Məhkəmə qərarları › İş №2-1(107)-127/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-127/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-127/2022 21.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı şəhəri ərazisində Ç.Əmirəliyev 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2-1(116)-206/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İsmayıllı şəhəri Çingiz Əmirəliyev küçəsi 1 ünvanında yerləşən JN-292A nömrəli 0,06 ha torpaq sahəsi və 0,0095 ha torpaq sahəsinin naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı İsmayıllı şəhəri Çingiz Əmirəliyev küçəsi 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir. O, həmin torpaq sahəsinə və torpaq sahəsinin yanında olan 0,0095 ha torpaq sahəsinin də dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh isə xx.xx.2021-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, iddiaçı İsmayıllı şəhərində yerləşən 0,0095 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə idarəyə müraciət etmiş, mütəxəssislər tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında 95 metr fərq mövcuddur. Həmçinin, torpaq sahəsinin 0,002 ha hissəsi əvvəllər qeydiyyata alınmış həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Qeyd edilən səbəblərə görə müraciətin təmin edilməsi mümkün olmamışdır.

3. İddiaçıya xx.xx.2021-ci il tarixdə yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (İPM) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbində 0,06 ha və 0,0095 ha torpaq sahələrinin naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini xahiş etsə də, iddia ərizəsinə əlavə edilən cavabdehin xx.xx.2021-ci il tarixli imtinasından görünür ki, cavabdehin imtinası 0,095 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınması ilə bağlı olmuş və həmin tələbə müvafiq imtina cavabı alınmışdır. Lakin 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilməmiş, odur ki, cavabdehin qeyd olunan məsələyə münasibəti iş materialları ilə müəyyən edilməmişdir. İddiaçıya 0,095 ha torpaq sahəsinin onun mükiyyətinə verilməsinə dair hüquqi və texniki sənədlərin, 0,06 ha torpaq sahəsinə münasibətdə isə cavabdehin imtinasının məhkəməyə təqdim etmək və yaxud iddia ərizəsində hazırkı imtina məktubuna müvafiq düzəlişlərin aparılaraq dəqiqləşdirilmiş iddia ərizəsini 20 gün müddətində Şəki İnzibati Məhkəməsinə təqdim etmək və qeyd olunanlara yazılı münasibət bildirmək təklif olunmuşdur.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, “İsmayıllı şəhər ərazisində Ç. Əmirəliyev küçəsi 1 ünvanında yerləşən əmlaklara tam şəkildə dövlət aktı, torpağın alqı-satqısına dair akt və torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamələr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-206/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

5. İddiaçının “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizəsində qeyd etdiyi tələbinə dair cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixli **********24 nömrəli etiraz məktubu məhkəməyə daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, İddiaçı müraciəti əsasında ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. JN-292 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ərazi idarəsinin arxivində saxlanılmalı olan nüsxəsi də arxiv materiallarında aşkar edilməmişdir. İddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsi 0,639 hektardır. Torpaq sahəsinin müəyyən hissəsi bələdiyyə torpağının, müəyyən hissəsi isə 292 A saylı şəhadətnamənin üzərinə düşür. 0,0095 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki yerin koordinatları arasında 95-97 metr fərq var. Bundan əlavə faktiki torpaq sahəsinin konfiqurasiyası ilə sənəd üzrə torpaq sahəsinin konfiqurasiyası kəskin fərqlənir. Faktiki torpaq sahəsinin müəyyən hissəsi bələdiyyə mülkiyyətinin, müəyyən hissəsi isə 292 A saylı şəhadətnamənin üzərinə düşür.

6. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 25 yanvar 2022-ci il tarixli 2-1(116)-206/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 aprel 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir.

10. Həmin tarixli iclasda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, İsmayıllı şəhər ərazisində Ç.Əmirəliyev küçəsi 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və 0,0095 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və məhkəmə kollegiyası tərəfindən ərizə icraata qəbul edilmişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərardadı ilə İsmayılı Şəhər Bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

12. Məhkəmə kollegiyasının 14 sentyabr 2022-ci il tarixli iclasında iddiaçı iddia tələbində dəqiqləşdirmə apararaq, İsmayıllı şəhəri ərazisində Ç. Əmirəliyev 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Şəki Apellyasiya Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli protokoluna əsasən ərizə icraata qəbul edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2-1(116)-206/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2-1(116)-206/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2-1(116)-206/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs İsmayıllı Şəhər Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmiş, məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

18. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - JN-3252A KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Sənəd 18581-ci nömrə ilə kitabda qeydə alınmışdır. - xx.xx.2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nin təsdiq edilmiş surətindən görünür ki, X4 JN-3252A KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə özünə məxsus olan 0,06 ha torpaq sahəsini İddiaçı satmışdır. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC İsmayıllı rayonunda X4 və İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqavilələrinin surətinin təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, sözügedən İsmayıllı şəhəri ərazisində R.Seyidovun adına olan 0,06 ha torpaq sahəsinə xx.xx.2012-ci il tarixli məhdudiyyət (yüklülük) barədə arayış verilmişdir. Arxivdə aparılmış araşdırma zamanı xx.xx.2012-ci il tarixli 4Ə-2/505 saylı müqavilə barədə məlumat aşkarlanmamışdır. - Dövlət Notariat Arxivi tərəfindən birinci instansiya məhkəməsinə göndərilmiş xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İsmayıllı Rayon Notariat Ofisində 2011-2021-ci illərdə rəsmiləşdirilən notariat sənədləri arxivə təhvil verilməmişdir. Qeyd olunanlarla bağlı İsmayıllı Rayon Notariat Ofisinə müraciət edilməsi tövsiyə edilmişdir. - Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0639 ha və 0,0095 ha torpaq sahələri İsmayıllı rayonu İsmayıllı şəhər inzibati ərazi sərhəddi daxilində yaşayış məntəqələrinin torpaqlarına aid ərazidə yerləşir. Faktiki olaraq torpaq sahələri İddiaçı tərəfindən istifadə olunur. İddiaçı tərəfindən göstərilən faktiki naturada ölçülmüş 0,0639 ha torpaq sahəsinin 0,0316 ha hissəsi JN-292A nömrəli şəhadətnamə ilə xüsusi mülkiyyətə, 0,0323 ha hissəsi isə 9950B nömrə ilə qeyd edilmiş bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. 0,0639 ha torpaq sahəsinin 0,0316 ha və 0,0323 ha torpaq sahələri ilə üst-üstə düşən hissəsi yerquruluşu planında göstərilmişdir. - İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İsmayıllı şəhəri, Ç.Əmirəliyev küçəsi 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. - Məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə tərəflərin və mütəxəssislərin iştirаkı ilə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan İsmayıllı şəhəri ərazisində Ç.Əmirəliyev 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin ətrafı hasarlanmış, torpaq sahəsində altıaçıq tikilmiş, bir neçə ağac əkilmişdir. - Cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktuba əsasən, JN-292A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərazi İdarəsinin arxiv məlumatlarında saxlanılmalı olan arxiv nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil. Bu səbəbdən də JN-292A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin təsdiq edilmiş surətinin cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. - Cavabdehin xx.xx.2021-ci il tarixli etiraz məktubuna əsasən, iddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsi 0.639 ha-dır. Torpaq sahəsinin müəyyən hissəsi bələdiyyə torpağının, müəyyən hissəsi isə 292A saylı şəhadətnamənin üzərinə düşür.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.23. daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək;

22. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.27. dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; 23.“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25–ci maddəsinə əsasən, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz.

24. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması nəticəsində iddiaçının faktiki olaraq tam şəkildə qeydiyyata alınmasını tələb etdiyi iki torpaq sahəsinin fərqli ərazidə yerləşdiyi, həmçinin, 95 kv.m torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşməsinin fərqli olduğu, iddiaçı tərəfindən JN 3252A nömrəli Şəhadətnaməyə əsasən qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin sənəd üzrə və faktiki konfiqurasiyasının, yəni yerləşməsinin DWG baza xəritələrinə əsasən fərqli olduğu, bələdiyyə və digər şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası İPM-in 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

32. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Dövlət Notariat X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsinin təqdim edilməsi ilə bağlı sorğu edilmiş, Dövlət Notariat Arxivi birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq bildirmişdir ki, İsmayıllı Rayon Notariat Ofisində 2011-2021-ci illərdə rəsmiləşdirilən notariat sənədləri arxivə təhvil verilməmişdir. Qeyd olunanlarla bağlı İsmayıllı Rayon Notariat Ofisinə müraciət edilməsi tövsiyə edilmişdir. Lakin birinci instansiya məhkəməsi bununla bağlı hər hansı prosessual hərəkət etməmiş, İsmayıllı Rayon Notariat Ofisinə sorğu edərək iş üzrə sənədləri tələb etməmişdir.

33. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixdə İsmayıllı Rayon Notariat Ofisinə sorğu edilmiş və sorğuya cavab olaraq İsmayıllı Rayon Notariat Ofisi tərəfindən xx.xx.2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin təsdiq edilmiş surəti məhkəmə kollegiyasına təqdim edilmişdir. Həmin müqavilədən görünür ki, X4 JN-3252A KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə özünə məxsus olan 0,06 ha torpaq sahəsini İddiaçı satmışdır.

34. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqana sorğu edilərək İsmayıllı şəhər ərazisində Ç.Əmirəliyev küçəsi 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və 0,0095 ha torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlər (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası, rejimi, hüquqi statusu, mülkiyyətçiləri və istifadəçiləri haqqında məlumatların əks olunduğu arayışı) tələb edilməmiş, iş üzrə obyektiv qərar qəbul edilməsi üçün mütəxəssis rəyi alınmamışdır.

35. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin 95 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi hissəsi ilə bağlı mümkünlük məsələsi araşdırılmamış, bununla da birinci instansiya məhkəməsi tərəfindən İPM-in 35-ci maddəsinin tələbləri pozulmuşdur.

36. Hazırkı mübahisəyə birinci instansiya məhkəməsi tərəfindən 5 (beş) ay müddətinə baxılmış olsa da, məhkəmə tərəfindən İPM-in maddələrinin tələbləri baxımından işin tam və hərtərəfli araşdırılması üçün yuxarıda qeyd edilən digər prosessual hərəkətlər edilməmiş, bununla da prosessual pozuntuya yol verilmişdir.

37. Məhkəmə kollegiyası tərəfindən işin tam və hərtərəfli araşdırılması baxımından xx.xx.2022-ci il tarixdə tərəflərin və mütəxəssislərin iştirаkı ilə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan İsmayıllı şəhəri ərazisində Ç.Əmirəliyev 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinin ətrafı hasarlanmış, torpaq sahəsində altıaçıq tikilmiş, bir neçə ağac əkilmişdir. Eyni zamanda apellyasiya şikayətinə baxılan zaman iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İsmayıllı şəhəri, Ç.Əmirəliyev küçəsi 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.

38. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli etiraz məktubunda göstərmişdir ki, iddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsi 0.639 ha-dır. Torpaq sahəsinin müəyyən hissəsi bələdiyyə torpağının, müəyyən hissəsi isə 292A saylı şəhadətnamənin üzərinə düşür.

39. Bununla bağlı kollegiya tərəfindən cavabdeh inzibati orqana sorğu edilmiş və məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdir, JN-292A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərazi İdarəsinin arxiv məlumatlarında saxlanılmalı olan arxiv nüsxəsi Ərazi İdarəsinin arxivində mövcud deyil. Bu səbəbdən də JN-292A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

40. Göründüyü kimi, cavabdeh tərəfindən etiraz məktubunda mübahisə predmeti olan 0.06 ha torpaq sahəsinin bir hissəsinin bələdiyyə mülkiyyəti, bir hissəsinin isə JN- 292A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin üzərinə düşdüyü göstərilsə də, JN-292A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin məhkəmə kollegiyasına təqim edilməsinə dair edilmiş sorğuya cavab olaraq həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv materiallarında aşkar edilmədiyi bildirilmişdir. Bu da qeyd olunan JN-292A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin formal olaraq elektron bazada olmasını göstərir.

41. İddia edilən torpaq sahəsinin digər hissəsinin bələdiyyə torpağına düşməsi ilə bağlı kollegiya qeyd edir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən, 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Belə ki, qeyd olunan həmin 0,06 ha həyətyanı torpaq sahəsi İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli 111 nömrəli qərarı ilə verilmişdir.

42. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, mübahisə predmeti olan İsmayıllı şəhəri ərazisində Ç.Əmirəliyev 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verildiyi halda hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, yuxarıda istinad olunan normaların tələbinə görə belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir.

43. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsinə texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək cavabdehin vəzifəsi olduğundan iddiaçı tələbində haqlı olmuşdur.

44. Yuxarıda qeyd olunan işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilməli, cavabdehin üzərinə İsmayıllı şəhəri ərazisində Ç.Əmirəliyev 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulmalıdır.

45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli 2-1(116)-206/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə İsmayıllı şəhəri ərazisində Ç.Əmirəliyev 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar