Məhkəmə qərarları › İş №2-1(107)-127/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-127/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-127/2020 19.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik еdən və məruzəçi), Abbasov Gündüz Qasım oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Komitəsinə qarşı “Teymurova Gövhər Əziz qızının istifadəsində olmuş 0,09 ha torpaq sahəsinə plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2-1(84)-721/2015 nömrəli qərarından məhkəmə icraatına cəlb edilməmiş X8 tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyətinin mümkünlüyü məsələsinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (sabiq hakim K.Vəliyev) xx xxxxxxx 2015-ci il tarixli 2- 1(84)-721/2015 nömrəli qərarı ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə Teymurova Gövhər Əziz qızının istifadəsində olan 0,09 ha torpaq sahəsinə İddiaçı adına torpaq sahəsinin plan-ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. İş üzrə məhkəmə icraatına cəlb edilməmiş X3 İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2-1(84)-721/2015 nömrəli qərarından аpеllyаsiyа şikаyəti vermişdir. X8 apellyasiya şikayətində qeyd edir ki, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxxxxxx 2015ci il tarixli 2-1(84)-721/2015 nömrəli qərarından xəbəri olmamışdır. Belə ki, qeyd edilən qətnamənin surətini 2019-cu ilin dekabr ayında rəsmi olaraq əldə etmişdir. Qeyd edilən qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı xx xxxxxx 2020-ci il tarixə məhkəmə iclası təyin edilmiş, iş üzrə məhkəmə icraatına cəlb edilməyən şəxs X8 və onun vəkili X2 məhkəmə iclasında iştirak etmişdir. Məhkəmə kollegiyasının iclasında X8 bildirdi ki, hazırkı qərardan xəbərsiz olduğundan və birinci instansiya məhkəməsi tərəfindən məhkəmə icraatına cəlb edilmədiyindən apellyasiya şikayəti vermişdir. Ona görə də qanuni qərar qəbul edilməsini xahiş edir. Məkəmə kollegiyasının iclasında məhkəmə icraatına cəlb edilməyən şəxs X5 vəkili apelyasiya şikayətinin məhkəmə qərarının xeyli müddət keçməsindən sonra verildiyini, təmsil etdiyi şəxsin həmin qərardan məlumatsız olduğunu bildir və qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası məhkəmə icraatına cəlb edilməyən şəxsin apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, apellyasiya şikayəti mümkün sayılmamalı, apellyasiya şikayəti verən şəxsə məhkəmə icraatına cəlb edilməsi ilə bağlı hüquqları izah edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 27-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb olunmuş üçüncü şəxslər daxildir. İPM-in 81.1 və 81.2-ci maddələrinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qeyd edilən normaların məzmunundan görünür ki, X8 apellyasiya şikayəti vermək hüququna o halda malikdir ki, o həmin iş üzrə işdə iştirak edən şəxs statusunda olsun. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2017-ci il tarixli qərarında qeyd edilir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır. Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır. Konstitusiya Məhkəməsi yekunda belə nəticəyə gəlmişdir ki, qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Konstitusiya Məhkəməsinin mövqeyindən müəyyən edilir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda məhkəmə icraatına İPM-in 28.1-ci maddəsində nəzərədə tutulmuş qaydada məhkəmə icraatına cəlb edilir. Qeyd edilən qanunvericiliyin normalarından və rəsmi şərhdən müəyyən edilir ki, məhkəmə qərarları hüquqlarına və mənafelərinə əhəmiyyətli dərəcədə toxunulmuş və məhkəmə icraatına cəlb edilməmiş maraqlı şəxslər üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi, həmin şəxslərin apellyasiya şikayəti vermək və sonda kassasiya şikayəti vermək hüquqularının təmin edilməsi baxımından birinci instansiya məhkəməsi tərəfindən həmin işlər üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsinin araşdırılması və baxılması qanunvericiliyin tələbinə uyğundur. Ona görə də X7 izah edilməlidir ki, hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət edərək hüquqlarını müdafiə edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1(84)-433/2017 nömrəli qərarından məhkəmə icraatına cəlb edilməmiş X1 tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyəti mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2-1(84)-721/2015 nömrəli qərarından məhkəmə icraatına cəlb edilməmiş X8 tərəfindən vеrilmiş аpеllyаsiyа şikаyəti mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmə icraatına cəlb edilməmiş X7 izah edilsin ki, üçüncü şəxs qismində hazırkı iş üzrə məhkəmə icraatına cəlb edilməsi və müvafiq məhkəmə qərarının ləğv edilərək işə onun iştirakı ilə yenidən baxılması ilə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsinə vəsatətlə müraciət edə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar