Məhkəmə qərarları › İş №2-1(107)-124/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-124/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-124/2021 15.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-865/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 1959-cu ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuşdur. İsmayılı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1978-xx.xx.1980-ci illərdə keçmiş Sovet ordusu sıralarında qulluq etmişdir. İddiaçı hərbi xidmətə yararlı kimi xx.xx.1992-ci ildə İsmayıllı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Qarabağ torpaqları uğrunda döyüşən N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. xx.xx.1993-cü ildə hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissədən tərxis olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə xx.xx.1992-cü ilədək, xx.xx.1993-cü illərdə iştirak etmişdir. Lakin iddiaçıya bu günə qədər müharibə veteranı adı verilməmişdir. İddiaçı müharibə veteranı adının verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə rəsmi müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən xx.xx.2016-cı il tarixi və xx.xx.2019-cu il tarixli rəsmi cavabda göstərilir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri MN-nin Mərkəzi Arxivinə daxil olmadığı üçün iddiaçının xidməti barədə araşdırma apara bilmirlər. İddiaçının döyüş əməliyyatlarında iştirakı barədə arxivdə məlumat olmadığına görə məsələ öz müsbət həllini tapmır. İddiaçının yuxarıda qeyd olunan müddətlərdə döyüşlərdə iştirak etdiyini Azərbaycan Respublikası İsmayıllı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmağı barədə xx.xx.2017-ci il tarixli rəsmi məktub və iddiaçı ilə faktiki döyüşlərdə iştirak etmiş döyüş yoldaşları təsdiq edə bilərlər. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ‘‘Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsini xahiş etmişdir. Cavabdeh hesab edir ki, ərizəçinin hərbi xidmət keçməsini sübut edən məlumat mövcud olmadığından “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməsinin 1-ci bəndinin 11- ci yarımbəndinə əsasən “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi AR Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. 1991 -ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı Qərara əsasən - “Müharibə veteranı” adı və vəsiqəsini verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən "... Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)’’ sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar"’ sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-865/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, o, 1959-cu ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuşdur. İsmayıllı rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1978-xx.xx.1980-cı illərdə keçmiş Sovet ordusu sıralarında qulluq etmişdir. Erməni işğalçıları ölkəmizə hücum edərək torpaqlarımızı zəbt edən zaman hərbi xidmətə yararlı kimi xx.xx.1992-ci ildə İsmayıllı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Qarabağ torpaqları uğrunda döyüşən N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. xx.xx.1993-cü ildə hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissədən təxris olunmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Qarabağda gedən döyüşlərdə xx.xx.1992-ci ilədək, xx.xx.1993-cü illərdə iştirak etmişdir. Lakin ona bu günə qədər müharibə veteranı adı verilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-865/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-865/2020-ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: İddiaçı məhkəmə kollegiyasına təqdim etdiyi ona məxsus olan NZ ******* nömrəli hərbi biletin 17-ci səhifəsində onun N nömrəli hərbi hissənin tərkibində xidmət keçməsinə və qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir qeydiyyatı yoxdur. Həmçinin ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən müəyyən olundu ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək N saylı hərbi hissədə xidmət keçməsinə və qanuni əsaslarla tərxis olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli 9/2-14553 nömrəli məktubundan müəyyən olunur ki, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün iddiaçının xidməti haqqında məlumat verilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 312 nömrəli məktubuna əlavə olunmuş qeydiyyat kartasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.1992-cı ildən xx.xx.1992-ci ilədək N saylı hərbi hissənin tərkib hissəsində Qarabağ ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Şəki şəhər (rayon) Polis şöbəsinin xx.xx.2020-ci il tarixli 189-9055-1220 nömrəli məktubu və ona əlavə edilmiş 9 saylı əlavədən müəyyən edilir ki, İddiaçı xx.xx.1991-ci və xx.xx.2000-ci illərdə cinayət məsuliyyətinə cəlb edilmişdir. Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/1430 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Qarabağ hərbi prokurorluğunda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır. Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 17/1612 nömrəli məktubundan müəyyən edilir ki, iddiaçı barəsində Füzuli Hərbi Prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək N saylı hərbi hissədə xidmət keçməsinə və qanuni əsaslarla tərxis olunmasına dair hərbi biletdə və cavabdehin arxiv arayışlarında məlumat yoxdur. Həmçinin N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün iddiaçının xidməti ilə bağlı məlumatları araşdırmaq mümkün olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qanuni əsaslarla tərxis olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (x xxxxxxx 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması və siyahılardan çıxarılması barədə sübut olmadığından inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-865/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-865/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar