Məhkəmə qərarları › İş №2-1(107)-132/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-132/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-132/2025 03.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X13 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2- 1(116)-843/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əsasən İddiaçı N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixdə gedən döyüşlərdə hava hücumundan müdafiə üzrə N - ci hərbi hissənin 4-cü divizionu tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Onun döyüşlərdə iştirak etməsinə baxmayaraq indiyə qədər “Müharibə veteranı” adı alması təmin edilməmişdir. Müdafiə nazirinin müvininin xx.xx.2020-cü il tarixli 015 nömrəli əmri ilə döyüş əməliyyatlarına cəlb olunmuş xx.xx.2021-ci il 25 nömrəli əmrlə ehtiyyata buraxılmışdır. İddiaçı hazırkı tələblə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu göndərilmişdir.

3. Cavabdeh etirazında bildirmişdir ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə qeyd etmək zəruridir ki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq Müharibə veteranı adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci ıl N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

4. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayışa əsasən İddiaçı Mayıs oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gizir hərbi rütbəsində N nömrəli hərbi hissənin. 4-cü divizionun maddi-texniki təminat taqımının komandiri-rəisi vəzifəsində Gəncə və Mingəçevir şəhərlərində xidmət etmiş, həmin müddət ərzində hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı taqımının şəxsi heyətinin fəaliyyətini yüksək səviyyədə saxlanılmasında iştirak etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdındə veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın katibinin xx.xx.2023-cü il tarixli 2/2-9490 nömrəli məktubuna əsasən, xx.xx.2020-ci il tarixdən 10.11,2020-ci il tarixədək iştirak etdiyi ərazi (Xaldan, Mingəçevir və Gəncə şəhərləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etmişdir.

5. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məlumat verməmişlər.

6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər.

7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 22 oktyabr 2024-cü il tarixli 2- 1(116)-843/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2-1(116)-843/2024 nömrəli qərarını əsassız və ədalətsiz hesab edir. Birinci instansiya məhkəməsi tərəfindən sözügedən qərar çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanunvericiliyin iddiaçıların xeyrinə olan mühüm tələbləri nəzərə alınmamışdır. İddiaçı N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək gedən döyüşlərdə hava hücumundan müdafiə üzrə N nömrəli hərbi hissənin 4-cü divizionunun tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. O döyüşlərdə iştirak etməyinə baxmayaraq indiyə qədər “Müharibə veteranı” adını alması təmin edilməmişdir. Müdafiə nazirinin müavininin xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri ilə döyüş əməliyyatlarına cəlb olunmuş, xx.xx.2021ci il tarixli 25 nömrəli əmrlə ehtiyyata buraxılmışdır. Daha sonra isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qax Rayon Polis Şöbisdə işə başlamış, hazırkı tələblə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli imtina məktubu göndərilmişdir. Bütün bunlar N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 371 nömrəli əmrindən çıxarışın surəti, N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 373 nömrəli əmrindən çıxarışın surəti, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 182 nömrəli əmrindən çıxarışın surəti, N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 25 nömrəli əmrindən çıxarışın surəti, iddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surəti, SHXÇDX-nin Qax rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və qeydiyyat kartası, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli məktubu və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə tam şəkildə təsdiq edilmişdir. İddiaçı bildirir ki, onun xidmət etdiyi hərbi hissənin komandanlığı, hətta onunla birlikdə xidmət edən (hətta onun tabeçiliyində olan əsgərlər (MAXE) belə) hərbiçilərə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müvafiq olaraq müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hazırki mövqeyi ona münasibətdə ayır-seçkilikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Hazırki işin bütün faktiki halları ilə iddiaçının döyüş əməliyyatlarında iştirakı tam olaraq sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda göstərmişdir ki, siyahıda adları göstərilən şəxslər (o cümlədən İddiaçı) birbaşa döyüş əməliyyatlarında iştirak etməmiş, onlar hərbi hissənin diskolasiya olunduğu ərazidə ümumqoşun ehtiyatını təşkil etmişdirlər. İddiaçının xidmət ərazisi birinci kateqoriya şəxslərə aid olmadığından onun təminat növünün yoxlanılması ikinci kateqoriyaya münasibətdə araşdırılmışdır. İddiaçı barəsində tərtib edilmiş arayışməlumatdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin tərkibində N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixinədək Xaldan, Mingəçevir və Gəncə şəhərləri iştirak etdiyi ərazisində xidmət etmişdir. İddiaçı 4-cü divizionun maddi təminat taqım komandiri vəzifəsində xidmət etmişdir. Arayışın 9-cu bəndində görünür ki, iddiaçının birbaşa vəzifəsi əks-hücum zamanı şəxsi heyətin qida təminatı ilə təmin edilməsindən ibarət olmuşdur. Bu təminat növü isə Əsasnaməyə əsasən müharibə veteranı adı verilməsi nəzərdə tutulan kriteriaya daxil edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddia ərizəsinə əlavə etdiyi arxiv arayışından və hazırki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan iddiaçının Xaldan, Mingəçevir və Gəncə şəhərlərində xidmət etdiyi hərbi hissə ilə birlikdə hava hücumundan müdafiənin təşkil edilməsində iştirak etməsi tam şəkildə sübuta yetirilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adının verilməsi əsası göstərilmişdir.

11. Birinci instansiya məhkəməsi həmin normaya istinad etməsinə baxmayaraq həmin normanı düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə almadan ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2-1(116)-843/2024 nömrəli qərarının ləğv edilib, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi apellyasiya şikayətində dəlillərini ətraflı şəkildə qeyd etdiyini, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmadığını, əsassız olaraq qanunazidd qərar qəbul edilərək iddia tələbinin təmin edilmədiyini bildirmişdir. Bundan əlavə iddiaçı sədirlik edənin sualına cavab olaraq bildirdi ki, apellyasiya şikayətini müdafiə edir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə işə baxılan zaman işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmadığını, əsassız olaraq qanunazidd qərar qəbul edildiyini bildirmişdir. Bundan əlavə apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə sədirlik edənin sualına cavab olaraq bildirdi ki, apellyasiya şikayətini müdafiə edir.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir.

15. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

16. Aşağıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli etiraz məktubu və əlavə olunan sənədlər;

2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 371 nömrəli əmrindən çıxarışın surəti.

3. N nömrəli hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 373 nömrəli əmrindən çıxarışın surəti.

4. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 182 nömrəli əmrindən çıxarışın surəti.

5. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 25 nömrəli əmrindən çıxarışın surəti.

6. İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surəti;

7. SHXÇDX-nin Qax rayon şöbəsinin xx.xx.2024-cü il tarixli məktubu və qeydiyyat kartası;

8. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli məktubu;

9. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2024-cü il tarixli məktubu;

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respubilkasının Konstiyusiyası: Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Vİ. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.

19. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu qanunun 3-cü maddəsinin qeyd hissəsinə görə, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Belə olan halda, iddiaçıya veteran adının verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

21. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Əsasnamənin qeyd hissəsinin 2-ci bəndində qeyd edilmişdir ki, bu Əsasnamənin 1ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin halhazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. -1-ci hissəsinin 4-cü bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

22. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri “hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

23. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 24. İşin hallarının obyektiv araşdırılması. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki,İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin tərkibində N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixinədək Xaldan, Mingəçevir və Gəncə şəhərləri iştirak etdiyi ərazisində iddiaçı 4-cü divizionun maddi təminat taqım komandiri vəzifəsində xidmət edərək iddiaçının birbaşa vəzifəsi əkshücum zamanı şəxsi heyətin qida təminatı ilə təmin edilməsindən ibarət olmuşdur. Bu təminat növü isə Əsasnaməyə əsasən müharibə veteranı adı verilməsi nəzərdə tutulan kriteriaya daxil edilmədiyindən birinci instansiya məhkəməsi cavabdehin imtinasının əsaslı olduğunu hesab etmişdir.

30. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və məqsədi müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən ərazi meyarlarına uyğun gəlmədiyinə görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etmişdir.

31. Məhkəmə kollegiyası işə əlavə edilmiş materialları və verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti tam əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən baxılan mübahisəyə dair işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə tam ataşdırmamış, iş üzrə müəyyən olunmuş halların və həmin hallara dair sübutların qiymətləndirilməsində və bunun üzərindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Kollegiya birinci instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

32. Belə ki, iddiaçı barəsində tərtib edilmiş arayış-məlumatdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin tərkibində N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixinədək Xaldan, Mingəçevir və Gəncə şəhərləri iştirak etdiyi ərazisində xidmət etmişdir. İddiaçı 4-cü divizionun maddi təminat taqım komandiri vəzifəsində xidmət etmişdir. Arayışın 9-cu bəndində görünür ki, iddiaçının birbaşa vəzifəsi əks-hücum zamanı şəxsi heyətin qida təminatı ilə təmin edilməsindən ibarət olmuşdur.

33. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.2022-ci il tarixli 091 nömrəli əmrinə əsasən tərtib edilmiş düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısında İddiaçı da adı qeyd olunmuşdur.

34. Bundan əlavə, kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandiri tərəfindən verilmiş arayışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gizir hərbi rütbəsində N nömrəli hərbi hissənin 4-cü divizionun maddi-texniki təminat taqımının komandiri-rəisi vəzifəsində Gəncə və Mingəçevir şəhərlərində xidmət etmişdir.

35. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin xx.xx.2020-ci il tarixli, 182 nömrəli əmrinə əsasən İddiaçı 4cü divizonun maddi-texniki təminat taqımının komandiri rəisi kimi vəzifəsininin icrasına başlamış və xx.xx.2021-ci il tarixli, 25 nömrəli əmrlə şəxsi heyətin siyahısından, bütün növ təminatlarda çıxarılaraq hərbi xidmətini davam etdirmək üçün Daxili İşlər Nazirliyinin sərəncamına verilmişdir. Kollegiya onu da qeyd edir ki, göstərilən hallar “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsinə uyğun olmuşdur.

36. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il və 03.09. 2015-ci il tarixli tarixli sorğularına cavab olaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin dislokasiya yeri Mingəçevir şəhəri olmuşdur. İddiaçı Mayıs oğlunun iştirak etdiyi ərazilər (4-cü divizion) Yevlax rayonu Xaldan yaşayış məntəqəsi, Mingəçevir şəhəri və Gəncə şəhəri olmuşdur. Bundan əlavə hərbi hissənin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinədək döyüş əməliyyatlarına cəlb olunduğu bildirilmişdir. Bununla yanaşı X7, 1-ci divizionun 13-cu batareyasının maddi-texniki təminat tağımının tağım komandiri X14, 1-ci divizionun 12-ci batareasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu kiçik cavuş X3 1-ci divizionun 3-cu batareyasının maddi-texniki təminat tağımının təsərürrufat manqasının aşpazı, müddətdən artıq həqiqi hərbi qulluqçusu əsgər X12 4- cü divizionun enerji təminatı bölməsinin dizelçi-elektriki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X8, 4- cü divizionun enerji təminatı bölməsinin sürücü - elektriki vəzifələrində 44 günlük İkinci Qarabağ müharibəsi zamanı xidmət etmişdirlər.

37. Kollegiya tərəfindən yuxarıda qeyd olunan N nömrəli hərbi hissənin hərbi qulluqçuları X7, 1-ci divizionun 13-cu batareyasının maddi-texniki təminat tağımının tağım komandiri X14, 1-ci divizionun 12-ci batareasının komandiri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu kiçik cavuş X3 1-ci divizionun 3-cu batareyasının maddi-texniki təminat tağımının təsərürrufat manqasının aşpazı, müddətdən artıq həqiqi hərbi qulluqçusu əsgər X12 4- cü divizionun enerji təminatı bölməsinin dizelçi-elektriki, 4-cü divizionun enerji təminatı bölməsinin sürücü elektriki vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X5 44 günlük İkinci Qarabağ müharibəsindən sonra müharibə iştirakçısı kimi müharibə veteranı adının və vəsiqəsinin verilib-verilməməsi barədə məlumatın əldə edilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2025-ci il tarixli sorğu verilmişdir.

38. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli 3-25-14/2- 2961/2025 saylı cavab məktubu ilə bildirilmişdir ki,vətəndaş X4, X9, X2, X10 və X6 “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə dair müvafiq sənədlər Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilmiş və təqdim olunmuş sənədlərə əsasən yuxarıda adları çəkilən vətəndaşlara “Müharibə veteranı” adı verilmişdir. Vətəndaşlara “Müharibə veteranı vəsiqəsi” hazırlanaraq təqdim edilmişdir.

39. Azərbaycan Respubilkasının Konstitusiyasının 25-ci maddəsində və “İnzibati İcraat Haqqında” qanunun 12-ci maddəsində bərabərlik hüququ öz əksini tapmışdır.Bununla yanaşı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

40. Göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi məlumatlarından müəyyən olunmuşdur ki maddi təminat taqım komandiri vəzifəsində xidmət etmiş İddiaçı ilə eyni vəzifədə maddi-texniki təminat tağımında və eyni ərazilərdə 44 günlük İkinci Qarabağ müharibəsindən döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara müharibə veteranı adı və vəsiqəsi verilmişdir.Belə olan halda kollegiya hesab edir ki, iddiaçıya müharibə veteranı adının və vəsqiəsinin verilməməsi ona münasibətdə ədalət və bərabərlik prinsiplərinin birbaşa pozulmasına səbəb olacaqdır. Buna görə də, məhkəmə kollegiyası iddiaçıyla eyni vəzifədə maddi-texniki təminat tağımında, eyni ərazilərdə döyüş əməliyyatlarında iştirak etmiş şəxslərlə iddiaçı arasında fərq qoyularaq ona müharibə veteranı adının və vəsiqəsinin verilməməsini ədalətli hesab etmir.

41. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz və əsassız sayılmalı, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.

42. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

44. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, 2-1(116)-843/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar