Məhkəmə qərarları › İş №2-1(107)-126/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-126/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-126/2021 07.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Kərimli İsmayıl Aslan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı “03.06.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(116)-1213/2020 nömrəli qərarından iş üzrə cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1958-ci ildə Göyçay rayonu Bığır kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra, bir müddət kolxozda işləmişdir. 1980-ci ilin mart ayında həmkəndlisi X4 ilə evlənmişlər. Birgə nikahdan iki övladları dünyaya gəlmişdir. Həyat yoldaşı Ramiz Zülfüqarov 13.11.2008-ci il tarixində vəfat etmişdir. 03.06.2020-ci il tarixdə “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş yaş həddinə çatdığı üçün müvafiq sənədlərlə cavabdeh orqana müraciət edərək, yaşa gorə pensiya təyin edilməsini xahiş etmişdir. Sənədləri araşdırılmış və ona sosial pensiya təyin edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra, ərizə ilə cavabdeh orqana müraciət edərək, ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. İmtinanın səbəbi kimi - Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanunun 14-cu maddəsinə əsasən tələb olunan sosial sığorta stajının təsdiq edilmədiyi göstərilmişdir (Göyçay 3 saylı Tikinti İdarəsi fəaliyyət göstərmədiyi və sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün). Həyat yoldaşı Ramiz Zülfüqarovun sosial sığorta stajını təsdiq edən əmək kitabçasının surətini cavabdeh orqana təqdim etsə də, DSMF-nin Göyçay rayon şöbəsi əmək kitabçasını sosial sığorta stajının hesablanması üçün əsas hesab etməmiş, Göyçay 3 saylı Tikinti İdarəsinin fəaliyyət göstərmədiyini və sənədlər Dövlət Arxivinə təhvil verilmədiyini əsas göstərərək ona ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 17.1-ci maddəsində qeyd olunmuşdur ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. İddiaçının həyat yoldaşı X4 13.11.2008-ci il tarixdə (55 yaş) vəfat etmişdir. R.Zülfüqarovun vəfat etdiyi dövrdə onun həmin yaş həddi üçün 13 il 4 ay sosial sığorta stajı tələb olunur. X2 əmək kitabçasında iş stajı aşağıdakı qaydadadır: 1968.09.05-1973.05.03=4-7-28 (sovxoz) 1977.01.27-1978.12.31=1-11-04 (sovxoz) 1979.08.02-1981.07.15=1-11-04 (avtobaza) 1982.01.7-1984.08.03=2-6-26 (SU-3) mübahisələndirilən staj 1984.08.10-1987.08.10=3-0-0 (XUMS) mübahisələndirilən staj 1987.10.08- 2006.01.01=18-2-23 (3 saylı Təmir-tikinti idarəsi) mübahisələndirilən staj. İş materiallarından aydın olur ki, X3 məxsus 2 əmək kitabçası vardır. Hər iki əmək kitabçası 2 aprel 1973-cü ildə doldurulmuşdur və əmək kitabçalarından biri kirilcə, digəri isə rus dilindədir. Kirilcə açılmış əmək kitabçasında iddiaçının 1982-ci il yanvarın 7-si işə qəbul olması öz əksini tapmışdır. Lakin işdən azad olma ilə bağlı qeyd aparılmamışdır. Bununla əlaqədar Göyçay rayon Dövlət Arxivinə tərəfimizdən sorğu göndərilmişdir. Sorğunun cavabında qeyd olunmuşdur ki, X3 məxsus 1982-ci il əmək haqqı cədvəllərində, həmçinin əmr kitablarında vətəndaşın adında pozuntu var. Bundan başqa arxiv arayışında işdən çıxma tarixi 17 avqust 1987-ci il, əmr isə №108 qeyd edilmişdir və göstərilən qeydlər əmək kitabçası ilə üst-üstə düşmür. Əlavə olaraq, əmək kitabçasında vətəndaş X2 27 yanvar 2008-ci ilədək Göyçay 3№-li tikinti idarəsində işləməsi qeyd olunub. Arxiv arayışında göstərilib ki, 2003-cü ildən 2008-ci ilə qədər şəxsə aid əmək haqqı cədvəlləri təhvil verilməmişdir. Dövlət Sosial Müdafiə Fonduna 01.01.2006-ci ildən 27.01.2008-ci ilə qədər Göyçay Təmir-tikinti Məhdud Məsuliyyətli Cəmiyyətində vətəndaşın işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarını ödəyib-ödəməməsi barədə sorğu göndərilmişdir. Məhkəmə qərarı qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(116)-1213/2020 saylı qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının üzərinə İddiaçı 03.06.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(116)-1213/2020 saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, İddiaçı 24 iyun 2020-ci il tarixdə yaşa görə sosial müavinətdən ailə başçısını itirməyə görə əmək pensiyasına keçmək üçün ərizə ilə müraciət etmişdir. Vətəndaşın həyat yoldaşı X4 13.11.2008-ci ildə vəfat etmişdir. R. Zülfüqarovun vəfat etdiyi dövrdə onun həmin yaş həddi üçün 13 il 4 ay sosial sığorta stajı tələb olunurdu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 saylı regional ərazi filialı ( Göyçay rayon filialı ) ərizəyə cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli 1352 saylı Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanunun 14-cü maddəsinə əsasən tələb olunan sosial sığorta stajı təsdiq edilmədiyi üçün ( Göyçay 3 saylı Tikinti İdarəsi fəaliyyət göstərmədiyi və sənədləri Dövlət Arxivinə təhvil verilmədiyi üçün) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməmişdir. İş materiallarından aydın olur ki, X3 məxsus 2 əmək kitabçası vardır. Hər iki əmək kitabçası 2 aprel 1973-cü ildə doldurulmuşdur və əmək kitabçalarından biri kirilcə, digəri isə rus dilindədir. 07.01.1982-03.08.1984 - SU-3 (mübahisələndirilən staj),10.08.1984-10.08.1987 -XUMS (mübahisələndirilən staj), 08.10.1987-01.01.2006 - 3 saylı Tikinti İdarəsi (mübahisələndirilən staj) Göstərilən müəssisələr ilə əlaqədar Göyçay rayon Dövlət Arxivinə tərəfimizdən sorğu göndərilmişdir. Sorğunun cavabında qeyd olunmuşdur ki, 1982-ci il əmək haqqı cədvəllərində, həmçinin əmr kitablarında vətəndaşın adı Zülfüqarov Rafik yazılmışdır. İdarənin 2002-ci ilə qədər əmək haqqı cədvəllərində X2 əmək haqqı qazanmasına dair qeyd tapılmamışdır. Bundan başqa arxiv arayışında işdən çıxma tarixi 17 avqust 1987-ci il, əmr isə №108 qeyd edilmişdir və göstərilən qeydlər əmək kitabçası ilə üst-üstə düşmür. Əlavə olaraq, əmək kitabçasında vətəndaş X2 27 yanvar 2008-ci ilədək Göyçay 3№-li tikinti idarəsində işləməsi qeyd olunub. Arxiv arayışında göstərilib ki, 2003-cü ildən 2008-ci ilə qədər şəxsə aid əmək haqqı cədvəlləri təhvil verilməmişdir. Vətəndaşın işdən azad olunması ilə bağlı aparılan sənədləşmə isə qeyri iş gününə təsadüf edir. Dövlət Sosial Müdafiə Fonduna 01.01.2006-ci ildən 27.01.2008-ci ilə qədər Göyçay Təmir-tikinti Məhdud Məsuliyyətli Cəmiyyətində vətəndaşın işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarını ödəyib-ödəməməsi barədə tərəfimizdən sorğu göndərilmişdir. Sorğunun cavabında qeyd olunmuşdur ki, X2 (FİN 3AX696B) 01.01.2006-ci ildən 27.01.2008-ci ilə qədər Göyçay Təmir- tikinti Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi müddətdə məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(116)-1213/2020 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(116)- 1213/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş Mərkəzinin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2-1(116)-1213/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. AZE seriyalı ******** nömrəli Ş/V-nin surəti, Cavabdeh 02.07.2020-ci il tarixli **********3 nömrəli imtina məktubu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının 07.08.2020-ci il tarixli **********3 nömrəli məktubu, 25.06.2020-ci il tarixli Aktın təsdiqlənmiş surəti, Milli Arxiv İdarəsi X9 filialının 05.10.2020-ci il tarixli 90 nömrəli məktubu,Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının 28.10.2020-ci il tarixli etirazı aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(116)-1213/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş:: - AZ-İİ seriyalı 082243 nömrəli 23.06.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 13.11.2008-ci il tarixdə vəfat etmişdir. - 02.04.1973-cü il tarixli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, X4 05.09.1968-31.12.1978-ci illərdə sovxozda, 02.08.1979-15.07.1981-ci illərdə avtobazada, 07.01.1982-03.08.1984-cü illərdə SU-3-də, 10.08.1984-10.08.1987 XUMS-da, 08.10.1987- 27.01.2008-ci ildə 3 saylı Təmirtikinti idarəsində işləmişdir. -İİ-ЖГ seriyalı 344037 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 ilə X5 arasında nikah bağlanmışdır. - 05.10.2020-ci il tarixli 249 nömrəli Arxiv Arayışından görünür ki, Azkoostroy XUMS tresti ləğv olunduğu üçün X1 avtokalonuna işə qəbul edilmiş, 27.01.2008-ci il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. 05.10.2020-ci il tarixli 248 nömrəli Arxiv Arayışından görünür ki, X4 1987-1994-cü illərdə “Azkooptikinti” trestinin Göyçay 3 nömrəli tikinti idarəsində işləmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin 07.10.2020-ci il tarixli **********535000 nömrəli məlumatından görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 11.01.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin baza məlumatlarına əsasən əsas fəaliyyət növü “təmir tikintiİnşaat, kod 45211” göstərilmişdir. Baza məlumatlarına əsasən cəmiyyətin hüquqi ünvanı Göyçay şəhəri M.Hüseynzadə küçəsi, ev 8, rəhbəri X6 olaraq qeyd olunmuşdur. Hüquqi şəxsin rəhbərinin baza məlumatlarına əsasən əlaqə telefon nömrəsi ***-***-**-** olaraq qeyd edilmişdir. Cəmiyyətin hal-hazırda fəaliyyəti aktiv deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının mərhum əri 29.01.1953-cü ildə doğulmuş, 13.11.2008-ci ildə ölmüşdür. Onun öləndə 55 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 13 il 4 ay stajının olması kifayət edir. (55 -15=40, 10*4/12=13 il 4 ay il) İddiaçı xx.xx.1958-ci il tarixdə doğulduğundan onun 03.06.2020-ci il tarixdə 61 yaş 6 ayı tamam olmuşdur. Cavabdeh inzibati orqan iddiaçının mərhum ərinin 8 il 6 ay 15 gün stajını mübahisələndirmir.1987.10.08 - 2006.01.01=18-2-23 (3 saylı Təmir-tikinti idarəsi) mübahisələndirilən stajla bağlı isə məhkəmə qeyd edir ki, iş materiallarında olan 05.10.2020-ci il tarixli 248 nömrəli arxiv arayışından görünür ki, iddiaçının mərhum əri 3 saylı Təmir-tikinti idarəsində 1987-1994-cü illərdə əmək haqqı almışdır. Həmin arxiv arayışında qeyd olunan ayları topladıqda ən azından 85 ay əmək haqqı alması təsdiqini tapır. Bu da 7 il 1 ay təşkil edir ki, həmin müddəti də mübahisələndirilməyən müddətlə topladıqda tələb olunan 13 il 4 ay stajdan artıq staj tamamlanır. (8 il 6 ay 15 gün + 7 il 1 ay = 15 il 7 ay 15 gün). İddiaçıya pensiya təyin edilməsi üçün tələb olunan stajın tamamlanması səbəbindən və onun iddia tələbinin hüququ yarandığı vaxtdan ailə başçısı itirməyə görə pensiya təyin edilməsindən ibarət olduğu üçün əmək kitabçasında qeyd olunan digər iş yerlərinin və stajın araşdırılması üçün heç bir səbəb qalmır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və Azərbaycan Respublikası Konstitusiyasının: Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinçi instansiya haqlı olaraq hesab etmişdir ki,iddia tələbi təmin edilməli, cavabdehin üzərinə 03.06.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(116)-1213/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərаrа аldı: Cavabdeh DSMF publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2-1(116)-1213/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar