1975-ci il tarixli 293 nömrəli əmri ilə İddiaçı işdən azad edilmişdir.

5. Daha sonra o, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (01 il 11 ay 28 gün) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur.

6. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, o, Mingəçevir Təmir-Tikinti İdarəsində xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək rəngsaz, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək suvaqçı-rəngsaz işləmişdir (cəmi 22 il 10 ay).

7. İddiaçı xx.xx.2021-ci ildə pensiya yaşına (65 yaş) çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletinə və arxiv arayışına əsasən, onun sığorta stajı (xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) yalnız 03 il 02 ay 29 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan əlavə, araşdırma zamanı müəyyən edilmişdir ki, Dövlət X1 arxiv arayışına əsasən, əmək kitabçasında qeyd olunmuş Mingəçevir Təmir-Tikinti İdarəsinin xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilədək olan arxiv sənədləri Mingəçevir Şəhər Dövlət Arxivinə təhvil verilməyib. Odur ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

8. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı "65 yaşının bitdiyi xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.

9. O, iddia tələbini belə əsaslandırmışdır ki, ona ümumi xəstəlik səbəbindən 2011-ci ildən ikinci qrup əlillik təyin edilmiş, xx.xx.2016-cı ildə əlillik dərəcəsi daha 5 il, yəni xx.xx.2021-ci ilədək uzadılmışdır. Növbəti müayinə vaxtı onun əlillik müddəti uzadılmamış, həmin vaxtdan əlilliyə görə pensiya dayandırılaraq ona xx.xx.2021-ci ildə 65 yaşı bitdiyi üçün sosial müavinət təyin edilmişdir. Lakin ona hüququnun yarandığı və 65 yaşı bitən vaxtdan yaşa görə əmək pensiyası təyin edilməli idi.

10. Cavabdeh iddiaya qarşı yazılı münasibət (etiraz) bildirməsə də, şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək imtinanın məzmununa uyğun izahat vermişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 29 noyabr 2022-ci il tarixli 2- 1(116)-2011/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və hərbi biletə, arxiv arayışının surətinə əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrü nəzərə alınmaqla) 3 il 2 ay 29 gün təşkil edir. Həmçinin, iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisələndirilən sosial sığorta stajı xx.xx.1979-xx.xx.2002-ci il tarixləri olan dövrü əhatə edir. Həmin dövrlərin araşdırılması zərurəti yarandığından cavabdeh orqan tərəfindən müvafiq sorğular göndərilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət X1 arxiv arayışına əsasən iddiaçının əmək kitabçasında qeyd olunmuş Mingəçevir Təmit-Tikinti İdarəsinin xx.xx.1979-cu il tarixindən xx.xx.2002-ci il tarixinədək olan arxiv sənədləri Mingəçevir rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsini 29 noyabr 2022-ci il tarixli 2-1(116)-2011/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-1(116)-2011/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1973-cü il tarixli 250 nömrəli əmrindən görünür ki, İddiaçı həmin sovxoza müvəqqəti kənd təsərrüfatı fəhləsi qəbul edilmişdir. - Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1975-ci il tarixli 156 nömrəli əmrindən görünür ki, İddiaçı həmin sovxoza mövsümi kənd təsərrüfatı fəhləsi qəbul edilmişdir. - Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1975-ci il tarixli 292 nömrəli əmrindən görünür ki, İddiaçı işdən azad edilmişdir. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X6 filialının xx.xx.2022-ci il tarixli 489 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Şəki rayonu P.Babayev adına üzümçülük sovxozundan 1973-cü ilin iyun-dekabr ayları, 1974-cü ilin yanvar, mart-may, sentyabr, 1975-ci ilin yanvar-mart ayları üçün əmək haqqı almışdır. - НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (1 il 11 ay 28 gün) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı Məmmədov X2 Təmir-Tikinti İdarəsində xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək rəngsaz, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək suvaqçı-rəngsaz işləmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletinə və arxiv arayışına əsasən, onun sığorta stajı (xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 03 il 02 ay 29 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı ildən xx.xx.2018ci ilədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan əlavə, araşdırma zamanı müəyyən edilmişdir ki, Dövlət X1 arxiv arayışına əsasən, əmək kitabçasında qeyd olunmuş Mingəçevir Təmir-Tikinti İdarəsinin xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilədək olan arxiv sənədləri Mingəçevir Şəhər Dövlət Arxivinə təhvil verilməyib. Odur ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - Dövlət X1 xx.xx.2022-ci il tarixli T-175(E) nömrəli arxiv arayışından görünür ki, Mingəçevir Şəhər Təmir-Tikinti İdarəsinin arxiv sənədləri filiala təhvil verilmədiyi üçün İddiaçı işləməsini təsdiq etmək mümkün olmadı. TƏTBİQ EDİLƏN HÜQUQ

18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

36. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

20. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2.3-cü maddəsinə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1- dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

22. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

23. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-1(116)-2011/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Şəki rayonu P.Babayev adına üzümçülük sovxozunda işlədiyi 01 il 01 ay 09 gün müddətin, həqiqi hərbi xidmətdə olduğu 01 il 11 ay 28 gün müddətin və Mingəçevir Təmir-Tikinti İdarəsində işlədiyi 22 il 10 ay müddətin onun sosial sığorta stajına daxil edilməsinə mane olan hal yoxdur. Bu müddətlərin cəmi 25 il 11 ay 07 gün təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

30. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.1956-cı ildə Şəki rayonu Suçma kəndində anadan olmuş və hazırda Mingəçevir şəhərində yaşayır. O, Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1973-cü il tarixli 250 nömrəli əmri ilə həmin sovxoza müvəqqəti kənd təsərrüfatı fəhləsi qəbul edilmişdir. O, həmin sovxozdan 1973-cü ilin iyun-dekabr ayları, 1974-cü ilin yanvar, mart-may, sentyabr, 1975-ci ilin yanvar, fevral ayları üçün əmək haqqı almışdır. Bundan sonra Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1975-ci il tarixli 156 nömrəli əmri ilə o, yenidən həmin sovxozda mövsümi kənd təsərrüfatı fəhləsi qəbul edilmiş və 1975-ci ilin mart ayı üçün əmək haqqı almışdır. Göstərilən sovxozun direktorunun xx.xx.1975-ci il tarixli 293 nömrəli əmri ilə İddiaçı işdən azad edilmişdir. Daha sonra o, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (01 il 11 ay 28 gün) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, o, Mingəçevir Təmir-Tikinti İdarəsində xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək rəngsaz, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək suvaqçırəngsaz işləmişdir (cəmi 22 il 10 ay). İddiaçı xx.xx.2021-ci ildə pensiya yaşına (65 yaş) çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletinə və arxiv arayışına əsasən, onun sığorta stajı (xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) yalnız 03 il 02 ay 29 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan əlavə, araşdırma zamanı müəyyən edilmişdir ki, Dövlət X1 arxiv arayışına əsasən, əmək kitabçasında qeyd olunmuş Mingəçevir Təmir-Tikinti İdarəsinin xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilədək olan arxiv sənədləri Mingəçevir Şəhər Dövlət Arxivinə təhvil verilməyib. Odur ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "65 yaşının bitdiyi xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1973-cü il tarixli və xx.xx.1975-ci il tarixli əmrləri ilə həmin sovxozda mövsümi kənd təsərrüfatı fəhləsi qəbul edilmişdir. Onun işdən çıxarılması barədə yalnız xx.xx.1975-ci il tarixli əmr aşkar edilsə də, o, sovxozdan 1973-cü ilin iyundekabr ayları, 1974-cü ilin yanvar, mart-may, sentyabr, 1975-ci ilin yanvar, fevral ayları üçün əmək haqqı almışdır.

32. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının sovxozda mövsümi fəhlə kimi işləməsi nəzərə alınaraq onun yalnız əmək haqqı aldığı aylar onun sığorta stajına daxil edilməlidir. Beləliklə, İddiaçı Şəki rayonu P.Babayev adına üzümçülük sovxozunda işlədiyi xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək olan müddət (09 gün), 1973-cü ilin iyul-dekabr ayları (06 ay), 1974-cü ilin yanvar, mart-may, sentyabr ayları (05 ay), 1975-ci ilin yanvar, fevral ayları (02 ay), cəmi 01 il 01 ay 09 gün müddət onun sosial sığorta stajına daxil edilməlidir.

33. Cavabdeh apellyasiya şikayətini iddiaçının əmək kitabçasında göstərilmiş xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilədək müddətin onun sığorta stajına daxil edilməməsini Mingəçevir Təmir-Tikinti İdarəsinin arxiv sənədlərinin Mingəçevir Şəhər Dövlət Arxivinə təhvil verilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi tərəfindən Mingəçevir Şəhər Dövlət Arxivinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, Mingəçevir Şəhər Təmir-Tikinti İdarəsinin arxiv sənədləri filiala təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, məlumat-uçot bazasına əsasən, Mingəçevir Şəhər Təmir- Tikinti İdarəsinin vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar olunmadı.

34. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyətinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, halhazırda Mingəçevir Təmir-Tikinti İdarəsi şəhər ərazisində fəaliyyət göstərmir və həmin İdarənin sənədləri Mingəçevir Şəhər Arxivinə təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında göstərilmiş Mingəçevir Təmir-Tikinti İdarəsinin arxiv sənədlərini ümumiyyətlə əldə etmək mümkün olmamışdır. Lakin bununla yanaşı, İddiaçı iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmaması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən də məhkəmə əmək kitabçasında olan məlumatları mötəbər hesab edir.

35. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Mingəçevir Təmir- Tikinti İdarəsinin arxiv sənədləri mövcud olsaydı və həmin sənədlər İddiaçı İdarədə işləməsini inkar etsəydi, bu halda, cavabdehin imtinası əsaslı sayıla bilərdi. Hazırkı halda isə, iddiaçının Mingəçevir Təmir-Tikinti İdarəsində işlədiyi xx.xx.1979-cu ildən xx.xx.2002ci ilədək müddətin onun sığorta stajına daxil edilməli olmaması barədə cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarət tələbinə münasibətdə cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla, iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı ona münasibətdə əmək pensiyasının təyin edilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verir. Cavabdehin imtinası əsassızdır.

37. Azərbaycan Respublikası Ali Məhkəməsi 2-1(102)-532/2020 nömrəli xx.xx.2020ci il tarixli, 2-1(102)-792/2020 nömrəli xx.xx.2020-ci il tarixli, 2-1(102)-810/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarlarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

38. Belə olan halda iddiaçının qanunvericiliklə müəyyən edilmiş minimal 25 illik sığorta stajı tələbinə cavab verməsi iş materialları ilə öz təsdiqini tapır.

39. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2-1(116)-2011/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar