Məhkəmə qərarları › İş №2-1(107)-130/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-130/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-130/2023 11.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1nə qarşı “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarından Cavabdeh1 Zərdab rayon bölməsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh1 Zərdab rayon bölməsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərardadı ilə X3 və X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir.

3. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: O, 2014-cü ilin yanvar çağırışında Zərdab rayon Çağırış Komissiyasının Hərbi-Həkim Komissiyasında tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı bilinmiş, müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə əsgər kimi xidmət edərkən xəstələnməyi ilə əlaqədar olaraq əvvəlcə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, sonra N saylı hərbi hospitalda müayinə və müalicə almışdır. Ona “hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi. 15, 16 və 24-cü dişlərin kariyesi. Xroniki qastroduedonit, remissiya mərhələsində. Veqetativ damar distoniyası. Solterəfli 2ci dərəcəli varikosele. Ümumi xəstəlikdir” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2009-cu il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 2 b maddəsinin 2-ci qrafasına uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı bilinərək xx.xx.2014-cü ildə N saylı hərbi hissənin hospital hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilərək ehtiyata tərxis olunmuşdur.

4. Xəstəliyi ilə bağlı məsələnin araşdırılması və ona hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsinə dair müxtəlif dövlət orqanlarına müraciət etmiş, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xəstəliyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta hadisəsi sayılmır. Həmçinin, araşdırma zamanı o hal da müəyyən edilmişdir ki, ağciyərində olan vərəm prosesi hərbi xidmətə daxil olmamışdan əvvəl yaranmış, xx.xx.2014-cü il tarixində 24 saylı döş qəfəsi orqanlarının flüroqramı onu şəhadətləndirən səlahiyyətli həkimlər tərəfindən diqqətli öyrənilməmiş, nəticədə o, 2014-cü ilin yanvar çağırışında faktiki olaraq hərbi xidmətə yararsız olduğu halda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12 və 15-ci maddələrinin tələblərinin pozulması ilə həqiqi hərbi xidmətə çağırılmışdır.

5. Cavabdehin qanunazidd əməlləri nəticəsində onun qanunla qorunan hüquq və mənafelərinə ciddi ziyan vurulmuşdur. O, iddiasında göstərilən üçüncü şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair müvafiq orqanlara müraciət etmiş, ərizəsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırıldıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı X1 02 iyun 2015-ci il tarixli Qərarı ilə üçüncü şəxslər barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, qeyd edilən qərarla Zərdab rayon Çağırış Komissiyasının üzvü -Hərbi Həkim Komissiyasının sədri X3, həkim-fıtiziatrı X5 intizam məsuliyyətlərinə cəlb olunmaları üçün müvafiq təqdimatların verilməsinə dair məsələ qaldırılması qərara alınmışdır.

6. Beləliklə, yuxarıda qeyd edilən qərarla həmin şəxslərin əməllərində cinayət tərkibinin olmadığı müəyyən edilsə də, onun əməlləri nəticəsində hüquqlarının pozulması, mənafeyinə zərər vurulması müəyyən edilmişdir. Belə ki, əgər onlar tərəfindən qanunun tələblərinə uyğun olaraq düzgün şəhadətləndirilmiş olsa idi və həqiqi hərbi xidmətə yararsız olduğu təsdiq edilsəydi, o, hərbi hissədə deyil, öz evində ailəsi ilə yaşamağa, işləyərək hər ay əmək haqqı almağa, ailəsinin və özünün maddi ehtiyaclarını ödəməyə davam edəcəkdi. O, hərbi xidmətə çağırılanadək hazırkı xəstəliyinin olmasından ümumiyyətlə xəbəri olmamışdır. Hərbi xidmətə getməsi və şəraitin belə kəskin şəkildə dəyişməsi onun xəstəliyinə təkan vermiş, vəziyyəti acınacaqlı hala gəlib çıxmışdır. O, müvafjq ərizə ilə cavabdehə müraciət edərək özünə dəymiş zərərin ödənilməsini xahiş etmiş, cavabdeh orqan ona hərbi xidmətə yollanarkən xidmətə yararlı olduğunu bildirmiş və zərərin əvəzinin ödənilməsindən imtina edilmişdir. Hazırkı məsələ ilə məsuliyyəti heç bir dövlət qurumu və ya həkim komissiyasının üzvləri üzərinə götürməsə də, inkar edilə bilməyən fakt odur ki, o, 9 ay ərzində hərbi xidmətdə olduqdan sonra xidmətə yararsız kimi hərbi biletində qeydiyyat aparılıb. O, özünə dəyən zərərin hərbi xidmətə çağırılması, hərbi xidmət keçməsi nəticəsində dəyməsini iddia etmir. O, özünün hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməyi, 9 ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməyi və 9 ay əziyyətindən sonra “xidmətə yararsız” kimi hərbi biletlə evə qayıtmağı ilə bağlı keçirdiyi emosional psixoloji sarsıntı nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

7. Göstərilənlər nəzərə alınaraq məhkəmədən iddianın təmin edilməsi xahiş edilmişdir.

8. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı tibbi şəhadətləndirmə zamanı xx.xx.2014-cü il tarixdə Zərdab rayon çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xx.xx.2014-cü il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi- həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar müayinədən keçirilirlər. Səhhətlərində hər hansı nasazlıq aşkar olunduqda həmin çağırışçı dərhal çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə geri qaytarılır. İddiaçı 2014-cü ilin yanvar ayında Xidmətin Zərdab rayon bölməsi tərəfindən hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, ancaq buna baxmayaraq çağırışçının təkrar müayinə olunduqdan sonra yararlı olması ilə bağlı qərarın qəbul edilməsi, həmçinin, İddiaçı və yaxınlarının Zərdab rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul etdiyi qərara etiraz bildirməməsi, hərbi hissənin hərbi həkim komissiyasına səhhəti ilə bağlı şikayət etməməsi onun 2014-cü ilin yanvar ayında hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir. Odur ki, iddianın rədd edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

9. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1481/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 Zərdab rayon bölməsinin üzərinə 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

10. Cavabdeh1 Zərdab rayon bölməsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

11. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 Əsasnaməsinin 1.6-cı bəndinə əsasən, xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirildiyindən Cavabdeh1 Zərdab rayon bölməsi əsl Cavabdeh1 ilə əvəz edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi xx.xx.2022-ci il tarixli 2-1(102)- 1635/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli qərardadı ilə Cavabdeh1 Zərdab rayon bölməsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli Cavabdeh1 Zərdab rayon bölməsinin əsl Cavabdeh1 ilə əvəz edilməsi barədə qərardadından Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 5 iyul 2023-cü il tarixli qərardadı ilə kassasiya şikayəti mümkün sayılmamışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

15. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazın dəlilləri ilə əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, İddiaçı sağlamlığına düzgün qiymət verilməməsi və 9 (doqquz) ay hərbi xidmət keçməsi Zərdab rayon bölməsinin deyil, həqiqi hərbi xidmət keçdiyi hərbi hissənin məsuliyyətsizliyidir və bu iş üzrə cavabdeh onun xidmət keçdiyi hərbi hissə olmalıdır. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Cavabdeh1 Zərdab rayon bölməsinin məsuliyyətinin yaranmamasını göstərir. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasını nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmalıdır. İddiaçı mənəvi ziyana görə 5000 (beş min) manat tələb etsə də, habelə Mülki Məcəllənin 21.2-ci maddəsində müəyyən olunan anlamda xərclərə, real zərər və əldən çıxmış faydaya dair məhkəməyə sübut təqdim olunmamış və məhkəmə 1000 (min manat) mənəvi ziyanı təmin edərkən bu hallara diqqət yetirməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə 3700 (üç min yeddi yüz) manat vurulmuş maddi ziyana görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış ziyana görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2- 1(116)-1481/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun şöbə prokuroru F.Qəhrəmanov tərəfindən 5/358-15 saylı araşdırma materialı üzrə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 02 iyun 2015-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış 5/358-15 №-li araşdırma materialı üzrə Zərdab rayon Çağırış komissiyasının sədri -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəisi polkovnik-leytenant X8, rayon Çağırış komissiyasının üzvü hərbi-həkim komissiyasının sədri X3 və həkim- ftiziatrı X5 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən, Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən onların barəsində cinayət işinin başlanması rədd edilməsi, hərbi-həkim komissiyasının sədri N.Xancanovun və həkim-ftiziatrı F.İsayevin intizam məsuliyyətinə cəlb olunmaları üçün müvafiq təqdimatın verilməsinə dair məsələ qaldırılması qərara alınmışdır. İstinad olunan qərarda qeyd edilmişdir ki, İddiaçı Zərdab rayon Çağırış komissiyasının hərbi həkim komissiyasında tibbi müayinə olunarkən həmin komissiyanın həkim-ftiziatrı Fəyyaz İsayev “Tibbi şəhadətləndirmə zamanı müayinələrin aparılma metodikası haqqında” Təlimatın 20-ci maddəsinin tələblərini pozmuş, X11 X2 rayonuna ezam edilmiş Flüoromobildə xx.xx.2014-cü ildə çəkilmiş İddiaçı flüroqramında onun ağ ciyərlərinin aşağı payında ocaqlı dəyişikliklərin olması göründüyü halda etinasızlıq edərək həmin şəkli düzgün oxumamış və beləliklə də, onda olan “hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB(-) mənfi” xəstəliyini aşkar etməmiş, onun hərbi xidmətə yararlı olmasına dair yanlış rəy vermişdir. - N saylı hərbi hissənin iddiaçı barəsində tərtib edilmiş çıxarış epikrizindən və xx.xx.2014-cü il tarixli 451 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, SHXÇDXnin Zərdab rayon şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2014-cü il tarixli 24 saylı flüoqramma N saylı hərbi hissənin rentgenoloqu tərəfindən öyrənilmiş ağciyərlərin aşağı payında ocaqlı dəyişikliklərin aşkar olunduğu qeyd edilmişdir. - SX0155311 nömrəli hərbi biletdən görünür ki, xidmətə yararlı sayılaraq xx.xx.2014-cü il tarixdə hərbi hissəyə göndərilmiş, xx.xx.2014-cü ildə HHK-nın xx.xx.2014-cü il tarixli 451 №-li XHŞ-si əsasında tərxis edilmişdir. HHK-sı tərəfindən xəstəliklər cədvəlinin İİ qrafasının 2 ”b” maddəsinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

22. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

23. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi və mənəvi ziyan arasında səbəli-əlaqənin olması aşkardır.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə qismən razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İş materiallarından görünür ki, iddiaçı 2014-cü ilin yanvar çağırışında Zərdab rayon Çağırış Komissiyasının Hərbi-həkim Komissiyasında tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı sayılıb müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. O, N saylı hərbi hissədə əsgər kimi xidmət edərkən əvvəlcə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında və sonra N saylı hərbi hospitalda müayinə və müalicə olunmuş, xx.xx.2014-cü ildə 451 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən "Hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində. KB (-) mənfi. 15, 16 və 24-cü dişlərin kariyesi. Xroniki qastroduedorit, remissiya mərhələsində. Veqetativ damar distoniyası. Soltərəfli İİ dərəcəli varikosele. Ümumi xəstəlikdir” diaqnozu ilə Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə’’nin “Xəstəliklər cədvəlinin 2 b maddəsinin İİ qrafasına əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı bilinərək ehtiyata tərxis olunmuşdur.

31. Müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, xidmətə yararsız olduğu halda yararlı hesab edilərək xidmətə göndərilmişdir. Belə ki, xx.xx.2014-cü il tarixli 24 saylı flüoqrammada ağciyərlərin aşağı payında ocaqlı dəyişikliklərin aşkar olunmasına baxmayaraq, cavabdeh orqan tərəfindən sözügedən flüoqramma tam öyrənilməmiş və iddiaçı barəsində hərbi xidmətə yararlılıqla bağlı müsbət rəy verilmişdir. İddiaçının hərbi xidmətə gedərkən faktiki olaraq hərbi xidmətə yararsız olması işdə olan 358-15 saylı araşdırma materialı üzrə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 02 iyun 2015-ci il tarixli qərarı ilə də sübut olunur. Belə ki, həmin qərarda həkim-ftiziatrı Fəyyaz İsayev “Tibbi şəhadətləndirmə zamanı müayinələrin aparılma metodikası haqqında” Təlimatın 20-ci maddəsinin tələblərini pozması, X11 X2 rayonuna ezam edilmiş Flüoromobildə xx.xx.2014-cü ildə çəkilmiş İddiaçı flüroqramında onun ağ ciyərlərinin aşağı payında ocaqlı dəyişikliklərin olması göründüyü halda etinasızlıq edərək həmin şəkli düzgün oxumaması və beləliklə də, iddiaçıda olan “hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB(-) mənfi” xəstəliyini aşkar etməməsi və iddiaçının hərbi xidmətə yararlı olmasına dair yanlış rəy verməsi qeyd edilmiş, hərbi-həkim komissiyasının sədri N.Xancanovun və həkim-ftiziatrı F.İsayevin intizam məsuliyyətinə cəlb olunmaları üçün müvafiq təqdimatın verilməsi qərara alınmışdır.

32. Göründüyü kimi cavabdeh orqanın qanunazidd əməlləri ilə iddiaçıya dəymiş maddi və mənəvi ziyan arasında səbəli-əlaqənin olması aşkardır.

33. İddiaçının cavabdeh orqana qarşı olan tələbi iki hissədən ibarətdir:

1. cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi zərərin ödənilməsi,

2. cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi.

34. İddia tələbinin birinci hissəsi ilə bağlı birinci instansiya məhkəməsi haqlı olara qeyd etmişdir ki, iddiaçının həqiqi hərbi xidmətdə olduğu dövr 2014-cü ilin yanvar ayından xx.xx.2014-cü ilədək, cəmi 9 aydır və maddi ziyan yalnız onun hərbi xidmətdə olduğu dövrü əhatə etməlidir.

35. Maddi ziyanla bağlı cavabdehdən tutulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi tarixdə, yəni 2022-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 9 ay x 300 manat = 2700 manat. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir.

36. İddiaçı mənəvi ziyanla bağlı tələbini cavabdehlərin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməsi və bunun nəticəsində 9 ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməsi və “xidmətə yararsız” hərbi biletlə evə qayıtması nəticəsində emosional psixoloji sarsıntı keçirməsi ilə əsaslandırmışdır.

37. Nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. İddiaçı tələbində 5000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz 5000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

38. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tələb edilən məbləğ ağlabatan məbləğ deyildir. Eyni zamanda iddiaçı şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibətdə əsaslandırmamışdır. Ona görə də məhkəmə şikayətin bu dəlilini qismən əsaslı hesab edərək bildirir ki, cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi ziyan tutulmalıdır.

39. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

40. Yuxarıda qeyd olunan işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 ( bir min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyinin Cavabdeh1 Zərdab rayon bölməsinin üzərinə qoyulması hissədə dəyişdirilərək, iddia qismən təmin edilməli, 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 ( bir min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyi Cavabdeh1 üzərinə qoyulmalıdır.

41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh1 Zərdab rayon bölməsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddia tələbi qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2-1(116)-1481/2022 nömrəli qərarı 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 ( bir min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyinin Cavabdeh1 Zərdab rayon bölməsinin üzərinə qoyulması hissədə dəyişdirilsin. Cavabdeh1 üzərinə 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 ( bir min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar