Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-127/2025 06.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı "iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısına salınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarının ləğv edilməsinə, iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasına və əsassız hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli, 2-1(116)-738/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə müraciət edərək, iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısına salınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarının ləğv edilməsinə, iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasına və əsassız hesablanmış borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı ailə üzvləri ilə və yaxın qohumları ilə birlikdə çöl süpürgəsinin yığılaraq satılması ilə məşğul olur. 5 yanvar 2021-ci ildə Gəncə şəhər Mənzil Kommunal Təsərrülatı İstehsalat Birliyinin rəisi ilə alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən yığdığı çöl süpürgəsini Birliyə təhvil verir, Birlik də malın dəyərini ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və Müqavilənin ayrılmaz tərkib hissəsi olan elektron qaimə-fakturaları ilə müəyyənləşdirilir. Həmin Müqavilə bağlanaraq imzalanandan sonra iddiaçı ailə üzvləri ilə yığdığı çöl süpürgəsini Gəncə şəhərinə aparaq Birliyə təhvil vermiş və hər dövr üçün elektron qaiməni cavabdeh inzibati orqana təqdim etmişdir. Hesabat ilinin sonunda üzləşdirmə zamanı tərəfimdən heç bir qanun pozuntusuna yol vermədiyi, əldə olunan vəsait hesabına görə ödənilməli vergilərimin tamamilə ödənildiyi və borcunun olmaması müəyyən edilmişdir. Lakin 2022-ci ilin yekunu üzrə hesabat dövründən sonra məlum olmuşdur ki, təqdim etdiyim elektron qaimə-fakturalarda Birliyə satdığı mal çeşidlərindən fərqli mal çeşidlərini göstərmiş və nəticədə vergidən yayınmışdır. Bu barədə cavabdeh inzibati orqana müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" nın 3.1.1-ci bəndinə əsasən "təqdim etdiyim elektron qaiməfakturalarda tərəfindən alınan və ya idxal edilən mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı vuranmış vergidən yayınma halı ilə əlaqədar xx.xx.2023cü ildə **********910300 nömrəli məktub göndərilmişdir. Elektron qaimə-faktura məlumatlarına əsasən 2022-ci il ərzində təqdim etdiyi 74361 manat dəyərində "çöl süpürgəsi" əldə etdiyi elektron qaimə-faktura məlumatlarında və idxalda aşkar olunmadığından, xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına əlavə edilmisiniz. Bir daha bildirirəm ki, fərdi sahibkar olmaqla fiziki şəxs kimi elektron qaiməfakturalarında göstərdiyi çöl süpürgəsini ailəsi ilə birlikdə sahədən yığaraq Müqaviləyə uyğun olaraq qeyd edib Birliyə təhvil vermişdir. Heç bir kənar şəxs çöl süpürgəsinin yığılmasına kömək etməmiş və ya həmin şəxslər yığdıqları süpürgəni satmamışdır. Yığılmış süpürgələr bağlanmış şəkildə Birliyə təhvil verilmişdir. Göründüyü kimi fiziki şəxs qismində vergi ödəyicisi kimi həmin fəaliyyətlə məşğul olan zaman heç bir qanun pozuntusuna yol verməmişdir. Lakin bütün bunlara baxmayaraq cavabdeh inzibati orqan heç bir tutarlı əsas olmadan iddiaçının il ərzində qeyd edilən məbləğ dəyərində çöl süpürgəsi yığaraq Birliyə satmağı mümkün olmasına şübhə ilə yanaşaraq barəsində qanunsuz və əsassız hesab edilən qərarını qəbul etməklə iddiaçının adını əsassız olaraq riskli vergi ödəyiciləri siyahısına salmışdır və adına əsassız borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" mn 2.1-ci bəndində riskli vergi ödəyicilərinin dairəsi dəqiq müəyyən edilmişdir. İddia ərizəsinə əlavə etdiyi elektron qaimə-fakturalarında Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə aralarında bağlanmış Müqavilədə göstərilən “çöl-süpürgəsi" göstərilmişdir. Həmin elektron qaimə-fakturalarında həmin çöl süpürgəsindən başqa mal göstərilməmişdir. Əgər belə olmasayda Birlik iddiaçı ilə olan müqavilənin ləğv edilməsi məsələsini mübahisələndirərdi. Göründüyü kımi iddiaçı fərdi sahibkar olmaqla vergi ödəyicisi kimi Müqavilə üzrə fəaliyyətində heç bir qanun pozuntusuna yol verməmiş və cavabdeh inzibati orqan iddiaçının adının riskli vergi ödəyicilərinin siyahısına salınması barədə qərar qəbul edərkən iş üçün mühüm əhəmiyyət kəsb edən yuxarıda qeyd etdiyi halları tam, ətraflı və hərtərəfli araşdırmamış və həmin hallara hüquqi qiymət verməmişdir. Bununla da cavabdeh orqan qanunvericiliyin yuxarıda göstərdiyi tələblərini pozmaqla iddiaçı barəsində qanunsuz və ədalətsiz hesab etdiyi qərarını qəbul etmişdir. Ona görə də cavabdeh inzibati orqana müraciət edərək adımın riskli vergi ödəyicilərinin siyahısına salınması barədə qəbul etdiyi qərarın ləğv edilməsini və adının riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasını və əsassız hesablanmış borcun silinməsini xahiş etmişdir. Lakin cavabdeh inzibati orqan adının riskli vergi ödəyicilərinin siyahısına salınmasına dair xx.xx.2023-cü il tarixli qərarını ləğv etməmiş, 19 sentyabr 2023-cü il tarixli məktubu ilə adımın riskli vergi ödəyiciləri siyahısından çıxarmasından imtina etmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, İddiaçı ərizəsində ailə üzvləri və yaxın qohumları ilə birlikdə çöl süpürgəsinin yığılaraq satılması ilə məşğul olduğunu, yığılmış çöl süpürgəsinin Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi ilə bağlanmış xx.xx.2021 -ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Birliyə təhvil verdiyini, birlik tərəfindən malın dəyəri ona ödənildiyini və onun tərəfindən hər dövr üçün elektron qaiməni vergi orqanına təqdim etdiyini bildirmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, 2022-ci ilin yekunu üzrə hesabat dövründən sonra təqdim etdiyi elektron qaimə -fakturalarda Birliyə satdığı mal çeşidlərindən fəqli mal çeşidləri göstəridiyi üçün bu hal vergi orqanı tərəfindən vergidən yayınma halı kimi qiymətləndirilmiş və ona vergi orqanı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlan"nın 3.1.1-ci bəndinə əsasən "vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı yaranmış vergidən yayınma halı ilə əlaqədar xx.xx.2023- cü ildə **********910300 nömrəli məktub göndərilmiş və qeyd edilmişdir ki, elektron qaimə-faktura məlumatlarına əsasən 2022-ci il ərzində təqdim etdiyi 74361 manat dəyərində "çöl süpürgəsi" əldə etdiyi elektron qaimə-faktura məlumatlarında və idxalda aşkar olunmadığından, xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarla riskli vergi ödəyiciləri siyahısına əlavə edilmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, vergi ödəyicisi olmaqla müqavilə üzrə heç bir qanun pozuntusuna yol vermədiyini, cavabdeh vergi orqanı onu riskli vergi ödəyicisi siyahısına salınması barədə qərar qəbul edərkən iş üçün mühüm kəsb edən halları tam və hərtərəfli araşdırmamış, həmin hallara hüquqi qiymət verməmiş və barəsində qanunsuz və ədalətsiz qərar qəbul etmişdir. İddiaçı ərizəsində qərarın sürəti ona rəsmi qaydada xx.xx.2022-ci il tarixdə təqdim olunduğundan həmin qərardan aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə şikayət etmək üçün qanunla müəyyən edilmiş müddət tərəfindən buraxılmadığını bildirmişdir.
4. Həmçinin İddiaçı ərizəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın 3.1.1-ci bəndinə əsasən adının riskli vergi ödəyicilərinin siyahısına salınması barədə 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarın ləğv edilməsi, adının riskli vergi ödəyicisi siyahsından çıxarılmasını və əsassız hesablanmış borcun silinməsini məhkəmədən xahiş etmişdir. Göstərilənlərlə bağlı bildirilir ki, uçot-baza məlumatlarına əsasən, fərdi sahibkarın xx.xx.2020-ci il tarixdə vergi ödəyicisi kimi uçota alındığı, əsas fəaliyyət növünün “bitkiçilik sahəsində digər xidmətlərin göstərilməsi"ndən ibarət olduğu və vergi orqanında uçota alınmış aktiv təsərrüfat subyektinin (obyektinin) olmadığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" 03 dekabr 2021-ci il tarixli 406-VİQD Ne-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmiş və Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 3.1.1-ci yarımbəndlərinə əsasən fərdi sahibkar tərəfindən riskli 2 əməliyyatların aparıldığı müəyyən edilmiş və qeyd olunanlar ilə əlaqədar olaraq təqdim edilmiş bəyannamə göstəricilərinə əsasən 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Vergi ödəyicisinə araşdırmada iştirak etməklə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 3.1.1-ci bəndinə əsasən “vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi ilə bağlı yaranmış vergidən yayınma halı ilə əlaqədar xx.xx.2023-cü ildə **********910300 nömrəli məktub göndərilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkarın xx.xx.2023-cü il tarixli müraciətinə əsasən fəaliyyətinin xx.xx.2023-cü il tarixdən xx.xx.2083-cü il tarixədək dayandırdığı, 2022-ci il ərzində 74361,0 manat məbləğində malların təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarının təqdim edildiyi, elektron qaimə-faktura əldə etmədiyi, elektron alış aktlarının əldə edilmədiyi, 2022-ci il ərzində idxal əməliyyatlarının aparılmadığı, 2022-ci il ərzində bank hesabına 92687,0 manat “Alınan çöl süpürgəsinin dəyəri ödənilir" təyinatı ilə pul vəsaiti mədaxil olduğu müəyyən edilmişdir. Aparılmış araşdırma zamanı Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci, 2.1.3-cü və 3.1.1-ci yarımbəndlərinə əsasən fərdi sahibkar tərəfindən riskli əməliyyatların aparıldığı müəyyən edilmiş və Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il **********772100 nömrəli “Riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə" Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.1, 3.1.1 və 3.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarları müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən 2022-ci il ərzində elektron qaimə-faktura əldə edilmədiyi, 2022-ci il ərzində elektron qaiməfaktura əsasında Ağdaş Kommunal Müəsisələr Kombinatına (VÖEN: **********) 4560,0 manat dəyərində, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyinə (VÖEN: **********) 69801,0 manat çöl süpürgəsi təqdim edildiyi və 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində vergi ödəyicisi tərəfindən xərc məbləğlərinin göstərilmədiyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına əsasən 2022-ci il ərzində vergi ödəyicisinin işçisinin olmadığı müəyyən edilmişdir. Beləliklə, uçot-baza məlumatlarına, təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində çöl süpürgəsinin təqdim edilməsi ilə bağlı elektron qaimə-fakturalarının təqdim edildiyini, 2022-ci il ərzində malların (işlərin, xidmətlərin) alınması ilə bağlı elektron qaiməfaktura və elektron atış aktlarının əldə etmədiyini, idxal-ixrac əməliyyatlarının aparmadığını, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bazasına əsasən 2022-ci il ərzində vergi ödəyicisinin işçisinin olmadığını, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nda nəzərdə tutulmuş qaydada təqdim edilmiş malların alışını təsdiq edən sənədlərin təqdim edilmədiyini, bununla da fərdi sahibkar tərəfindən 2022-ci il ərzində gəlir və xərclərinin uçotunu qanunvericiliyə uyğun aparılmadığı üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən müəyyən edilmiş güzəşt huququnu itirilmişdir. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2023-cü il tarixli **********464200 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83- cü maddələrinə əsasən 2022-ci il üçün 11154,15 manat gəlir vergisi hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********768900 nömrəli Qərar qəbul olunmuşdur.İddiaçı ərizəsində qərarın sürəti ona rəsmi qaydada xx.xx.2022-ci il tarixdə təqdim olunduğundan həmin qərardan aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə şikayət etmək üçün qanunla müəyyən edilmiş müddət tərəfindən buraxılmadığını qeydinə münasibət bildirirərkən qeyd etmək istərdik ki, 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2023-cü il **********772100 nömrəli “Riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi barədə" Qərar vergi ödəyicisinə rəsmi olaraq xx.xx.2023-cü il tarixdə vergi ödəyicisinə göndərilmiş və vergi ödəyicisi həmin qərarı rəsmi olaraq xx.xx.2023-cü il tarixdə almışdır.
5. Əlavə olaraq bildirilir ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********768900 nömrəli Qərar da vergi ödəyicisinə rəsmi olaraq xx.xx.2023-cü il tarixdə göndərilmiş və həmin qərar xx.xx.2023cü il tarixdə ödəyicisi tərəfindən rəsmi olaraq olaraq alınmışdır (çatdırılma barədə sənəd etiraza əlavə olunur). Azərbaycan Respublikası İnzibati-Prossesual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhəməyə iddia qaldırıla bilər. Göründüyü kimi vergi ödəyicisi tərəfindən qeyd olunan qərarlardan qanunla müəyyən edilmiş şikayət etmə müddəti ötürülmüşdür.
6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının vəkili iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin mümkün hesab olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 9 oktyabr 2024-cü il tarixli, 2- 1(116)-738/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyinə baxmayaraq cavabdeh inzibati orqan tərəfindən əsassız olaraq adının riskli vergi ödəyicilərinin siyahısına salmaqla ona borc hesabladıqlarından hazırki iddi tələbi ilə məhkəməyə müraciət etməyi üçün subyektiv hüququnun yarandığını nəzərə almamış, qərarını yalnız cavabdeh inzibati orqanın etirazına əsaslandırmışdır. Bununla da işə baxan məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. O, fərdi sahibkar kimi yalnız öz ailə üzvləri ilə birlikdə çöl süpürgəsi yığıb bağlayaraq Gəncə şəhər Mənzil Kommunal Təsərrülatı İstehsalat Birliyi ilə aralarında bağlanmış Müqaviləyə əsasən onlara təhvil vermiş və bu barədə qanunvericiliyin tələblərinə tam əməl etməklə tələb olunan sənədləri və vergiləri aidiyyati üzrə təqdim etməklə və ödəməklə vergi ödəyicisi kimi üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. İddia ərizəsinə əlavə etdiyi elektron qaimə fakturalarında Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə aralarında bağlanmış müqavilədə göstərilən "çöl-süpürgəsi" göstərilmişdir. Həmin elektron qaimə-fakturalarında həmin çöl süpürgəsindən başqa mal göstərilməmişdir. Əgər belə olmasayda Birlik onunla olan müqavilənin ləğv edilməsi məsələsini mübahisələndirərdi. Göründüyü kimi o fərdi sahibkar olmaqla vergi ödəyicisi kimi müqavilə üzrə fəaliyyətində heç bir qanun pozuntusuna yol verməmiş və cavabdeh inzibati orqan onun adının riskli vergi ödəyicilərinin siyahısına salınması barədə əsassız qərar qəbul etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli, 2-1(116)-738/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli, 2- 1(116)-738/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli, 2-1(116)-738/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin surəti. - xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surəti. - Ağdaş rayon İcra Hakimiyyəti Hapıtlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışı. - Ağdaş rayon İcra Hakimiyyəti Hapıtlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışı. - Kameraı vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqənda xx.xx.2023-cü il tarixli məktub. - xx.xx.2023-cü il traixli **********246500 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərar. - xx.xx.2023-cü il tarixli **********772100 nömrəli vergi ödəyicisinin riskli öd\yici hesab edilməsi barədə qərar.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri"nin: 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı. və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər.
17. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
20. Hazırkı iddia, növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan.
21. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulan nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).
22. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddia əriazəsi Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş 30 günlük müddətin buraxılmadan məhkəməyə göndərildiyindən mümkünlük şərtinə riayət edilmişdir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsi və iş materiallarına əsasən, eləcə də məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən elektron qaimə fakturalarında göstərilən məbləğin əldə olunmasına dair çəkilən xərcə dair sübut təqdim edilməmiş, göstərilən dəyərdə (həmin dəyərin əldə edilməsi üçün əldə edilməli olan malların sayı nəzərə alınmaqla) məhsulun yığılması ağlabat hesab edilmir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müvafiq dəyərdə məhsulun ailə üzvlərinin iştirakı ilə yığılması, hazırlanması, daşınması (burada işçilik və nəqliyyat xərcləri nəzərə alınmaqla) normal əmək fəaliyyəti nəticəsində mümkün deyildir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı adının riskli vergi ödəyicilərinin siyahısına salınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarının ləğv edilməsinə, iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısından çıxarılmasına və əsassız hesablanmış borcun silinməsindən ibarətdir.
26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarın qəbul edilməsini vergi orqanı belə əsaslandırmışdır ki, xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində 84991 manat dəyərində "Çöl süpürgəsi" satmış, lakin həmin mallar vergi ödəyicisinin alışında müəyyən edilməmişdir. Buradan belə çıxır ki, həmin miqdarda süpürgənin iddiaçı tərəfindən istehsal olunması mümkün hesab edilməmiş, yalnız alınıbsatıla biləcəyi mümkün hesab edilmişdir. Çünki "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarda riskli vergi ödəyicisinin və riskli əməliyyatların meyarlarının 2.1.3-cü maddəsinə və 3.1.1 maddəsinə istinad edilmişdir. Meyarların 3.1.1 maddəsi istehsalçı tərəfindən deyil ticarətçi tərəfindən malların təqdim edilməsi halına aiddir. Daha konkret desək satıcı tərəfindən aldığı mal çeşidlərindən fərqli malların satılması halında aiddir. Həmçinin iddiaçının vergi orqanında qeydiyyatda olan müvafiq təsərrüfat subyektinin olmadığı müəyyən edilmişdir.
27. İş materiallarında olan Ağdaş Rayon icra Hakimiyyəti Hapıtlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 31 mart 2023-cü il və 30 yanvar 2025-ci il tarixli arayışlarında qeyd edilmişdir ki, İddiaçı ailə üzvləri ilə birgə yaşadığı ərazidən ilin 5 (iyun, iyul, avqust, sentyabr, oktyabr) ayları ərzində yabanı halda bitən süpürgə tədarük etmişlər. İddiaçı ailə üzvləri ilə birgə tədarük etdiyi süpürgəni Gəncə şəhəri Kommunal Təsərrüfat İstehsalat Birliyinə təhvil verir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, o, Ağdaş rayonun Maşad kəndində yaşayır. İddiaçı onun atasıdır. Onlar ailə üzvləri - o, atası, əri, bacı, bacısının əri və uşaqlar ilə birlikdə çöl süpürgələrini yığıb satırlar. İyun ayından başlayaraq noyabr ayına kimi çöl süpürgələrini yığıb satması ilə məşğul olurlar. Onlar birlikdə bir gün ərzində 1000 ədəddən çox çöl süpürgələrini yığırlar. Heç kimə pul verərərk çöl süpürgələrini almırlar, və yaxud onun yığlması üçün kiməsə pul vermirlər.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X3 ifadəsində bildirmişdir ki, o, Ağdaş rayonun Maşad kəndində yaşayır. Onlar ailə üzvləri -o, qaynatası, arvadı, baldızı, bacanağı və uşaqları ilə birlikdə çöl süpürgələrini yığıb satırlar. İyun ayından başlayaraq noyabr ayına kimi çöl süpürgələrini yığıb satması ilə məşğul olurlar. Onlar birlikdə bir gün ərzində 1000 ədəddən çox çöl süpürgələrini yığırlar. Çöl süpürgələrini yığıb bağlayarkən və satarkən vergi işçilərini heç vaxt iştirak etdiyini görməmişlər. O, çöl süpürgələrini oraqla biçir.
30. Həmçinin iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, çöl süpürgəsinin yığılması, müxtəlif bağlanma ölçüləri nəzərə alınmaqla 1 (bir) şəxsin 1 (bir) gün ərzində fiziki cəhətdən yığaraq bağlaya biləcəyi süpürgə sayı 500-800 (beş yüz-səkkiz yüz) ədəddir.
31. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri"ndə qeyd edilir ki, “bu Sənədin 2.1-ci bəndində nəzərdə tutulan meyarlardan ən azı birinə cavab verən əməliyyat üzrə vergi ödəyicisinə, habelə müvafiq əməliyyat üzrə həmin şəxsin təqdim etdiyi elektron qaimə-faktura üzrə malların (iş və xidmətlərin) alıcısına əməliyyatın aparıldığı (elektron qaimə-fakturanın təsdiq edildiyi) tarixdən 15 iş günü ərzində aparılmış əməliyyatın riskli olması barədə bildiriş-xəbərdarlıq göndərilir. Bildiriş-xəbərdarlıq elektron üsulla həmin şəxslərin elektron kabinetinə göndərilir. Bildiriş-xəbərdarlıqda əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halların aradan qaldırılması, əməliyyat üzrə təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi, əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlərin təqdim edilməsi tələb olunur.”
32. Həmçinin göstərilmişdir ki, “Bu Sənədin 2.1.1-ci yarımbəndinə əsasən vergi ödəyicisinin mövcud resurslarının müvafiq işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün yetərli olmaması halı üzrə vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi bu Sənədin 4.1-ci bəndi ilə müəyyən edilmiş müddətdə vergi orqanı tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən cəlb edilmiş mütəxəssisin yazılı şəkildə bildirdiyi fikri və ya ekspertin rəyi əsasında həyata keçirilir.”
33. Vergi ödəyicisinin təqdim etdiyi əlavə izahat, əməliyyatın həqiqiliyini təsdiq edən məlumat və sənədlər, keçirilmiş xronometraj müşahidələrin nəticələri barədə məlumatlar əsasında, habelə vergi nəzarəti ilə rəsmiləşdirilmiş əməliyyatlar, əməliyyatların həqiqiliyini təsdiq edən dövlət orqanlarının (qurumlarının) təsdiqedici sənədləri və ya məlumatları ilə əməliyyatların riskli hesab edilməsinə əsas yaradan halın olmadığı aşkar edildikdə vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilir.
34. Göründüyü kimi vergi orqanı iddiaçının xx.xx.2022-xx.xx.2023-cü il tarixlərində 84991 manat dəyərində "Çöl süpürgəsi" satmasını alqı-satqı kimi qiymətləndirmiş, həmin malların onun alışında olmamasını və vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan təsərrüfat subyektinin olmadığını nəzərə alaraq həmin meyarlar üzrə riskli vergi ödəyicisi hesab etmişdir. İddianı təmin etməyən birinci instansiya məhkəməsi isə həmin dəyərdə "Çöl süpürgəsi"nin iddiaçı tərəfindən özünün istehsal edilməsini ağlabatan hesab etməmişdir.
35. İddiaçı apellyasiya şikayətində süpürgənin bir ədədinin qiymətini 0.35, 0.80, 1 manat göstərmişdir. Orta hesabla bir süpürgənin qiymətini (0.35+0.80+l)/3=0.71 manat nəzərə aldıqda 84991/0.71=119705 ədəd deməkdir. O da nəzərə alınmalıdır ki, çöl süpürgəsinin yetişməsi mövsümi xarakter daşıyır və ilin 6 ayı yığılır. "xxxx" MMC-nin mütəxəssis rəyindən görünür ki, 1 şəxs bir gün ərzində 500-800 ədəd çöl süpürgəsi yığa bilər. 1 şəxsin bir gün ərzində orta hesabla (500+800)/2=650 ədəd çöl süpürgəsi yığmasını nəzərə aldıqda 5 ay ərzində bir şəxs 97500 ədəd çöl süpürgəsi yığa bilər.
36. İşdə olan Hakimiyyəti Hapıtlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin arayışlarından və şahid ifadələrindən göründüyü kimi iddiaçı ailə üzvləri ilə birgə yaşadığı ərazidən ilin 5 (iyun, iyul, avqust, sentyabr, oktyabr) ayları ərzində yabanı halda bitən süpürgə yığır. Belə olan halda iddiaçı tərəfindən müvafiq dəyərdə məhsulun ailə üzvlərinin iştirakı ilə yığılması, hazırlanması, daşınması (burada işçilik və nəqliyyat xərcləri nəzərə alınmaqla) normal əmək fəaliyyəti nəticəsində mümkün olması öz sübutunu tapır.
37. Araşdırma zamanı müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri"nin 2-ci maddəsində nəzərdə tutulan meyarların heç birinə cavab vermədiyi üçün riskli vergi ödəyicisi hesab edilə bilməz.
38. VM-nin 67.1-ci maddəsinə əsasən vergitutma obyektinin müəyyənləşdirilməsi mümkün olmadıqda vergi orqanının əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ müəyyən edilmişdir.
39. Vergitutma obyektinin müəyyən edilməsi üçün gəlirin əldə edilməsi üçün çəkilən xərclər mütləq qaydada müəyyən edilməlidir (67.1.3). VM-nin 67.2-ci maddəsinə 5 dekabr 2023-cü il tarxili 10336QD nömrəli qanunla dəyişiklik edilənədək qüvvədə olan redaksiyasında ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi tələb olunan meyarlar öz əksini tapmışdır.
40. VM-nin 67.14-cü maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisinin bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanması müəyyən edilmişdir.
41. Həmin normada nəzərdə tutulan hüquqlar cavabdeh orqanın diskresion səlahiyyətidir. Odur ki, VM-nin 67.14-cü maddəsinə uyğun əlaqəli məlumatları yoxlamaq birbaşa diskresion səlahiyyətə müdaxilə hesab oluna bilər (cavabdeh orqan lazım olan metodu özü seçməli idi).
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın təsdiq edilməsi barədə Qaydalarının 6-cı bəndi vergi ödəyicisinin vergiyə cəlb olunan gəlirinin müəyyən edilməsi qaydalarını tənzimləyir.
43. Hər bir halda xərc müəyyən edilmədən vergiyə cəlb olunan gəlir (vergitutma obyekti) müəyyən edilə bilməz və bunun üçün mütləq qaydada VM-nin 67-ci maddəsinə uyğun araşdırma aparılmalı idi.
44. Vergi Məcəlləsinin 67-ci maddəsinin tətbiqi ilə bağlı vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı həmin məlumatlardan istifadə etməklə hesablamanı aparmaq haqqına malikdir, lakin bunu həmişə etməyə borclu deyildir. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən VM-nin 67-ci maddəsində nəzərdə tutulmuş sıra ardıcıllığı da, həmin məqsədlərə xidmət edir.
45. Məhz, Vergi Məcəlləsinə 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş 67.17-ci maddə də bu halı təsdiq edir (bu Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq edilir). Başqa sözlə, sözügedən dəyişikliyə qədər 67-ci maddədə sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən müddəaların ardıcıllıq gözlənilmədən tətbiqinə əsas verən norma mövcud deyildi.
46. Buna görə də vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı iddiaçı tərəfindən xərc sənədi verilməsə belə cavabdeh orqan sadalanan ardıcıllığı gözləməklə araşdırma aparmalı idi (3 dekabr 2021-ci il tarixədək mübahisələrdə). Hazırkı işdə isə bu ümumiyyətlə baş verməmişdir.
47. Hər bir halda cavabdeh orqan vergitutma obyektini müəyyən etmədən vergi hesablamışdır. Xərc sənədləri yoxdur və məhz buna görə də, iddiaçı NK-nin müvafiq qərarının qərarının tətbiqi yolu ilə vergitutma obyektinin müəyyən edilməsində israrlıdır. Bununla belə hazırkı məhkəmə araşdırmasında ilkin inzibati icraatda aparılmayan araşdırmanın aparılması və məhkəmənin cavabdeh orqanın yerinə keçərək vergitutma obyektini müəyyən etməsi mümkün deyil. Məhkəmənin vəzifəsi cavabdeh orqanın apardığı icraat çərçivəsində qəbul edilmiş inzibati aktın yoxlanılmasıdır ki, işin yuxarıda sadalanan hallarından göründüyü kimi cavabdeh orqanlar VM-nin tələblərini pozmaqla iddiaçı barəsində qanunsuz əlverişsiz inzibati aktlar qəbul etdiyindən iddiaçı, həmin qərarların ləğvini tələb etməkdə haqlı olmuşdur.
48. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh orqan iddiaçını barəsində "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarı qəbul etməkdə haqlı olmamışdır.
49. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısına salınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarının ləğv edilməsi, iddiaçının adının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması və əsassız hesablanmış borcun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmalıdır.
50. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 9 oktyabr 2024-cü il tarixli, 2-1(116)-738/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 3.1.1-ci bəndinə əsasən iddiaçının adını riskli vergi ödəyicilərinin siyahısına salınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********772100 nömrəli qərarının ləğv edilməsi, iddiaçının adının riskli vergi ödəyicilərinin siyahısından çıxarılması və əsassız hesablanmış borcun silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.