Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-126/2025 13.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), X4 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirak ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı əsasında iddiaçıya satılmış, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0.0239 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli, 2-1(116)-493/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı əsasında iddiaçıya satılmış, Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0.0239 ha torpaq sahəsi üzərində hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2744/2024 nömrəli qərardadı ilə Göyçay Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddia ərizəsinin əsaslarına görə iddiaçı, ünvan 1 ünvanda yaşadığı mənzilin qarşısında yerləşən, uzun müddət istifadə etdiyi 239.4 m2 torpaq sahəsinin iddiaçıya ayrılması barədə ərizə ilə Göyçay bələdıyyəsinə müraciət etmişdir. Göyçay şəhəri Natəvan küçəsi ilə M.Hüseynzadə küçəsinin kəsişdiyi yerdə, yaşadığı mənzilin qarşısında yerləşən 239,4 m2 torpaq sahəsinin ayrılması barədə Göyçay bələdiyyəsinə verdiyi ərizə ilə əlaqədar səlahiyyətli şəxslərin iştirakı ilə 06 iyul 2007-ci il tarixli torpaq sahəsinin seçilməsinə dair akt tərtib edilərək, imzalanmış və möhürlərlə təsdiq edilmişdir. Göyçay rayonu Göyçay bələdiyyəsinin 05 sentyabr 2007-ci il tarixli 10 saylı iclas protokoluna əsasən ünvan 1 ünvanda yaşadığım ictimai binanın yaxınlığında uzun müddət istifadədə olan 239,2 kv.m torpaq sahəsi mülkiyyətinə verilmişdir. Torpaq sahəsinə dair müvafiq ödəniş edərək, qəbzi bələdiyyəyə təqdim etdikdən sonra, 05 sentyabr 2007-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, yuxarıda qeyd olunan 239,2 mz torpaq sahəsi həyətyanı məqsədi ilə iddiaçıya satılmışdır. Müvafiq sənədləri təqdim etməklə, iddiaçı adına 29 noyabr 2007-cı il tarixdə 165 nömrə ilə uçota alınmış A seriyalı 022385 saylı torpaq sahəsinin planı və olçusu sənədi almışdır. Həmin sənəddən də gorunduyu kimi, torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə satılmışdır. Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət huququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş və həmin ərizə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bütün zəruri sənədləri təqdim etməyimə baxmayaraq, sözügedən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından 08 avqust 2023-cu ıl tarixdə imtina olunmuşdur.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Göyçay şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 0,0239 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilən sənədlərin qanunauyğunluğu yoxlanılmış, qeydiyyat üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və sözügedən torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Torpaq sahəsi elektron baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli yaşayış binasına bitişik ərazidə olmaqla ümumi istifadədə olan torpaq sahəsi olması müəyyən edilmişdir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun 11 8-ci maddəsinə əsasən bələdiyyənin ümumi istifadəsində olan torpaqlar alqı-satqı predmeti deyil. Həmçinin bildiririk ki, xx.xx.2007-ci il tarixli Torpaq sahəsinin seçilməsi Aktında torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədi ilə ayrılması qeyd edilmişdir. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 8 oktyabr 2024-cü il tarixli, 2- 1(116)-493/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli, 2-1(116)-493/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli, 2- 1(116)-493/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli, 2-1(116)-493/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı 239.2 kv.m torpaq sahəsi ayrılmışdır. - xx.xx.2007-cı il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Göyçay Bələdiyyəsinin hesabına 144 AZN ödəniş edilmişdir. - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı 239.2 kv.m torpaq sahəsi ayrılmışdır. - DTXK-nın Göyçay rayon şöbəsinin məktubundan görünür ki, Şöbə torpaq sahəsinin satılmasına etiraz etməmişdir. - A seriyalı 022385 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Göyçay Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı 239.2 kv.m torpaq sahəsi ayrılmışdır, X6 kitabında xx.xx.2007-ci il tarixli 165 nömrə ilə uçota alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4250/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyi. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-3559/2024 nömrəli Mütəxəssis rəyinə əlavədən görünür ki, Məlumat üçün bildiririk ki, Göyçay rayonu Göyçay bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı Yaxşıxan oğluna fərdi yaşayş evinin tikintisi məqsədilə ayrılmış, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən **********0046 (blank nömrəsi A 022385) reyestr nömrəli 'Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyən edilən 239 kv.metr torpaq sahəsi və qonşuluğunda yerləşən torpaq sahələri elektron baza məlumatlarında təqdim olunan X2 uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) yaşayış məntəqələrinin torpaqları kateqoriyalı olmaqla ümumi istifadədə olan torpaqlar olaraq göstərilmişdir. Aparılan əlavə araşdırma zamanı məlum olmuşdur ki, 0.0239 ha torpaq sahəsinin 48.6 kv.metr hissəsi **********83-05101 reyestr nömrəli çoxmərtəbəli, çoxmənzilli yaşayış binasının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
16. Hazırkı iş üzrə hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə:
9. Komitənin əsas vəzifələri aşağıdakılardır: 9.1. X6, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq bazarının təşkili, torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi və torpaqla bağlı digər işləri təşkil etmək və həyata keçirmək; 9.2. Öz səlahiyyətləri hüdudlarında torpaqlardan istifadəyə və onların mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək; 9.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq reyestrini aparmaq; [5] 9.4. Dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin, atlaslarının, kartoqrafik tədris vasitələrinin layihələşdirilməsini, tətbiqini və nəşrini təmin etmək; 9.5. Dövlət topoqrafik xəritələrin və planların hazırlanmasını, ümumdövlət, müdafiə, elmi-tədqiqat və digər məsələlərin həllini təmin edən dövlət plan və yüksəklik, o cümlədən qravimetrik şəbəkələrin yaradılmasını və işçi vəziyyətində saxlanmasının təmin etmək; ...
10. Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 10.1. Torpaq ehtiyatlarından səmərəli istifadə olunması və onların mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində dövlət proqramlarını hazırlayır və aidiyyəti orqanlarla birlikdə onları həyata keçirir; ... 10.15. Torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət ekspertizasını aparır, o cümlədən şəhər və qəsəbələrin baş planlarının, rayonların perspektiv planlaşdırılması sxemlərinin və digər layihələrin torpaqla əlaqədar hissələrini araşdırır və müvafiq rəylər verir;
17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
18. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.1-ci maddəsinin tələbləri baxımından bələdiyyənin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan, kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilməsinə səlahiyyətli vardır.
19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “X2 Uçotu informasiya Sisteminə əsasən iddia olunan torpaq sahəsi, iddiaçıya ayrılan zaman və hazırda dövlət mülkiyyətinə aid ümumi istifadədə olan çoxmərtəbəli yaşayış binalarının torpaq sahəsidir. İş materiallarına əlavə olunan sxemdən də göründüyü kimi iddia olunan torpaq sahəsi çoxmərtəbəli yaşayış binalarının daxilində yerləşən ümumi istifadədə olan torpaq sahəsidir. Göründüyü kimi iddia olunan torpaq sahəsi ayrıldığı zaman 88 kv.m hissəsi Göyçay bələdiyyəsinin mülkiyyətində olmamışdır. Yəni, bələdiyyə səlahiyyəti olmadığı halda dövlət mülkiyyətində olan torpaq sahəsini iddiaçıya ayırmışdır.Digər tərəfdən bələdiyyə mülkiyyətində olan 151 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaqlara aid olmaqla, ümumi istifadədə olan torpaqlardır.Həmin kateqoriya torpaqların mülkiyyətə verilməsi isə qanunla istisna edilir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan DTXK-nın ünvan 2 ünvanında yaşayan İddiaçı Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə satılmış 239 kv.m torpaq sahəsi alqı-satqı predmeti olan bələdiyyə torpağıdır. Torpaq sahəsi Aran- Şirvan kadastr qiymət zonasında yerləşir.
27. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqlarının alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinətinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına müvafiq olaraq həyətyanı məqsədilə İddiaçı verilməsini qanunamüvafiqdir.
28. Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı iclas protokolundan görünür ki, Azərbaycan Respublikası “Torpaq islahatı haqqında” Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqlarının alqı-satqısı qaydaları”na Azərbaycan Respublikası Nazirlər Kabinətinin 23 iyul 1998-ci il tarixli 158 saylı qərarına əsasən rayon Torpaq şöbəsinin və baş memarın hazırladıqları sənədə əsasən ünvan 4 ünvanında yaşayan İddiaçı yaşadığı ictimai binanın yaxınlığında uzun müddət istifadəsində olan 239,2 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsi qərara alınmışdır.
29. Həmçinin iş materiallarından müəyyən edilir ki, Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 239,2 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçının adına A №022385 nömrəli torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. .
30. Göründüyü kimi, İddiaçı Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarına əsasən 239,2 kv.m torpaq sahəsi satılmışdır. Həmin dövrdə dövlət mülkiyyətində olan torpaqlardan düzgün istifadə və topaqların qorunmasına dövlət nəzarətini həyata keçirən orqan olan DTXK Göyçay rayon şöbəsi rəy verərək, sözügedən torpaq sahəsinin alqı-satqı predmeti olmaqla həyətyanı məqsədilə İddiaçı verilməsinin qanunamüvafiq olduğunu bildirmişdir. Hazırkı iş üzrə cavabdeh orqan verdiyi mütəxəssis rəyində isə torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, alt kateqoriyası çox mərtəbəli binalar, uqodiyası tikinti altında torpaqlar uqodiyalı olmaqla, 88 kv.m hissəsi dövlət mülkiyyətinə, 151 kv.m hissəsi isə bələdiyyə mülkiyyətinə aid torpaqlara aid olmaqla, ümumi istifadədə olan torpaqlar kimi göstərildiyini qeyd etmişdir. Məhkəmə kollegiyası həmin mütəxəssis rəyini mötəbər hesab etmir.
31. Habelə iş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan müəyyən olunur ki, İddiaçı tərəfindən Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı əsasənda ona satılması nəzərəd tutulmuş 239,2 kv.m torpaq sahəsinin müqabilində bələdiyyənin bank hesabına 144 manat haqq ödəmişdir. İddiaçı tərəfindən bələdiyyənin bank hesabına 144 manat məbləğin ödənilməsi işdə olan Azərbaycan Kapital Bankın Göyçay filialının 8 saylı qəbzi ilə də öz sübutunu tapır.
32. Göründüyü kimi iddiaçı tərəfindən onun üzərinə düşən vəzifələr yerinə yetirilmiş, yəni, torpaq sahəsinin ayrılmasına dair ərizə ilə bələdiyyəyə müraciət edilmiş və torpaq sahəsinin dəyəri ödənilmişdir. Həmçinin iddiaçının ərizəsi əsasında inzibati orqan tərəfindən qərar verilmiş, alqı-satqı aktı tərtib edilmiş və DTXK-nin Göyçay şöbəsi tərəfindən rəy verilmişdir.
33. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından məhkəmə kollegiyası tərəfindən xx.xx.2025-ci il tarixdə mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirilmiş və bаxış zаmаnı müəyyən edilmişdir ki, Göyçay bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarı ilə İddiaçı Yaxşıxan oğluna satılmış 239 kv.m torpaq sahəsi 2 mərtəbəli ümumi yaşayış binasının sol tərəfində yerləşməklə sakinlərin ümumi giriş – çıxışına maneəçilik törətmir.
34. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrinin tələblərinə əsasən işin faktiki hallarını tam araşdırmamış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
35. Beləliklə, inzibati işə əlavə edilmiş sənədləri, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə iddiaçıya satılmış 239 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulmalıdır.
36. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 8 oktyabr 2024-cü il tarixli, 2-1(116)-493/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə Göyçay bələdiyyəsinin 5 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə İddiaçı satılmış Göyçay şəhəri M.Hüseynzadə küçəsində yerləşən 239 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.