Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-131/2025 05.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və X7 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinə (üçüncü şəxslər X5, X9) qarşı "Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli və xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarlarının ləğv edilməsi" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2-1(116)-230/2020 nömrəli qərarından iş üzrə üçüncü şəxs X5 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə 5,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Göyçay Rayon XDS İK-in xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarına əsasən, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə RİK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə əvvəl ayrılmış 5 ha sahəyə əlavə olaraq əkinə yaramayan çınqıllı sahədən 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır.
3. Bundan sonra Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli iclas qərarı ilə bağçılığın inkişafı məqsədi ilə 0,45 ha torpaq sahəsinin X1 qərara alınmışdır.
4. Çayarxı bələdiyyəsi ilə X5 arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqısatqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2004-cü ildə Göyçay rayon torpaq şöbəsində 10 nömrəsi ilə qeydiyyata alınmışdır.
5. Bundan sonra Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 nömrəli iclas qərarı ilə 0,08 ha torpaq sahəsinin X2 qərara alınmışdır.
6. Çayarxı bələdiyyəsi ilə X9 arasında həmin torpaq sahəsi ilə bağlı "Torpaqların alqısatqısına dair akt" tərtib edilmiş, həmin akt xx.xx.2007-ci ildə Göyçay rayon torpaq şöbəsində 108 nömrəsi ilə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına həmin torpaq sahəsi ilə bağlı A seriyalı 396260 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmiş və X12 kitabında xx.xx.2012-ci ildə 1070 nömrəsi ilə uçota alınmışdır.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən X6 adına həmin torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir.
9. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,45 ha torpaq sahəsinə X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
10. Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,08 ha torpaq sahəsinə X6 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.
11. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Göyçay Rayon Qarabaqqal bələdiyyəsinə qarşı "Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli və xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarlarının ləğv edilməsi" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
12. O, tələbini belə əsaslandırmışdır ki, mübahisələndirilən qərarlarla üçüncü şəxslərə satılmış torpaq sahələri uzun illərdir ki, "xxxx" ASC-nin Göyçay "Aqrartikinti" filialının qanuni istifadəsindədir.
13. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir.
14. Üçüncü şəxslər X5 və X9 iddiaya yazılı münasibət bildirməmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 20 oktyabr 2020-ci il tarixli 2-1(116)-230/2020 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, Göyçay rayon Çayarxı bələdiyyəsinin X4 0,45 ha torpaq sahəsinin satılması barədə xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarının Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli və xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarları ilə Göyçay rayonu 8 nömrəli kolxozlararası tikinti trestinə ayrılmış cəmi 6,33 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, Göyçay rayon Çayarxı bələdiyyəsinin X8 0,08 ha torpaq sahəsinin satılması barədə xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarının ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
16. Üçüncü şəxs X5 həmin qərardan apellyasiya şikayətləri vermişlər.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsinə subyektiv hüququ təsdiqləndiyi halda, apellyasiya məhkəməsi iddiaçı tərəfindən verilmiş iddiaya münasibətdə iddia müddətinə qiymət verməlidir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2- 1(116)-230/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
18. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2-1(116)-230/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, digər üçüncü şəxs X9 məhkəmə iclasına gəlməmişdir.
20. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
21. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Göyçay Rayon XDS İK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarından görünür ki, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə 5,0 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Göyçay Rayon XDS İK-in xx.xx.1981-ci il tarixli 06 nömrəli qərarından görünür ki, rayonda fəaliyyət göstərən 8 nömrəli kolxozlararası tikinti trestinin istehsal baza tikintisinə RİK-in xx.xx.1979-cu il tarixli 10 nömrəli qərarı ilə əvvəllər ayrılmış 5 ha sahəyə əlavə olaraq əkinə yaramayan çınqıllı sahədən 1,33 ha torpaq sahəsi ayrılmaqla cəmi 6,33 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli iclas qərarından görünür ki, bağçılığın inkişafı məqsədi ilə 0,45 ha torpaq sahəsinin X1 qərara alınmışdır. - Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 04 nömrəli iclas qərarından görünür ki, 0,08 ha torpaq sahəsinin X2 qərara alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,45 ha torpaq sahəsi X3 adına qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Göyçay rayonu Çayarxı kəndində yerləşən 0,08 ha torpaq sahəsi X6 adına qeydiyyata alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibatı aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır.
24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli, 5 saylı qərarında məsələyə aşağıdakı qaydada qiymət verilmişdir: - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır; - 2.2-ci bəndinə əsasən, işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Həmin Qərarın: 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir; 3.2-ci bəndinə görə, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir; 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir; 3.4-cü bəndinə görə, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər; 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir; 8.2-ci bəndinə görə bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir; 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2-1(116)-230/2020 nömrəli qərarı ləğv edilərək, iddia mümkün sayılmamalıdır.
28. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
29. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.
30. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı X4 münasibətdə, xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarı isə X8 münasibətdə əlverişli inzibati akt olsalar da, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə qanunsuz olmaqla iddiaçının hüquqlarına, eləcə də dövlət maraqlarına ziyan vururlar. Ona görə də iddia qismən təmin edilərək, Göyçay rayon Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli qərarı iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşən hissədə, xx.xx.2007-ci il tarixli 04 nömrəli qərar tam ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
31. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini nəzərə
32. Kollegiya qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
33. İnzibati orqanın mübahisələndirilən qərarı qəbul olunan dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur (Oxşar tələblə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-770/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe).
34. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir.
35. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”.
36. Hazırkı iş üzrə mübahisələndirilən torpaq sahəsinin üçüncü şəxslərə satılmasına dair qərarların iddiaçıya məlum olma tarixi konkret müəyyən olunmasa da, iddiaçının həmin qərarla ayrılmış torpaq sahəsinin üçüncü şəxslərin istifadəsində olması barədə məlumatsız olması aradan keçən kifayət qədər uzun müddət nəzərə alındığında ağlabatan görünmür (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1286/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe).
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək belə qənaətə gəlir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmadığından birinci instansiya məhkəməsi ilk öncə iddianın qanunla müəyyən olunmuş müddətdə verilib-verilməməsini müzakirə etməli idi.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
39. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 12-ci, 13-cü və 48-ci maddələrinə və “İnzibati icraat haqqında” Qanunun 72-ci maddəsinə əsasən, bu hala diqqət yetirmədən, inzibati iş üzrə mümkünlük məsələsi ilə bağlı kifayət qədər araşdırma aparmadan, iddia tələbinin mübahisələndirmə haqqında iddia növünə aid olmasını və iddianın qanunla müəyyən olunmuş müddətdə verilib-verilməməsini nəzərə almadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmışdır.
40. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən prosessual və maddi hüquq normaları pozulduğundan, apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2-1(116)-230/2020 nömrəli qərarı ləğv edilməli, iddiaçı “Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinə (üçüncü şəxslər X5, X9) qarşı "Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli və xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarlarının ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmamalıdır.
41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:
Üçüncü şəxs X5 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2-1(116)-230/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Göyçay rayon Qarabaqqal bələdiyyəsinə (üçüncü şəxslər X5, X9) qarşı "Göyçay rayonu Çayarxı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 01 nömrəli və xx.xx.2007-ci il tarixli 04 nömrəli qərarlarının ləğv edilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.