Məhkəmə qərarları › İş №2-1(107)-133/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-133/2023

13.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-133/2023 13.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı və digər iddiaçı X5 nümayəndəsi İddiaçı1, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və X5 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş rayon XDS İK-nin xx.xx.1982-ci il tarixli 4 saylı qərarı və xx.xx.1982-ci il tarixli 8 saylı order əsasında iddiaçıların və mərhum X2 qanuni istifadəsinə verilmiş Ağdaş şəhəri ev 16-da yerləşən 32 nömrəli mənzilin iddiaçıların adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(116)-1323/2022 nömrəli qərarından iddiaçılar İddiaçı1, İddiaçı2, X12 tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağdaş rayon XDS İK-nin xx.xx.1982-ci il tarixli 4 saylı qərarı və xx.xx.1982-ci il tarixli 8 saylı order əsasında iddiaçıların və mərhum X2 qanuni istifadəsinə verilmiş Ağdaş şəhəri ev 16-da yerləşən 32 nömrəli mənzilin iddiaçıların adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, Ağdaş rayon X15 İcraiyyə Komitəsinin (Ağdaş rayon XDS İK) 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı ilə 1976-cı il tarixdən X16 İdarəsində mənzil növbəsində olan X6 ailə üzvləri ilə birlikdə (cəmi 5 nəfər) ünvan 4 12A nömrəli binada 4 otaqdan ibarət 32 nömrəli mənzil (hazırda Ağdaş şəhəri, bina 16, mənzil 32) verilmişdir. Qərardan sonra həmin İdarə tərəfindən X3 adına 01 mart 1982-ci il tarixli 8 nömrəli order verilmişdir. Order verildikdən sonra iddiaçılar həmin mənzilə köçərək daim həmin mənzildə qeydiyyatda olmaqla orada yaşamışlar. Ağdaş rayon XDS İK 1985-ci ildə X6 və ailə üzvlərinə qarşı "X3 və ailə üzvlərinin ünvan 4 12A nömrəli binanın 32 nömrəli mənzildən köçürülməsi və adına verilmiş 01 mart 1982-ci il tarixli 8 nömrəli orderin ləğv edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ucar Rayon Xalq Məhkəməsinin (Ucar Rayon Məhkəməsi) 2-170/86 saylı, 03 yanvar 1986-cı il tarixli qətnaməsi ilə Ağdaş rayon XDS İK-nin iddia tələbi əsassız olduğundan rədd edilmişdir. X4 03 iyun 2009-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. X9 iddiaçılardan X1 əri, digər iddiaçıların isə atasıdır. İddiaçı Əhmədova (Bəkirova) Günel Bəkir qızı 08 oktyabr 2003-cü il tarxdə Ağdaş şəhəri sakini X18 ilə rəsmi nikah bağlayaraq evlənmiş və nikah bağlandıqdan sonra “Əhmədova” soyadını qəbul etmişdir. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 40 saylı 23 fevral 2006-cı il tarixli Sərəncamı ilə ünvan 1 ünvanda yerləşən 1982-ci ildə inşa olunmuş 36 mənzilli. ünvan 2 ünvanda yerləşən 1984cü ildə inşa edilmiş 65 mənzilli və həmin ünvanında yerləşən 1988-ci ildə inşa edilmiş 16 mənzilli binalar Ağdaş X16 İdarəsinin balansından çıxarılaraq Ağdaş rayon Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir müəssisəsinin balansına keçirilmişdir.

3. İddiaçılar hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onların müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli **********92 nömrəli imtina məktubunda qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzillər üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir.

4. “Azərbaycan Respublikasında “mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

5. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

6. Məktuba əlavə edilən sənədlər (surətləri) toplusu ekspertiza oluna zaman Ağdaş şəhəri, M.İsayev küçəsində yerləşən 16 nömrəli binanın 32 nömrəli mənzili X6 yerli şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 4 nömrəli qərarı əsasında verildiyi göstərilmişdir. Lakin xx.xx.1982-ci il tarixli, 8 nömrəli order XDS İK tərəfindən tərtib olunsa da, sədr tərəfindən imzalanmamış və möhürlə öz təsdiqini tapmamışdır. 8 iyul 1982-ci il tarixli, 979-X nömrəli “Azərbaycan SSR Mənzil Məcəlləsinin 45-ci və 48-ci maddələrinə əsasən mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdriyyətinin və həmkarlar ittifaqının birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq XDS İcraiyyə Komitəsinə məlumat verilir. Həmin qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X15nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək və kirayə müqaviləsi bağlanılması üçün yeganə əsasdır. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci və 15.1.1-ci maddələrinə əsasən ərizənin icrasından imtina edilmişdir.

7. Cavabdeh xx.xx.2022-ci il tarixli **********44 nömrəli etiraz məktubunda iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 29 noyabr 2022-ci il tarixli, 2-1(116)-1323/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

9. İddiaçılar İddiaçı1, İddiaçı2, X12 həmin qərardan apellyasiya şikayəti vermişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçılar apellyasiya şikayətini bununla əsaslandırmışlar ki, Ağdaş rayon X15 İcraiyyə Komitəsinin (Ağdaş rayon XDS İK) 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı ilə 1976-cı il tarixdən X17 İdarəsində mənzil növbəsində olan X6 ailə üzvləri ilə birlikdə (cəmi 5 nəfər) ünvan 4 12A nömrəli binada 4 otaqdan ibarət 32 nömrəli mənzil (hazırda Ağdaş şəhəri, M.İsayev küçəsi, bina 16 mənzil 32) verilmişdir. Qərardan sonra həmin İdarə tərəfindən X3 adına 01 mart 1982-ci il tarixli 8 nömrəli order verilmişdir. Adlarına order verildikdən sonra iddiaçılar həmin mənzilə köçərək daim həmin mənzildə qeydiyyatda olmaqla orada yaşamışlar. Ağdaş rayon XDS İK 1985-ci ildə X6 və ailə üzvlərinə qarşı “X3 və ailə üzvlərinin ünvan 4 12A nömrəli binanın 32 nömrəli mənzildən köçürülməsi və adına verilmiş 01 mart 1982-ci tarixli 8 nömrəli orderin ləğv edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi məhkəmədə tam, hərtərəfli və obyektiv araşdırılmış, sözügedən mənzilin qanunun tələblərinə uyğun olaraq onlara verildiyindən və bu zaman heç bir qanun pozuntusuna yol verilmədiyindən Ucar Rayon Xalq Məhkəməsinin 2-170/86 saylı, 03 yanvar 1986-cı il tarixli qətnaməsi ilə Ağdaş rayon XDS İK-nin iddia tələbi əsassız olduğundan rədd edilmişdir. Göründüyü kimi, mübahisəli mənzilin iddiaçılara qanuni yolla verilməsi məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Belə ki, həmin məhkəmə qətnaməsi ilə mənzilin Ağdaş rayon X15 İcraiyyə Komitəsinin (Ağdaş rayon XDS İK) 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı ilə verilməsi, bu barədə adlarına order verilməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyindən və həmin qətnamə ilə sözügedən orderin və qərarın mövcud olması təsdiq edildiyindən və buna məhkəmə qətnaməsi ilə hüquqi qiymət verildiyindən qətnamə bu gündə qüvvədə olduğundan hesab edirlər ki, iddia tələbinin təmin edilməsinə işdə olan ‘İmzalanmamış və möhürlə təsdiq edilməmiş” order əsas ola bilməzdi. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin mənzilin iddiaçılara qanuni yolla və əsaslarla verilməsini müəyyən etmiş məhkəmə tərəfindən qərar qəbul edilərkən Ağdaş MTİİTM-nin 2 saylı arayışına və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə istinad etməmiş, ümumiyyətlə həmin sübutların üzərindən sükutla keçilmiş, bunlara hüquqi qiymət verilməmiş, yalnız təqdim olunmuş orderin surətinin imza və möhrünün olmamasına əsaslanaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Qərarın və orderin mövcud olması təsdiq edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdeh inzibati orqan tərəfindən mənzilin iddiaçıların adına qeydə alınması üçün əsas olub-olmamasına işə baxan məhkəmə tərəfindən münasibət bildirilməmiş, hüquqi qiymət verməmişdir. Qanuni qüvvəyə minmiş qətnamənin mötəbər sübut kimi qəbul edilməməsini qərarında əsaslandırmamışdır. Bununla da faktiki mülkiyyətçi kimi onların qanunla qorunan hüquqlarının və aşağıda göstərdikləri maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Odur ki, Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(116)- 1323/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişlər.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və digər iddiaçı X5 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(116)-1323/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(116)-1323/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

13. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar İddiaçı2 və İddiaçı4 məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər.

14. Məhkəmə kollegiyası digər iddiaçılar İddiaçı2 və İddiaçı4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

15. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Yerli X15nin İcraiyyə Komitəsinin 8 nömrəli, xx.xx.1982-ci il tarixli orderdən görünür ki, order X6 verilmişdir. Ona ünvan 4 ünvanında yerləşən 32 nömrəli mənzil sahəsini 5 nəfər ailə üzvləri ilə tutmaq hüququ verilmişdir. Orderdə onun verilməsinə əsas olaraq Ağdaş rayon Yerli X15 İcraiyyə Komitəsinin 4 nömrəli xx.xx.1982-ci il tarixli qərarı göstərilmişdir. Order imzalanmamış və müvafiq möhürlə təsdiq olunmamışdır. - 371005 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2009-cu ildə vəfat etmişdir. - Mənzil Təsərrüfatı İstehsalat X7 xx.xx.2021-ci il tarixli 503 nömrəli məktubunda qeyd olunur ki, mərhum X6 məxsus olan mənzilin faktiki ünvanı ünvan 5n olmuşdur. - Ağdaş Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 31 nömrəli arayışında qeyd edilir ki, Ağdaş rayonu M.İsayev küçəsində tikilmiş olan yaşayış binasının heç bir sənədi və materialı arxivə daxil olmamışdır. - Ucar Rayon Xalq Məhkəməsinin 2-170/86 saylı, 03 yanvar 1986-cı il tarixli qətnaməsindən görünür ki, Ağdaş rayon XDS İK 1985-ci ildə X6 və ailə üzvlərinə qarşı “X3 və ailə üzvlərinin ünvan 4 12A nömrəli binanın 32 nömrəli mənzildən köçürülməsi və adına verilmiş 01 mart 1982-ci tarixli 8 nömrəli orderin ləğv edilməsinə dair” iddia tələbi təmin edilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir.

17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

18. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X15nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

19. 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən sözügedən mənzilin iddiaçıya XDS-in müvafiq qərarı və order əsasında verildiyi bildirilsə də həmin mənzilin ayrılmasın əsaslandırıldığı order nə imza, nə də möhürlə təsdiq edilməmiş, orderin hazırlanmasına əsas olduğu göstərilən sənədlərin arxiv nüsxələri aşkar edilməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Mənzil Məcəlləsi qüvvəyə minənədək verilmiş orderə istinad edir ki, həmin sənəd qanunla müəyyən edilməmiş tələblərə uyğun olmadığından daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin və qeydə alınmasının əsası kimi çıxış edə bilməz. Odur ki, iş üzrə prosedur qaydalarına əməl edilməsi ilə bağlı digər tələblərin yoxlanılması zərurəti də aradan qalxmış olur. Belə olan halda, məhkəmə iş üzrə cavabdehin hərəkətlərinə və imtinasına hüquqi qiymət verilməsinin üçüncü şəxslərin mübahisəli mənzilin iddiaçının adına qeydə alınmasına razılıqlarının olub-olmaması ilə bağlı olmadığı qənaətindədir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin mənzilin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir.

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edildi ki, Ağdaş rayon X15 İcraiyyə Komitəsinin (Ağdaş rayon XDS İK) 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı ilə 1976-cı il tarixdən X16 İdarəsində mənzil növbəsində olan X6 ailə üzvləri ilə birlikdə (cəmi 5 nəfər) ünvan 4 12A nömrəli binada 4 otaqdan ibarət 32 nömrəli mənzil (hazırda Ağdaş şəhəri, bina 16, mənzil 32) verilmişdir. İş materiallarından görünür ki, Ağdaş rayon XDS İK 1985-ci ildə X6 və ailə üzvlərinə qarşı "X3 və ailə üzvlərinin ünvan 4 12A nömrəli binanın 32 nömrəli mənzildən köçürülməsi və adına verilmiş 01 mart 1982ci il tarixli 8 nömrəli orderin ləğv edilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ucar Rayon Xalq Məhkəməsinin (Ucar Rayon Məhkəməsi) 2-170/86 saylı, 03 yanvar 1986-cı il tarixli qətnaməsi ilə Ağdaş rayon XDS İK-nin iddia tələbi təmin edilməmişdir (səhifə 12-17).

30. İş materiallarında olan Ucar Rayon Xalq Məhkəməsinin (Ucar Rayon Məhkəməsi) 2-170/86 saylı, 03 yanvar 1986-cı il tarixli qətnaməsindən görünür ki, Ağdaş rayon XDS İK-nin X6 və ailə üzvlərinə qarşı "X3 və ailə üzvlərinin ünvan 4 12A nömrəli binanın 32 nömrəli mənzildən köçürülməsi və adına verilmiş 01 mart 1982-ci il tarixli 8 nömrəli orderin ləğv edilməsinə dair” iddia tələbi təmin edilməmişdir.

31. Belə ki, mübahisəli mənzilin iddiaçılara qanuni yolla verilməsi məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Çünki, həmin məhkəmə qətnaməsi ilə mənzilin Ağdaş rayon X15 İcraiyyə Komitəsinin (Ağdaş rayon XDS İK) 26 fevral 1982-ci il tarixli 4 saylı qərarı ilə verilməsi, bu barədə adlarına order verilməsi müəyyən edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyindən və həmin qətnamə ilə sözügedən orderin və qərarın mövcud olması təsdiq edildiyindən və buna məhkəmə qətnaməsi ilə hüquqi qiymət verildiyindən qətnamə bu gündə qüvvədə olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsinə işdə olan ‘İmzalanmamış və möhürlə təsdiq edilməmiş” order əsas ola bilməz. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin mənzilin iddiaçılara qanuni yolla və əsaslarla verilməsini müəyyən etmiş məhkəmə tərəfindən qərar qəbul edilərkən Ağdaş MTİİTM-nin 2 saylı arayışına və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə istinad etməmiş, bunlara hüquqi qiymət verilməmiş, yalnız təqdim olunmuş orderin surətinin imza və möhrünün olmamasına əsaslanaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM 82.3)

32. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.

33. Yuxarıda qeyd olunanlarla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qanunu düzgün təfsir etməmiş, mübahisənin maddi və prossesual hüquqi əsaslarını araşdırmadan düzgün nəticəyə gəlməmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, cavabdehin “Ağdaş rayon XDS İK-nin xx.xx.1982-ci il tarixli 4 saylı qərarı və xx.xx.1982-ci il tarixli 8 saylı order əsasında iddiaçıların və mərhum X2 qanuni istifadəsinə verilmiş Ağdaş şəhəri ev 16-da yerləşən 32 nömrəli mənzilin iddiaçıların adına qeydiyyata alınması” öhdəliyi qoyulmalıdır.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2, X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(116)-1323/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Ağdaş rayon XDS İK-nin xx.xx.1982-ci il tarixli 4 saylı qərarı və xx.xx.1982-ci il tarixli 8 saylı order əsasında iddiaçıların və mərhum X2 qanuni istifadəsinə verilmiş Ağdaş şəhəri ev 16-da yerləşən 32 nömrəli mənzilin iddiaçıların adına qeydiyyata alınması” öhdəliyi qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar