Məhkəmə qərarları › İş №2-1(107)-126/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-126/2020

13.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-126/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı MMC-nin nümayəndələri X2, iddiaçının vəkili X6, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “xx.xx.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraatın dayandırılması barədə cavabdehin nüayəndəsinin vəsatətinə baxılmasına dair Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(084)-1130/2019 nömrəli qərardadından cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabadeh xx.xx.2019-cu il tarixdə iş üzrə icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyəti üzrə Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə müvafiq olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə “Vergi ödəyicisinin vergi qanunvericiliyininin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması ilə müəssisə tərəfindən mənfəət vergisi üzrə 48431,44 manat azaldılma, əlavə dəyər vergisi üzrə 5781,04 manat azaldılma, ödəmə mənbəyində tutulan vergi üzrə 6975,00 manat azaldılma olmaqla büdcəyə çatası vergilərin cəmi 61187,48 manat azaldıldığı aşkar edilmiş, müvafiq olaraq 30753,74 man maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd edilən vergi yoxlaması ilə bağlı aşkar edilmiş faktlar ilə əlaqədar hal-hazırda Vergi X1 Baş idarəsində ********* nömrəli cinayət işi üzrə cinayət mühakimə icraatı davam etdilir. Göstərilənlərə uyğun olaraq, qeyd olunan iş üzrə aparılan cinayət təqibinin hazırki mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Bu səbəbdən cinayət işi üzrə icraat başa çatanadək hazırkı iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(084)-1130/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraatın dayandırılması barədə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsinin vəsatəti rədd edilmişdir. Həmin qərardaddan cavabdeh apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apelyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilməli olan borcuna görə cavabdeh orqanın icraatında ********* nömrəli cinayət işi olduğundan, hazırkı mübahisə üzrə olan məsələ də həmin cinayət işinin icraatı zamanı araşdırıldığından hazırkı inzibati işin icraatı qeyd edilən cinayət işinə görə dayandırılmalıdır. Qeyd edilən cinayət işinin hazırkı inzibati iş üzrə mübahisənin həllinə təsir etməsi halları mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinin tələbləri baxımından qeyd edilən cinayət işi üzrə qəbul ediləcək qərar hazırkı inzibati mübahisəyə təsiri olacaqdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardını qanunsuz və əsassız hesab edirlər. İşdə iştirak edən şəxslərin izhatları: Cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək birinci instasniya məhkəməsinin qərardadının ləğv edilməsini və iş üzrə icraatın dayandırılmasını xahiş etdi. X5 və iddiaçının vəkili X9 çıxış edərək bildirdi ki, hazırkı iş üzrə icraatın dayandırılması iş üzrə obyektiv və qanuni nəticəyə gəlməyə imkan verməyəcəkdir. Belə ki, iddiaçı vergi orqanın qərarı əsasında vergi məsuliyyətinə cəlb edilmiş, həmin qərarı iddiaçı mübahisələndirir. Qeyd edilən qərarın ləğv edilməsi və ya qüvvədə qalması ilə bağlı mübahisə həll edilmədən iddiaçıya qarşı cinayət icraatının aparılması mümkün deyildir. Əsaslandırma hissəsi: İPM-in 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İPM-in 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 7.1-ci mаddəsinə görə mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. İPM-in 7.2-ci mаddəsinə görə inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Məhkəmə kollegiyası iş materiallarından müəyyən etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinə müraciət edərək “xx.xx.2019-cu il tarixli **********184368 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 61187,48 manat əsas və 30753,74 manat maliyyə sanksiyasının müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. Eyni zamanda, səyyar vergi yoxlaması ilə iddiaçı cəmiyyət tərəfindən mənfəət vergisi üzrə 48431,44 manat azaldılma, əlavə dəyər vergisi üzrə 5781,04 manat azaldılma, ödəmə mənbəyində tutulan vergi üzrə 6975,00 manat azaldılma olmaqla büdcəyə çatası vergilərin cəmi 61187,48 manat azaldıldığı aşkar edilmiş, bununla əlaqədar hazırda mübahisə predmeti olan qərar qəbul edilmiş və bu faktlarla əlaqədar hal-hazırda Vergi X1 Baş idarəsində ********* nömrəli cinayət işi başlanmışdır. Belə olan vəziyyətdə gələcəkdə iddiaçıya ittiham verilməsi üçün əsas ola biləcək vergi orqanının xx.xx.2019-cu il tarixli **********184368 nömrəli qərarı və onun əsasında vergi məsuliyyətinə cəlb edilmiş məbləğ çıxış edəcəkdir. Hazırkı inzibati işdə isə qeyd edilən vergi orqanının qərarı və həmin məbləğ mübahisələndirilir. Ona görə də qeyd edilən qərar iddiaçı tərəfindən mübahisələndirildiyindən, həmin qərarın qanuni və ya qanunsuz olması müəyyən edilmədən cinayət işi üzrə icraatın aparılması mümkün olmayacaq, yəni hazırkı inzibati mübahisə üzrə iddiaçının xeyrinə və ya ziyanına qəbul edilmiş qərar iddiaçıya ittiham verilməsi və ya verilməməsi üçün əsas yaradacaqdır. Ona görə də cinayət işinin icraatı hazırkı inzibati işin nəticəsindən asılı olacaqdır. Bu mənada İPM-in 7.2-ci maddəsinin tələbləri baxımından hazırkı işin həlli cinayət işi üzrə məsələnin həllindən asılı deyildir. Bu baxımdan birinci instasniya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qərardad qanuni və əsaslı olduğundan qeyd edilən qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar mövcud deyildir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Hazırkı qərardad icraatın dayandırılması barədə vəsatətin həlli ilə bağlı olduğundan hazırkı qərardaddan kassasiya şikayəti verilməsi qanunda nəzərdə tutulmamışdır. Nəticəvi hissə Şərh olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 7-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi X1 Baş İdarəsinin apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(084)-1130/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlansın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar