Məhkəmə qərarları › İş №2-1(107)-125/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-125/2023

26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-125/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsinin cavabdeh Göyçay rayonu Qaraməryəm bələdiyyəsinə qarşı “üçüncü şəxslər X8, X15, X5, X16, X17 və X6 torpağın alınması ilə bağlı cavabdeh Göyçay rayon Qarayazı bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarın etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-877/2022 nömrəli qərardadından iddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsi cavabdeh Göyçay rayonu Qarayazı bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslər X8, X15, X5, X16, X17 və X6 torpağın alınması ilə bağlı cavabdeh Göyçay rayon Qarayazı bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1687/2022 nömrəli qərardadı ilə cavabdeh Göyçay rayonu Qarayazı bələdiyyəsi, hüquq varisi olan - Göyçay rayon Qaraməryəm bələdiyyəsi ilə əvəz edilmiş, inzibati iş üzrə X8, X15, X5, X16, X17 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddiaçı, iddia tələbini aşağıdakı kimi əsaslandırmışdır: - üçüncü şəxslər X11, X15, Qasımova Fəzilə idin qızı, X16, X17 və X6 “Qaz ixrac” İdarəsinin Ağdaş Magistral X22 istismarında olan yüksək təzyiqli yeraltı 1220 mm-lik "Qazıməmməd-Qazax" magistral qaz kəmərinin (istismar tarixi 1985-ci il) Göyçay rayonu, Qarayazı kəndinin ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında torpaq sahələrinin ayrılmasına dair cavabdeh Göyçay rayonu Qarayazı bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərar aşağıdakı əsaslara görə qanunsuz və əsassızdır: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə qəbul edilmiş və hazırkı qərar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarının tələblərini ciddi surətdə pozmuşdur. “Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” nın 2.11-ci bəndinə əsasən Boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan tikinti işlərinin aparılması qadağandır, həmçinin 2.23-cü bəndinə əsasən magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərə torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərini istismar edən orqanla (hüquqi şəxslərlə) razılaşdırılır. Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000 -ci il tarixli 356 saylı Fərmanında əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatında şəhər (rayon) İcra hakimiyyəti orqanlarına qaz kəməri keçən ərazilərdə tikililərin aparılması hallarının qəti şəkildə qarşısının alınması tapşırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 149.-cu maddəsinin V-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları və hüquqi şəxslər üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən Göyçay rayon Qarayazı Bələdiyyəsi tərəfindən üçüncü şəxslər X11, X15, X5, X16, X17 və X7 magistral qaz kəmərinin mühafizə zonasında torpağın ayrılması ilə bağlı verilmiş sənədlər etibarsız hesab edilməlidir. Cavabdeh orqan iddia tələbinə münasibət bildirməmişdir. Üçüncü şəxslər X15 və X17 iddia tələbinə etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişlər ki, hazırkı mübahisəyə əvvəllər baxılaraq hüquqi qiymət verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Göyçay rayon Qarayazı bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarı İİHQ-nun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt hesab etdiyinə görə hazırkı tələbdə inzibati aktın etibarsızlığını irəli sürmüşdür və iddia tələbinin “mübahisələndirmə haqqında” iddia növünə uyğun qaydada dəyişdirilməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyi ilə razı deyil. Üçüncü şəxslər iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək birinci instanisya məhkəməsindən iddianın təmin edilməməsini xahiş etmişlər. Tərəflər birinci instanisya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İşdə olan, Göyçay rayon Qarayazı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarından və **********, **********, **********, **********, **********, **********, ********** və ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında DƏDR-dən Çıxarışlardan görünür ki, Göyçay rayonu Qarayazı kənd sakinləri X5, X17, X10, X15, X19, X3, X16 və X4 0.10 ha torpaq sahəsi satılmış, satılmış torpaq sahələri üzərində adları qeyd edilmiş şəxslərin tam xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 24 noyabr 2022-ci il tarixli 2- 1(116)-877/2022 nömrəli qərardadı ilə iddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsinin cavabdeh Göyçay rayonu Qaraməryəm bələdiyyəsinə qarşı “üçüncü şəxslər X8, X15, X5, X16, X17 və X6 torpağın alınması ilə bağlı cavabdeh Göyçay rayon Qarayazı bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsi аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-877/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünsüz olduğunu subsidiarlıq nöqteyi nəzərdən xarakterizə edərək əsaslandırılması SOCAR-ın “Qaz İxrac” İdarəsinin hüquq və qanuni mənafeyinin məhkəmədə müdafiəsinə təminatı ilə bağlı Konstitusion hüququn məhdudlaşdırılması kimi hesab edirlər. Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 2.1 -ci maddələrinin şərh edilməsinə dair" 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Şəki İnzibati Məhkəməsinin iddia tələbinin mümkünsüz olmasını həmçinin bələdiyyənin sözügedən qərarı SOCAR-ın "Qaz ixrac” İdarəsinin subyektiv hüququna birbaşa müdaxilə etdiyi üçün, bu halın iddia tələbinin inzibati aktın etibarsızlığının tanınmasına dair iddia kimi qəbul edilməsini istisna edən hal hesab etmişdir. Bununla bağlı bildirilir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılmalıdır. Yəni Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 nömrəli Qərarı ilə müəyyən olunmuş qaz kəmərinin mühafizə zonasında qaz kəmərini istismar edən orqan- SOCAR-dan müvafiq rəy almadan (hansı ki, SOCAR magistral qaz kəmərlərinin mühafizə sonasında tikinti işlərinin aparılmasını nəzərdə tutan müraciətlərə razılıq vermir, çünki bu, qanunvericiliklə qadağandır) tikinti məqsədi ilə vətəndaşa torpaq sahəsinin ayrılması haqqında qərar verməkdə səlahiyyətli deyildir. Digər tərəfdən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 6.4-cü bəndinə əsasən, elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün (tikinti) xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Məlumat üçün bildirilir ki, üçüncü şəxslər “Qaz İxrac” İdarəsinə qarşı adı çəkilən magistral qaz kəmərinin çıxarılaraq yerinin dəyişdirilməsi tələbinə dair Göyçay rayon məhkəməsində iddia qaldırmışlar. 1985ci ildə çəkilərək İdarənin balans və istismarında olan yüksək təzyiqli, strateji əhəmiyyətli, 1220 mm-lik Qazıməmməd-Qazax magistral qaz kəməri ilə Mingəçevir İES, ölkəmizin bir çox ərazisi təbii qazla təmin edilir və Gürcüstana təbii qaz nəqli həyata keçirilir. Qanunsuz qərar nəticəsində magistral qaz kəmərinin üçüncü şəxslərin iddiası ilə mövcud trasdan çıxarılması “Qaz İxrac” idarəsinə külli miqdarda maddi ziyanın vurulması ilə nəticələnə bilər. Həmçinin Mingəçevir İES-ə təbii qazın verilməsində uzun müddət fasilələrin yaranması, respublikanın bir çox yerlərin təbii qazın və elektrik enerjisinin təminatında ciddi problemlərə yol açması və Gürcüstana qaz nəqlində problemlərin olması ilə nəticələnə bilər. Odur ki, аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-877/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsinin nümayəndəsi X2 аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-877/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdıraraq düzgün hesab etmişdir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Göyçay rayon Qarayazı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı Qərarına, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” nın 2.11ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000 -ci il tarixli 356 saylı Fərmanına uyğun olmadığını və buna görə də sözügedən qərarın qanunsuz və əsassız olmasını bildirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. “İnzibati icraat haqqında” Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Göründüyü kimi iddiaçı əslində Göyçay rayon Qarayazı bələdiyyəsinin xx.xx.2007ci il tarixli 01 saylı qərarını qanunsuz inzibati akt hesab edir. Lakin, hazırkı tələbdə həmin qərarın etibarsız hesab edilməsini xahiş edir və məhkəmənin hüquqi yardımına cavab olaraq sözügedən qərarı İİHQ-nun 65.1.5-ci maddəsinə əsasən faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt hesab etdiyini bildirir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının həmin dəlilini əsassız hesab etmişdir. Belə ki, yuxarıda qeyd edilmiş sənədlərin məzmunundan göründüyü kimi Göyçay rayon Qarayazı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarı ilə torpaq sahəsi ayrılmış bütün şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və çıxarışla rəsmiləşdirilmişdir. Yəni, Göyçay rayon Qarayazı bələdiyyəsi tərəfindən qəbul edilmiş inzibati akt faktiki olaraq icra edilmişdir. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia “müəyyən etmə və ya tanınma haqqında” iddia növünə aiddir və iddia, tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini - 1. iddiaçının kifayət qədər marağının olmasını; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur. Hazırda iddiaçının mübahisələndirdiyi Göyçay rayon Qarayazı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 01 saylı qərarının qəbul edilməsindən 15 ildən artıq vaxt keçdiyindən, iddiaçının inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması və inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağının olması müəyyən edilmir. Hazırkı iddianın, yəni inzibati aktın etibarsız hesab edilməsi haqqında iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə hər hansı müddət olması müəyyən edilməsə də, nəzərə alınmalıdır ki, iddiaçının hüquqi marağına uyğun olaraq əlverişli iddia növü “mübahisələndirmə haqqında” iddiadır. İPM-nin 38.1-ci maddəsinə əsasən “mübahisələndirmə haqqında” iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində ... qaldırıla bilər. İş materialları ilə müəyyən edilmişdir ki, əvvəllər iddiaçı X12 cavabdeh Göyçay rayon Qaraməryəm bələdiyyəsinə qarşı “Göyay rayon Qaraməryəm (Qarayazı) bələdiyyəsinin 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarının X3, X19, X15, X17, X5 və X6 aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati işə (2-1(84)-10/2016) baxılarkən iş üzrə ARDNŞ-nin “Qaz İxrac” idarəsi ilə əvəz olunması barədə vəsatət verilmişdir. Vəsatətin məzmunundan görünür ki, mübahisələndirilən qərarın qəbulundan iddiaçının artıq xx.xx.2014-cü il tarixdə məlumatlı idi. Bundan başqa işdə olan Göyçay rayon Məhkəməsinin 2(046)-17/2014 saylı qətnaməsindən görünür ki, Göyçay rayon Qaraməryəm (Qarayazı) bələdiyyəsinin 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarı ilə satılmış torpaq sahəsi ilə bağlı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması barədə” məhkəmə mübahisəsi olmuşdur. Bu isə onu deməyə əsas verir ki, mübahisələndirilən qərarla ayrılmış torpaq sahələri boş olmamış və artıq 2014-cü ildə həmin torpaq sahəsinin mülkiyyətçiləri və istifadəçiləri arasında məhkəmə çəkişmələri baş verdiyindən, iddiaçı, mühafizə zonasına düşdüyünü iddia etdiyi torpaq sahəsində baş vermiş dəyişikliklərdən və qəbul edilmiş qərarlardan məlumatlı idi. Odur ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, iddiaçının “mübahisələndirmə haqqında” iddia növünün müddətlə bağlı xüsusi mümkünlük şərtindən yan keçmək üçün hazırkı məzmunda qaldırdığı iddia tələbi mümkün sayıla bilməz. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iş üzrə keçirilmiş birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsinə izah edilərək, onun dinlənilmə hüququ təmin edilmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamışdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir ki, iddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsinin cavabdeh Göyçay rayonu Qaraməryəm bələdiyyəsinə qarşı “üçüncü şəxslər X8, X15, X5, X16, X17 və X6 torpağın alınması ilə bağlı cavabdeh Göyçay rayon Qarayazı bələdiyyəsi tərəfindən verilmiş 08 yanvar 2007-ci il tarixli 01 saylı qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-877/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı ARDNŞ-nin “Qaz İxrac” İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 2-1(116)-877/2022 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar