Məhkəmə qərarları › İş №2-1(107)-130/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-130/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-130/2021 19.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qəbələ rayonu, Bayramkoxalı bələdiyyəsinə qarşı “1990-cı ildə istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, hazırda Bayramkoxalı bələdiyyəsinin mülkiyyətində olan 31 ha torpaq sahəsinə dair “xxxx” MMC ilə Bayramkoxalı bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması barədə bələdiyyə qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1576/2020 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Qəbələ rayonu, Bayramkoxalı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1990-cı ildə istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, hazırda Bayramkoxalı bələdiyyəsinin mülkiyyətində olan 31 ha torpaq sahəsinə dair “xxxx” MMC ilə Bayramkoxalı bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması barədə bələdiyyə qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Qutqaşen rayon XDS İK-nın 1990-cı il tarixli 10 nömrəli Qərarı ilə Bayramkoxalı kəndi ərazisində “Sərbəst” adı ilə kooperativ yaratmışdır. Daha sonra həmin kooperativ “xxxx” adlı MMC-yə çevrilmiş və hal-hazırda fəaliyyət qabiliyyətli hüquqi şəxsdir. Bayramkoxalı kəndində fəaliyyət göstərən “Əzizbəyov” adına sovxozun 15.05.1990-cı il tarixli 14 nömrəli Qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 31 ha torpaq sahəsi kooperativin istifadəsinə daimi olaraq ayrılmışdır. İddiaçı bələdiyyələr yarananadək qanuni şəkildə istifadə etdiyi torpaq sahəsinin ona icarəyə verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan qeyd olunan torpaq sahəsini icarəyə verilməsindən imtina etmişdir. Şəki İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1576/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Qəbələ rayonu, Bayramkoxalı bələdiyyəsinə qarşı “1990-cı ildə istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, hazırda Bayramkoxalı bələdiyyəsinin mülkiyyətində olan 31 ha torpaq sahəsinə dair “xxxx” MMC ilə Bayramkoxalı bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması barədə bələdiyyə qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması qərarar alınmışdır. Həmin qərardaddan İddiaçı apellyasiya şikayəti vermişdir Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadını qanunsuz və əsassız hesab edir. O, bildirmişdir ki, birinci instansiya məhkəməsinin qərardadında prosessual hüquq normalarına düzgün istinad edilməmiş, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, faktiki halları tam aydınlaşdırmamış və nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1576/2020 saylı, 29.10.2020-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini bildirmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1576/2020 saylı, 29.10.2020-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Məhkəmə kollagiyası iş materiallarına əlavə edilmiş sənədləri araşdırıb belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən inzibati iş üzrə düzgün nəticəyə gələrək iddia mümkün sayılmamışdır. Belə ki,İddiaçı hazırkı tələbi “hazırda Bayramkoxalı bələdiyyəsinin mülkiyyətində olan 31 ha torpaq sahəsinə dair “xxxx” MMC ilə Bayramkoxalı bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması”ndan ibarədir ki, tələb mülki xarakterlidir. Hazırkı iddia tələbi üzrə cavabdeh Qəbələ rayonu, Bayramkoxalı bələdiyyəsi inzbati orqan olsa da, tərəflər arasındakı mübahisə inzibati hüquq münasibətlərinə aid deyil. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquq münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Qərarın 5.2-ci bəndində qeyd edilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Qərarın 15.3-cü bəndinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Hazırkı işdə cavabdeh xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyindən, hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyətini həyata keçirmədiyindən, habelə xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi üçün onunla iddiaçı arasındakı icarə müqaviləsinin bağlanması ilə bağlı yaranacaq münasibətlərdən irəli gələn mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması istisna olunur. Məhkəmə kollegiyası iddia ərizəsini və iş materiallarını araşdıraraq müəyyən etdi ki, iddiaçı və cavabdeh arasında olan münasibətlər mülki xarakter daşıyır. Ona görə də məhkəmə kollegiyası tərəfindən iddiaçının diqqətinə çatdırılır ki, hazırkı tələblə bağlı aidiyyəti üzrə səlahiyyətli olan kommersiya məhkəməsinə müraciət edə bilər. Bundan başqa, məhkəmə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında İnzibati məhkəmələr tərəfindən baxılmalı olmadığından iddiaçı tərəfin dinlənilməsinə zərurət olmadığını və iddiaçının dinlənilməsinin təmin edilməsi iddianın mümkün sayılması ilə nəticələnməyini qeyd etmişdir. Bununla baglı bu mövqeyi ilə razılaşmayan kollegiya qeyd edir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə, hər bir halda iş üzrə tərəf iclasa dəvət olunmalı və ona aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndində qeyd edilir ki, İPM-nin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin qərarın 15.3-cü bəndində əsasən mülki və cinayət mühakimə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə(yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana ) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini mümkün saymamaqla prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apelyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı İddiaçı cavabdeh Qəbələ rayonu, Bayramkoxalı bələdiyyəsinə qarşı “1990-cı ildə istifadəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, hazırda Bayramkoxalı bələdiyyəsinin mülkiyyətində olan 31 ha torpaq sahəsinə dair “xxxx” MMC ilə Bayramkoxalı bələdiyyəsi arasında icarə müqaviləsinin bağlanması barədə bələdiyyə qərarının qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinin mümkün sayılmamasında haqlıdır. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2-1(116)-1576/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar