Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-130/2025 05.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə OFP-nin 2-ci dərəcə məhdudlaşdırma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli 2-1(116)-364/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “İİ dərəcə əlilliyin ləğv edilməsi baradə cavabdeh orqanın qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2426/2023 nömrəli qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
4. İddiaçı birinci instansiya məhkəməsinin iclasında növbəti dəfə tələbini dəqiqləşdirərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə OFP-nin 2-ci dərəcə məhdudlaşdırma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir.
6. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx.xx.1973-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, daimi yaşayış yeri Göyçay şəhəri olmuşdur. xx.xx.1991-ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, xx.xx.1996-cı il tarixdə N saylı hərbi hissədə xidmətini başa vuraraq təxris olunmuşdur.
7. Xidmətdə olduğu müddət İ Qarabağ müharibəsi dövrünə təsadüf etdiyindən, torpaqların ərazi bütövlüyünün qorunması məqsədi ilə döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə mina partlaması nəticəsində döş qəfəsini dəlib keçən qəlpə yarası, bundan başqa qarın boşluğunun ön divarından sağ budu dəlib keçən odlu silah yarası xəsarətləri almışdır. Səhhəti ilə əlaqədar dəfələrlə hərbi hospitalda və digər xəstəxanalarda müalicələr almışdır. Bu günə kimi də, həmin xəstəliklərdən əziyyət çəkir. Sonuncu dəfə hərbi həkim komissisiyası tərəfindən ona “ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli kəskinləşmə mərhələsi” diaqnozu qoyulmuş, tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, müvafiq qərarla ona İİ qrup əlillik təyin edilmiş və pensiyanın verilməsi üçün zəruri sənədlər DSMF-in Göyçay rayon şöbəsinə göndərilmişdir.
8. 2021-ci ildə cavabdeh inzibati orqan təkrar həkim müayinəsindən keçirilməyinə görə İİ qrup əlilik dərəcəsinin ləğv olunması barədə qərar qəbul etmişdir. Həmin il Göyçay Rayon Mərkəzi Xəstəxanasında müayinələrdən keçmiş, sonra ona eyni “ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli kəskinləşmə mərhələsi” diaqnozu qoyulmuş və bu barədə tibbi sənəd verilmişdir. Bundan sonra tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasının vasitəsi ilə əlilliyin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana göndəriş ünvanlamış, lakin ona əlilliyin təyin edilməsindən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən imtina etmiş, buna əsas kimi “diaqnoz əlillik əlaməti təyin etməməsi” göstərilmişdir.
9. Cavabdeh inzibati orqanın imtinasını qanuni və əsaslı hesab etmir.
10. Belə ki, Nazirlər Kabnetinin əlilliyin təyin olunması barədə meyarlarında onun xəstəlik diaqnozu - ağciyərin dəqiqləşdirilmiş kəskinləşmə ilə müşahidə olunan xroniki obstruktiv) XBT-10 (kod) J44.8 kimi qeyd edilmişdir. Əlilliyin qiymətləndirilmə zamanı inzibati orqan xəstəliyi ilə əlaqədar yaranmış diaqnozun həmin meyarların tələblərinə uyğun gəlməsini araşdırmamış, əlilliyin qiymətləndirilməsi zamanı qanunla üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmiş və nəticədə əsassız olaraq imtina verilmişdir. Lakin inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
11. 15 ildir ki, 5 ildə bir dəfə eyni diqanoz ilə tibbi komissiyadan keçməklə xəstəliyi ilə əlaqədar pensiya almışdır. Yəni, həmin illərdə əlilliyin təyin olunması barədə qüvvədə olan Nazirlər Kabinetinin qərarında əlillik meyarlarında xəstəlik diaqonuzu öz əksini tapmışdır. Ona görə də, 2021-ci ilə kimi pensiya təyinatı inzibati orqan tərəfindən dayandırılmamışdır. Hesab edir ki, hazırda əlillik dərəcəsinin ləğv olunması kobud qanun pozuntusudur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
12. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Göyçay rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin L00027471NB1 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir.
13. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2001-ci il tarixli 21 nömrəli Qərar verilmişdir. Həmin qərarda ‘‘Döş qəfəsinin və qarnın ön səthinin qəlpə yaralanmasından sonrakı dəri çapıqları, döş qəfəsi ön səthinin dərialtı təbəqəsində yad cisim (qəlpə), funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
14. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş ‘‘Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli kəskinləşmə mərhələsi" diaqnozu araşdırılmışdır.
15. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı havalar isinən zaman boğulmadan şikayətlənmişdir. Müayinə zamanı döş qəfəsin ön səthində çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası 99%, nəbzi 102 vurğu, tənəffüs sayı 18 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Vətəndaşın təqdim etdiyi hərbi biletdə yalnız bud yaralanması haqqında məlumat qeyd olunmuş, hərbi qərardakı məlumat arasında uyğunsuzluq aşkarlanmışdır. Müayinə gedişatında vətəndaş öskürək və təngnəfəslik əlamətlərini simulasiya etməyə çalışmışdır.
16. X4 Xəstəlikləri institutunun xx.xx.2022-ci il tarixli 8367 nömrəli Spirometriya müayinəsinin nəticəsi "FVC 2,64 53%, FEV1 2.5 53%. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli 206 nömrəli Spirometriya müayinəsinin nəticəsi "Tənəffüs hərəkətlərini düzgün yerinə yetirmədiyi üçün müayinə basa çatdırılmadı. Obyektiv olaraq tənəffüs vezikulyardır. Patoloji xırıltılar, obstruksiya müayinə zamanı qeyd olunmur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir.
17. Cavabdeh orqan əlavə olaraq bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni: Mina partlaması nəticəsində döş qəfəsinin sağ yarısının, qarnın və sağ budun qəlpə yaralanmasından sonrakı vəziyyət. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozuntusu. Xroniki tənəffüs çatmamazlığı İİ dərəcə. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli, kəskinləşmə dövrü. Diafraqmanın sağ kupolunun yad cismi, metal qəlpəsi. Atopik dermatit ilə Göndərişin natamam doldurulması - Səbəb: Vətəndaş Hərbi Komissiyada iştirak etməkdən imtina etdi qeyd edilməklə imtina cavabı verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
18. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
19. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 5 noyabr 2024-cü il tarixli 2- 1(116)-364/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
20. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
21. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin, ekspert rəyini mötəbər hesab etməyərək öz mülahizəsinə əsasən əsassız nəticəyə gəlmişdir. Hesab edirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubunun 33-39-cu maddələrində ekspert qarşısında hansı sualların qoyulması məsələsi ətraflı şəkildə qeyd edilmişdir. Belə ki, ekspertiza fəaliyyətinin əsaslarını müəyyən edən qanunvericiliyin, o cümlədən prosessual qanunvericiliyin normaları vəhdətdə nəzərdən keçirilməklə qeyd edilir ki, ekspert yalnız iddiaçının sağlamlıq vəziyyətinin (xəstəlik və ağırlaşmalarının) müəyyən edilməsi ilə bağlı tibbi xarakterli sualları cavablandırmaq vəzifəsini daşımaqla, şəxsin sağlamlıq vəziyyəti, xəstəliklərin diaqnostikası və əlaqəli məsələlərdə məhz hüquqi bilikləri istisna edən, bununla belə, tibbi bilikləri əhatə edən suallar əsasında aparılmış tədqiqatın nəticəsində müəyyənləşdirilir. Həmçinin, şəxsin əlilliyi onda mövcud olan xəstəliklərin, zədələrin və çatışmazlıqların, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərindən asılı olaraq təyin edildiyi üçün, fərqli subyektlərin fəaliyyət sahəsinə aid olan şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə əlilliyin qiymətləndirilməsi (təyin edilməsi) anlayışları (birinci halda tibbi ekspertlərin, ikinci halda inzibati orqanın və ya məhkəmənin) eyniləşdirilməməlidir. Əlilliyin qiymətləndirilməsi tələbi üzrə hüquqi dəyərləndirmə hüquq tətbiqedicinin əlahiddə və müstəsna səlahiyyəti olmaqla, ekspert qarşısına yalnız şəxsin sağlamlıq vəziyyətinin müəyyən edilməsinə dair (göndərişdə qoyulmuş diaqnozun təsdiqini tapıb-tapmadığı, diaqnozun xəstəliklərin beynəlxalq təsnifatına uyğunluğu və sairə) suallar qoyula bilər. Həmçinin bildirmək istəyirik ki, qeyd edilən sualın həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərar ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosia Ekspertiza və X1-Sosial Ekspert komissiyasının səlahiyyətinə aiddir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 5 noyabr 2024-cü il tarixli 2-1(116)-364/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli 2-1(116)- 364/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
24. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
25. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina qərarı, M/V № 031574 nömrəli vəsiqə, НЗ № ******* nömrəli Hərbi bilet, cavabdehin 3-17-4/3-3-4002/2023 nömrəli 20 iyun 2023-cü il tarixli Qərarı, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri:xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0006, xxxxxxx0007, xxxxxxx0008, xxxxxxx0009, xxxxxxx0010), Göyçay Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktubları, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli, 21 nömrəli qərarı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş T144/2024 nömrəli ekspert rəyi, “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 742/KEŞ nömrəli ekspert rəyi.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
27. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
29. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ...
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.
31. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
33. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli 2-1(116)-364/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
34. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
37. Bununla yanaşı, nəzərə alınmalıdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi).
38. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir.
39. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir.
40. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.
41. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
42. Belə ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
43. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
44. Səhiyyə müəssisəsi tərəfindən (Göyçay RMX PHŞ) tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz “J44.8-Ağciyərlərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli kəskinləşmə mərhələsi, J96.1-Xroniki respirator çatmamazlıq, Tənəffüs çatmamazlığı İİ dərəcə, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, Generalizə olunmuş bronxobstruksiya” olmuşdur.
45. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu və səbəbli əlaqəsini müəyyən etmək məqsədilə iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(116)-364/2024 nömrəli və xx.xx.2024-cü il tarixdə 2-1(116)-364/2024 nömrəli qərardadlarla canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3”-nin ekspertlərinə həvalə edilmişdir. Sonuncunun təqdim etdiyi ekspert rəylərində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən o, Göyçay Rayon Mərkəzi Xəstəxanasında 26.04-xx.xx.2023 cü il tarixlərdə müalicədə olarkən müəyyən edilmiş “J44.8- Ağciyərin digər dəqiqləş-dirilməmiş xroniki obstruktiv xəstəliyi orta ağır gedişi kəskinləşmə mərhələsi. J96.1- Tənəffüs çatmamazlığı İİ dərəcə, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. T94.0-Bədənin bir neçə dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. Mina partlaması nəticəsində döş qəfəsinin sağ yarısının qarnın və sağ budun qəlpə yaralanması. T17.8- Diafraqmanın sağ kupolunun yad cismi, metal qəlpə "R07.1- Tənəffüs zamanı döşdə ağrı. F31.1- Orta dərəcəli depressiv epizod. Nevrasteniya” diaqnozunda olan xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. Belə ki, həmin xəstəliklər ona kliniki, laborator instrumental müayinələr əsasında müəyyən edilmişdir.
46. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmənin icraatında olan oxşar inzibati işlər üzrə təcrübədən məlumdur ki, bir çox hallarda “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3” cavabdeh orqanın təsiri altında olmaqla qoyulmuş suallar üzrə konkret rəy vermir, yaxud verilmiş cavabları cavabdeh orqanın hüquqi mövqeyinə uyğunlaşdırmaqla mübahisə ilə bağlı konkret tibbi bilikləri ortaya qoymaqdan çəkinir. Bu həm də, müvafiq müəssisənin məhkəmə tərəfindən qoyulmamış suallara münasibətdə cavabdeh orqanla eyni tipli cavablar verməsində və bu cavabların bir qayda olmaqla iddiaçının ziyanına olmasında da, müşahidə olunur. Qeyd olunan hal “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3”-nin ekspertlərinin tibbi biliklərinin səthi olması, baxılan məsələyə laqeyd münasibəti, cavabdeh orqanın təsiri altına düşməsi və s. ilə izah oluna bilər.
47. Bununla belə müvafiq tibbi rəyin əldə edilməsi üçün alternativ ekspertiza müəssisəsi olmadığından və işin hallarının araşdırılması baxımından ekspertizanın təyin edilməsi zəruri olduğundan məhkəmə müvafiq tibbi ekspertizanı məhz həmin quruma həvalə etmişdir.
48. Odur ki, hazırkı işdə də, məhkəmə ekspertin cavabdeh orqanın mövqeyinə uyğunlaşdırmaqla tərəddüd içərisində verdiyi rəylərini işin digər halları ilə kompleks şəkildə yoxlayaraq qiymətləndirmə aparmışdır.
49. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş T144/2024 nömrəli rəyində ekspert, iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü yazılı rəyində ifadə etmək qabiliyyətinə malik olmasa da, dolayı yolla göstərmişdir ki, sadalanan xəstəliklərdən iddiaçının əziyyət çəkməsini inkar etmək olmaz. Belə ki, həmin xəstəliklər ona kliniki, laborator instrumental müayinələr əsasında müəyyən edilmişdir.
50. İddiaçı barəsində müvafiq tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsi xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçı “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli xroniki tənəffüs çatmamazlığı İİ dərəcə” diaqnozu ilə həkim pulmonoloqun qeydiyyatındadır. Ona qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 1.1.1-1.1.1.2-ci bəndinə uyğundur.
51. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz (3.1.2) olmaqla müəyyən edilmişdir.
52. Tənəffüs sistemi orqanlarının xəstəliklərinə aid istinad olunan 1.1.1.2-ci yarımbənddə “təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə” qiymətləndirməsinə uyğun olaraq orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % müəyyən edilmişdir.
53. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 21 №li xx.xx.2001-ci il tarixli qərarında iddiaçıya qoyulmuş “Döş qəfəsinin qarnın ön səthinin qəlpə yaralanmasından sonrakı dəri çapıqları, döş qəfəsi ön səthinin dərialtı təbəqəsindən yad cismi (qəlpə) funksiyasının pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.
54. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 742/KEŞ nömrəli ekspert rəyində xəstəliyin səbəb əlaqəsinə münasibətdə qeyd etmişdir ki, “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə”nin 7.1-ci bəndinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə bağlı səbəb əlaqəsinin təyini Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aiddir. Lakin qeyd etmək lazımdır ki, şəxsin əlillik dərəcəsi 2003-cü ildə İİ dərəcə kimi qiymətləndirilərkən xəstəliyin səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi İlə əlaqədar olduğu göstərilmişdir.”
55. İşdən göründüyü kimi ekspert ümumiyyətlə qoyulmuş sualın mahiyyətini dərk etməmişdir. Belə ki, verilən sual hərbi qulluqçunun aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsinə yox, hazırda müəyyən edilmiş diaqnozla Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 21 nömrəli qərarında göstərilən (Döş qəfəsinin və qarnın ön səthinin qəlpə yaralanmasından sonrakı dəri çapıqları, döş qəfəsi ön səthinin dərialtı təbəqəsində yad cisim (qəlpə) funksiyanın pozulmaması) diaqnoz arasında səbəbli-əlaqənin mövcud olub-olmamasının aydınlaşdırılmasına yönəlmişdir.
56. Bununla belə birinci instansiya məhkəməsi verilən cavabın dəqiqləşdirilməsi üçün əlavə ekspertizanın aparılmasına lüzum görməmişdir. Belə ki, verilən rəy və işin yuxarıda qeyd edilən halları sözügedən qurumun aşkar səriştəsizliyini və verilən sualları mahiyyəti üzrə cavablandırmaq iqtidarında olmamasını əks etdirir. Nəzərə alınmalıdır ki, qoyulan diaqnozun tibbi nöqteyi nəzərdən səbəbli-əlaqəsinin qiymətləndirməsi aparılmalı olduğu halda, ekspert qeyd etmişdir ki, “iddiaçıya 2003-cü ildə İİ dərəcə kimi əlillik dərəcəsi qiymətləndirilərkən xəstəliyin səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur”. Göstərilən hal işdə olan sənədlərdən də aşkar görünməklə məhkəməyə bəllidir və bunun üçün ekspertiza tədqiqatının aparılmasına ümumiyətlə lüzum yoxdur.
57. Məhkəmə kollegiyası iddiçıya ilk dəfə əlillik təyin edilən zaman (xx.xx.2003) müəyyən edilmiş diaqnozla (mina partlaması nəticəsində döş qəfəsinin və qarının ön səthinin qəlpə yaralanması), növbəti illərdə (xx.xx.2014-xx.xx.2015, xx.xx.2015xx.xx.2016, xx.xx.2016-xx.xx.2021) əlilliyin təyin edilməsinə əsas olmuş diaqnozları müqayisəli şəkildə tədqiq edərək o qənaətə gəlir ki, faktiki olaraq iddiaçıda hazırda müəyyən edilən xəstəliyin ilkin yaranma səbəbi mina partlaması nəticəsində döş qəfəsinin qəlpə yaralanması ilə bağlı olmuş və qeyd olunan diaqnoz Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 21 nömrəli qərarında qeyd edilmişdir. İcraat materiallarından görünür ki, iddiaçıya əvvəllər sözügedən diaqnoz əsasında təyin edilmiş əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” göstərilmişdir.
58. Həmçinin nəzərə alınmalıdır ki, döş qəfəsinin qəlpə yaralanmaları nəticəsində yaranan çapıqlar və döş qəfəsinin dərialtı təbəqəsində olan yad cisimlər (qəlpə) ağciyərlərin mexaniki ventilyasiyasına təsir edə bilər. Xroniki tənəffüs çatışmazlığı və bronxobstruksiyanın döş qəfəsindəki travmaların nəticəsi olaraq inkişaf etməsi mümkündür və travmalar nəticəsində ağciyərlərdə ventilyasiya pozğunluğu və ya emfizema inkişaf edə biləcəyindən, döş qəfəsinə nüfuz etmiş qəlpə yaralanmasının tənəffüs sisteminə təsir göstərməmə ehtimalı olduqca azdır. Əvvəlki əlillik təyinatında da, döş qəfəsindəki və qarındakı qəlpə yaralanmalarının əsas götürülməsi alınmış xəsarətlərin kifayət qədər ciddi nəticələrə səbəb olduğunu birbaşa sübut edir.
59. Buna görə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, kəskinləşmə mərhələsində olan ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağciyərlərə təsir edən fiziki travmanın gecikmiş nəticəsi kimi qiymətləndirilməlidir. Mərkəzi Hərbi Həkim Komissiyasının istinad olunan qərarında “funksiyanın pozulmaması” qeyd edilsə də, sözügedən qərarın qəbulundan 23 il keçməsi nəzərə alınmaqla funksional pozuntuların zamanla inkişaf etməsi və xroniki forma alması tamamilə mümkündür (gecikmiş nəticə olaraq).
60. Cavabdeh orqan iddiaçıda olan xroniki tənəffüs çatışmazlığının döş qəfəsindəki travma nəticəsində baş verməməsinə, o cümlədən hərbi əməliyyatlaradək iddiaçıda tənəffüs problemlərinin olmasına dair hər hansı sübut təqdim etməmişdir.
61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, döş qəfəsi yaralanmasının indiki respirator xəstəliyin yaranmasına potensial təsiri nəzərə alınaraq iddiaçıya səhiyyə müəssisəsi tərəfindən qoyulmuş diaqnoz faktiki olaraq tənəffüs sistemi orqanlarının xəstəliklərinə aid olduğundan sözügedən diaqnozla Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 21 nömrəli qərarında qeyd edilmiş diaqnoz arasında səbəbli-əlaqə mövcuddur. Odur ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır..
62. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
63. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 5 noyabr 2024-cü il tarixli 2-1(116)-364/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.