Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-129/2024 21.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının 2 il müddətinə 35-60 faiz olmaqla müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli 2-1(116)-1980/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “xəstəliyinə görə əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək, “xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyalarının pozulmasının 2 il müddətinə 35-60 faiz olmaqla müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
4. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1999-cu ildə Azərbaycan Respublikası Göyçay rayonunun Ləkçılpaq kəndində anadan olmuşdur. Göyçay RHK tərəfindən xx.xx.2017-ci il tarixdə hərbi xidmətə göndərilmişdir.
5. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2018ci il tarixli 418 saylı əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDXnin Göyçay rayon Şöbəsinə göndərilmişdir.
6. xx.xx.2020-ci il tarixdə Göyçay Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış Şöbəsinin Göyçay rayon İdarəsi tərəfindən səfərbərliklə həqiqi hərbi xidmətə çağırılmışdır. Çağırış üzrə erməni işğalçılarına qarşı Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 246 nömrəli əmri əsasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
7. Füzuli, Qubadlı və Şuşanın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və buna görə də, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur.
8. O, Qarabağ döyüşlərində yaralanmış və xx.xx.2020-ci il tarixdə Tovuz RMX-ya təxliyə olunmuşdur.
9. xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Hər iki budun orta 1/3 nin kor qəlpə yaralanması” xəsarətini almış və ona ilk tibbi yardım N nömrəli hərbi hissədə göstərilmişdir, xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Tovuz RMX-da “Hər iki budun orta 1/3-nin infeksiyalaşmış qəlpə yarası” diaqnozu ilə stasionar müalicədə olmuşdur.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2020-ci il tarixli çıxarışda diaqnoz qeyd edilmişdir “Hər iki budun orta 1/3nin infeksiyalarının qəlpə yarası”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) 2020-ci il 25 dekabr tarixli 108 nömrəli çıxarışdan da görünür ki, ona “Sağ budun qəlpə yaralanması, metal yad cisim" diaqnozu qoyulmuşdur.
11. 2020-ci ilin noyabrın 07-də 2023-cü ilin ayına qədər müxtəlif tarixlərdə həmin xəstəliklə bağlı stasionar və ambulator müalicələr almışdır.
12. xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin kontuziyası, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, psixopatabənzər davranışla" diaqnozu ilə stasionar müalicədə olmuşdur.
13. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinika rəsinin sərəncamına əsasən hərbi həkim komissiyasından keçirilmişdir: Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 11 avqust 2021-ci il tarixli, 18033 saylı X3 görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Hər iki budun orta 1/3 nin kor qəlpə yaralanması” xəsarətini almışdır; İlk tibbi yardım N nömrəli hərbi hissədə göstərilmişdir. xx.xx.2020- xx.xx.2020-ci il tarixədək Tovuz RMX-da “Hər iki budun orta 1/3-nin infeksiyalaşmış qəlpə yarası” diaqnozu ilə stasionar müalicədə olmuşdur; xx.xx.2021-xx.xx.2021-ci il tarixədək Respublika Psixiatriya Xəstəxanasında “Partlayış travması, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin kontuziyası, fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, psixopatabənzər davranışla” diaqnozu ilə stasionar müalicədə olmuşdur. MN Mərkəzi Hərbi Poliklinika rəsinin sərəncamına əsasən hərbi həkim komissiyasından keçirilmişdir.
14. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 181 saylı Hərbi Hissənin komandiri polkovnik Vilayət Quliyev tərəfındən verilmiş 29 aprel 2021-ci il tarixli 2226 saylı Travma haqqında arayışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən - döyüş tapşırığı yerinə yetirərkən “Hər iki budun orta 1/3 nin kor qəlpə yaralanması” xəsarətini almışdır.
15. Göyçay Rayon Mərkəzi Xəstəxanasının (xx.xx.2022-xx.xx.2022) Diaqnozu: İddiaçı - irsi ağırlaşmayıb. İlkin inkişafı adi olub. Vətən müharibəsində iştirak edib. Füzuli- Qubadlı -Şuşa istiqamətində döyüşüb. Xəsarət alıb, huşunu itirib.
16. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) xx.xx.2022-ci il tarıxli çıxarışdan da görünür ki, ona “Üzvi mənşəli (keçirilmiş qapalı kəllə-beyin travması) şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu qoyulmuşdur.
17. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X9 tərəfindən verilmiş 06 oktyabr 2022-ci il tarixli 9643 saylı Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişinə cavab olaraq qeyd etmişdir ki, İddiaçı “Üzvi mənşəli (müharibə zamanı yaranmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu F07.0 diaqnozu qoyulmuşdur.
18. Bütün müayinə və müalicələrin nəticəsində səhhətində adı çəkilən problemlərin olduğu bəlli oldu.
19. Stasionar müalicədən sonra onun xəstəliyinin ağır mərhələdə olması aşkardır. Ona görə də, sənədlərini əlillik təyin olunması üçün Xüsusi Həkim Komissiyasına- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyalarına 3 dəfə ayrı-ayrı vaxtlarda göndərilməsinə baxmayaraq cavabdeh orqan tərəfindən imtina edilmişdir.
20. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 18 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir:
21. Göyçay rayon sakini xx.xx.1999-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0276Q03AALQ1 nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
22. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir.
23. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 18033 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, psixopatabənzər davranışla. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı veqetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020): sol bud və sağ bud nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən və qəlpələrin xaric edilməsindən sonrakı bərkimiş dəri çapıqları." diaqnozu ilə travmanın səbəb əlaqəsi ‘'Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
24. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 6045/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi mənşəli (keçirilmiş qapalı kəllə-beyin travması) şəxsiyyətin davamlı dəyişikliyi” kimi müəyyənləşdirilmişdir.
25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2022- ci il tarixli 9643 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi mənşəli (müharibə zamanı yaranmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu" kimi müəyyənləşdirilmişdir.
26. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, baş gicəllənmədən, əsəbilikdən, yuxunun, yaddaşın pozulmasından, əllərin və ayaqların uyuşmasından, başında küydən şikayətlənmişdir.
27. Agentliyin həkim-ekspert travmatoloqun əyani müayinəsi zamanı sağ budun aşağı 1/3-də, sol budun orta 1/3-də travmatik çapıqlar izlənilmiş, hərəkətlər tam həcmdə olmuşdur.
28. Ünsiyyət zamanı həyəcanlılıq izlənilmiş, emosional labillik və astenik-qıcıqlı əlamətlər qeyd olunmuşdur.
29. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Nevrasteniya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır.
30. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qabul edilmişdir. 31.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
32. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
33. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 4 dekabr 2023-cü il tarixli 2- 1(116)-1980/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
34. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
35. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas veribvermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə Diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də şəxsin əyani müayinəsində aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda maddələrdən birini aid etmək mümkün olmamışdır. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstəliyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 4 dekabr 2023-cü il tarixli 2-1(116)-1980/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 4 dekabr 2023-cü il tarixli 2-1(116)- 1980/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
37. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
38. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
39. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli 2226 nömrəli “Travma haqqında” arayışından görünür ki, H/V əsgər İddiaçı (xx.xx.1999-cu il təvəllüdlü) Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edərkən “Hər iki budun orta 1/3-nin kor qəlpə yaralanması” xəsarətini almışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin xx.xx.2022-ci il tarixli 9643 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, “üzvi mənşəli (müharibə zamanı yaranmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu F07.0” diaqnozu qoyulmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə təsdiq olunmuş 18033 nömrəli xx.xx.2021-ci il tarixli “X6”dən görünür ki, SHXÇDX-nin Göyçay rayon şöbəsi tərəfindən 2020-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı travmaya uyğun diaqnoz: « Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntu psixopatabənzər davranışla. Partlayış travması (xx.xx.2020): keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Partlayış travması (xx.xx.2020): sol bud və sağ bud nahiyəsinin kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən və qəlpələrin xaric edilməsindən sonrakı bərkimiş dəri çapıqları.» qeyd edilmiş, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Partlayış nəticəsində qapalı kəllə-beyin travması, baş beyin kontuziyası fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi psixopatobənzər davranışla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Hər iki budun orta 1/3-nin kor qəlpə yaralanması. Digər rubrikalarda təsnif olunan xəstəliklərdə, Sol bud nahiyyəsində qəlpə yaralanmasından sonrakı vəziyyət. Postravmatik polineyropatiya. İmtina səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Göndərişdə qeyd olunan nevroloji xəstəlik HHK-nın şəhadətnaməsində öz əksini tapmır. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Partlayış nəticəsində qapalı kəllə-beyin travması, baş beyin kontuziyası fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi psixopatobənzər davranışla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Hər iki budun orta 1/3-nin kor qəlpə yaralanması. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Baş beynin silkələnməsi. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Yumşaq toxumalarda qalmış yad cisim. Budun açıq yarası. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. - Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının **********7 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçının əyani müayinəsi keçirilmiş, ilkin imtina cavabı ilə eyni məzmunlu qərar qəbul edilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1980/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ-nin xx.xx.2023-cü il tarixli 3838 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, M.V. Babayevin tibbi sənədlərinin təhlilinə əsasən onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi İlə bağlı müvafiq tibb müəssisəsində tərtib son Forma 088 göndərişində qeyd edilmiş “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr. Baş beyinin zədələnməsi və disfunksiya və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Baş beyinin silkələnməsi. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Yumşaq toxumalarda qalmış yad cisim. Budun açıq yarası” diaqnoz stasionarlarda müalicəsi zamanı xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuşdur. Diaqnozda göstərilən “budun açıq yarası” sağalmış, yerində çapıq toxuma əmələ gəlmişdir. - "Göyçay Rayon Mərkəzi Xəstəxanası" X8 xx.xx.2023-cü il tarixli 18-1-40/2- 1172/2023 nömrəli məktubundan görünür ki, Göyçay rayonu Ləkçıplaq kənd sakini, 1999cu il təvəllüdlü, İddiaçı xx.xx.2021-ci il tarixdə “Üzvü mənşəli keçirilmiş qapalı kəllə beyin travması, şəxsiyyətin davamlı dəyişikliyi, psixopatabənzər davranışla” diaqnozu ilə psixiatr həkimdə qeydiyyatdadır və “F07.0 Üzvü mənşəli şəxsiyyət pozuntusu” diaqnozu psixiatrik xəstəliklərə aiddir. İddiaçı sənədləri sonuncu dəfə xx.xx.2022-ci il tarixdə HMK-na təqdim edilmiş, xəstənin sənədləri X2 göndərilməsi qərarı verilmişdir. X1 isə xəstənin sənədləri hazırlanaraq Forma-88 doldurularaq TSEK-ə göndərilmişdir. TSEK tərəfindən xəstəyə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina cavabı gəlmişdir. - İddiaçı tərəfindən məhkəmə kollegiyasına əsilləri təqdim edilmiş xx.xx.2024-cü il tarixli 103960 nömrəli ambulator kitabçadan çıxarışa əsasən, iddiaçıya üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları, intihar cəhdləri ilə (prof. F.İsmayılov) diaqnozu qoyulmuşdur. xx.xx.2024-cü il tarixli 11912793 nömrəli ambulator kitabçadan çıxarışa əsasən, iddiaçıya üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları, intihar cəhdləri ilə (prof. F.İsmayılov) diaqnozu qoyulmuşdur. - Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Respublikas Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 2793 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublikası Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatriya Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları, intihar cəhdləri ilə F 07.0
TƏTBİQ EDİLƏN HÜQUQ
40. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
41. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
43. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
46. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli 2-1(116)-1980/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
47. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
49. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
50. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
51. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
52. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.
53. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.
54. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
55. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
56. Cavabdeh orqan apellyasiya şikayətini “diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə əsaslandırmışdır.
57. İddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş diaqnoz “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və qəlpələrlə törənmiş zədələnmələr. Baş beyinin zədələnməsi və disfunksiya və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular. Baş beyinin silkələnməsi. Üzvi mənşəli şəxsiyyət pozuntusu. Yumşaq toxumalarda qalmış yad cisim. Budun açıq yarası” olmuşdur.
58. Belə ki, iddiaçı barəsində səhiyyə müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə üzvi mənşəli şəxsiyyət pozuntusu diaqnozuna münasibətdə - F.07.0 koduna istinad edilmişdir.
59. Sözügedən diaqnoz F07.0 kodu ilə “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə psixi və davranış pozuntuları (7) olaraq 7.6.2-ci bənddə (üzvi mənşəli şəxsiyyət pozuntusu) nəzərdə tutulmuşdur.
60. Həmin bəndə qiymətləndirmə üçün iki hal fərqləndirilmişdir. 7.6.2.1-ci bəndə münasibətdə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 35-60% (əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı), 7.6.2.2-ci bəndə isə münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % (məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti) müəyyən edilmişdir.
61. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya qoyulmuş diaqnoz və barəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş tibbi anamnez məlumatlarına istinad olunmaqla onun orqanizmin funksiyalarının pozulması faizi və müddəti “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndinin tələbləri nəzərə alınmaqla qiymətləndirilməlidir.
62. Belə ki, 7.6.2.1-ci bənd sözügedən diaqnozla bağlı digər simptomlarla yanaşı, ətrafdakılarla tez-tez problemlər yaranması, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, o cümlədən yüksək intihar riski nəzərdə tutulmuşdur ki, iş materiallarında olan göndərişin məzmunundan görünür ki, iddiaçının anamnez məlumatlarında ailə üzvləri ilə yola getməməsi, suisidal fikirlərin olması, müalicəyə tabe olmaması və s. məlumatlar öz əksini tapmışdır.
63. Qeyd edilən halların 2 ildən az olmayaraq baş verməsi onu deməyə əsas verir ki, faktiki olaraq iddiaçıya qoyulmuş diaqnoza münasibətdə - orqanizmin funksiyalarının pozulması faizi – 35-60 %, müddəti 2 il olaraq müəyyən edilməlidir.
64. Bununla yanaşı iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli 103960 nömrəli ambulator kitabçadan çıxarışa, Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Respublikas Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024cü il tarixli 2793 nömrəli Həkim Psixiatr Komissiyasının rəyinə əsasən, iddiaçıya üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, qıcolma tutmaları, intihar cəhdləri ilə (prof. F.İsmayılov) diaqnozu qoyulmuşdur. F 07.0
65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-1980/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ-nin ekspert rəyi ilə də müəyyən edilmiş diaqnoz iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2.1-ci bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsi üçün əsas yaratdığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
66. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
67. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 dekabr 2023-cü il tarixli 2-1(116)-1980/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.