Məhkəmə qərarları › İş №2-1(107)-133/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-133/2022

20.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-133/2022 20.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, X7 cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə qarşı "cavabdehin xx.xx.2021ci il tarixli 04 nömrəli iclas qərarının ləğvi və Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə zəbtlərində olan 0,11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2-1(116)-802/2021 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5, X12 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şorsu kənd icra nümayəndəliyinin 1996- 2000-ci illərə aid 644 nömrəli təsərrüfatbaşına kitabında təsərrüfat başçısı kimi qeyd olunmuş X9 təsərrüfatında arvadı İddiaçı1, X4, X7, İddiaçı2, İddiaçı3, İddiaçı5 adları yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin olması barədə qeydiyyat aparılmışdır.

2. Nümayəndəliyin 2001-2005-ci illərə aid 31 nömrəli təsərrüfatbaşına kitabında isə X13 və onun ailə üzvlərinin adları yazılmış, təsərrüfatın xüsusi mülkiyyətində 0,10 ha torpaq sahəsinin, 1985-ci ildə tikilmiş, 81,6 kv.m ümumi sahəsi olan evin də olması barədə qeydiyyat aparılmışdır.

3. "Şəki rayon Şorsu kəndi ərazisindən həyətyanı və pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısı"nın 138-ci sırasında mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi X13 və onun ailə üzvlərinin adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,10 ha, zəbt torpaq sahəsi kimi isə 0,06 ha torpaq sahəsi qeyd olunmuşdur.

4. Bundan sonra Şəki rayonu Şorsu kəndində islahat aparılan zaman X13 və onun ailə üzvlərinin mülkiyyətinə 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə X9, İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, X7 ümumi birgə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və onlara bu barədə RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Qeyd olunan daşınmaz əmlakla bağlı X9 adına xx.xx.2014-cü ildə texniki pasport da tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 0,16 ha, faktiki torpaq sahəsinin ölçüsü isə 0,27 ha qeyd olunmuşdur.

5. Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 10 nömrəli qərarına əsasən, 0,02 ha torpaq sahəsinin X2 qərara alınmışdır.

6. Daha sonra iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5, X12 cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə qarşı zəbtlərində olan 0,11 ha torpaq sahəsinin müvafiq hissəsinin X2 barədə Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 10 nömrəli qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər.

7. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-877/2017 nömrəli qərarı ilə həmin iddia təmin edilərək, Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir.

8. Bundan sonra Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)1857/2019 nömrəli qətnaməsi ilə Şəki Rayonu Şorsu Bələdiyyəsi ilə X16 arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş və Şorsu Bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli və X11 adına verilmiş RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" ləğv edilmişdir.

9. Cavabdeh X16 məhkəmənin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(107)-742/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)1857/2019 nömrəli qətnaməsi Şorsu Bələdiyyəsinin adına verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi hissəsində ləğv edilmişdir.

10. Bundan sonra iddiaçılar cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən, mülkiyyətlərində olan fərdi yaşayış evinin altında olan 0,11 ha zəbt torpaq sahəsinin Bələdiyyənin iclasında baxılaraq onlara satılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

11. Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli iclas protokolundan çıxarışa əsasən, fərdi yaşayış evinin tikintisi üçün hərracla satılması məqsədilə ayrılması nəzərdə tutulan 0,11 ha torpaq sahəsinin ayrılmasının qanunauyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciətin edilməsi, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmasına, torpaq sahəsinin planı və ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır.

12. Şorsu Bələdiyyəsi İddiaçı2 ərizəsinə cavab olaraq xx.xx.2021-ci il tarixli 19 nömrəli məktubla bildirmişdir ki, onların zəbtində olan bələdiyyəyə məxsus 0,11 ha torpaq sahəsi qonşular arasında mübahisə predmeti olduğundan həmin ərazinin birbaşa onlara satılması mümkün olmadığı üçün ərazinin hərrac vasitəsilə satılması barədə Bələdiyyənin xx.xx.2021-ci il tarixli 04 nömrəli iclasında qərar qəbul edilmişdir. Torpaq sahəsinin müvafiq sənədləri hazırlanaraq hərrac komissiyasına təqdim olunacaq və hərracın tarixi və keçiriləcəyi yer barədə onlara və həmin ərazini almaq istəyən digər şəxslərə məlumat veriləcəkdir. Hərracın qalibi olaraq şəhadətnamə alan şəxsə torpaq sahəsinin satılması qanunvericiliyə uyğun olaraq təmin ediləcəkdir.

13. Bundan sonra iddiaçılar hazırkı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. Onlar tələblərini belə əsaslandırmışlar ki, üçüncü şəxs X14 bələdiyyə tərəfindən satılan torpaq sahəsi məhkəmə qaydasında ləğv edildiyindən, həmin torpaq sahəsi islahat aparılan zamandan onların istifadəsində və zəbtində olduğundan bələdiyyə həmin torpaq sahəsini "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq onlara satmalıdır.

14. Cavabdeh iddiaya yazılı münasibət bildirməmişdir.

15. Üçüncü şəxs X16 xx.xx.2021-ci ildə birinci instansiya məhkəməsinə göndərdiyi iddiaya etiraz ərizəsində bildirmişdir ki, torpaqla bağlı müqavilələrdən irəli gələn (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan başqa, iddiaçıların iddia etdiyi torpaq sahəsinə hüquqları o halda yarana bilər ki, torpaq sahəsi qanuni əsaslarla onlara satılmış olsun. Mübahisə predmeti olan torpaq sahəsinin ona satılan hissədə ləğvi iddiaçıların həmin torpaq sahəsinə hüquqlarının yaranması anlamına gəlmir. Torpaq sahəsi bələdiyyəyə məxsusdur və bələdiyyə həmin torpaq sahəsini hərrac vasitəsi ilə sata bilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

16. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 17 avqust 2021-ci il tarixli 2- 1(116)-802/2021 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli qərarı 0,02 ha torpaq sahəsinə aid hissədə ləğv edilmiş, həmin 0,02 ha torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6, İddiaçı5, X1 barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

17. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5, X12 həmin qərardan apellyasiya şikayəti vermişdir.

18. Şəki Apellyasiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2-1(107)-420/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5 və X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021ci il tarixli 2-1(116)-802/2021 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

19. Şəki Apellyasiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2-1(107)-420/2021 nömrəli qərarından İddiaçı2 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2022-ci 2-1(102)-405/2022 nömrəli nömrəli qərarı ilə kasasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-420/2021 nömrəli 18 noyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır.

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli qərarı ilə mübahisə predmeti olan torpaq sahəsinə tərəflərin və mütəxəssislərin iştirakı ilə 27 may 2022-ci il tarixdə yerli baxış keçirilməsi təyin edilmişdir.

21. Məhkəmə kollegiyası tərəfindən tərəflərin və mütəxəssislərin iştirаkı ilə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Şəki rayonu Şorsu kəndində yerləşən torpaq sahəsi iddiaçıların həyətyanı torpaq sahəsinə bərabər hissədə bitişik ərazidir və iddiaçıların istifadəsindədir. Torpaq sahəsinin ətrafı ağaclarla və dəmir torlarla çəpərlənmişdir. İddiaçıların həyətində olan tikililərdən birinin (altıaçıq) bir hissəsi həmin torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsində ağaclar əkilmiş, istifadə etdikləri traktora aid olan hissələr yerləşdirilmiş, tikintidə istifadə edilən daşlar tökülmüşdür.

22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin 13 iyun 2022-ci il tarixli məktubu ilə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş mütəxəssis rəyinə əsasən, Şəki rayonu Şorsu kəndində yerləşən iddiada qeyd edilən torpaq sahəsi naturada 1046 kv.m olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan ərazidir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2-1(116)-802/2021 nömrəli qərarı təmin edilməyən hissədə qanunsuz olduğundan və maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən ləğv edilməli və yeni qərar qəbul edilərək, həmin hissədə iddia tələbi təmin edilməlidir. Mübahisədən görünür ki, sözügedən torpaq sahəsi islahat aparılan vaxtdan ailə üzvlərinin istifadəsində olmuşdur. Hazırki iş üzrə üçüncü şəxs həmin torpaq sahəsinə qanunsuz olaraq daşınmaz əmlakın dövlət reyetrindən çıxarış əldə etmiş və həmin çıxarış məhkəmə qətnamələri əsasında ləğv edilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə 0,1 1 ha torpaq sahəsinin ailə üzvlərinin zəbtində olması öz təsdiqini tapmışdır. Lakin işə baxan məhkəmə heç bir əsas olmadan ailə üzvlərinə hərracdan kənar qaydada satılmalı olan 0,11 ha toıpaq sahəsinin yalnız 0,02 ha hissəsini hərracdan kənar qaydada satılması barədə qərar qəbul etmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbinin bir hissəsini təmin etməməkdə, 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsinin iddiaçıların zəbtində olmaması qənaətinə gələrək əsaslandırmışdır ki, bu da məhkəmənin kobud səhvə yol verməsi ilə nəticələnmişdir. İlk növbədə onu qeyd etmək istəmişlər ki, zəbtlərində olan 0,11 ha torpaq sahəsi onlara məxsus fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapmışdır. Buradan aydın görünür ki, işə baxan birinci instansiya məhkəməsi fərdi yaşayış evinin texniki pasportuna nəzər yetirmədən ədalətsiz qərar qəbul etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2-1(116)-802/2021 nömrəli qərarının təmin edilməyən hissədə ləğv edilməsini və yeni qərar qəbul edilərək, Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 saylı iclas qərarının tam ləğv edilməsini və 0,09 ha torpaq sahəsinin hərracdan kənar qaydada satılması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər.

TƏRƏFLƏRİN İZAHATLARİ

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2-1(116)-802/2021 nömrəli qərarının təmin edilməyən hissədə ləğv edilməsini və yeni qərar qəbul edilərək, Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 saylı iclas qərarının tam ləğv edilməsini və 0,09 ha torpaq sahəsinin hərracdan kənar qaydada satılması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X16 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2- 1(116)-802/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar X8, İddiaçı5, X12 məhkəmə kollegiyasının iclasına gəlməmiş, cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişdir.

27. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

28. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,16 ha torpaq sahəsinə X9, İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, X7 ümumi birgə mülkiyyət hüququ, həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə isə X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2014-cü il tarixli 74 inventar nömrəli Texniki pasportdan görünür ki, həmin sənəd X9 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş, həmin sənəddə torpaq sahəsi sənəd üzrə 0,16 ha, faktiki sahə 0,27 ha göstərilmiş, evin tikildiyi il kimi isə 1985-ci il qeyd olunmuşdur. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-877/2017 nömrəli qərarından görünür ki, Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir. - Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli protokolundan çıxarışından görünür ki, fərdi yaşayış evinin tikintisi üçün hərracla satılması məqsədilə ayrılması nəzərdə tutulan 0,11 ha torpaq sahəsinin ayrılmasının qanuna uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq rəyin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciətin edilməsi, həmin torpaq sahəsinin ayrılmasının qanunauyğunluğu barədə müsbət rəy verildikdə torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmasına, torpaq sahəsinin planı və ölçüsünün normativ qiyməti barədə məlumatın, həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair arayışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. - Üçüncü şəxs X11 xx.xx.2021-ci ildə məhkəməyə göndərdiyi iddiaya etiraz ərizəsindən görünür ki, torpaqla bağlı müqavilələrdən irəli gələn (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bundan başqa, iddiaçıların iddia etdiyi torpaq sahəsinə hüquqları o halda yarana bilər ki, torpaq sahəsi qanuni əsaslarla onlara satılmış olsun. Mübahisə predmeti olan torpaq sahəsinin ona satılan hissədə ləğvi iddiaçıların həmin torpaq sahəsinə hüquqlarının yaranması anlamına gəlmir. Torpaq sahəsi bələdiyyəyə məxsusdur və bələdiyyə həmin torpaq sahəsini hərrac vasitəsi ilə sata bilər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "Şəki rayon Şorsu kəndi ərazisindən həyətyanı və pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısı"nın 138-ci sırasında mülkiyyətinə torpaq payı veriləcək şəxslər kimi X13 və onun ailə üzvlərinin adları qeyd edilmiş və onların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,10 ha, zəbt torpaq sahəsi kimi isə 0,06 ha torpaq sahəsi qeyd olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin 13 iyun 2022-ci il tarixli məktubu ilə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş mütəxəssis rəyinə əsasən, Şəki rayonu Şorsu kəndində yerləşən iddiada qeyd edilən torpaq sahəsi naturada 1046 kv.m olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan ərazidir.

TƏTBİQ EDİLƏN HÜQUQ

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

30. Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Maddə 9.3. Bələdiyyənin ehtiyat fondunun özəlləşdirilən torpaqları barədə alqı-satqı əqdləri, yerli normativlər nəzərə alınmaqla aşkarlıq şəraitində bağlanılır. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 9.7. Bələdiyyələr satışa çıxarılan torpaq sahələri və bu torpaqların ölçüləri, təyinatı, qiyməti, olduğu yeri göstərilməklə elanlar vasitəsilə əhalini əvvəlcədən məlumatlandırır, ildə bir dəfə torpaqların dövriyyəsi və istifadə olunması barədə məlumatları seçicilərə çatdırırlar. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.

31. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunu: Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

32. İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, qismən əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

33. İddiaçılar tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

34. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

35. İddiaçılar tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

36. İşdən görünür ki, iddiaçıların iddia tələbi iki hissədən ibarətdir:

1. cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli iclas qərarının ləğvi,

2. zəbtlərində olan 0,11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.

37. Birinci tələb mübahisələndirmə, ikinci isə məcburetmə haqqında iddia növünə aiddir. Hər iki iddia tələbi üzrə mümkünlük şərtlərinə, o cümlədən iddia müddətlərinə riayət edilmişdir. Digər tərəfdən, həmin tələblər bir-biri ilə əlaqəli olduğuna, bir cavabdehə yönəldiyinə, eyni məhkəməyə aid olduğuna görə onların bir iddiada birləşdirilməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 37-ci maddəsinə uyğundur. Ona görə də birinci instansiya məhkəməsi iddianı mümkün hesab etmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

38. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

39. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, torpaq islahatı zamanı tərtib edilmiş "Şəki rayon Şorsu kəndi ərazisindən həyətyanı və pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısı"nda iddiaçıların qanuni istifadəsində olan torpaq sahəsi kimi 0,10 ha, zəbt torpaq sahəsi kimi isə 0,06 ha (cəmi 0,16 ha) qeyd olunmuşdur. Həmin 0,16 ha torpaq sahəsi onların mülkiyyətinə verilmiş və mülkiyyət hüququ xx.xx.2014-cü ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçıların hazırda iddia etdikləri 0,11 ha torpaq sahəsinin iddiaçıların zəbtində olması həmin subyektlər siyahısında göstərilməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən Respublika Dövlət Arxivinin Şəki flialına sorğu edilərək Şəki ŞİH başçısının Cumakənd icra nümayəndəliyinin 1996-2000-ci illər, Şorsu kənd icra nümayəndəliyinin 2001-2005-ci illər üzrə təsərrüfatbaşına kitablarının iddiaçılara aid hissələrindən çıxarışlar alınmışdır. Birinci kitabda ailənin istifadəsində olan torpaq sahəsi qrafasında 1998, 1999, 2000-ci illərdə 0,10 ha torpaq sahəsinin olması, ikinci kitabda isə 0,10 ha həyətyanı və 2,69 ha əkin torpağının olması göstərilmişdir. İddiada bəhs edilən 0,11 ha torpaq sahəsinin iddiaçıların istifadəsində olması həmin kitablarda göstərilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Şəki Şəhər İcra Hakimiyyəti başçısının Şorsu kənd İƏD üzrə nümayəndəliyinə sorğu edilərək alınmış xx.xx.2021-ci il tarixli 21 nömrəli arayışda göstərilmişdir ki, İddiaçı1 və X16 arasında olan torpaq mübahisəsi 2013-cü ildən başlayaraq hələ də öz həllini tapmamışdır. Şorsu Bələdiyyəsinə məxsus olan qeyd edilən 0,11 ha torpaq sahəsi adları göstərilən hər iki şəxsin həyətyanı torpaq sahələrinə bərabər hissədə bitişik ərazidir və həmin ərazini İddiaçı1 2000-ci ildə sonrakı illər ərzində hissə-hissə genişləndirərək istifadə etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli məktubu ilə iddiaçılara bildirilmişdir ki, iddiada bəhs olunan 0,11 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və həmin qərarla 0,02 ha torpaq sahəsinin "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək onların qeyriqanuni istifadəsində olması müəyyən edilmişdir. Göstərilən 0,11 ha torpaq sahəsinin qalan 0,09 ha hissəsi ilə bağlı isə məhkəməyə sübut təqdim edilməmişdir. İddiaçılara təklif edilmişdir ki, tələb etdikləri 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsinin onların qeyriqanuni istifadəsində məhz "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsinlər. İddiaçılar həmin məktuba cavab olaraq məhkəməyə yazdıqları xx.xx.2021-ci il tarixli ərizədə bildirmişlər ki, tələb etdikləri 0,11 ha torpaq sahəsinin 0,09 ha hissəsinin zəbtlərində və istifadələrində olması daşınmaz əmlakın dövlət reyestrindən verilmiş texniki pasportda öz əksini tapmışdır. DƏDRX-in 12 saylı Ərazi İdarəsi tərəfindən X9 adına tərtib edilmiş xx.xx.2014-cü il tarixli **********37-10301 nömrəli Texniki pasportda fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi sənəd üzrə 0,16 ha, faktiki isə 0,27 ha qeyd olunmuşdur. Həyətdə olan tikililərdən birinin (altıaçıq) bir hissəsi zəbt olunmuş torpaq sahəsində yerləşir.

40. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıların 0,11 ha torpaq sahəsini "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun qüvvəyə minməsinədək zəbt etdiklərini təsdiq edən heç bir sübut yoxdur. Göstərilən torpaq sahəsinin iddiaçıların faktiki istifadəsində olmasını təsdiq edən ilk sənəd yuxarıda göstərilən Texniki pasportdur, həmin sənədin tarixi isə xx.xx.2014-cü il olmaqla "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsindən sonraya aiddir. Məhkəmə qeyd edir ki, Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 10 nömrəli qərarı ilə bələdiyyəyə məxsus 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün X2 qərara alınmışdır. İddiaçı2, İddiaçı3, İddiaçı1, X8, İddiaçı5, X5 İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, həmin qərarın ləğv olunmasını xahiş etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-877/2017 nömrəli qərarı ilə iddia təmin edilərək, Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 10 nömrəli qərarı ləğv edilmişdir. Üçüncü şəxs X16 həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 21(107)- 373/2018 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-877/2017 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Həmin qərarlarla müəyyən edilmişdir ki, Bələdiyyənin qərarı ilə X3 0,02 ha torpaq sahəsi iddiaçıların zəbtində olmuşdur. Həmin 0,02 ha torpaq sahəsinin koordinatları DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən X11 adına verilmiş xx.xx.2016-cı il tarixli 086061 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü"ndə göstərilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddiada bəhs edilən 0,11 ha torpaq sahəsinin 0,02 ha hissəsi ilə bağlı mövcud olan qanuni qüvvəyə minmiş məhkəmə qərarı hazırkı iş üzrə proses iştirakçıları üçün məcburidir. Göstərilən məhkəmə qərarı ilə 0,02 ha torpaq sahəsinin iddiaçıların zəbtində olması müəyyən olunduğuna və 0,02 ha torpaq sahəsinin üçüncü şəxsə satılması barədə cavabdehin qərarı məhz iddiaçıların iddiası əsasında ləğv olunduğuna görə hazırkı iddianın həmin 0,02 ha torpaq sahəsi ilə bağlı hissəsinin yenidən araşdırılmasına zərurət yoxdur və iddianın həmin hissəsi əsaslıdır. Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli qərarı əlverişli inzibati akt olsa da, iddiaçıların zəbtində olan 0,02 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə qanunsuz olmaqla iddiaçıların hüquqlarına ziyan vurur. Ona görə də iddia qismən təmin edilərək, Şəki Rayonu Şorsu Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli qərarı 0,02 ha torpaq sahəsinə aid hissədə ləğv edilməli, həmin torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

41. Şəki Apellyasiya Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli 2-1(107)-420/2021 nömrəli qərarını ləğv edərək yeni apellyasiya baxışına qaytaran Azərbaycan Respublikası Ali Məhkəməsi 23 fevral 2022-ci 2-1(102)-405/2022 nömrəli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.4-cü maddəsini düzgün təfsir etməyərək sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən mübahisə predmeti olan 0,09 ha torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasını araşdırmamış, bunun nəticəsindən asılı olaraq qərar qəbul etməmişdir.

42. Kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 may 2022-ci il tarixli qərarı ilə mübahisə predmeti olan torpaq sahəsinə tərəflərin və mütəxəssislərin iştirakı ilə 27 may 2022-ci il tarixdə yerli baxış keçirilməsi təyin edilmişdir. Məhkəmə kollegiyası tərəfindən tərəflərin və mütəxəssislərin iştirаkı ilə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan Şəki rayonu Şorsu kəndində yerləşən torpaq sahəsi iddiaçıların həyətyanı torpaq sahəsinə bərabər hissədə bitişik ərazidir və iddiaçıların istifadəsindədir. Torpaq sahəsinin ətrafı ağaclarla və dəmir torlarla çəpərlənmişdir. İddiaçıların həyətində olan tikililərdən birinin (altıaçıq) bir hissəsi həmin torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsində ağaclar əkilmiş, istifadə etdikləri traktora aid olan hissələr yerləşdirilmiş, tikintidə istifadə edilən daşlar tökülmüşdür. Məhkəmə kollegiyası tərəfindən keçirilən yerli baxış nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin 13 iyun 2022-ci il tarixli məktubu ilə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş mütəxəssis rəyinə əsasən, Şəki rayonu Şorsu kəndində yerləşən iddiada qeyd edilən torpaq sahəsi naturada 1046 kv.m olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan ərazidir.

43. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini və kollegiya tərəfindən keçirilən yerli baxış nəticəsində və təqdim edilmiş mütəxəssis rəyini araşdıraraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir.

44. Belə ki, Bələdiyyə torpaqlarının satışının xüsusiyyətləri "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 16.4-cü maddəsinə görə mübahisə edilən torpaq sahəsi torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduğu və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Eyni zamanda artıq istifadə edilən torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun qüvvəyə minənədək, yaxud qüvvəyə minməsindən sonra baş verməsinə dair Qanunda (16.4-cü maddədə) şərt nəzərdə tutulmamışdır. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin nə vaxt tutulması deyil, həmin torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır.

45. Bununla bağlı məhkəmə kollegiyasına yerli baxış nəticəsində təqdim edilmiş mütəxəssis rəyindən də göründüyü kimi Şəki rayonu Şorsu kəndində yerləşən iddiada qeyd edilən torpaq sahəsi naturada 1046 kv.m olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi Yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, bələdiyyə mülkiyyətində olan ərazidir. Eyni zamanda yerli baxış nəticəsində müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıların həyətyanı torpaq sahəsinə bərabər hissədə bitişik ərazidir və iddiaçıların istifadəsindədir. Torpaq sahəsinin ətrafı ağaclarla və dəmir torlarla çəpərlənmişdir. İddiaçıların həyətində olan tikililərdən birinin (altıaçıq) bir hissəsi həmin torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsində ağaclar əkilmiş, istifadə etdikləri traktora aid olan hissələr yerləşdirilmiş, tikintidə istifadə edilən daşlar tökülmüşdür.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə 0,02 ha torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6, İddiaçı5, X1 barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə qoyulması qərarına gəlməklə, maddi və prosessual hüquq normalarını düzgün şərh və tətbiq etmədiyindən düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia qismən təmin edilərək, mütəxəssis rəyinə əsasən, 1046 kv.m həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6, İddiaçı5, X1 barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə qoyulmalı, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə verilmiş mütəxəssis rəyinin dəyəri kimi iddiaçılar tərəfindən ödənilmiş 95 (doxsan beş) manat iddiaçılara aid edilməlidir.

47. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5, X12 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 avqust 2021-ci il tarixli 2-1(116)-802/2021 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X4, İddiaçı5, X7 cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinə qarşı "cavabdehin xx.xx.2021ci il tarixli 04 nömrəli iclas qərarının ləğvi və Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə zəbtlərində olan 0,11 ha həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılara satılması barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddiası qismən təmin edilsin. 1046 kv.m həyətyanı torpaq sahəsinin hərracdan kənar qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X6, İddiaçı5, X1 barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Şəki Rayonu Şorsu Bələdiyyəsinin üzərinə qoyulsun. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş mütəxəssis rəyinin xərci kimi iddiaçılar tərəfindən ödənilmiş 95 (doxsan beş) manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X8, İddiaçı5, X10 aid edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar