Məhkəmə qərarları › İş №2-1(107)-124/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-124/2022

14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-124/2022 14.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “övladı X3 mərhum atası X5 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(116)-493/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi X18 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF PHŞ-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “övladı X3 mərhum atası X5 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 14.06.1961-ci ildə doğulmuş, 1978-1980 və 1983-1996-cı illərdə Zaqatala rayon “İliç” və “Qəbələ” adına kolxozlarda əmək fəaliyyəti ilə məşğul olmuş, həmçinin 18.04.1980-ci ildən - 13.05.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. X10 iddiaçının faktiki ailə münasibətlərindən 16.01.2008ci ildə X6 doğulmuşdur. Az- İ 165085 №-li “atalığın müəyyən edilməsi haqqında” şəhadətnamə əsasında Şahvələd Bayramov, Xədicə Bayramovanın atası hesab edilmişdir. X16 20.01.2021-ci ildə vəfat etmişdir. Vəfat edərkən onun 59 yaşı olmuşdur. Şahvələd Bayramov vəfat etdikdən sonra İddiaçı, övladı X3 mərhum atasının ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu X11 əmək fəaliyyətini təsdiq edən arxiv arayışı ilə zəruri olan sığorta stajının sübut olunması ilə, cavabdeh, iddia tələbinə etirazını X11 iş stajını təsdiq edən əmək kitabçasının olmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: DSMF PHŞ-in Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 07.05.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. H3 ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Şahvələd Bayramov 18.04.1980-13.05.1982-ci illərdə hərbi xidmətdə olmuşdur. AZ-İİ 649633 №-li “doğum haqqında” şəhadətnamədən görünür ki, X6 16.01.2008ci ildə doğulmuşdur. Ata haqqında qrafada X9, ana haqqında qrafada X14 qeyd edilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında 22.05.2008-ci ildə 163 nömrə ilə qeydiyyat aparılmışdır. AZ-İ 165085 №-li “Atalığın müəyyən edilməsi” haqqında şəhadətnamədən görünür ki, X9 16.01.2008-ci ildə vətəndaş İddiaçı doğulmuş X2 atası hesab edilmiş və bu barədə müvafiq akt qeydləri kitabında 11.05.2011-ci ildə 56 nömrə ilə qeydiyyat aparılmışdır. AZ-İİ 140969 №-li “ölüm haqqında” şəhadətnamədən görünür ki, X8 20.01.2021-ci il tarixdə vəfat etmiş və bu barədə müvafiq akt qeydləri kitabında 22.01.2021-ci il tarixdə 57 nömrə ilə qeydiyyat aparılmışdır. Zaqatala rayon Dövlət Arxivinin 29.03.2021-ci il tarixli 3416 №-li arayışından və həmin arayışın tərtib edilməsinə əsas olmuş Zaqatala rayonu “İliç” və “Qələbə” adına kolxozun şəxsi hesab kitablarından çıxarışlardan görünür ki, müvafiq kolxozda qeyd olunan illər üzrə adam günləri minimumu 210 gün olmuş və iddiaçı 1978-1980 və 19831996-cı illər ərzində aşağıda göstərilən qaydada əmək fəaliyyəti ilə məşğul olmuşdur: 1978-ci il üzrə əmək günü - 142 gün, 1989-cu il üzrə ə/g - 177 gün, 1979-cu il üzrə ə/g - 255 gün, 1990-cı il üzrə ə/g - 210 gün, 1980-ci il üzrə ə/g - 70 gün, 1991-ci il üzrə ə/g - 164 gün, 1983-cü il üzrə ə/g - 132 gün, 1992-ci il üzrə ə/g - 219 gün, 1984-cü il üzrə ə/g - 280 gün, 1993-cü il üzrə ə/g - 140 gün, 1985-ci il üzrə ə/g - 307 gün, 1994-cü il üzrə ə/g - 83 gün, 1986-cı il üzrə ə/g - 262 gün, 1995-ci il üzrə ə/g - 218 gün, 1987-ci il üzrə ə/g - 314 gün, 1996-cı il üzrə ə/g - 64 gün. 1988-ci il üzrə ə/g - 239 gün, Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 21 yanvar 2022-ci il tarixli, 2- 1(116)-493/2022 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə İddiaçı övladı X3 20.01.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təmin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi X18 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(116)-493/2022 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “övladı X3 mərhum atası X4 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2- 1(116)-493/2022 nömrəli qərarı ilə İddiaçı həmin tələbinə dair iddiası təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə İddiaçı övladı X3 20.01,2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 2-1(116)-493/2022 nömrəli qərarı qanuna zidd və əsassız olduğundan ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müvafiq şöbəyə verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə baxılaraq müəyyən olunmuşdur ki, iddiaçının qızı X3 ailə başçısını itirməyə görə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajına mərhum atası X9 malik deyil. Qanunvericiliyə uyğun olaraq iddiaçının iddia etdiyi 1978-1996-cı illərdə Zaqatala rayonu “İliç” və “Qələbə adına kolxozlarda X4 işlədiyi illər barədə qeydlər onun əmək kitabçasında olmalıdır. Buna baxmayaraq, İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi əmək kitabçası yoxdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(116)- 493/2022 saylı qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondun nümayəndəsi X12 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(116)-493/2022 saylı iş üzrə qərarını ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(116)-493/2022 saylı qərarını dıyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsiniə (bundan sonra mətndə İPM) 68.1-ci maddəsinə uyğun olaraq sübutlar qiymətləndirlərək iddia əsaslı olduğundan düzgün olaraq təmin edillmişdir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüququ marağı ondan ibarətdir ki, mərhum ərinin işlədiyi müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun övladına ailə başçısını itirməyə görə pensiya təyin ediləcəkdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının mərhum əri 14.06.1961-ci ildə doğulmuş, 20.01.2021-ci ildə vəfat etmişdir. Onun vəfat edəndə 59 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçının övladına ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün mərhum atasının 14 il 8 ay stajının olması kifayət edir. (59-15=44, 44*4/12=14 il 8 ay). Cavabdeh inzibati orqan X11 stajını, əmək kitabçasında qeyd olunmadığı üçün mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İddiaçının mərhum əri X4 1978-1980 və 1983-1996-ci illər ərzində Zaqatala rayonu “İliç” və “Qələbə” adına kolxozunda işləməsi Zaqatala rayon Dövlət Arxivinin 29.03.2021-ci il tarixli 3416 №-li arayışı və həmin arayışın tərtib edilməsinə əsas olmuş sənədlərlə öz təsdiqini tapmışdır. Həmin sənəd X11 iş stajını təsdiq edir. Məhkəmə lollegiyası işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iş üzrə tədqiq olunan sənədlərlə iddiaçının mərhum ərinin işlədiyi illər arxiv arayışı ilə öz təsdiqini tapdığından, cavabdeh tərəfindən bunun əksi sübuta yetirilmədiyindən, arxiv arayışında qeyd olunanlar mötəbər sübut hesab olunur. Müəyyən olunur ki, X16 1979, 1984-1988, 1990, 1992, 1995-ci illər ərzində minimum adam günü normasını yerinə yetirmişdir. Odur ki, həmin illər üzrə onun 9 il əmək stajı vardır. Digər illər üzrə isə işlənmiş əmək günlərinin sayı (142+70+132+177+164+140+83+64=972) 972 gündür ki, bu da 972/210 = 4.62, yəni, 4 il, 07 ay ay, 11 günə bərabərdir. X11 18.04.1980-13.05.1982-ci illərdə hərbi xidmətdə olması işin mübahisəsiz halıdır. Belə olan halda yuxarıda qeyd edilən müddətlər toplandıqdan X11 15 il, 07 ay, 11 gün əmək stajının olması müəyyən edilir ki, bu da tələb olunan 14 il 8 ay stajdan çoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı övladı X2 ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ X11 vəfat etdiyi 20.01.2021-ci il tarixdə yarandığından, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın nümayəndəsi X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(116)-493/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar