Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-124/2024 06.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş Yem zavoduna məxsus tikililərin və torpağın üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-2911/2023 nömrəli qərarından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş Yem zavoduna məxsus tikililərin və torpağın üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2911/2023 nömrəli qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və 1 nömrəli Balakən Peşə Məktəbi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.
3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Balakən şəhəri, Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş Yem istehsal zavoduna məxsus tikililərin və torpaq sahəsi üçün reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. İmtina səbəbi olaraq, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması üçün lazimi sənədlərin tədim olunmaması göstərilmişdir.
4. Cavabdeh orqan iddia tələbinə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli münasibətlərində qeyd etmişdir ki, İddiaçı MMC ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış və texniki pasport sənədi ilə rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi idarəsinə müraciət etmişdir. Məlum olmuşdur ki, iddiaçı, ərizəsinə Balakən şəhəri, Atatürk prospekti, 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin (yem istehsalı zavodunun) inşa edilməsinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının qərarı, istismara icazə sənədi və dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə etməmişdir. Bu səbəbdən iddiaçının ərizəsinin icrası mümkün olmamış və bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-700/2023 (**********00) nömrəli məktub göndərilmişdir. Bundan sonra, iddiaçı "X10” MMC cavabdeh 18 saylı Zaqatala ərazi idarəsinə qarşı hazırki iddia tələbilə eyni olan iddia tələbilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyət hüququ üzrə öz adına dövlət qeydiyyatına alınması istənilən 8,2 ha torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi isə mavafiq hüquqmüəyyənedici sənədlərlə iddiaçının mülkiyyətinə yox, istifadəsinə verilmişdir.
5. Eyni zamanda, həmin iş üzrə keçirilən məhkəmə prossesində Azərbaycan Respublikasının Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanına əsasən iddia tələbində göstərilən tikililərə müvafiq hüquqmüəyyənedici sənədlərin əldə olunmasının mümkünlüyü cavabdeh orqan tərəfindən iddiaçıya izah olunmuşdur. Şəki İnzibati Məhkəməsinin 11.08,2023-cü il tarixli, 2-1(116)-1611/2023 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinə dair iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 30 noyabr 2023-cü il tarixli 2- 1(116)-2911/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-2911/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-2911/2023 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-2911/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs 1 nömrəli Balakən Peşə məktəbinin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2- 1(116)-2911/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.
13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər üçüncü şəxslər iştirak etməmi, səbəbləri barədə məlumat verməmişlər.
14. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
15. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - 2015-ci ildə tərtib edilmiş Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən Yem istehsalı zavodunun mövcud binalarının eskiz layihəsindən görünür ki, sözügedən layihə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən hazırlanmış, Balakən rayon Memarlıq və Tikinti şöbəsi ilə razılaşdırılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən İddiaçı MMC-nin naturada istifadəsində 12,44 ha torpaq sahəsi mövcuddur.” X10” MMC-nin naturada istifadəsində olan 12,44 ha torpaq sahəsinin 0,24 ha və 4,83 ha hissəsi hüquqları dövlət reyestrində dövlət qeydiyyatına alınmış reyestr nömrəsi **********24 olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 nömrəli Balakən Peşə Məktəbinin istifadəsində olan 66,40 ha torpaq sahəsinin cizgilərinin hüdudları daxilində yerləşir. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsi qismən üst-üstə düşür. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi X1 Baş İdarəsinin xx.xx.2017-ci il tarixli 23310 nömrəli rəyindən görünür ki, “Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yem zavodu”nun gücləndirmə layihəsini razılaşdırmaq olar. Layihədə verilən gücləndirmə işləri müvafiq təşkilat tərəfindən təsdiq edildikdən sonra binanın ümumi dayanıqlığının yoxlanılması üçün layihə sənədləri yenidən təqdim edilməlidir. - xx.xx.2021-ci il tarixli AA 628712 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndən görünür ki, məqsədli təyinatı kənd təsərrüfatı torpaqlara aid olan Balakən şəhəri Atatürk prospekti 32 ünvanında yerləşən, 66.40 ha (sənəd üzrə və faktiki) torpaq sahəsi Dövlət mülkiyyətindədir. Sözügedən plan-ölçü sənədinin hüquq sahibi qrafasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Balakən Peşə Məktəbi qeydi icra edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2007-ci il tarixli məktubundan görünür ki, Balakən 1 №-li Peşə Məktəbinin təlim təsərrüfat sahəsindən istifadəyə yararsız 8,2 ha-nın Balakən rayonunda tikiləcək yem fabriki üçün ayrılmasına Təhsil Nazirliyi etiraz etməmişdir. - Balakən Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli 174/1 nömrəli sərəncamından görünür ki, “Azəryem DHT Holdinq” firmasına Yem fabrikinin tikintisi üçün Balakən 1 №-li Peşə Məktəbinin təlim təsərrüfat sahəsindən 8,2 ha torpaq sahəsi ayrılmış, Balakən 1 №-li Peşə Məktəbinin təlim təsərrüfat sahəsindən ayrılmış 8,2 ha torpaq sahəsi məktəbin balansından çıxarılmışdır. - xx.xx.2010-cu il tarixli BL001 nömrəli icarə müqaviləsindən görünür ki, 1 nömrəli Balakən Peşə Məktəbinin direktoru (icarəyə verən) ilə "xxxx" MMC-nin icraçı direktoru Sitarə Bayramova arasında (icarə alan) arasında icarə müqaviləsi bağlanmış, icarəyə verən Balakən rayon ərazisində yerləşən, əkinə yararsız 8 ha torpaq sahəsini (bundan sonra torpaq) 30 il müddətinə icarə alanın istifadəsinə verməyi, “icarə alan” isə müqavilənin şərtlərinə əsasən icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, təqdim edilmiş rəyin nəticə hissəsində gücləndirmə işlərinin aparılması müvafiq təşkilat tərəfindən təsdiq edildikdən sonra binanın ümumi dayanıqlığının yoxlanılması üçün layihə sənədlərinin yenidən təqdim edilməsi qeyd olunmuşdur. Lakin, sifarişçi tərəfindən bu barədə X1 Baş İdarəsinə təkrar müraciət edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
18. Torpaq Məcəlləsinin: Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ
1. Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: (-) dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar;
2. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. .
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
26. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı, Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş tikililər və torpaq sahəsi üzərində İddiaçı MMC-nin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə nail olmaqdır.
27. İddia olunan 8,2 ha torpaq sahəsi ilə bağlı məhkəmə qeyd edir ki, Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən sözügedən torpaq sahəsi xx.xx.2010-cu il tarixli BL001 nömrəli icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmişdir. Məhkəmə tərəfindən iddia olunan torpaq sahəsinin xüsusiyyətləri öyrənilmiş, müəyyən edilmişdir ki, həmin torpaq sahəsi üzrə tərtib edilmiş AA 628712 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə hüquq subyekti olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Balakən Peşə Məktəbi qeyd edilmiş, torpaq sahəsi isə Dövlət mülkiyyətindədir.
28. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə əsasən (Dövlətin torpaq üzərində mülkiyyət hüququ) dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara daxildir. İstinad olunan maddənin 2-ci bəndinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativhüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.
29. Göründüyü kimi iddia olunan torpaq sahəsi dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan torpaq sahələrinə aiddir və qanunvericiliyin tələbinə görə sözügedən torpaq sahəsi yalnız istifadə və icarəyə verilə bilər. İşin hallarından göründüyü kimi iddia olunan torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir və həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün hüquqi əsas yoxdur.
30. xx.xx.2010-cu il tarixli, BL001 nömrəli icarə müqaviləsi ilə iddiaçının icarəsinə verilmiş torpaq sahəsi üzərində inşa edilmiş qeyri-yaşayış binasının eskiz layihəsi ilə müəyyən edilir ki, sözügedən tikili 2013-cü ilin yanvarın 1-dən sonra (Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra) inşa edilmişdir.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
32. Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.10.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir.
33. İş materiallarından görünür ki, iddia olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə müqavilə, tikilinin eskiz layihəsi mövcud olsa da, tikilinin inşasına icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədi mövcud deyil.
34. İş materiallarında olan “sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarəti Dövlət Agentliyi üçün texniki təhlükəsizliyə dair” ekspertiza rəyində İddiaçı MMCyə məxsus yem zavodunun silos qurğularının layihə sənədləri texniki təhlükəsizlik baxımından müvafiq normativ sənədlərin, norma və qaydaların tələblərinə uyğun hesab edilmişdir. Yəni, sözügedən rəy iddia olunun qeyri-yaşayış binasına münasibətdə yox, həmin tikilidə istismar olunan silos qurğularına münasibətdə verilmişdir.
35. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi X1 Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 23310 nömrəli rəyində “Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yem zavodu”nun gücləndirmə layihəsini razılaşdırmasının mümkünlüyü, layihədə verilən gücləndirmə işləri müvafiq təşkilat tərəfindən təsdiq edildikdən sonra binanın ümumi dayanıqlığının yoxlanılması üçün layihə sənədlərinin yenidən təqdim edilməsi qeyd edilmişdir.
36. Göründüyü kimi təqdim edilmiş rəyin nəticə hissəsində gücləndirmə işlərinin aparılması müvafiq təşkilat tərəfindən təsdiq edildikdən sonra binanın ümumi dayanıqlığının yoxlanılması üçün layihə sənədlərinin yenidən təqdim edilməsi qeyd olunsa da, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə müəyyən edilir ki, sifarişçi tərəfindən bu barədə X1 Baş İdarəsinə təkrar müraciət edilməmişdir.
37. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddia olunan torpaq sahəsi və qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
39. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı “Balakən şəhəri Atatürk prospekti 1 ünvanında yerləşən 8,2 ha torpaq sahəsində inşa olunmuş Yem zavoduna məxsus tikililərin və torpağın üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
40. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 2-1(116)-2911/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.