Məhkəmə qərarları › İş №2-1(107)-125/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-125/2025

08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-125/2025 08.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qələbə adına X9 İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binasını və binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması baradə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2-1(116)-1789/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qax rayonu Qələbə adına X9 İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə mərhum atası X2 Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binasını və binanın yerləşdiyi torpaq sahəsini atasının adına vahid daşınmaz əmlak kimi qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1789/2024 nömrəli qərardadı ilə Qax Rayonu Əmircan bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. Şəki İnzibati Məhkəməsinin iclasında iddiaçı, iddia tələbini dəqiqləşdirərək “Qax rayonu Qələbə adına X9 İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binasını və binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması baradə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmşdır: - Qax rayonu Qələbə adına X9 İslahat Komlsiyasının xx.xx.1998- ci il tarixli, qərarı ilə Əmircan kəndində yerləşən fermanın yaşayış binası 26800 manat məbləğində dəyərləndirilmiş və iddiaçının mərhum atası X2 verilmişdir.

6. Atası H.Mahmudov xx.xx.2011-ci il tarixdə, anası Ayna Mahmudova isə xx.xx.2005-ci il tarixdə vəfat etmişdir.

7. İddiaçı mərhum atası və anasından miras qalmış əmlakı istifadə və idarə edir. Miras əmlakla bağlı digər vərəsələrin heç bir mübahisəsi yoxdur.

8. Hazırda o, əmlaka və əmlakın yerləşdiyi torpaq sahəsinə çıxarış əldə etmək istəyir. Buna görə də, cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh ərizənin icrasından imtina etmişdir.

9. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur.

10. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - X8 Komissiyasının 1998-ci il 17 yanvar tarixli 10/AK-1 nömrəli iclas protokolu ilə təsdiq edilmiş “Əmlakdan pay haqqının verilməsi barədə" xx.xx.2001-ci il tarixli 339 nömrəli aktın surəti ərizəyə əlavə edilsə də, Qax rayonu "Qələbə” adına kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilmiş yerli aqrar islahat komissiyasının kolxozun istifadəsində olan sözügedən əmlakın mülkiyyətə verilməsinə dair iclas protokolundan çıxarış qərarı, həmin kolxozun əmlakından pay almaq hüququ olan subyektlər arasında əmlak payı bölgüsü ilə əlaqədar atılmış püşklər cədvəli, ayrılmış torpaq sahəsinin koordinatlarının əks olunduğu təsdiqlənmiş hər hansı sxem və ya plan ölçü sənədi ərizəyə əlavə edilmədiyindən, həmçinin əlavə edilmiş "Əmlakdan pay haqqının verilməsi barədə” xx.xx.2001-ci il tarixli 339 nömrəli aktda əmlakların pulla ifadəsi göstərilməklə pay haqqı kimi verilmiş əmlakların növündə fərdi yaşayış evi göstərilmədiyindən ərizəçiyə 14.11,2023-cü il tarixli 3-21-3-39/2-M- 0117-8/2023 №-li imtina məktubu verilmişdir.

11. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8 və 10-cu maddələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” ilə müəyyən edilmiş sənədlər əsasında aparılır.

12. Yuxarıda qeyd olunanlara əsasən, Qax rayonu “Qələbə” adına X9 islahat komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verildiyi iddia olunan Qax rayonunun Əmircan kəndində yerləşən fermanın yaşayış binası və binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması barədə arayışın verilməsi qanunamüvafiq hesab olunmamışdır.

13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

14. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 17 oktyabr 2024-cü il tarixli 2-1(116)-1789/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

16. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

17. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, Məhkəmə Arxiv Sənədinin olmamasını əsas gətirmişdir. Belə ki, Qax rayon Dövlət arxivi məhkəməyə xx.xx.2024-cü il tarixdə arayış təqdiom edərək mərhum atamın adına qeyd olunan ferma binasının əmlak payı olaraq düşməsi barədə məlumatın olmaması qeyd edilmişdir. Lakin xx.xx.2024-cü il tarixli, 3-48-26RA/2M-192- 08/2023 saylı arayışdan dörünür ki, X10 və tikinti 13249, texnika və avadanlıq 6149, Çoxillik bitki (fındıq) 1476+5926 manat təşkil etməklə cəmi 26800 milyon manat əmlak payı verilmişdir. Məhkəmənin gətdiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası tərəflərin irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Birinci instansiya məhkəməsi isə həmin hallarla bağlı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmişdir. Şəki inzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixili, 2- 1(116)-1789/2024 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiyini, əlavə olaraq onu bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış, əsasız olaraq qanunazidd qərar qəbul edilərək iddia tələbi təmin edilmişdir. İddiaçı sədirlik edənin suallarına cavab olaraq apellyasiya şikayətininin dəlillərini müdafiə etdiyini bildirmişdir. Bundan əlavə, iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2- 1(116)-1789/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 birinci instansiya məhkəməsi tərəfindən işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılaraq iş üzrə qanunamüvafiq qərar qəbul edildiyini və əsaslı olaraq iddia tələbinin təmin edilmədiyini bildirmişdir.

20. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdirlər.

21. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

22. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023, xx.xx.2024-cü il tarixli imtina məktubları, AZ-İ 419375 №- li ölüm haqqında şəhadətnamə, Əmlakdan pay haqqının verilməsi barədə 339№-li Akt, Qax Rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş - Qax rayonu Qələbə adına X9 İslahat Komlsiyasının xx.xx.1998-ci il tarixli 10 saylı iclas protokolu və subyektlərə hesablanmış, veriləcək əmlak payına dair cədvəldən çıxarış, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi.

TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

24. Azərbaycan Respublikasının Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır.

26. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 3. İslahatın obyektləri və subyektləri İslahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlakdır. Sovxoz və kolxozların daimi işçiləri və üzvləri, sovxoz və kolxozdan pensiyaya çıxmış şəxslər, müddətli hərbi xidmətə çağırılmış və seçkili dövlət orqanlarının tərkibinə seçilmiş sovxoz və kolxozda işləmiş şəxslər sovxoz və ya kolxozun əmlakından pay almaq hüququ olan subyektlərdir. Maddə 4. İslahatı aparan orqanlar İslahatın aparılması üçün Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları yaradılır. Komissiyalar islahatın aparılmasına səlahiyyətləri hüdudlarında cavabdehlik daşıyırlar. Komissiyaların hüquqları və vəzifələri, iş qaydaları müvafiq əsasnamələr ilə müəyyən edilir. 7-ci maddəsinə əsasən rayon aqrar islahat komissiyası rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; Maddə 8. Yerli aqrar islahat komissiyası Yerli aqrar islahat komissiyası sovxozun və kolxozun ümumi yığıncağı tərəfindən təşkil edilir və onun tərkibi rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilir. Komissiya islahatın gedişi haqqında rayon aqrar islahat komissiyasına hesabat verir. Komissiyanın tərkibinə təsərrüfatın rəhbəri, əmək kollektivinin, icra hakimiyyətinin, təsərrüfatın ərazisində yaşayan vətəndaşların nümayəndələri daxil edilir. Komissiya: aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir; islahatın qanunvericiliyə uyğun həyata keçirilməsini təmin edir; ləğvetmə komissiyasının funksiyalarını yerinə yetirir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s.

27. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; .... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; ... 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetlərinin qərarları (həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla); ...

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən verilmiş torpaq sahələrinə mülkiyyət, sahiblik, istifadə hüquqlarına dair dövlət aktları və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələr; ... 2.3. 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarış və ya həmin çıxarışlar əsasında verilmiş arayışlar; 2.4. yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; 2.5-1. sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış; ... 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar;

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0.4. bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 46.1. İnzibati icraatda iştirak edən şəxslər işin bütün faktiki hallarının müəyyən edilməsinə kömək etməyə, iş üçün əhəmiyyət kəsb edən və onlara məlum olan faktlar barədə məlumat verməyə, özlərində olan zəruri sübutları təqdim etməyə borcludurlar.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

31. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

32. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

33. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

34. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmərək qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən sözügedən daşınmaz əmlak obyektinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində (o cümlədən Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”ında) nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, Qax rayon Dövlət Arxivinə verilmiş sorğularla da iddiaçıya aid məlumatların tapılmadığı müəyyən edilmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

37. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binasını və binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması baradə arayışın cavabdeh orqan tərəfindən ona verilməsinə nail olmaqdır.

38. Birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi faktiki olaraq 2442 kv.m-dir. Həmin torpaq sahəsi TEKUİS məlumat bazasında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, uqodiyası Tikinti altında olan torpaqlar (DWG faylında X13 - İctimai tikili altında olan torpaqlar) olmaqla Əmircan bələdiyyəsinin mülkiyyətində olan ərazidir. İddiaçı tərəfindən istifadə olunan 2442 kv.metr torpaq sahəsi üzərində sahəsi 163 kv.metr olan fərdi yaşayış evi və sahəsi 11 kv.metr olan köməkçi tikili (Günlük) yerləşir. Fərdi yaşayış evi köhnə tikilidi, dam ötrüyü yenilənib və hal hazırda İddiaçı tərəfindən istifadə edilir. İddiaçı torpaq sahəsinə naturada baxış keçirərkən həmin fərdi yaşayış evinin Qax rayonu Qəbələ adına X9 İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli, qərarı ilə dəyərləndirilmiş qiyməti ödənilməklə mərhum atası X2 verildiyini bildirmişdir.

39. İddiaçı sözügedən daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun mərhuma məxsusluğu ilə bağlı hüquq müəyyənedici sənəd qismində "Əmlakdan pay haqqının verilməsi barədə” xx.xx.2001-ci il tarixli 339 nömrəli akta istinad edir və sözügedən əmlakın mərhum atasına Qax rayonu “Qələbə” adına kolxozun YAİK-nın xx.xx.1998-ci il tarixli qərarı ilə verildiyini bildirir.

40. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binası üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması iş materiallarında olan sənədlərlə sübuta yetirilir.

41. Belə ki, iş materiallarında olan iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Qax rayonu Qəbələ adına X9 İslahat Komisiyasının əmlakdan pay verilməsi barədə 339 nömrəli aktı ilə müəyyən olunur ki, mərhum X2 pulsuz əmlak payının verilməsi (binalar və tikililər, o cümlədən anbar) öz təsdiqini tapmışdır. Bundan əlavə, qeyd edilən aktdan X1 qeyd edilən yaşayış binasına 13249 manat məbləğdə pul ödədiyi müəyyən olunmuşdur.

42. Eyni zamanda Qax rayonu Qəbələ adına X9 İslahat Komisiyasının xx.xx.1998-ci il iclasının protokolu ilə vətəndaşların pay almaq hüququ öz əksini tapmaqla, Qax rayon Dövlət Arxivi tərəfindən verilmiş əmlak payının əmlakçılara verilməsinə dair siyahıdan çıxarışın 339-cu bəndinə əsasən müəyyən olunur ki, X2 pay əmlak haqqı verilmişdir.

43. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə mübahisə predmeti olan torpaq sahəsinə və yaşayış binasına baxış keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçı tərəfindən istifadə olunan 2442 kv.metr torpaq sahəsi üzərində sahəsi 163 kv.metr olan fermanın yaşayış binası və sahəsi 11 kv.metr olan köməkçi tikili (Günlük) yerləşir. Fermanın yaşayış binası köhnə tikilidi, dam ötrüyü yenilənib və hal-hazırda İddiaçı tərəfindən istifadə edilir. Torpaq sahəsinin üzərində müxtəlif növ ağaclar yetişdirilmiş və eyni zamanda torpaq sahəsi dəmirlə hasara alınmışdır.

44. Bununla yanaşı iddiaçının Qax rayonu Əmircan kəndində yerləşən binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması baradə çıxarışın verilməsinə dair tələbinə münasibətdə kollegiya bildirir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.Torpaq sahəsi ilə bağlı kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, torpaq sahəsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığından daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması mümkün olmaycaqdır.

45. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsində göstərilir ki, bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır.

46. Belə olan halda iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi Qax rayonu Qəbələ adına X9 İslahat Komisiyasının əmlakdan pay verilməsi barədə 339 nömrəli aktı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.4-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənəd qismində qəbul edilməlidir.

47. Yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini tam rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə “Qax rayonu Qələbə adına X9 İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binası üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması baradə arayışın verilməsi öhdəliyinin qoyulmasına dair hissədə İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia həmin hissədə təmin edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2-1(116)-1789/2024 nömrəli qərarı qismən, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə “Qax rayonu Qələbə adına X9 İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən fermanın yaşayış binası üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması baradə arayışın verilməsi öhdəliyinin qoyulmasına dair hissədə ləğv edilsin və inzibati iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi həmin hissədə təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 oktyabr 2024-cü il tarixli 2-1(116)-1789/2024 nömrəli qərarı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə Qax rayonu Qələbə adına X9 İslahat Komisiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş Qax rayonu Əmircan kəndində yerləşən binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum X2 məxsus olması baradə arayışın verilməsi öhdəliyinin qoyulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar