Məhkəmə qərarları › İş №2-1(107)-129/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-129/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-129/2020 25.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “2012-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1510/2019 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli 003210 nömrəli vəsiqəyə əsasən iddiaçı müharibə veteranıdır. O, 2007-ci ilin noyabr ayından DSMF-in Hərbi Qulluqçularla və X2 İş Departamentindən pensiya alır. İddiaçı xx.xx.2019-cu il tarixdən müharibə veteranları üçün təsis edilmiş Prezident təqaüdünü alır. İddiaçı əvvəlki dövrün müavinətinin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu hərəkətsizlik göstərərək iddiaçının müraciətinə münasibət bildirməmişdir. İddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət edərək məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Ona xx.xx.1997-ci il tarixdən müharibə veteranı vəsiqəsi verilmişdir. Bu səbəbdən iddia tələbi təmin edilərək ona 2012- 2019-cu illər üçün nəzərdə tutulmuş müavinətin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, 2007-ci ilin noyabr ayından etibarən əmək pensiyası alır. Cavabdeh inzibati orqan xx.xx.2019-cu il tarixli **********1 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı müharibə veteranı vəsiqəsini xx.xx.2019-cu il tarixdə şöbəyə təqdim etmiş və qanuvericiliyə uyğun olaraq ona xx.xx.2019-cu il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş prezident təqaüdü təyin olunmuş və hazırda 80 manat ödənilir. İddiaçının əmək pensiyası hüququ olduğuna görə ona xx.xx.2019-cu il tarixdən əvvəlki dövr üçün təqaüd ödənilə bilməz. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1510/2019 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçıhəmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1510/2019 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən DSMF-in Mingəçevir şəhər şöbəsinin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1510/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Onlara müharibə veteranı vəsiqəsinin surəti, cavabdeh inzibati orqanın etirazı və digər sənədlər daxildir. Əsaslandırma hissəsi İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1510/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində 2007-ci ilin noyabr ayından DSMF-in Hərbi Qulluqçularla İş Departamentindən pensiyaya çıxdığını, hazırda da həmin idarədən pensiya aldığını bildirmişdir. DSMF-in Mingəçevir şəhər şöbəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli **********91 nömrəli məktuba əsasən, iddiaçı DSMF-in Mingəçevir şəhər şöbəsindən heç bir növ əmək pensiyası almır. xx.xx.2019-cu il tarixdən 80 manat müharibə veteranlığına görə Prezident təqaüdü alır. Göründüyü kimi, iddiaçının noyabr 2007-ci il tarixdən əliliyə görə əmək pensiyasında olması “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinin tələbi baxımından onun sosial müavinət almaq hüququnu məhdudlaşdırmışdır. xx.xx.2019-cu il tarixədək müharibə veteranlarına sosial müavinətin ödənilməsi Sosial Müavinətlər haqqında Qanunun tələblərinə uyğun həyata keçirilirdi. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.6-cı maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin olunur. Göründüyü kimi, iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsində 2007-ci ilin noyabr ayından DSMF-in Hərbi Qulluqçularla İş Departamentindən pensiyaya çıxdığını, hazırda da həmin idarədən pensiya aldığını göstərdiyinə görə, iddiaçının tələbi “Sosial müavinətlər” haqqında Qanunun tələbləri baxımından əsassızdır. Yuxarıda qeyd olunan işin hallarını, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1510/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar