Məhkəmə qərarları › İş №2-1(107)-126/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-126/2022

21.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-126/2022 21.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus üç mərtəbəli, zirzəmili, mansardlı (zirzəmi 271,49 kv.m., 1-ci mərtəbə 352,1 kv.m., 2-ci mərtəbə 339,64 kv.m., 3- cü mərtəbə 341,8 kv.m., mansard 353,03 kv.m) qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(116)-117/2022 nömrəli qərarından İddiaçı nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Göyçay şəhəri Nəriman Nərimanov küçəsi 21 saylı ünvanda yerləşən ona məxsus üç mərtəbəli, zirzəmili, mansardlı (zirzəmi 271,49 kv.m., 1-ci mərtəbə 352,1 kv.m., 2-ci mərtəbə 339,64 kv.m., 3-cü mərtəbə 341,8 kv.m., mansard 353,03 kv.m.) qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin əsaslarına görə, Göyçay Rayon İcra Hakimiyyəti başçısının 12 sentyabr 2018-ci il tarixli 65 nömrəli sərəncamına əsasən iddiaçıya qeyri-yaşayış obyektinin tikintisi üçün Göyçay şəhəri Nəriman Nərimanov küçəsi 21 saylı ünvanda 417,5 kv.m-dən ibarət ölçüdə torpaq sahəsi ayrılmışdır. Göyçay Rayon İcra Hakimiyyəti başçısı tərəfindən ünvan 3 ünvanda yerləşən, iddiaçının istifadəsində olan torpaq sahəsində (tərtib olunmuş layihə əsasında) verilmiş sxem üzrə ümumi sahəsi 823,7 kv.m-dən ibarət üç mərtəbəli, zirzəmili qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsi haqqında 01 iyul 2019-cu il tarixli 67 saylı sərəncam imzalanmışdır. Daha sonra 21 və 22 nömrə ilə qeyd edilmiş qeyri-yaşayış obyektinin tikintisinə 22 avqust 2019-cu il tarixdə icazə verilmiş və ünvan 3 ünvanda ümumi sahəsi 1658,06 kv.m-dən ibarət üç mərtəbəli, zirzəmili, mansardlı qeyri-yaşayış obyekti inşa edilmişdir. İddiaçı qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 06.05.2021-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsi elektron baza məlumatlarına əsasən yoxlanarkən dövlət əmlaklarının ərazisi olmaqla dövlət torpağı olması məlum olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki Göyçay Rayon İcra Hakimiyyəti Başçısının tikinti obyektinin istismarına icazə sənədində Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, İstismara hazırlıq aktı və bu barədə məlumat qeyd edilməmişdir. Tikintisinə icazə tələb olunan tikililər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qanuvericiliklə müəyyən edilmişdir. Bildirilmişdir ki, Göyçay Rayon İcra Hakimiyyəti Başçısının 22.08.2019-cu il tarixli 21 və 22 saylı obyektinin tikintisinə icazə sənədində 1074,8 kv.m. tikiliyə icazə verilməsinə baxmayarq 1662,3 kv.m., yəni 587,5 kvm əlavə tikili inşa edilmişdir. Əlavə tikilmiş 587,5 kv.m. tikiliyə aid heçbir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh 23.07.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, araşdırma zamanı Göyçay Rayon İcra Hakimiyyəti başçısının tikinti obyektinin istismarına icazə sənədində Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi, İstismara hazırlıq aktı və bu barədə məlumatın qeyd edilmədiyi, həmçinin Göyçay Rayon İcra Hakimiyyəti Başçısının 22.08.2019-cu il tarixli 21 və 22 saylı obyektinin tikintisinə icazə sənədində 1074,8 kv.m. tikiliyə icazə verilməsinə baxmayaraq, 1662,3 kv.m., yəni 587,5 kv.m. əlavə tikiliyə aid inşa edildiyi və əlavə tikilmiş 587,5 kv.m. tikiliyə aid heç bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyi məlum olmuşdur. Yuxarıda qeyd olunan hallarla əlaqədar olaraq, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Əlavə araşdırma zamanı aşağıdakı çatışmazlıqlar müəyyən olunmuşdur: Göyçay Rayon İcra Hakimiyyəti Başçısının qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə 01.07.2019-ci il tarixli 67 saylı sərəncamda sxem üzrə ümumi sahəsi 823,7 kv.m. olan 3 mərtəbəli, zirzəmili qeyri-yaşayış binasının tikintisinə icazə verilməsinə baxmayaraq, əlavə olaraq mansard inşa olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavəyə uyğun tərtib edilmiş, obyektin tikintisinə icazə sənədinin “Tikinti ərazisi barədə məlumat” qrafası natamam doldurulmuş, “Tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyi”, “Tikinti obyektinə dair alınmış rəylər və əlavə şərtlər”, “İcazəyə əlavə olunan sənədlər” qrafaları isə doldurulmamışdır. “Tikinti obyektinin istismarına icazə” sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun olaraq, tərtib olunmayıb. Vətəndaş İddiaçı ərizəsinə əlavə olunmuş “Tikinti obyektinin istismarına icazə” sənədində “Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qrafasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi aktın əvəzinə X7 Xidmətinin məktubunun nömrəsi və tarixi qeyd olunmuşdur. Göyçay Rayon İcra Hakimiyyəti başçısının qeyri-yaşayış binasının tikintisi üçün torpaq ayrılması barədə 12.09.2018-ci il tarixli, 65 saylı sərəncamında torpaq sahəsinin nə üçün (icarə, istifadə, mülkiyyət və s.) ayrılması qeyd olunmayıb, həmçinin həmin torpaq sahəsi ilə bağlı müqavilə ərizəyə əlavə olunmayıb. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması, cavabdehin nümayəndəsi isə cavabdehin iddiaya qarşı münasibət məktubunda qeyd edilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna əsasən tələb olunmuş sənədlərin təsdiq edilmiş surətləri etiraza əlavə olunmuşdur. İş materiallarında olan: Göyçay RİH başçısının 12.09.2018-ci il tarixli 65 nömrəli Sərəncamı ilə ünvan 4 ünvanda 417,5 kv.m. ölçüdə torpaq sahəsinin qeyri-yaşayış obyektinin tikintisi üçün iddiaçıya ayrılması qərara alınmışdır. Göyçay RİH başçısının 01.07.2019-cu il tarixli 67 nömrəli Sərəncamı ilə iddiaçıya ünvan 4 ünvanda yerləşən, istifadəsində olan torpaq sahəsində (tərtib edilmiş layihə əsasında) verilmiş sxem üzrə ümumi sahəsi 823,7 kv.m olan üç mərtəbəli, zirzəmili qeyriyaşayış obyektinin tikintisinə icazə verilmişdir. Göyçay RİH başçısı tərəfindən verilmiş 22.08.2019-cu il tarixli 21 nömrəli “Obyektin tikintisinə icazə” sənədinin təsdiq edilmiş surətində tikintialtı sahənin 417,5 kv.m., ümumi sahənin isə 823,7 kv.m. olduğu qeyd edilmişdir. Göyçay RİH başçısı tərəfindən verilmiş 22.08.2019-cu il tarixli 22 nömrəli “Obyektin tikintisinə icazə” sənədinin təsdiq edilmiş surətində tikintialtı sahənin 83,7 kv.m., ümumi sahənin isə 251,1 kv.m. olduğu qeyd edilmişdir. FHN X7 Xidmətinin 13.04.2020-ci il tarixli 0243 nömrəli aktının təsdiq edilmiş surətində qeyd edilir ki, obyekt Azərbaycan Respublikasında qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının, 2.08.02-89 “İctimai bina və qurğular” Tikinti Norma və Qaydalarının, 2.11-1 “Su təchizatı. Xarici xəttlər və qurğular” Tikinti Norma və Qaydalarının; 2.04.01-85 “Binaların daxili su kəməri və kanalizasiyası” Tikinti Norma və Qaydalarının; 2.04-09-84 “Bina və qurğuların yanğın avtomatikası” Tikinti Norma və Qaydalarının, “X1 Qaydaları”nın, 2.02.01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” yanğına qarşı yönəldilmiş tələblərinə əməl edilməklə inşa edilmiş və yanğıntexniki ləvazimatlarla təmin edilmişdir. Cavabdehin 22.07.2021-ci il tarixli məktubunda qeyd edilir ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi qaydası”nın 5.5-ci bəndinə əsasən tikinti obyektində tikinti-quraşdırma işləri başa çatdıqdan sonra həmin işlərin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun aparılmasını və tikintiyə dövlət nəzarətinin həyata keçirilməsinin başa çatmasını əks etdirən istismara hazırlıq aktı tərtib olunur. Həmin aktı sifarişçinin, podratçının, layihəçinin və Müfəttişliyin səlahiyyətli nümayəndəsi imzalayır və Agentlik 1 (bir) gün ərzində aktı sifarişçiyə təqdim edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun olaraq, “Tikinti obyektinin istismarına icazə” sənədində “Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş nömrəsi” qrafası var. Vətəndaş İddiaçı ərizəsinə əlavə olunmuş “Tikinti obyektinin istismarına icazə” sənədində “Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qrafasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi aktın yerinə X7 Xidmətinin məktubunun nömrəsi və tarixi qeyd olunmuşdur. Cavabdehin 21.09.2021-ci il tarixli məktubunda qeyd edilir ki, iddiaçının istifadəsində olan torpaq sahəsi 0,03998 ha, təyinatı yaşayış məntəqələri torpaqları, uqodiyası digər (Dövlət torpağı) statusu sahibkarlıq, torpaq sahəsində istifadə hüququ olan şəxs İddiaçıdur. İşdə olan mütəxəssis rəyində qeyd edilir ki, Göyçay Rayon İcra Hakimiyyəti Başçısının 12 sentyabr 2018-ci il tarixli 65 saylı sərəncamı ilə bağlı ilkin yerquruluşu sənədlər təqdim edilmədiyindən onun sənəd üzrə istifadəsində olan mübahisəli torpaq sahəsinin dair döngə nöqtələri, sahəsi, təyinatı, uqodiyası, rejimi, statusu mülkiyyətçiləri və istifadəçiləri haqqında məlumat verilməsi mümkün olmamışdır Göyçay şəhəri Nəriman Nərimanov küçəsi 21 saylı ünvanda yerləşən iddiaçının faktiki istifadəsində olan mübahisəli torpaq sahəsi yaşayış məntəqələri daxilində Dövlət mülkiyyətinə aid (DWJ məlumatlarına əsasən uqodiya-sair torpaqlar) torpaq sahəsidir. Torpaq sahəsinin döngə nöqtələri koordinatları və sahəsi rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Qeyd: ƏMDX-nın Dövlət əmlakının idarə edilməsi və səmərlı istifadəsinə nəzarət şöbəsinin Dövlət əmlak registri sektoruna verilmiş sorğuya daxil olmuş cavaba əsasən mübahisəli torpaq sahəsində Göyçay Mənzil İstismar Sahəsinin balansında dəyəri 1193,0 manat olmuş birmərtəbəli qeyri-yaşayış binası yerləşmişdir. 2018-ci ildə bina fiziki cəhətddən köhnəldiyinə görə balansaxlayıcı təşkilat tərəfindən balansdan silinərək sökülmüşdür. Binanın yerləşdiyi torpaq sahəsi isə Göyçay Rayon İcra Hakimiyyəti Başçısının 12 sentyabr 2018-ci il tarixli 65 saylı sərəncamına əsasən İddiaçı qeyri-yaşayış binəsinin tikintisi üçün ayrılmışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 22 fevral 2022-ci il tarixli, 2- 1(116)-117/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus üç mərtəbəli, zirzəmili, mansardlı (zirzəmi 271,49 kv.m., 1-ci mərtəbə 352,1 kv.m., 2-ci mərtəbə 339,64 kv.m., 3cü mərtəbə 341,8 kv.m., mansard 353,03 kv.m) qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(116)-117/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-1(116)-117/2022 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ünvan 1 ünvanda yerləşən iddiaçıya məxsus üç mərtəbəli, zirzəmili, mansardlı (zirzəmi 271,49 kv.m., 1-ci mərtəbə 352,1 kv.m., 2-ci mərtəbə 339,64 kv.m., 3-cü mərtəbə 341,8 kv.m., mansard 353,03 kv.m) qeyri-yaşayış obyektinin mövcud vəziyyətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Hesab edir ki, Şəki İnzibati Məhkəməsinin 22.02.2022-ci il tarixli 2-1(116)-117/2022 saylı qərarı qanunsuz və ədalətsizdir. Ona görə də qeyd edilən qərar ləğv edilməli, yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, “İşin yuxarıda tədqiq edilən hallarına əsasən müəyyən edildiyi kimi, iddiaçıya Göyçay Rayon İcra Hakimiyyəti başçısının 01.07.2019-cu il tarixli sərəncamı ilə iddiaçıya istifadəsində olan torpaq sahəsində (tərtib olunmuş layihə əsasında) verilmiş sxem üzrə ümumi sahəsi 823,7 kv.m olan üç mərtəbəli, zirzəmili qeyri-yaşayış obyektinin tilintisinə icazə verilmişdir. İşdə olan Göyçay RİH başçısının 22.08.2019-cu il il tarixli 21 və 22 saylı “obyektin tikintisinə icazə” sənədi ilə isə 1074,8 kv.m. tikiliyə icazə verilməsinə baxmayaraq ( 21 nömrəli ilə 823,7 kv.m, 22 nömrəli ilə 251,1 kv.m.) 1662,3 kv.m., yəni 587,5 kv.m. əlavə tikilinin inşa edilmişdir. Əlavə tikilmiş 587,5 kv.m. tikiliyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, tikintiyə icazə və istismara qəbul aktı müəyyən olunmamışdır.” Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə heç bir halda razılaşmır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(116)-117/2022 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 22 fevral 2022ci il tarixli, 2-1(116)-117/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və onun nümayəndəsi və vəkili X8 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi və vəkili X8 məhkəməyə ərizə göndərərək səhhətində yaranmış narahatlıqla bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin bununla bağlı məhkəməyə heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, iddia əsassızdır. İşin tədqiq edilən hallarına əsasən müəyyən edildiyi kimi, iddiaçıya Göyçay Rayon İcra Hakimiyyəti başçısının 01.07.2019-cu il tarixli sərəncamı ilə iddiaçıya istifadəsində olan torpaq sahəsində (tərtib olunmuş layihə əsasında) verilmiş sxem üzrə ümumi sahəsi 823,7 kv.m olan üç mərtəbəli, zirzəmili qeyri-yaşayış obyektinin tilintisinə icazə verilmişdir. İşdə olan Göyçay RİH başçısının 22.08.2019-cu il il tarixli 21 və 22 saylı “obyektin tikintisinə icazə” sənədi ilə isə 1074,8 kv.m. tikiliyə icazə verilməsinə baxmayaraq ( 21 nömrəli ilə 823,7 kv.m, 22 nömrəli ilə 251,1 kv.m.) 1662,3 kv.m., yəni 587,5 kv.m. əlavə tikilinin inşa edilmişdir. Əlavə tikilmiş 587,5 kv.m. tikiliyə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, tikintiyə icazə və istismara qəbul aktı müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Göyçar RİH tərəfindən verilmiş 14.01.2020-ci il tarixli Tikinti obyektinin istismarına 1 nömrəli icazənin notariat qaydada təsdiq olunmuş surətinə əsasən müəyyən edilmişdir ki, istismarına icazə verilən tikinti obyektinin əsas göstəriciləri aşağıdakı kimidir: 1) ümumi tikintialtı sahə tikintiyə icazə üzrə 501,2 kv.m, layihə üzrə 400,16 kv.m, faktiki 400,16 kv.m; 2) ümumi torpaq sahəsi tikintiyə icazə üzrə 417,5 kv.m, layihə üzrə 417,5 kv.m, faktiki 417,5 kv.m olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; 8.0.9-cu maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə müvafiq olaraq hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.10 və 3.0.11-ci maddələrinə müvafiq olaraq tikinti obyektləri dedikdə tikinti fəaliyyəti prosesində yaradılan və ya yaradılmış bina və ya qurğular, bina dedikdə isə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, eləcə də istehsalat sahələrinin yerləşdirilməsi və ya maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti nəzərdə tutulur. Məcəllənin 3.0.15-ci maddəsinə əsasən mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir, 3.0.29-cu maddəyə görə isə tikintiyə dövlət nəzarəti – tikinti işlərinin layihəyə uyğun aparılması, tikinti obyektlərinin etibarlılığının təmin edilməsi, tikinti materialları və məmulatının, inşaat konstruksiyalarının istehsalı ilə bağlı şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl edilməsi üzrə həyata keçirilən fəaliyyətdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 74.2-ci maddəsinə görə isə bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Məcəllənin 75-ci maddəsinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin maddənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, qeyri-yaşayış binasının inşa edildiyi dövr Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonraya təsadüf etdiyindən inşa edilən tikiyə münasibətdə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas qismində “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10-cu maddəsinə istinad olunmalıdır. Belə ki, Qanunun 8.0.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, istər Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, istərsə də Məcəllə qüvvəyə mindikdən sonra qeyri-yaşayış binasının dövlət reyestrində qeydiyyatının aparılması üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsasdır. İddiaçı tərəfindən mövcud vəziyyətdə qeydiyyata alınması tələb olunan qeyri-yaşayış obyektinə münasibətdə isə tikinti obyektinə nəzərən tikintisinə icazə veriləndən əlavə olaraq inşa edilmiş və istismarına icazə verilməmiş, iddiaçının dövlət reyestrində qeydiyyatına nail olmaq istədiyi hissəyə dair onun hüquqmüəyyənedici sənədlərə malik olmadığı müəyyən edilir. Məhkəmə araşdırması zamanı hüquqmüəyyənedici sənədlər aşkar olunmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur və bu səbəblə də iddia tələbi təmin edilməməlidir. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə görə, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır, İddiaçı nümayəndəsi və vəkili X6 isə apellyasiya şikayətinin dəlili ilə razılaşmır. Belə ki, İddiaçı nümayəndəsi və vəkili X6 apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(116)-117/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı nümayəndəsi və vəkili X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(116)-117/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar