Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-130/2022 19.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-3950A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Sabir oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN-3950A KOD 90200002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli 19.12.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermiş, lakin Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-137/2019 nömrəli 26.02.2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-137/2019 nömrəli 05.02.2019-cu il tarixli qərardadı ilə Mingəçevir şəhər bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi məhkəməyə “yeni açılmış hallara dair” ərizə təqdim edərək Şəki İnzibati Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli 19.12.2018 nömrəli iş üzrə inzibati məhkəmə icraatının təzələnməsini və işin mahiyyəti üzrə araşdırılaraq yenidən icraata qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “yeni açılmış hallara dair” ərizəsini Mingəçevir şəhər Prokurorluğunda saxta “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin hazırlanması, vəzifə saxtakarlığı və "xxxx" ASC-nin Mingəçevir kanal İdarəsinin qurğularının yerləşdiyi, Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən və dövlətin müstəsna mülkiyyətində olan, 0.20 ha torpaq sahəsinə DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ünvanı qeyd edilməyən hüquqların dövlət reyestrindən çıxarış verilməsi nəticəsində həmin torpaq sahəsinin hasarlanmaqla qanunsuz tutulması, ərazi idarəsinin əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı etməsi və digər faktlarla bağlı Azərbaycan Respublikası CM-nin 188.1, 308.2, 313, 314.1 və 320-ci maddələri ilə ********* nömrəli cinayət işi başlandıqdan sonra Mingəçevir şəhər Prokurorluğu tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə sənədlərin texniki ekspertizası və sənədlərin rekvizitlərinin tədqiqi sualları qoyulması, ekspertiza rəyi ilə İddiaçı adına tərtib edilmiş “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müəyyən olunmuş sənədlər nümunəsinə uyğun olmamasının və həmin sənədlərin tərtibatında əks olunan yazıların və möhür əkslərinin öz aralarında eynilik təşkil etməməsinin müəyyən edilməsi ilə əsaslandırmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi X3 “yeni açılmış hallara dair” ərizəyə etirazını X2 adına olan “JN3950A” seriya nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin iddiaçının adına saxtalaşdırılması və digər faktlara görə ********* nömrəli cinayət işi materiallarından 25.09.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin ********* nömrəli cinayət işinin ayrıca icraata ayrılaraq, aidiyyəti üzrə Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsinə göndərilməsi, həmin iş üzrə istintaqın yekunlaşmaması və məhkəməyə verilməməsi ilə əsaslandırmış, bildirmişdir ki, cavabdeh iş üzrə hökm qəbul edildikdən sonra “yeni açılmış hallara dair” ərizə ilə müraciət edə bilərdi. Buna görə də ərizəni əsassız hesab etdiini bildirərək, məhkəmədən ərizənin təmin edilməməsi və ya baxılmasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İnzibati işə məzmunu aşağıda qeyd edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.04.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Həmin sənədin məzmununa istinad olunur. Müvafiq rəy məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.04.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci vərəqindəki möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü vərəqindəki möhür əksi elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmişdir. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli və X5 adına JN-2819A №-li Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin“ 2-ci vərəqində olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Minigəçevir şəhər şöbəsi” məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edir. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməsini 1-ci vərəqindəki “3352” əlyazma rəqəmlərindən birinci “3” rəqəminin yerində məzmuna aid olmayan əlavə cizgilər müşahidə olunur. Tədqiqata təqdim edilmiş, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 2-ci vərəqindəki “Dövlət Yerquruluşu Layihə İnstitutu F.Cəfərov” yazılarının üzərində olan möhür əksinin yayılmış şəkildə əks olunması möhürün vurulması zamanı klişenin sürüşməsi nəticəsində əmələ gəlməsi ehtimal olunur. Şəki İnzibаti Məhkəməsinin (hakim Vüqar Musayev) 15 noyabr 2021-ci il tarixli, 2- 1(84)-1560/2018 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)- 1560/2018 nömrəli 19.12.2018 nömrəli inzibati işi üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin “yeni açılmış hallara dair” ərizəsi təmin edilmiş, iİddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “JN-3950A KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən 0,06 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə məhkəmə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı nümayəndəsi və vəkili Vəkil аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli qərardadının ləğv edilməsini və yeni açılmış hallara dair ərizəni icraata qəbul edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2- 1(84)-1560/2018 nömrəli qərardadının ləğv edilməsi xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən təqdim edilmiş “yeni açılmış hallara dair” ərizə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı üzrə verilmişdir. Müvafiq ərizənin verilməsinə əsas, sonradan yeni sübutların və ya halların aşkar edilməsi (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.04.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyi) ilə bağlı olmuşdur. İstinad olunan ekspert rəyi Mingəçevir şəhər Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 188.1, 308.2, 313, 314.1 və 320-ci maddələri ilə ********* nömrəli cinayət işinin istintaqı zamanı ortaya çıxan halların araşdırılması nəticəsində əldə edildiyindən qeyd edilən hallar cavabdeh tərəfindən ilkin icraat zamanı məhkəməyə təqdim oluna bilməzdi. Odur ki, ərizəçinin yeni sübutların və ya halların ilkin icraat zamanı hüquqi mübahisənin gedişində təqdim etməməsi ilə bağlı təqsiri müəyyən edilmir. Cavabdeh “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəni Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.04.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyinin tərtib edilməsindən 3 ay müddətində vermişdir ki, bu da istinad olunan halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilməli olması ilə bağlı İPMnin 103.1-ci maddəsində qeyd olunan tələblərə əməl edildiyini göstərir. İlkin qərar üzrə ərizəçi cavabdeh qismində icraatda iştirak etmiş və qəbul edilmiş qərar ərizəçi üçün əlverişsiz olmuşdur. Buna görə də ərizəçinin hüquqi mübahisənin təzələnməsi üçün hüquqi müdafiə marağı mövcuddur. Birinci instansiya məhkəməsi “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizəni və iş materiallarını araşdıraraq düzgün hesab etmişdir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21(84)-1560/2018 nömrəli 19.12.2018 il tarixli qərarı ilə iddia tələbi təmin edilərkən İddiaçı adına olan JN-3950A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iş üzrə mötəbər dəlil olaraq qəbul edilmiş və onun əsaslılığına dair heç bir şübhə olmamışdır. Odur ki, həmin sənədə istinad olunmaqla iddiaçının 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdeh orqanın üzərinə qoyulmuşdur. Hazırda isə iş üzrə təqdim edilmiş ekspert rəyi ilə müəyyən olunur ki, ilkin qərarın əsasını təşkil edən, mühüm sənəd olmuş iddiaçının adına tərtib edilmiş JN-3950A №-li “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin özünün mötəbərliyi sual altındadır. Belə ki, İddiaçı Sabit oğlunun adına olan JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin 3-cü vərəqindəki möhür əksi elektrofotoqrafik çoxaldıcı qurğuda çap edildiyindən, həmin şəhadətnamənin saxta olması ehtimalı yaranır. Birinci instansiya məhkəməsi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.04.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyini başa çatmış məhkəmə icraatından sonra meydana çıxan, lakin bitmiş mübahisənin predmetinə aid olan faktiki halları müəyyən edən sübut kimi qiymətləndirərək hesab etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1560/2018 nömrəli 19.12.2018 nömrəli inzibati iş üzrə icraat təzələnməli, iddiaçının adına tərtib edilmiş JN-3950A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə iş üzrə digər sübutlarla, o cümlədən hazırki işə əlavə edilmiş ekspert rəyi ilə birlikdə araşdırılaraq iddia tələbinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin hazırki ərizəyə etirazında qeyd etdiyi ərizəyə baxılmasının dayandırılması ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, İPM-nin 7.2-ci maddəsində inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalı olması öz əksini tapmışdır. Hazırki iş üzrə isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.04.2021-ci il tarixli, 5/310 nömrəli ekspert rəyi əsasında ilkin icraatda təqdim edilmiş şəhadətnamənin 3-cü vərəqindəki möhür əksinin saxta üsulla hazırlanması müəyyən edildiyindən, mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayət təqibinin aparılmasının hazırki ərizəyə, o cümlədən mübahisəyə mahiyyəti üzrə baxılmasına heç bir həlledici təsiri yoxdur. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin “iş üzrə istintaqın yekunlaşmadan, məhkəməyə verilmədən və qanuni qüvvəyə minmiş hökm qəbul edilmədən cavabdehin “yeni açılmış hallara dair” ərizə ilə müraciət edə bilmək hüququnun olmaması ilə bağlı mövqeyini düzgün hesab etmir və izah edir ki, İPM-nin 103.1-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilməsi təsbit edilmişdir. Odur ki, cavabdeh inzibati orqan yuxarıda məzmunu qeyd edilmiş ekspert rəyi əsasında yeni halları aşkar etdikdən sonra haqlı olaraq 3 ay müddətində məhkəməyə müraciət etmiş və iş üzrə istintaqın yekunlaşmasını gözləməmişdir. Əks yanaşma İPM-nin 103.1-ci maddəsinin tələblərinin pozulmasına səbəb ola bilərdi. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi icraatı təzələməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(84)-1560/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-130/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-130/2022
19.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver