Məhkəmə qərarları › İş №2-1(107)-13/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-13/2021

29.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-13/2021 29.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialına qarşı "xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilə kimi müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-22/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialı tərəfindən verilmiş apelyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2014-ci il tarixli 031144 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. O, sosial müavinət ödənilməsi ilə bağlı xx.xx.2016-cı ildə cavabdehə müraciət etmiş və cavabdehin xx.xx.2016-cı il tarixli qərarı ilə iddiaçıya xx.xx.2013-cü ildən etibarən müharibə veteranları üçün nəzərdə tutulan müavinət təyin edilmişdir. İddiaçıya xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək olan müddət üçün hesablanmış vəsait ödənilmiş və sonrakı aylarda da ödəniş davam etdirilmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixli sərəncamı ilə xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək olan müddət üçün ona artıq ödənilmiş 333 manat müavinətin bərpa olunması qərara alınmış və həmin məbləğ ondan hissə-hissə geri tutulmuşdur. Beləliklə, iddiaçıya sosial müavinətin ödənilməsinin başlanğıcı xx.xx.2014-cü il, yəni ona veteran vəsiqəsinin verildiyi tarix olmuşdur. İddiaçı cavabdehə müraciət edərək, xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilədək olan müddət üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ona ödənilməsini xahiş etmiş, lakin onun xahişi təmin edilməmişdir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə qarşı "xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilərək, inzibati iş baxılması üçün Şəki İnzibatiİqtisadi Məhkəməsinə qaytarılmışdır Daha sonra İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, xx.xx.2011-ci ildən xx.xx.2018-ci ilə kimi müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında bildirmişdir ki, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi məqsədilə xx.xx.2016-cı ildə müraciət etmiş, həmin tarixdən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinətin ödənilməsinə başlanılmış, qanunvericiliyə uyğun olaraq xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək olan müddət üçün qalıq vəsait hesablanaraq ödənilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda bildirmişdir ki, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək olan müddət üçün iddiaçıya ödənilmiş 333 manat müavinət geri qaytarılmışdır. Hazırkı iş məhkəmənin icraatında olduğu vaxt xx.xx.2020-ci ildə İddiaçı vəfat etmişdir. Bu səbəbdən də Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə o, hüquq varisi olan arvadı X1 ilə əvəz edilmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2014-ci il tarixli 031144 nömrəli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüquqununa malikdir; İşdə olan, Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin xx.xx.2017-ci il tarixli sərəncamından görünür ki, İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək artıq ödənilmiş 333 manat məbləğ sosial müavinətdən tutulmuşdur. xx.xx.2017-ci ildən etibarən müavinət aylıq 50 manat müəyyən edilməklə hər ay üzrə həmin məbləğin 30 manatı tutularaq ödənilmişdir; İşdə olan, Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubdan görünür ki, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi məqsədilə xx.xx.2016-cı il tarixdə müraciət etmişdir. İddiaçıya 3 il geriyə, yəni xx.xx.2013-cü ildən xx.xx.2016-cı ilədək olan müddət üçün 1658.58 manat qalıq vəsait hesablanaraq ödənilmişdir. Müavinət indiyədək ödənilməkdədir. İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək olan müavinəti geri tutulmuşdur. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-22/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2- 1(116)-22/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-22/2020 №-li qərarı ilə İddiaçı xx xxx 2011-ci ildən xx xxx 2014-cü ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilmsəi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. Onlar həmin qərarla razılaşmırlar. Belə ki, İddiaçı xx xxx 2014-cü il tarixdən 031144 №-li müharibə veteranı vəsiqəsi ilə təmin edilmişdir. Həmin gündən də o, veteran adını daşıyır. İddiaçı xx xxxxxx 2016-cı il tarixdən şöbəmizə müraciət etmişdir. Bundan sonra vətəndaşa 3 il geriyə, yəni xx xxxxxx 2013-cü il tarixdən müavinət təyin olunub və xx xxxxxxxx 2016-cı il tarixdə ona 1658,58 manat müavinət ödənilmişdir. Yəni vətəndaş İddiaçı xx xxx 2014-cü ildə vəsiqə verilsə də, o, həmin vaxtı deyil, bundan təxminən 2 il sonra-2ə avqust 2016-cı ildə bizə müraciət etmişdir. Biz də ona müraciət etdiyi vaxtdan əvvəlki 3 ilin pulun ödəmişik. Artıq bir dəfə bizim özümüz tərəfindən həmin vətəndaşa müraciət etdiyi vaxtdan əvvəlki 3 il üçün pul ödənildiyi üçün, əlavə olaraq ona yenidən vəsiqə aldığı vaxtdan əvvəlki 3 il üçün pul ödənilməsi qəbuledilməzdir. Ona görə də hesab edirik ki, apellyasiya şikayəti təmin edilməli və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-22/2020 nömrəli qərarı ləğv edilməli və yeni qərar çıxarılaraq iddia tələbi rədd edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-22/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. İddiaçının hüquqi varisi X1 əvvəlki məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında izahat verərək bildirmişdir ki, onun mərhum əri xx.xx.2014-cü il tarixdən xx.xx.2013-cü il tarixə kimi veteranlar üçün nəzərdə tutulmuş müavinəti almışdır. Lakin müavinətin qalan hissəsini isə almamışdır. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçının hüquqi varisi X1 hazırki məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının hüquqi varisinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İPM-in 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, əsaslıdır, ona görə də apellyasiya şikayəti qismən uğurlu olacaqdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmazdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş, yazılı formada imtina cavabı aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.2-ci maddəsi). İşdən görünür ki, iddiaçı müharibə veteranı vəsiqəsini xx.xx.2014-cü ildə almış, xx.xx.2016-cı ildə cavabdehə ərizə ilə müraciət edərək ona müavinət təyin olunmasını xahiş etmişdir. Həmin ərizə müvafiq blankın doldurulması yolu ilə yazılmış, müavinətin hansı müddət üçün təyin edilməli olması göstərilməmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi, eləcə də müavinətin təyin edilməsinin başlanğıcı şəxsin onu almaq hüququnun yarandığı gündən nəzərdə tutulduğuna görə məhkəmə bu qənaətə gəldi ki, iddiaçının cavabdehə yazdığı həmin ərizə müavinətin xx.xx.2011-ci ildən başlayaraq ödənilməsi xahişini ehtiva edir. Ona görə də hazırkı iddia xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək hissədə mümkün sayılmalıdır. İddianın qalan hissəsi, yəni xx.xx.2014-cü ildən xx.xx.2018-ci ilədək olan müddət üçün müavinətin ödənilməsi tələbi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, həmin müddət üçün müavinət iddiaçıya ödənilmişdir və həmin müddətlə bağlı tərəflər arasında inzibati mübahisə yoxdur. Ona görə də məhkəmənin ayrıca qərardadı ilə iddianın qalan hissəsi mümkün sayılmamalıdır. İddianın mümkün sayılmış hissəsi aşağıdakı hallara görə qismən əsaslıdır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və sənədləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Məhkəmə sadalanan müddəaları nəzərə alaraq hesab edir ki, cavabdehin "iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması" ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə verilmişdir. "Sosial müavinətlər haqqında" Qanun isə xx.xx.2006-cı ildə qüvvəyə minmişdir. Belə olan halda, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. İddiaçının işdə olan ərizəsindən görünür ki, ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət xx.xx.2013-cü il tarixə kimi ona ödənildiyini bildirmiş və o xx.xx.2011-ci ildən xx.xx.2013-cü il tarixə kimi ödənilməmiş müavinətin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bu fakt iddiaçının hüquqi varisi X1 tərəfindən məhkəmə iclasında verilmiş izahatla da təsdiq edilir. Lakin birinci instansiya məhkəməsi işin həmin faktiki hallarını nəzərə almamış, cavabdeh orqanın üzərinə İddiaçı xx.xx.2011-ci ildən xx.xx.2014-cü ilədək müharibə veteranı üçün nəzərdə tutulan müavinətin ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul etməklə düzgün nəticəyə gəlməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2- 1(116)-22/2020 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialının üzərinə xx.xx.2011-cı il tarixdən xx.xx.2013-cu il tarixə kimi yaranmış və ödənilməmiş müharibə veteranı üçün nəzərdə tutulan müavinətin ödənilməsi öhdəliyi qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-22/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialının üzərinə xx.xx.2011-cı il tarixdən xx.xx.2013-cu il tarixə kimi yaranmış və ödənilməmiş müharibə veteranı üçün nəzərdə tutulan müavinətin ödənilməsi öhdəliyi qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar