Məhkəmə qərarları › İş №2-1(107)-126/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-126/2023

09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-126/2023 09.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X6 və üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı ASC cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarışın ləğv edilməsi və İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)- 1532/2022 nömrəli qərarından üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ASC cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarışın ləğv edilməsi və İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X19 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı ASC-yə ipoteka qoyulmuş X7 mülkiyyətində olan İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində 17A nömrəli fərdi yaşayış evinə X22 Məhkəməsinin 1-62/2007 saylı, xx.xx.2007-ci il tarixli icra vərəqəsi ilə tutma yönəldilməsi qət edilmişdir. Məhkəmə qərarının icrası ilə əlaqədar əmlak hərraca çıxarılmış və "xxxx" MMC tərəfindən açıq hərrac təşkil olunmuş, lakin əmlak hərracda satılmamışdır. Qanunvericiliyə uyğun olaraq əmlak İddiaçı ASC-yə təklif olunmuş və sifarişçi İsmayıllı rayon İcra və probasiya şöbəsi ilə tələbkar İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli Y- 215/1 saylı “Hərracın nəticələri haqqında yekun protokol” bağlanmış, fərdi yaşayış evi Bank tərəfindən alınmışdır. Bundan sonra Bank tərəfindən hərrac protokolu İsmayıllı rayon icra və probasiya şöbəsi tərəfindən təsdiq edilmişdir. Daha sonra müvafiq prosedura əsasən əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçirilməsi üçün cavabdehə müraciət olunarkən, xx.xx.2020-ci il tarixli məktuba əsasən müraciətin təmin olunmasından imtina olunmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazını çıxarışın ləğv edilməsi səlahiyyətinin olmaması, X8 məxsus İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi 75 saylı (17A deyil) ünvanda yerləşən fərdi yaşayış evinin yüklülüyünun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması, X8 məxsus İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi 75 saylı ünvanda yerləşən fərdi yaşayış yeri xx.xx.2019-cu il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əsaslandırmış, həmçinin qeyd etmişdir ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi 75 saylı ünvan ilə İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi 17A saylı ünvan eyni ünvandır. Lakin hal-hazırda həmin ünvan dəyişilərək İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 43 olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ipoteka saxlayan İddiaçı ASC ilə ipoteka verən X12 arasında bağlanmış 21/S-03 nömrəli xx.xx.2005-ci il tarixli “İpoteka müqaviləsi”nin surətinə əsasən: 1.1-ci bənd – 24 dekabr 2003-cü il tarixli 21/S saylı kredit müqaviləsinə əsasən “ipoteka saxlayan” “Zarat” KFT-yə 54 (əlli dörd) ay müddətinə 200.000.000 (iki yüz milyon) manat məbləğində kredit verir. 1.2-ci bənd – “Borcalan”a veriləcək kreditin və hesablanacaq faiz borclarının ödənilməsi bu müqavilə üzrə ipoteka predmeti olan fiziki şəxs X8 məxsus (İsmayıllı rayonu X3 və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən qeydiyyata alınmış 4898 reyestr saylı, inventar nömrəsi 861 olan Qeydiyyat vəsiqəsinə əsasən ümumi sahəsi 82,8 kv.m olan) İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi 17A nömrəli yaşayış evi ilə təmin edilir. 1.3-cü bənd – ipoteka qoyulan əmlak tərəflərin razılığı ilə 20.000 (iyirmi min) ABŞ dolları məbləğində qiymətləndirilir. 2.2-ci bənd - əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, “ipoteka saxlayan” ipoteka ilə yüklü edilmiş əmlakı açıq hərracdan satmaq hüququna malikdir. - X22 Məhkəməsinin 1-62 2007 nömrəli iş üzrə xx.xx.2007-ci il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilmiş, İddiaçı ASC ilə cavabdeh “Zarat” kəndli fermer təsərrüfatı arasında bağlanmış xx.xx.2003-cü il tarixli 21/S saylı kredit müqaviləsi ləğv edilmiş, borc tələbinin öhdəliyin icrasının təminatı kimi ipoteka qoyulmuş X13 məxsus olan, İsmayıllı şəhəri M.Orucov küçəsində yerləşən yeməkxana binası, X14 məxsus olan, İsmayıllı şəhəri Q.Əsədov küçəsində yerləşən 50 saylı və X8 məxsus olan İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17 A saylı yaşayış evinə yönəldilməklə ixtisaslaşdırılmış təşkilatlar tərəfindən açıq hərracdan satılması hesabına ödənilməsi qət edilmişdir. - "xxxx" MMC-nin “Hərracın nəticələri haqqında” xx.xx.2019-cu il tarixli Y-215/1 nömrəli protokolundan görünür ki, X8 məxsus İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17 A saylı fərdi yaşayış evi İddiaçı ASC-yə satılmışdır. - JN-1713F kod 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.2003-cü il tarixli 111 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X8 verilmişdir. - RX seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 75 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir. - Cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunur ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 17A (indiki 75) ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları, uqodiyası (məqsədli istifadə növü) həyətyanı, mülkiyyət növü xüsusi, hüquq sahibi X9r. - Cavabdehin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2019-cu ildə tərtib olunmuş Texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 75 ünvanında yerləşən fərdi yaşayış evi X7 mükliyyətindədir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 27 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1532/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə xx.xx.2019-cu il tarixli ********** nömrəli Çıxarışın ləğv edilməsi və İsmayıllı şəhəri M.Ə.Sabir küçəsində yerləşən 17A (indiki 75) saylı fərdi yaşayış evinin üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnun qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Üçüncü şəxs X4 İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1532/2022 nömrəli qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Üçüncü şəxs X12 apellyasiya şikayətində qeyd etmişdir ki, o iş üzrə üçüncü şəxs olaraq və qeyd edilən fərdi yaşayış evi onun mülkiyyəti olmaqla Şəki İnzibati Məhkəməsinin qəbul etdiyi qərarla razılaşmır və qərarı tamamilə birtərəfli və qanunsuz hesab edir. Belə ki, o, X17 və X18 birlikdə onun rəhbərlik etdiyi “Zarat” KFT-nin üzvüləri kimi 24 dekabr 2003-cü il tarixli 21/C nömrəli kredit müqaviləsinə əsasən “Zarat” KFT “Turan” X5 Milli Fondundan cəlb olunmuş vəsait hesabına ********* AZM (40000 manat) məbləğində uzunmüddətli kredit almışlar. Kreditin ödənilməsinin təminatı kimi X1 şəhəri, Q.Əsədov küçəsi ev 50 ünvanında yerləşən, X2 şəhəri, M.Orucov küçəsində yerləşən 72,0 kv.metr olan qeyri-yaşayış sahəsini ipoteka qoymuşlar. Alınmış kreditin ********* AZM Yunus və qardaşı Namiqə, qalan ********* AZM, yəni 20000 manatı ona çatmışdır. Qeyd edilən kreditin ödənilməsinə hər üçü üzərlərinə eyni dərəcədə məsuliyyət götürmüşlər. Kreditn götürülməsində “Zarat” KFT qoyunçuluğun inkişaf etdirilməsi olmuşdur. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən təsərrüfat zərərə düşmüş, məqsədlərinə nail olmamış, artıq təsərrüfatın mövcudluğu formal xarakter daşımış və fəaliyyəti dayanmışdır. Verilmiş kredit isə Sahibkarllığa Kömək Milli Fondundan cəlb olunmuş vəsait hesabına verilmişdir. O, kreditin onun payına düşən hissəsini demək olar çox hissəsini ödəmiş və az hissəsi ödənilməmiş qalmışdır. Qalan hissəni də imkan daxilində ödəməyə çalışır. Lakin iddiaçı Bank digər cavabdehləri qəsdən kənarlaşdıraraq ümumi qalıq krediti ondan tələb edir və yalnız onun tərəfindən ipoteka qoyulmuş fərdi yaşayış evi mübahisələndirilir. Hansı ki, onunla iddiaçı Bank arasında bağlanmış ipoteka müqaviləsindən 18 ilə yaxın vaxt keçir, bu müddət ərzində ipoteka predmeti olan fərdi yaşayış evinə dair yüklülük daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Ötən müddət ərzində fərdi yaşayış evi köhnəldiyindən yenisini inşa etdirmiş və yeni tikilən fərdi yaşayış evini mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına aldırmışdır. Cavabdeh təşkilatla aralarında ipoteka müqaviləsi yalnız fərdi yaşayış evinə dair bağlanmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi ipoteka predmeti olmamışdır. Bundan başqa, onun son hərracdan və onun nəticəsindən xəbəri olmayıbdır. İcra məmuru onun xəbəri olmadan və mövcud olmayan tikilini sadə bir aktla Bankın mülkiyyətinə vermişdir. Əgər ipoteka predmeti Bankın mülkikyyətinə keçmişdirsə, Bank ondan kreditlə bağlı ödənişləri qəbul etməmli idi. Həm mülkü Bankın mülkiyyətinə keçir, həm də yenə də kreditin ödənişlərini ondan qəbul edir. Ona görə də hesab edir ki, artıq ipoteka müqaviləsi və hərracın nəticələri öz hüquqi qüvvəsini itirmişdir. Odur ki, apellyasiya şikayətin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1532/2022 nömrəli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Üçüncü şəxs X12 apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1532/2022 nömrəli qərarının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X15 apellyasiya şikayətinin təmin edilməməsini Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1532/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz Əmlakın dövlət reyetstri haqqında” Qanun: 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İsmayıllı şəhəri M.Ə.Sabir küçəsi ev 75 ünvanında yerləşən fərdi yaşayış evinə dair X7 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixli qeydiyyat aparılmış və ********** qeydiyyat nömrəsi ilə RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Halbuki ipoteka qoyulmuş həmin əmlak X22 Məhkəməsinin 1-62 2007 nömrəli iş üzrə xx.xx.2007-ci il tarixli qətnaməsinin icrası qaydasında "xxxx" MMC-nin “Hərracın nəticələri haqqında” xx.xx.2019-cu il tarixli Y-215/1 nömrəli protokola əsasən iddiaçıya satılmışdır. Göründüyü kimi sözügedən yaşayış sahəsi iddiaçıya satıldığından X12 həmin fərdi yaşayış evi üzərində əmlak hüquqlarını itirmişdir. Buna baxmayaraq, cavabdeh orqan həmin fərdi yaşayış evi üzərində heç bir hüquqi əsas olmadan Ağami Ağayevin mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almışdır. İddiaçının isə istinad olunan “Hərracın nəticələri haqqında” xx.xx.2019-cu il tarixli Y-215/1 nömrəli protokol əsasında həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun yaranması işin mübahisəsiz halıdır. Cavabdehin, fərdi yaşayış evinin yüklülüyünun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması ilə bağlı dəlilinə münasibətdə isə birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, artıq X22 Məhkəməsinin 1-62 2007 nömrəli iş üzrə xx.xx.2007-ci il tarixli qətnaməsinin icrası qaydasında iddiaçıya “Hərracın nəticələri haqqında” xx.xx.2019-cu il tarixli Y-215/1 nömrəli protokol əsasında həmin fərdi yaşayış evi satıldığından, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.2-ci maddəsinin tələbi baxımından həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ olmuşdur. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsində ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasının zəruriliyi və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minməsi təsbit edilmişdir. Hazırkı iş üzrə X22 Məhkəməsinin 1-62 2007 nömrəli iş üzrə xx.xx.2007ci il tarixli qətnaməsi ilə ipoteka müqaviləsinin qanuniliyinə artıq hüquqi qiymət verilmiş və müqavilə üzrə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi qərara alınmışdır. Odur ki, 21/S-03 nömrəli xx.xx.2005-ci il tarixli “İpoteka müqaviləsi”nin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması “Hərracın nəticələri haqqında” xx.xx.2019-cu il tarixli Y- 215/1 nömrəli protokolun hüquqi qüvvəsinə təsir etmir, o cümlədən Ağami Ağayevin sözügedən fərdi yaşayış evi üzərində əmlak hüquqlarının yaranmasına səbəb olmur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə üçüncü şəxs X12 apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayətləri təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1532/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar