Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-125/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh və ya DSMF-in Zərdab rayon şöbəsi) qarşı "pensiyasının azaldılması ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, pensiyasının azaldılmasına görə tutulmuş pul məbləğinin ona qaytarılması və pensiyasının əvvəlki məbləğdə ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1020/2019 nömrəli qərarından DSMF-in Zərdab rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1952-ci ildə anadan olmuş və Zərdab şəhərində yaşayır. Cavabdeh DSMF-in Zərdab rayon şöbəsinin xx.xx.2010-cu il tarixli 47 nömrəli qərarına əsasən, ona xx.xx.2010-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği müəyyən edilərkən iddiaçının Zərdab Rayon İcra Hakimiyyətində işlədiyi son 24 ay ərzində aldığı əmək haqqının məbləği nəzərə alınmışdır. Lakin təxminən 10 il sonra cavabdeh iddiaçının 2009-cu ilin mart ayında aldığı və pensiya hesablanarkən nəzərə alınmış 312 manat mükafatın Zərdab RİH-in hesabatında əks olunmadığına istinad edərək xx.xx.2018-ci ildə pensiyanın məbləğini azaltmış və xx.xx.2010-cu ildən xx.xx.2018-ci ilədək iddiaçıya 1381,69 manat məbləğində pulun əsassız ödənildiyini bildirmişdir. İddiaçı bununla əlaqədar cavabdehə ərizə ilə müraciət etmiş, lakin cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə bildirmişdir ki, qulluq stajına görə son 24 ayın əmək haqqısı hesablandıqda götürülmüş 4 mükafatdan 1-i (2009-cu ilin mart ayında ödənilmiş mükafat) sığorta edənin, yəni Zərdab RİH başçısı aparatının təqdim etdiyi hesabatda öz əksini tapmadığı üçün nəticədə xx.xx.2010-cu ildən xx.xx.2018-ci ilədək 1381,69 manat artıq pensiya məbləği yaranmışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, 2009-cu ilin mart ayında ona 312 manat mükafat verilmişdir və bu, Zərdab RİH tərəfindən verilən sənədlərlə təsdiq olunur. Cavabdeh iddianı qəbul etməmiş və xx.xx.2019-cu il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1020/2019 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı aldığı pensiyanın məbləğinin azaldılması ilə bağlı DSMF-in Zərdab rayon şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, iddiaçının aldığı pensiyanın məbləğinin azaldılmasına görə tutulmuş pul məbləğinin ona qaytarılması və pensiyasının əvvəlki məbləğdə ödənilməsi vəzifəsinin DSMF-in Zərdab rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. DSMF-in Zərdab rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Zərdab RİHB Apartında şöbə müdiri vəzifəsində işləmiş İddiaçı xx.xx.2010-cu il tarixdən son 24 ayın əmək haqqısı nəzərə alınaraq yaşa görə dövlət qulluqçusu kimi pensiya təyinatı aparılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin x xxxxxx 2018-ci il tarixli **********7 nömrəli əmrinə uyğun olaraq DSMF-in Zərdab rayon şöbəsində dövlət büdcəsindən ayrılan vəsaitlərin və məcburi dövlət sosial sığortası üzrə gəlirlərin icrasının araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı pensiyası hesablanarkən qulluq stajına görə son 24 ayın əmək haqqısı nəzərə alınarkən götürülmüş 4 mükafatdan, yəni 2009-cu ilin mart ayından ödənilmiş mükafatdan məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsində məhkəmə baxışı zamanı Zərdab RİH-nin işçilərinə 2009-cu ilin mart ayı üçün mükafat verilməsi barədə hesablama cədvəllərində İddiaçı hesablanmış 312 manat mükafatdan 3 faiz sosial sığorta haqqı tutulması “Ödəniş tapşırığı” ilə Zərdab RİH tərəfindən DSMF-in Zərdab rayon şöbəsinə köçürülməsi göstərilsə də təqdim olunmuş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatda öz əksini tapmamışdır. Bu səbəbdən də qeyd edilən bir mükafat pensiya hesablanmasından çıxarılmışdır. Bunun nəticəsində də artıq pensiya məbləği yaranmışdır. Ona görə də Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)- 1020/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1020/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1020/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: - Cavabdehin xx.xx.2010-cu il tarixli 47 nömrəli qərarından görünür ki, iddiaçıya xx.xx.2010-cu ildən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. - Zərdab RİH-in işçilərinə 2009-cu ilin mart ayı üçün əmək haqqı verilməsi barədə hesablama cədvəlindən görünür ki, iddiaçıya 443,60 manat əmək haqqı hesablanmış, bunun 3 faizi, yəni 13,31 manat məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Həmin cədvəl üzrə bütün işçilərdən tutulmuş məcburi dövlət sosial sığorta haqqının cəmi 361,71 manat olmuşdur. - Zərdab RİH-in işçilərinə 2009-cu ilin mart ayı üçün mükafat verilməsi barədə hesablama cədvəlindən görünür ki, iddiaçıya 312 manat mükafat hesablanmış, bunun 3 faizi, yəni 9,36 manat məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Həmin cədvəl üzrə bütün işçilərdən tutulmuş məcburi dövlət sosial sığorta haqqının cəmi 259,41 manat olmuşdur. - xx.xx.2009-cu il tarixli 90 nömrəli "Ödəniş tapşırığı"ndan görünür ki, Zərdab RİH tərəfindən DSMF Zərdab rayon şöbəsinə 621,12 manat 3 faiz məcburi dövlət sosial sığorta haqqı köçürülmüşdür. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1020/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, Zərdab RİH-in işçilərinə 2009-cu ilin mart ayı üçün əmək haqqı verilməsi barədə hesablama cədvəlində İddiaçı 443,60 manat əmək haqqı hesablanmış, bunun 3 faizi, yəni 13,31 manat məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Bundan başqa, Zərdab RİHin işçilərinə 2009-cu ilin mart ayı üçün mükafat verilməsi barədə hesablama cədvəlində iddiaçıya 312 manat mükafat hesablanmış, bunun 3 faizi, yəni 9,36 manat məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Bütün işçilərdən tutulmuş məcburi dövlət sosial sığorta haqqının cəmi birinci cədvəl üzrə 361,71 manat, ikinci cədvəl üzrə isə 259,41 manat, ümumilikdə 621,12 manat olmuşdur. Həmin 621,12 manat məbləğ xx.xx.2009-cu il tarixli 90 nömrəli "Ödəniş tapşırığı" ilə Zərdab RİH tərəfindən DSMF-in Zərdab rayon şöbəsinə köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları"nın 2-ci bəndində deyilir ki, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 12-ci bəndinə görə, dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Göründüyü kimi, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi hesablanarkən dövlət qulluqçusunun aldığı və məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatlar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq belə qənaətə gəlir ki, iddiaçıya 2009-cu ilin mart ayında verilmiş 312 manat mükafat məcburi dövlət sosial sığortasına cəlb olunmuşdur. Belə olan halda, həmin mükafat əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinə daxil edilməlidir. Cavabdeh həmin məbləği iddiaçının dövlət məvacibinə daxil etməməkdə haqlı olmamışdır. Ona görə də birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli **********7nömrəli imtina məktubunda inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in Zərdab rayon şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-in Zərdab rayon şöbəsinin iddiaçının aldığı pensiyanın məbləğinin azaldılmasına görə tutulmuş pul məbləğinin ona qaytarılması və pensiyasının əvvəlki məbləğdə ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1020/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-125/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-125/2020
25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver