Məhkəmə qərarları › İş №2-1(107)-131/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-131/2021

19.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-131/2021 19.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 nömrəli qərarı ilə satılmış 0,10 ha torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-509/2020 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 nömrəli qərarına əsasən, İddiaçı xx.xx.2006-cı ildə bələdiyyəyə daxil olmuş ərizəsinin, həyətyanı sahə üçün ayrılmış 0,10 ha torpaq sahəsinin planının nəzərə alınması, şəhərin X6 ərazisindən 0,10 ha torpaq sahəsinin dəyəri ödənilməklə fərdi ev tikintisi üçün İddiaçı satılması qərara alınmışdır. İddiaçı tərəfindən Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin hesabına xx.xx.2006-cı ildə həyətyanı torpağın satış pulu kimi 140 manat pul ödənilmişdir. Azərbaycan Respublikası DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən "Zərdab rayonu Bəyimli qəsəbə sakini İddiaçı verilən həyətyanı torpaq sahəsinin sxeması" tərtib edilmiş, həmin şöbənin müdiri və Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Bundan başqa, Zərdab RİH-in memarlıq və tikinti şöbəsi tərəfindən "İddiaçı ayrılmış həyətyanı torpaq sahəsinin planı" tərtib edilmiş, həmin şöbənin müdiri və Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli 826-İİİQ nömrəli Qanununun İ hissəsinə görə, bələdiyyələrin birləşməsi yolu ilə Qoşaoba, Təzəkənd və Zərdab Bələdiyyələrinin əhatə etdiyi Zərdab şəhərində və Qoşaoba, Təzəkənd kəndlərində Zərdab Bələdiyyəsi yaradılmışdır. Bundan əlavə, 2017-ci ildə "Zərdab Rayon Zərdab Bələdiyyəsinin xəritəsindən çıxarış" tərtib edilərək bələdiyyənin xx.xx.2006-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 1000 kv.m torpaq sahəsinin yeri göstərilmiş, həmin sənəd Zərdab Bələdiyyəsinin sədri və Zərdab RİH-in memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Zərdab şəhəri X6 H.Cavid küçəsi 13A ünvanında yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçı təqdim etdiyi ərizəyə alqı-satqı aktının əslini əlavə etmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı iddianı tələbini belə əsaslandırmışdır ki, Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 nömrəli qərarı ilə 0,10 ha torpaq sahəsi ona satılmış, lakin cavabdeh qanunsuz olaraq torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqdan imtina etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə göndərdiyi xx.xx.2020-ci il tarixli məktubunda imtina məktubunun dəlillərinə əsaslanmışdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2006-cı ildə bələdiyyəyə daxil olmuş ərizəsinin, həyətyanı sahə üçün ayrılmış 0,10 ha torpaq sahəsinin planının nəzərə alınması, şəhərin X6 ərazisindən 0,10 ha torpaq sahəsinin dəyəri ödənilməklə fərdi ev tikintisi üçün İddiaçı satılması qərara alınmışdır. İşdə olan, Azərbaycan Respublikası DTXK-nin Zərdab rayon şöbəsi tərəfindən tərtib edilmiş "Zərdab rayonu Bəyimli qəsəbə sakini İddiaçı verilən həyətyanı torpaq sahəsinin sxeması"ndan görünür ki, həmin sənəd göstərilən şöbənin müdiri və Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İşdə olan, Zərdab RİH-in memarlıq və tikinti şöbəsi tərəfindən tərtib edilmiş "İddiaçı ayrılmış həyətyanı torpaq sahəsinin planı"ndan görünür ki, həmin sənəd göstərilən şöbənin müdiri və Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İşdə olan, Zərdab Rayon Qoşaoba Bələdiyyəsi tərəfindən 2017-ci ildə tərtib edilmiş "Zərdab Rayon Zərdab Bələdiyyəsinin xəritəsindən çıxarış"dan görünür ki, həmin sənəddə İddiaçı Zərdab Rayon Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli qərarı ilə ayrılmış 1000 kv.m torpaq sahəsinin yeri göstərilmiş, sənəd Zərdab Bələdiyyəsinin sədri və Zərdab RİH-in memarlıq və tikinti şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. İşdə olan, xx.xx.2006-cı il tarixli 58 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı həyətyanı torpağın satış qiyməti pulu olan 140 manat məbləği Zərdab Rayon Qoşaoba Bələdiyyəsinə ödəmişdir. İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********55 nömrəli imtina məktubundan görünür ki, İddiaçı təqdim etdiyi ərizəyə alqısatqı aktının əslini əlavə etmədiyi üçün ərisinin icrası mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-509/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Zərdab Rayonu Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 12 nömrəli qərarı ilə İddiaçı satılmış 0,10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi apellyasiya şikayəti verərək xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-509/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-509/2020 saylı qərarı ilə iddia təmin edilmiş, Zərdab rayonu Qoşaoba Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 nömrəli qərarı ilə İddiaçı satılmış 0.10 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinin üzərinə qoyulmuşdur. Hesab edirik ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, iddia ərizəsində qeyd olunan halları təsdiq edəcək sübutlar olmadığından Şəki inzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-509/2020 saylı qərarı ləğv olunmalıdır. Şəki İnzibati Məhkəməsinin 03.11,2020-ci il tarixli, 2-1(116)-509/2020 saylı qərarı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin dinlənilmə hüququ pozulmaqla qəbul olunmuşdur. Mübahisəli torpaq sahəsinin mülkiyyətçisi üçüncü şəxs kimi cəlb olunmamış və işə onun iştirakı olmadan baxılmışdır. Yəni, Şəki İnzibati Məhkəməsinin 03.11 2020-ci il tarixli, 2-1(116)-509/2020 saylı qərarı torpaq sahəsinin mülkiyyətçisinin dinlənilmə hüququ pozulmaqla qəbul olunmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-509/2020 saylı qərarı ilə cavabdeh orqanın üzərinə iddiaçının mülkiyyət hüququnun (və ya digər hüquqlarının) dövlət qeydiyyatına alınması öhdəliyi deyil, çıxarış verilməsi öhdəliyi qoyulmaqla qeyri-müəyyən qərar qəbul olunmuşdur. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün vətəndaşın həmin əmlak üzərində hüququnun (və ya hüquqlarının) dövlət qeydiyyatına alınmış olması vacibdir. Yəni, iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadığı üçün ona çıxarış verilməsi mümkün deyildir. Araşdırma zamanı sözügedən torpaq sahəsinin satılmasına dair alqı-satqı aktının əslinin olmaması öz təsdiqini tapmasına baxmayaraq, Şəki İnzibati Məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Belə olan halda: Məhkəmə araşdırmaq vəzifəsini yerinə yetirməmişdir. Belə ki, sözügedən torpaq sahəsinin satılmasına dair alqı-satqı aktının bağlanmasını təsdiq edən hər hansı bir qeydin qeydiyyat kitablarında, arxiv məlumatlarında olub- olmaması barədə nə bələdiyyəyə, nə də başqa hər hansı bir orqana sorğu verməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən vətəndaşın ərizəsinin icrasından imtinasının əsaslı olması öz təsdiqini tapmışdır. Belə ki, vətəndaş hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədi qeydiyyat orqanına təqdim etməmişdir. Məhkəmə tərəfindən mötəbərliyi şübhə doğuran sənədə istinad olunmaqla, iddia tələbi təmin edilmişdir. Belə ki, məhkəməyə sübut kimi təqdim edilən ödəniş qəbzində torpaq sahəsi ayrılmasına dair bələdiyyə qərarının rekvizitləri (nömrə və tarixi) qeyd olunmayıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin məhkəmə tərəfindən qəbul olunmuş 03.11 2020-ci il tarixli, 2-1(116)-509/2020 saylı qərar ləğv olunmalı, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul olunmalıdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli, 2-1(116)-509/2020 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək, iddia tələbinin təmin edilməməsini xahiş edirlər. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)- 509/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-509/2020 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Birinci instansiya məhkəməsi aşağıdakı hallara görə iddianı əsaslı hesab etmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.3.1-ci maddəsində deyilir ki, xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına haqqı ödənilməklə verilir. Sadalanan normalardan görünür ki, bələdiyyə torpağı fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının xüsusi mülkiyyətinə verilərkən həmin torpaq sahəsinin haqqı bələdiyyəyə ödənilməlidir. İddiaçı torpağın dəyərini xx.xx.2006-cı ildə Zərdab Rayon Qoşaoba Bələdiyyəsinə ödədiyini bildirərək bunu təsdiq edən qəbzi məhkəməyə təqdim etmişdir. Cavabdeh qeydiyyat aparmaqdan imtinasını iddiaçı ilə Zərdab Rayon Qoşaoba Bələdiyyəsi arasında tərtib edilmiş xx.xx.2006-cı il tarixli "Torpaqların alqısatqısına dair akt"ın əslinin təqdim edilməməsi ilə əsaslandırmış və xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, həmin sənəd "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə deyilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların alqı-satqısı, girov qoyulması (ipotekası), nizamnamə (pay) fonduna verilməsi, habelə mülkiyyət, icarə hüquqlarının digər formalarda dəyişdirilməsi ilə bağlı münasibətlər bələdiyyələrlə müvafiq hüquqi və fiziki şəxslər arasında bağlanılan müqavilələrlə rəsmiləşdirilir. İddiaçı birinci instansiya məhkəməsinə xx.xx.2006-cı il tarixli "Torpaqların alqısatqısına dair akt"ın təsdiq olunmamış kserosurətini təqdim etdiyinə görə sənədin əslinin təqdim olunması məhkəmə tərəfindən ona təklif edilmiş, lakin iddiaçı məhkəməyə yazdığı ərizədə bildirmişdir ki, aktın əslini naməlum şəraitdə itirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, 0,10 ha torpaq sahəsinin İddiaçı satılması barədə Zərdab Rayon Qoşaoba Bələdiyyəsi tərəfindən qərarın qəbul edilməsi, satılan torpaq sahəsinin sxemlərinin həm Azərbaycan Respublikası DTXKnin Zərdab rayon şöbəsi, həm də Zərdab RİH-in memarlıq və tikinti şöbəsi tərəfindən təsdiq edilməsi, torpaq sahəsinin dəyərinin iddiaçı tərəfindən Bələdiyyəyə ödənilməsi təsdiq olunur və mübahisələndirilmir. Belə olan halda, "Torpaqların alqı-satqısına dair akt"ın əslinin mövcud olmaması tərəflər arasında artıq baş tutmuş əqdin nəticələrinin tanınmamasına əsas verə bilməz. İddiaçı ilə bələdiyyə arasında bağlanılmalı olan müqavilə mövcud olmasa da, alqı-satqı qanunvericiliyin tələblərinə uyğun aparılmış və artıq faktiki olaraq başa çatmışdır. Alqı-satqıya dair müqavilə və digər sənədlər bələdiyyənin özü tərəfindən imzalandığı və möhürləndiyi üçün onun üçüncü şəxs kimi işə cəlb edilməsi zərurət doğurmur. Belə olan halda, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-509/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar